Sənətin enerjisi
Azərbaycan muğamı Avropada səslənir
Xalq
artisti Nəzakət Teymurova Avropanı fəth etdi. Sənətkarın
pərəstişkarları onun bu yeni uğuruna təəccüblənmədilər,
əksinə, bunu təbii bir şey kimi
qarşıladılar. Və sözsüz ki, çox sevindilər.
Digər tərəfdən, bu cür böyük müvəffəqiyyətlər
adətən uzun püxtələşmə, peşəkar
yüksəliş yolu qət etməklə qazanılır.
Görəsən, Nəzakət xanım bu yolu necə
keçib? Azərbaycan muğamının gələcəyi
barədə nələr düşünür? Bu və
başqa mövzulara tanınmış xanəndəmizin Kaspi əməkdaşı
ilə söhbətində toxunuldu.
- Londonda
parlaq çıxışınız,
tamaşaçıları ecazkar səsinizlə
ağlatdığınız münasibətilə təbrik
edirəm. Bəs muğam həyatınıza necə daxil
oldu?
- Əslində
hələ uşaqlığımda. Özüm
qarabağlıyam, Ağdam rayonunun Əlmədəkli kəndində
böyük bir ailədə dünyaya gəlmişəm. On
uşaq olmuşuq, yeddi bacı, üç qardaş.
Başqaları kimi adi orta məktəbdə oxumuşam, orada
sənət məşğələlərində, müxtəlif
müsabiqələrdə iştirak etmişəm. O zaman Qara
Qarayev, Cahangir Cahangirov, Niyazi kimi böyük sənətkarlarımız
tez-tez Qarabağa gələrdilər. Yadımdadır, ilk dəfə
onları yaxından görəndə üçüncü
sinifdə oxuyurdum. Bəlkə elə o gündən, bəlkə
də əcdadlarımdan, doğma torpaqdan gəlirdi, qəti
deyə bilmərəm, hər halda muğam getdikcə
içimə girib bütün varlığımı
doldurmağa başladı.
- Amma
muğam sənətinə sonradan gəldiniz. Bildiyimə
görə, başqa peşəniz də var.
-
(gülümsəyir) Bəli, ixtisasca energetikəm.
Qarabağda gələcək faciənin ilk
işartıları göründüyü vaxt biz ailəliklə
doğma yurdu tərk edib Bakıya köçdük. 1987-ci
ildə Bakı Energetika Texnikumuna qəbul olundum. İki il
sonra da müğənnilik müsabiqəsində birinci yer
tutub Asəf Zeynallı adına Musiqi Məktəbinin
hazırlıq bölməsinə daxil edildim.
- Demək,
bir növ maddi işığı mənəvi
işığa dəyişdiniz. Texnikumu tərk edib musiqi yaradıcılığına
üstünlük verdiniz, eləmi?
- Yox,
texnikumu bitirdim, diplomumu da aldım. Amma eyni zamanda musiqi məktəbinin
hazırlıq bölməsində də dərs oxuyurdum.
Bununla belə muğam oxumaq arzusu getdikcə daha çox hakim
kəsilirdi mənə. 1991-ci ildə birinci kursa, Nəriman Əliyevin
sinfinə qəbul olundum. Məktəbdən məzun olandan
sonra 1995-ci ildə məni Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının komissiyası dinlədi, solist vəzifəsinə
işə qəbul etdilər. Elə həmin vaxt da Bakı
Musiqi Akademiyasında məşhur xanəndə, xalq artisti,
professor Arif Babayevin sinfinə qəbul olundum. Təhsilimlə
eyni zamanda opera səhnəsində
çalışırdım.
-
Artıq xeyli səhnə stajınız var.
Yaratdığınız surətlərdən hansını
özünüzə daha yaxın bilirsiniz?
- On yeddi
ildir teatrımızın solistiyəm. Repertuarımda
çoxlu maraqlı surətlər var və hərəsi də
başqa cür əzizdir mənim üçün. Amma
özümə hamısından yaxın Leylini hesab edirəm.
O qədər dərin, o qədər sirli bir surətdir ki, hər
tamaşadan əvvəl bu dəfə Leyli partiyasının
tamamilə başqa cür səslənəcəyini
düşünürəm və ona görə də səhnəyə
çıxmamış Allahımdan kömək diləyirəm.
- İndi
də London konsertinizə qayıdaq. Mühafizəkar və
soyuqqanlı ingilisləri kövrəltməyi necə
bacardınız?
-
(gülür) Bunu mən yox, Azərbaycan muğamı
bacardı. Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində
“Xarı Bülbül” qrupunun müşaiyətilə solo
konsertim keçirilmiş və çox da yaxşı qəbul
olunmuşdu. Elə o konsertin proqramı ilə İtaliyada Azərbaycan
Mədəniyyəti Günlərində iştirak
etmişdim. Ondan əvvəlki gün Bakıda Feelmay şirkətinin
buraxdığı albomumun təqdimatı keçirildi. Həmin
diski hazırlamaqda məqsədimiz Azərbaycan mədəniyyətini
Avropa ölkələrində tanıtmaqdı ki, bu da layihənin
icrasına, yazılış üçün mahnı
seçiminə xüsusi məsuliyyətlə yanaşmaq zərurəti
yaradırdı. Albomdakı mahnılar artıq neçə
aydır bir çox Avropa ölkələrinin radiolarında səslənir
və bundan çox fərəhlənirik. Amma o da var ki, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi olmasa
bunlar çətin baş tutardı. Turində “Darbar” İncəsənət
Muzeyində çıxış etdik və konsertin
bütün iştirakçıları böyük təəssürat
altında idilər. İyul ayında “Xarı Bülbül”
ansamblı ilə əsası Piter Qabrielin qoyduğu illik
Dünya Etnik Musiqi, İncəsənət və Rəqs
Festivalına, yəni Quardian Parkda keçirilən WOMAD
–Musiqi, İncəsənət, Rəqs Dünyasına dəvət
aldıq. Qaydaya görə BBC-3 radiostansiyasının
meydançasında düz bir saat çıxış etdik.
Konsertdən sonra “Ayın ən gözəl səsi” adına
layiq görüldüm. Julian Le Bas radiostansiyaya göndərdiyi
məktubda yazırdı: “Ömrümdə belə hisslər
yaşamamışdım. Axırıncı ifa zamanı
gözlərim yaşarmışdı. Bu sözlərimi
mütləq Nəzakət Teymurovaya çatdırın!” Azərbaycan
muğamı bizdən həm məsafə, həm milliyyət,
həm dil sarıdan bu qədər uzaq insanların qəlbini
kövrəldirsə, bununla fəxr etməyə dəyər.
Bunu eşidəndə dərk edirsən ki, əsl musiqi
insanları birləşdirir, ötəri hisslərdən,
iddialardan çox ucadır. Əsl musiqinin öz enerjisi,
öz dili var.
- Xarici səfərləriniz
çox geniş əraziləri əhatə edir: İtaliya,
Fransa, İspaniya, Rusiya, Belarus, Koreya, Yaponiya. Xaricdəki
konsertləriniz zamanı xoşagəlməz hallar,
düşmənçilik baş vermir ki?
-
Çox düzgün sual verdiniz. Biz unutmamalıyıq ki, bədxahlarımız,
hətta düşmənlərimiz az deyil, onların
cavabını yalnız yüksək incəsənət dililə
verə bilərik. Onlara hər hansı cəhətdən
uduzmağa haqqımız yoxdur! Qarabağ erməniləri
çoxdandır hər yerdə bizim xalq
mahnılarımızı oxuyur, Azərbaycan bəstəkarlarının
əsərlərini ifa edir, bizim xalq alətlərini
çalır, adlarını da başqa cür qoyurlar,
çox vaxt beynəlxalq festivalların münsiflər heyətlərində
otururlar. Son illər Azərbaycan muğamı bütün
dünyada qəbul olunub, dünya mədəniyyətindəki
xüsusi yeri UNESCO kimi ciddi təşkilat tərəfindən
təsdiqlənib. Amma yenə də arxayınlaşmaq olmaz.
Dünyada bizim sənətkarlara, müğənni və
musiqiçilərə qarşı duran çox güclü
qüvvə var. Buna Səmərqənddə “Şərq Təranələri”
VII Beynəlxalq festivalda iştirak edərkən bir daha əmin
oldum. Orada müəyyən musiqiçi dairələrində
tanınan Civan Qasparyan adlı birisi əsas mükafatın mənə
verilməməsi üçün əlindən gələni
edirdi. Məsələ heç də şəxsi inciklikdə
deyil, söhbət bizim muğamatçıların
qarşılaşdığı maneələrdən, əngəllərdən
gedir. Elə Fransada Azərbaycan Mədəniyyəti Günlərində
də muğamatçılarımız ciddi əngəllərlə
üzləşdilər, lakin Alim Qasımov, Ağaxan
Abdullayev, Arif Babayevdən ibarət ulduzheyətimiz
qarşı tərəfin bütün səylərini boşa
çıxarda bildilər. Avropada, başqa yerlərdə
çıxış edəndə Azərbaycan
muğamının onun əsasında əmələ gələn
dırnağarası “Qarabağ muğamı”na qarşı
qoymaq üçün geniş fəaliyyətin
yürüdüldüyünü unutmamalıyıq. Biz
peşəkar xanəndələr öz mövqelərimizi əsla
əldən verməməliyik. Bu, bizim ümumi qələbəyə
olan töfhəmizdir.
- Bəs
öz tələbələrinizə muğamı gözəl
ifa etməkdən əlavə nə kimi məsuliyyətli vəzifənin
öhdələrinə düşdüyünü başa
salırsınız?
- Bu
gün gördüyünüz tələbələrimdən
biri Vüsalə Musayeva 3-cü Beynəlxalq Muğam
Festivalının laureatı adını qazanıb, indi də
opera səhnəmizdə Leyli rolunu ifa edir. Təbii ki, tələbələrimə
təcrübəmi bölüşürəm, eyni zamanda Azərbaycan
muğamını qorumaq məsələsində fikirlərimi
çatdırıram. Klassik muğamımızı
bütün dünyaya tanıtmaq üçün
böyük işlər görən Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva
“Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam
dünyası” nəşrinin təqdimatındakı
çıxışında qeyd etmişdi: “Muğamın hər
bir azərbaycanlı üçün xüsusi əhəmiyyəti
var. Şərqlə Qərbin arasında Böyük İpək
Yolu üzərində yerləşən Azərbaycan əsrlər
boyu sivilizasiyaların kəsişməsində mədəniyyətini
əmələ gətirib. Müəyyən dövrlərdə
ayrı-ayrı imperiyaların tərkibində olsaq da, dinimiz,
milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi
bir xalq kimi, millət kimi yaşadıb. Azərbaycanın zəngin
mədəniyyətinin, tarixinin ən gözəl incilərindən
olan muğam bizim milli sərvətimizdir”. Bu sözlər
dünya ölkələrinə qastrol səfərlərimizdə
bizim başlıca xeyir-duamız olmalıdır. Mən də
tələbələrimə bunu dönə-dönə
söyləyirəm.
-
Müsahibə üçün sağ olun.
- Siz də
sağ olun. Neçə vaxtdır
tamaşaçılarımla bölüşmək istədiyim
fikirlərdən çoxunu ifadə etmək imkanını
yaratdığınıza görə qəzetinizə təşəkkür
edirəm. Biz muğamımızın saflığını
qorumalı, başqalarına ondan öz məqsədləri
üçün istifadə etmələrinə yol verməməliyik.
Bununla yanaşı biz yalnız ən gözəl nümunələri
dünya qarşısına çıxarmalıyıq ki,
muğam həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda ən geniş ictimaiyyətin dəyərli
mənəvi sərvətinə çevrilsin, dünya mədəniyyəti
içində Şərq incəsənətinin parlaq
nümunəsi olaraq yerini tutsun. Artıq bütün dünya
Azərbaycan muğamının gözəlliyinə heyran
olur. Bunun ən bariz sübutu mədəniyyətimizin bu
misilsiz əsərinə diqqət kəsilənlərin
göz yaşları ola bilər.
Nelli Atəşgah
Kaspi.-2012.-24 oktyabr.-S.11.