Hüseyn Cavidin
qaldırdığı problemlər din və
dil, ölkə və millət sərhədlərini
aşır
Bakıda böyük şair və
dramaturqun anadan olmasının 130 illiyinə həsr edilmiş
beynəlxalq konfrans keçirilir
Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük şair və dramaturq Hüseyn Cavidin anadan
olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid
yaradıcılığı çağdaş təfəkkür
işığında” mövzusunda Beynəlxalq elmi konfrans
dünən də davam etdi.
Dövlət Mədəniyyət və İncəsənət Universitetində olan tədbir iştirakçıları daha sonra AMEA-nın konfrans zalında dəyirmi masa ətrafında səmimi söhbət etdilər. H.Cavid ev muzeinin direktoru, filologiya elmler doktoru Gültəkin Babaxanlının sözlərinə görə, ulu öndər Heydər Əliyevin H.Cavid yaradıcılığına verdiyi yüksək qiymət bu gün də davam etdirilməkdədir: “Prezidentimiz İlham Əliyev H.Cavidin 130 illiyinin keçirilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamdan qaynaqlanan tədbirlər artıq bir neçə aydır ki, keçirilir. Bu tədbirlərdən biri də 22 oktyabrda keçirildi. Milli Elmlər Akademiyasında H.Cavid yaradıcılığına yeni nəslin gözü ilə baxılması nəzərdə tutulur. Beynəlxalq konfransda Amerikadan Rusiyadan, Türkiyədən, Özbəkistandan, Azərbaycanın bölgələrindən alimlər iştirak etdi. H.Cavidin ev muzeyi sənətkarımızla bağlı bütün sualları cavablayır. Bizə dünyanın istənilən nöqtəsindən müraciətlər olunur ki, onların da hamısını operativ şəkildə elektron şəbəkə vasitəsilə cavablandırırıq. Muzeyimizin saytı fəaliyyət göstərir, bundan əlavə, Muzey çoxlu kitablar, nəşrlər hazırlayır. Yubiley münasibətilə H.Cavidin həyatına və şəxsiyyətinə aid dövri mətbuatda nə qədər material çap olunubsa, biz onun hamısını toplamışıq və onları latın qrafikası ilə çap etdirmişik. Növbəti aylarda Cavidşünaslıqla əlaqədar məqalələr toplusu nəşr olunub, oxuculara təqdim ediləcək. Cavidşünaslıq toplusu H.Cavid yaradıcılığı üzrə tədqiqat aparan alimlər üçün çox gərəkli bir kitab olacaq. H.Cavidin sözlərindən ibarət musiqi albomu tərtib etmişik, hazırda sənətkarın sözlərinə yazılmış 20 mahnı müxtəlif ifalarda bu diskə daxil olub. Yaxın zamanda Cavidin biblioqrafiq, videoqrafiq, audioqrafik göstəricilər kitabı da işıq üzü görəcək. İstər videolarda, istər internet saytlarında, istərsə də dövri mətbuatda, kitablarda şairimizin haqqında yayımlanan bütün məlumatları toplamışıq. Milli Elmlər Akademiyasında “H.Cavidin ədəbi elmi irsi” adlı sənədli film hazırlanır. Eləcə də Turan Cavidin “Ömür salnaməsi” kitabı hazırlanır”.
Konfransda ABŞ-ın Massaçusets Amherst Universiteti Tarix fakultəsindən professor Audrey L.Altstadt 30-cu illərdə Sovet rejiminin Azərbaycan sənətkarlarının yaradıcılıq sahəsində inkişafına mane olmasından danışdı: “H.Cavidin yubileyi keçirildiyini eşitdikdə bir tarixçi olaraq çox sevindim. H.Cavid, eləcə də Azərbaycanın digər görkəmli yazıçıları Sibirə sürgünə göndərildi və günahsız şəkildə ölümə məruz qaldı. Bunu danmaq olmaz, çünki bunlar real hadisələrdir və hamısı tarixin yaddaşında qeyd olunub. Həmin dövrlərdə Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, ədəbiyyat artıq məhv olmaq üzrə idi. İndi sevindirici haldır ki, Azərbaycan xalqı və eləcə də digər qonşu dövlətlərin sənətkarları H.Cavidi unutmayıb. Onun əsərləri sevilir, oxunur və bəyənilir. Bu konfransdan sonra qərar verdim ki, H.Cavidin “Şeyx Sənan”, “İblis” əsərlərini oxuyum”.
AMEA-nın Naxçıvan bölməsinin filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov H.Cavidin 130 illiyi ilə bağlı keçirilən tədbiri yüksək qiymətləndirdi: ”Sevindirici haldır ki, bu gün Hüseyn Cavid yaradıcılığının, çağdaş təfəkkürünün işığına digər ölkələrin alimləri toplaşıb, məhz onun öz doğma dilində fikirlərini ifadə edirlər”.
Naxçıvan Dövlət Universitetinin fəlsəfə doktoru Süsənbər Ağamalıyeva İsa Həbibbəylinin elmi rəhbərliyi ilə hazırlanmış “Ernest Heminquey və Şərq” mövzusunda dissertasiya işi yazarkən H.Cavidlə Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin yaradıcılıqları arasında aşkarladığı oxşarlıqlardan danışdı: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi H.Cavidlə Ernest Heminqueyin yaradıcılıqları arasındakı mövzu, obraz və bədii təfəkkür yaxınlığı göstərir ki, ali bəşəri ideyalar bir məkana deyil, həm Qərbə, həm də Şərqə aiddir. H.Cavidin ideyaları, əsərlərində qaldırdığı problemlər bütün bəşəriyyətə aiddir, həm Şərqin, həm də Qərbin problemləridir. Hər iki yazıçının fikirlərində dərin fəlsəfi ideyalar özünü göstərir, ədəbi əsərlərdə şər qüvvələr pislənib və onlara qarşı eyni barışmaz mövqe ortaya qoyulub. Sənətkarın keşməkeşli taleyindən və tərcümeyi-halından, zəngin bədii-irsindən, yaradıcılığının əhatə dairəsindən bəhs edən araşdırmalar davam etdirilməkdədir. Dramaturqun əsərlərində qaldırdığı problemlər bəşəriliyi ilə seçilir, din və dil, ölkə və millət sərhədlərini aşır”.
Türkiyənin Balıkesir Universiteti Ədəbiyyat fakultəsinin tarix bölümünün müəllimi Sebahattin Şimşir Türk dünyasının böyük sənətkarlarından olan H.Cavidin yubileyində iştirak etməkdən məmnunluq duyduğunu bildirdi: “Biz Anadolu türkləri üçün H.Cavidin Türkiyədə təhsil alması, ədəbi mühitinin inkişafında Türkiyə alimlərinin ona rəhbərlik etməsi əhəmiyyətlidir. Bu gün nəinki Azərbaycanda, Türkiyənin özündə də qəzetlərdə, jurnallarda H.Cavidin yaradıcılığı haqqında məqalələr dərc olunur. Bu tədbiri keçirən bütün mədəniyyət işçilərinə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bu gün saat 12-də Hüseyn Cavid parkında konfransın son çıxışları olacaq. 3 günlük konfrans Akademik Milli Dram Teatrında keçiriləcək tədbirlə başa çatacaq.
Xəyalə
Kaspi.-2012.-24 oktyabr.-S.16.