“Bağışla”,
“Bu gecə”, “Axtar sən
məni”...
“Emin
Sabitoğlu -75” silsiləsindən
Mən çoxdan
idi ki, populyar
Azərbaycan bəstəkarı, yüzlərlə
mahnının, onlarla teatr
tamaşalarının və kinofilmlərin musiqi
müəllifi, Azərbaycan respublikasının Xalq artisti Emin
Sabitoğlunun həyat və
yaradıcılığından bir
yazı yazmaq istəyirdim və əlimdə
kifayət qədər material olmadığından
yazını başlaya bilmirdim.
18
sentyabr - böyük Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin doğum günü və IV Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalının
açılış günü. Hər gün olduğu kimi
bu gün də işə gələndə gündəlik
“marşrutumla” - Qubernator bağı (bəzi mənbələrdə
Qoburnat bağı) kimi tanınan Filarmoniya bağının
içindən keçəndə bir çox musiqi kollektivlərinin
düzənlədikləri açıq və birbaşa efirə
gedən musiqi nömrələrinin çoxsaylı
sehrçilərinin sırasına nə vaxt
qatıldığımı özüm heç də bilmədim...
Mərasimdə
iştirak edən bir çox musiqiçilər və
musiqişünaslar arasında Ceyran xanım Mahmudovanı
görəndə sevindim. Fürsəti fövtə verməyib
münasib bir məqamda ona yaxınlaşıb salam-əleykdən
sonra özümü təqdim edib, atası Emin Sabitoğlu ilə
bağlı yazı yazmaq məramımı ona bildirib,
yardımçı olmasını istədim...
Biz
Ceyran xanımla təxminən 20 gün sonra əməkdaşı
olduğu Bakı Musiqi Akademiyasının binasında - onun
iş otağında, daha doğrusu tədris sinfində
görüşəndə günorta vaxtı idi və o, tələbələrilə
məşğul olmalı idi. Buna baxmayaraq, yarım saata qədər
çəkən söhbətimiz əsas götürülməklə
onun ulu babalarından və nənələrindən
tutmuş, atası Emin Sabitoğlu, anası Cəmilə
xanım, özü və qızı Əfşan haqqında əldə
etdiyim məlumatlar əsasında ərsəyə gəldi bu
yazı.
Mənim
Ceyran xanımdan ailə səcərəsi haqqında
danışması barədəki xahişimi o
aşağıdakı kimi işıqlandırdı:
Sabit
Kərim oğlu Rəhmanov orta məktəb təhsilini Şəkidə
bitirdikdən sonra, Bakıya gələrək Azərbaycan
Pedaqoji İnstitunun (indiki Azərbaycan Pedaqoji Universiteti)
“Filologiya” fakultəsinə daxil olur və oranı bitirdikdən
sonra Şəkiyə qayıdaraq bir müddət orada müəllimlik
etməklə yanaşı, atasının hələ XX əsrin
əvvəllərində almış olduğu royalda ifa etməyi
müstəqil şəkildə öyrənmiş, o zamanlar
Şəkidəki göstərilən səssiz filimləri
canlı şəkildə müşayət etmişdir.
Sonradan
həyatını Bakı ilə bağlayan Sabit müəllim
burada, dövründə elitar dairələrdə
“Böyük xan” kimi tanınan - sonuncu İrəvan xanı
Abbasqulu xanın qızı Əfşan xanım və
Çar Rusiyasının Sankt-Peterbur Universitetinin “Dəmiryol
mühəndisliyi” fakultəsinin ilk azərbaycanlı məzunu
Mahmud bəy Mahmudbəyovun qızı - Azərbaycan Dövlət
Universitetinin “Kimya” fakultəsinin məzunu İsmət
xanımla ailə həyatı qurmuş, bu cütlüyün
Emin (1937), Gültəkin (1939) və Afət (1941) adlı
üç övladları olmuşdur.
HAŞİYƏ:
- Sabit Rəhmanın atasından qalmış mülkündəki
evin “Sabit Rəhmanın ev muzeyi” qismində fəaliyyət
göstərməsi üçün bu mülkün hüquqi
varisləri - yazıçının bacı və
qardaşları bu evi natarial qaydada rəsmiləşdirərık
Mədəniyyət Nazirliyinin balansına verilməsini təmin
etmişlər ki, yuxarıda xatırlatdığım royal da
həmin ev muzeyin eksponatları sırasındadır.
Ata
babanız, tanınmış yazıçı-dramaturq Sabit Rəhmanı
necə xatırlayırsınız, və ümumiyyətlə
onun haqqında nə deyə bilərsiniz? - sualımı
Ceyran xanım belə cavablandırdı.
Babam
1970-ci ilin sentyabr ayının 23-də (60 yaşında)
dünyasını dəyişəndə mənim cəmi 6
yaşım var idi. Mənim uşaq yaddaşımda
qaldığı qədər, babam haqqında təkcə onu
deyə bilərəm ki, o tanınmış
yazıçı olmaqla yanaşı, o, həm də evə-ocağa
bağlı, gözəl ailə başçısı,
isti-qanlı, mülayim və mehriban, nəvələrini
sonsuz məhəbbətlə sevən, hər işində
şəffaf bir adam idi.
Ceyran
xanım, daşıdığınız ad nəslinizdə
kiminsə adının əbədilışdirilməsi məqsədilə
Sizə verilib, yoxsa...
Yox,
bu ad nəsildə heç kimin adı ilə bağlı
deyil, xoşuna gəldiyi üçün bu adı mənə
babam Sabit Rəhman vermişdir.
Bəs
atanız Emin Sabitoğlu haqqında nə deyə bilərsiniz?
Atam
haqqında çox danışa bilərəm. Amma ilk növbədə
onun 63 illik həyat yoluna qısaca da olsa səyahət etməyi
məqsədəuyğun hesab edirəm.
2
noyabr 1937-ci il tarixdə Bakı şəhərində
dünyaya göz açmış Emin Sabit oğlu Mahmudovun
kiçik yaşlarından musiqiyə həvəs göstərməsi
valideynlərinin nəzərini cəlb etmiş və 7
yaşı olanda onu Bülbül adına orta ixtisas musiqi məktəbində
professor Kövkəb Səfərəliyevanın fortopiano
sinfinə qoymuşlar.
Hələ
VIII sinifdə oxuyarkən, kiçik də olsa ilk musiqi əsərini
yazan Emin, 1954-cü ildə məktəbi müvəffəq
qiymətlərlə bitirdikdən sonra elə həmin il
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq”
fakültəsinə daxil olur və 2 il görkəmli Azərbaycan
bəstəkarı Qara Qarayevin sinfində, sonrakı 3 ili isə
Pyotr Çaykovskiy adına Moskva Dövlət
Konservatoriyasının “Bəstəkarlıq” fakültəsində
- professor Yuriy Şaporinin sinfində davam etdirməklə
1961-ci ildə oranı bitirərək Bakıya
dönmüşür.
İlk
əmək fəaliyyətinə Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında “musiqi redaktoru” vəzifəsində
başlayan gənc bəstəkar Emin Mahmudov, sonradan
Müslüm Moqamayev adına Azərbaycan Dövlət
Filarmoniyasında ”bədii rəhbər” vəzifəsində
çalışmış, 1961-2000-ci illərdə isə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında fəaliyyət göstərmişdir.
Atası
- görkəmli yazıçı-dramaturq Sabit Rəhman
dünyasını dəyişdikdən sonra atasının
xatirəsini əbədiləşdirmək məqsədilə
“Mahmudov” soyadını “Sabitoğlu” təxəllüsü ilə
əvəzləyən bəstəkar, musiqinin əsasən
üç janrında yaddaqalan əsərlər yaratmağa
müvəffəq olmuşdur.
Emin
Sabitoğlu teatr sahəsində ilk olaraq özünü Sabit
Rəhmanın librettosu əsasında səhnə həyatını
tapmış “Hicran” komediyasına musiqi bəstələməklə
sınamış, sonrakı dövrlərdə isə “Nəğməli
könül”, “Hələlik”, “Bir dəfə Bağdadda”,
“Bankir adaxlı” və bu kimi musiqili komediya janrındakı 9
tamaşaya da musiqi həyatı vermişdir.
Bəstəkar,
respublikamızın bir çox teatr kollektivləri
üçün - Şixəli Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının, Məşədi Əzizbəyov
adına Azərbaycan Akademik Dram Teatrının, eləcə də
Naxçıvan, Sumqayıt, Mingəçevir, Şəki və
Lənkaran teatrlarının aktyor kollektivləri
üçün M.F.Axundovun “Lənkəran xanının vəziri”,
Səməd Vurğunun “Fərhad və Şirin”, İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər”, Bəxtiyar Vahabzadənin
“Yağışdan sonra”, Anarın:- “Təhminə və
Zaur”, “Şəhərin yay günləri” və “Adamım
adamı” kimi bir sıra tamaşalara musiqi bəstələmişdir.
Emin
Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün
keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Həm ziyarət,
həm ticarət”, “Ad günü”, “İstintaq”, “Yaramaz”, “Bəyin
oğurlanması”, “Onun bəlalı sevgisi” və bu kimi 22
tammetrajlı bədii filmin, 40-a yaxın qısametrajlı mənzərə
və sənədli filmin də musiqi müəllifidir.
Bəstəkar
kino rejissorlarından əsasən Həsən Seyidbəli,
Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim
Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq
etmiş, onların çəkdikləri filmlərə
yaddaqalan musiqi bəstələmişdir.
Emin
Sabitoğlu şəxsi dostluq münasibətində olduğu
kinorejissor Rasim Ocaqovun çəkdiyi filmlərin
hamısının musiqi müəllifidir.
Emin
Sabitoğlunun yaradıcılığının böyük
hissəsini mahnı janrı təşkil edir.
Onun
bir sıra Azərbaycan şairlərinin şeirlərinə
yazdığı mahnılarının çoxsaylı
ifaçıları olmuşdur.
Bəstəkarın
Əhməd Cavadın sözlərinə yazdığı
“Şükriyyə” mahnısını Xalq artisti Azər
Rzayev, Xalq şairləri:- Rəsul Rzanın sözlərinə
yazdığı “Dağları duman alanda”
mahnısını Xalq artisti Zeynəb Xanlarova, Fikrət
Qocanın sözlərinə yazdığı “Payız gəldi”
mahnısını Xədicə Abbasova, Vaqif Səmədoğlunun
sözlərinə yazdığı “Uzaq yaşıl ada”
mahnısını Xalq artisti Flora Kərimova, Bəxtiyar
Vahabzadənin sözlərinə yazdığı “Azərbaycan”,
Nəbi Xəzrinin sözlərinə yazdığı “Dərələr”
və şair Zeynal Cabbarzadənin sözlərinə
yazdığı “Çay” mahnılarını Xalq artisti
Şövkət Ələkbərova, şairlərdən Gəray
Fəzlinin sözlərinə yazdığı “Sən
olmuşam”, Zeynal Xəlilin sözlərinə
yazdığı “Bu gecə” mahnılarını
Hüseynağa Hadıyev ifa etməklə, onun bir çox
başqa şairlərin sözlərinə bəstələdiyi
yüzlərlə həmişəyaşar mahnılar
sağlığında olduğu kimi, indi də müğənnilərin
repertuarının ön sıralarında yer alır.
Ceyran
xanımın söylədiklərinə görə Emin
Sabitoğlu mütaliəni çox sevər, Azərbaycan ədəbiyyatına
aid olan yeni nəşrlər onun diqqətindən kənarda
qalmaz, teatr tamaşalarını və yeni kino-filmləri seyr
etməkdən də zövq alarmış. Xüsusilə də
uşaqlıq dostları - Xalq yazıçıları Anar,
Vaqif Səmədoğlu, filologiya elmləri doktoru Araz
Dadaşzadə, fəlsəfə elmləri doktoru Rəhman Bədəlovla
tez-tez görüşər, oxuduqları yeni nəşrləri,
baxdıqları yeni tamaşaları və kinofilmləri
müzakirə etməyi xoşlayarmış.
Belə
görüşlərdə o, müxtəlif bəstəkarların,
əsasən də çox sevdiyi Üzeyir Hacıbəylinin
və müəllimi Qara Qarayevin əsərlərindən
nümunələri ifa etməkdən özü zövq
aldığı kimi, dostlarına da zövq verərmiş.
Emin
Sabitoğlunun Qara Qarayevə, onun musiqisinə olan tükənməz
sevgisinin bariz nümunəsi olaraq, bəstəkarın 1959-cu
ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq)
“İldırımlı yollarla” baletinin primyerasında şəxsən
iştirak etməyi özü üçün zəruri hesab
etmişdir.
Atam
qapalı, öz daxili aləminə varmağa
üstünlük verən adam idi.
O, sənətilə
bağlı mütəmadi olaraq Azərbaycan
Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar
İttifaqına, Kinostudiyaya, Azdramaya, Musiqili Komediya
Teatrına, Bədii Şuraya, Musiqiyazma studiyalarına və
digər bu kimi yerlərə getdiyindən, yaradıcı
adamlarda olduğu kimi onun da rejimini bilmək olmazı. Şəxsi
sualları sevməzdi, verilən sualları lokanik şəkildə
cavablandırardı. Bunlarla yanaşı bir anın içərisində
yaddaqalan mahnılar yarada bilən bir sənət adamı idi -
deyə Ceyran xanım söhbətinə davam edir.
Ceyran
xanım, Emin Sabitoğlu Sizin üçün kimdir?
Birincisi
Siz onun övladı olaraq: - Emin Sabitoğlu təbii ki, ilk
növbədə mənim atamdır.
O,
anam Cəmilə xanımla Bülbül adına orta ixtisas
musiqi məktəbdə on il bir sinifdə oxuyublar.
O,
yaxşı - qayğıkeş ata idi, ailəsini çox istəyirdi.
Harada olmasından asılı olmayaraq gün ərzində 5-6
dəfə evə zəng vurar, hal-əhval tutar, mənim dərslərimlə,
işlərimlə maraqlanardı.
Yadımdadır
ki, Sovetlər dönəmində Monqolstanda və
İsveçrədə ezamiyyətdə olduğu zamanlar,
rabitə xərcləri baha olmasına baxmayaraq, hər gün
evə zəng vurar, ailənin gündəlik
qayğıları ilə maraqlanar, öz tövsiyyələrini
verərdi.
Hətta
ikinci həyat yoldaşı ilə Türkiyədə yaşadığı
son 6 ildə (1994-2000) hər bazar günü saat 12-də
(Türkiyə vaxtilə səhər saat 10-00-da) bizə zəng
vurmasına elə alışmışdıq ki, onun zəngi
bir az yubananda ailəliklə narahatlıq keçirirdik,
çünki onun qanının arterial təzyiqi həmişə
yüksək, civə sütununun 180-200 millimetr səviyyəsindən
aşağı olmurdu və bu onuçun “işçi qan təzyiq
səviyyəsi” sayılırdı.
Siz
bir peşəkar musiqişünas olaraq: - Emin Sabitoğlu Azərbaycan
musiqisinin 3 istiqamətdə daha da inkişaf etməsində
danılmaz, fərqli əməyi vardır - mahnı janrı,
tamaşalara və kinofilmlərə musiqi bəstələməsi.
Siz
tamamilə kənar şəxs (fərd) qismində olaraq: -
Emin Sabitoğlu haqqında çəkilən “Gün
keçdi” adlı sənədli filmin ssenarisin həmmüəlliflərindən
biri olaraq mən orada özümü kənar şəxs kimi
təqdim etməyə çalışmışam.
Fəxrəddin MEYDANLI
Kaspi.-2012.-24 oktyabr.-S.15.