«Biz normal yaşamırıq»
Müsahibə
Professor
Adil Baxşəliyev: «Etiraf edək ki, bütün dünyada
ürək-damar xəstəlikləri artmaqdadır, o cümlədən,
Azərbaycanda da…»
“Əhali arasında xəstəliklərin
sayı artmaqdadır. Bunun da kökünü sağlam həyat
tərzində axtarmalıyıq. Sağlam həyat tərzini
gənc yaşlarından bayraq kimi əlimizdə gəzdirməliyik”.
Bu fikirləri “Kaspi”yə müsahibəsində
bölüşən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun
direktoru, professor Adil Baxşəliyev hesab edir ki, həkimə
vaxtında müraciət xəstəliyin və vaxtsız
ölümün qarşısını alan əsas amildir.
Bizim böyük bəlamız
- Nə üçün tez-tez
deyirik ki, mədəniyyət sarayları, mədəniyyət
ocaqları boşdur, amma xəstəxanalar, klinikalar doludur?
- Bu
fikir xüsusən dövlət xəstəxanalarına aiddir.
Bu ilk növbədə xəstəliklərin klinik xəstəxanalarda
yüksək səviyyədə düzgün diaqnozunun
qoyulması ilə əlaqədardır. Az əhəmiyyət
kəsb edən məqam odur ki, xəstələrimiz xəstəliyin
ilkin dövründə müraciət etmirlər. Baxmayaraq ki,
xəstəxanalarımız xəstələrlə doludur,
amma poliklinikalarımız boşdur. Çünki
hipertoniyası olan xəstələrimiz xəstəxanaya gəlmirlər.
Gözləyirlər ki, hipertonik kriz olsun, beyinə qansızma
olsun, ürək çatışmazlığı olsun,
miakart infarktı olsun. Yəni gecikmiş formada xəstəxanalara
məcburən müraciət edirlər. Müraciətlərin
böyük əksəriyyəti ürək
çatışmazlığı ilə bağlı olur. Bu
da ürək-damar xəstəliklərinin axırıncı
mərhələsində baş verən sindromdur: təngnəfəslik,
ödemlər əmələ gəlir. Vaxtında müraciət
olunsa, ürək çatışmazlığının
ilkin dövründən müayinə və müalicə nəticəsində
xəstələrin yaşama dövrü 30-40 il çəkə
bilər. Biz elə xəstələr tanıyırıq ki,
bir neçə nəsil həkimlər rəhmətə
gedib, amma həmin xəstələr yaşayırlar. Nəyə
görə? Çünki öz sağlamlıqlarına diqqət
yetirirlər, pəhrizlərinə əməl edirlər, dərmanlarını
vaxtında qəbul edirlər, vaxtında həkim nəzarətindən
keçirlər. Sivil dövlətlərdə hər bir insan
40 yaşından sonra öz xolesterinin, şəkərinin
miqdarını bilməlidir. Məsələn, bizdə
aşkar diabetli xəstə 200 mindən də çoxdur. Amma
onda 3 dəfə çox gizli diabetli var. Həkimə gec
müraciət edirlər. 2-3 ildən sonra aşkar edirlər
ki, bəli, şəkərləri var. Əgər gənc
yaşlarında valideynlərin ürək-damar xəstəliyindən
rəhmətə gedibsə, deməli səndə genetik
meyllilik var. Sən də vaxtında həkimə müraciət
etməlisən. Ona görə bir daha qayıdırıq
dispanzerizasiya məsələlərinə: əhalinin mütəşəkkil
və qeyri mütəşəkkil qrupları arasında həkimlərimiz
vaxtaşırı monitorinq, sorğu aparılmalıdır.
Heç nə də olmasa belə qan təzyiqinin, risk
faktorlarının yoxlanması yaxşı olar. Biz vaxtında
həkimə getmirik. Bax, bizim böyük bəlamız budur.
- Tibb ekspertləri ürəyi
mexaniki nasos rolunu oynayan orqan kimi dəyərləndirirlər. Ürəkdə
ağrılar həmişə ciddi xəstəlik hesab olunur?
- Ürək nahiyəsində ağrı 40 səbəbdən
ola bilər. Bunun 39-u
ekstrakardial, biri ürək mənşəli ola bilər.
Ürək nahiyəsində, döş
sümüyünün arxasında yandırıcı,
istilikverici, deşici, göynədici, hətta donub yerində
qalma, qorxu ilə müşahidə olunan ağrılar ciddi
ürək xəstəliyindən xəbər verir. Bu
ağrıların sol kürəyə, sol qola, bəzən
sol çiyinə, sol çənəyə sirayət etməsi
ürək ağrıları ilə bağlıdır. Xəstə
bəzən donub qalır, addım atmağa qorxur. Bu, ciddi
stenokardiyadan xəbər verir. Bəzən ilkin əmələ
gələn stenokardiyadan, infarkt əmələ gəlmədən
xəstə dünyasını dəyişə bilər. Buna
görə ürək nahiyəsində hər hansı
narahatçılıq varsa, müayinədən keçmək
lazımdır.
- Təhlükəli
ağrının xüsusi əlamətləri olurmu?
- Təhlükəli
ağrı döş sümüyünün arxasında, sinədə
birdən tutur. Bu ağrılar deşici, göynədici,
yandırıcı ağrılardır. Adi bir sınaq var:
nitroqlisirini dilin altına qoyursan, 5-10 dəqiqədən sonra
ağrı kəsilirsə, deməli, bu, ürəyin
karanartaj damarlarının xəstəliyidir -
stenakardiyadır. Ağrı daha da şiddətləndisə,
deməli, burada məsələ bir az da qəlizləşir.
İnfarkt ola bilər. Çox zaman ağrı keçmir,
infarkt da yoxdur. Bu kardialgiyadandır. Kardialgiya ürək nahiyəsində
ürəkdən asılı olmayan ağrılardır. Məsələn,
mədə-bağırsaq traktından reflektor təsir ürəkdə
ağrı yaradır. Öd kisəsindən, qida borusundan da
ağrılar yaranır. Ən çox xəstələrimizdə
onurğa sütununun bel-boyun hissələrinin osteoxondrozu
zamanı bu cür ağrılar əmələ gəlir. Bəzən
qabırğaarası nevralgiyalar olur. Yəni bundan qorxmaq
lazım deyil.
-
İnfarktın, yaşı varmı?
- Əvvəllər
infarkt adətən 55-60-70 yaşına təsadüf edərdi.
İndi bir qədər cavanlaşıb. Keçib 45-55 yaş
arasına, bəzən lap 30 yaşında təsadüf
olunur. Biz bir neçə tələbədə infarkt
aşkar etmişik. Yerdəyişmələr mövcuddur.
Bütün ölümlərin 50
faizi
- Nə
üçün ürək ağrıları başqa xəstəliklərlə
müqayisədə daha çox müşahidə olunur?
- Ürək-damar
xəstəliklərindən xəstələnmə
halları, xüsusən ölüm halları bütün
ölümlərin 50 faizini təşkil edir. Elə xəstəliklər
var ki, xəstələr onunla uzun müddət
yaşayırlar. Ürək-damar xəstəliklərinin gərək
vaxtında üstünə düşəsən.
- Bizim
ölkəmizdə ürək xəstəlikləri və
ondan ölüm halları ilə bağlı real mənzərə
necədir?
- Etiraf edək
ki, bütün dünyada ürək-damar xəstəlikləri
artmaqdadır. O cümlədən, Azərbaycanda da artmağa
meyillilik var. Şükür Allaha ki, hazırda Azərbaycanda
dünyanın heç bir yerindən geri qalmayan həm
kardioloji, həm də kardiocərrahi xidmət yaranıb. Bizim
bircə problemimiz sığorta təbabətinin tam həyata
keçməməsi ilə bağlıdır.
- Problemin
mahiyyəti nədir?
- Problem
ondan ibarətdir ki, sığorta təbabətində hər
bir işçinin işlədiyi müəssisə onun
sığorta polisini verir. Yəni xəstə böyük
müəssisələrdə çalışırsa, o
müəssisənin rəhbərliyi, maliyyə şöbəsi
xəstənin özünün, ailəsinin bütün
müalicə xərclərini, dərman xərclərini
öz üzərinə götürür. Bunu dövlət
etməlidir. Qüdrətli dövlətlər bunu tam üzərinə
götürüblər. Bizdə də buna keçid
üçün zəmin hazırlanır. Mənə elə
gəlir ki, yaxın illərdə bu həyata keçəcək.
Bu böyük miqdarda vəsait tələb edir.
Ayrı-ayrı ölkələr var ki, əgər müasir xəstədən
ürəkdən şikayət varsa, ümumiyyətlə, digər
orqanlardan minimal qəbul olunmuş müayinədən xəstə
keçirilmirsə, onda o təşkilat cəzalandırılır.
Məsələn, ürək nahiyəsində ağrı
varsa və bu ağrı ciddidirsə, xəstə tez bir
zamanda anqioqrafiya olunmalıdır. Anqioqrafiyanın qiyməti
400 manatdır. Məsələn, sığorta təbabəti
olsa, kütləvi anqioqrafiyalara ehtiyac var. Sonra xəstəyə
ya stend qoyulmalıdır, ya damar dəyişilməlidir. Hər
bir xəstədə ciddi ağrıdan sonra mütləq
anqioqrafiya yerinə yetirilməlidir. Anqioqrafiya edilməsi, stend
qoyulması xəstədə sonrakı infarktın qarşısını
alır. Məsələ çox ciddidir. Risk faktorları ilə
mübarizə də çox vacibdir.
Dərmanların keyfiyyətindəki
çatışmazlıq
- Kişilərlə qadınlar
arasında ürəkdən ölüm halları bizdə nə
qədərdir? İlbəil bu rəqəm aşağı
düşür ya artır?
- Demək
olmaz ki, aşağı düşür. Düzdür,
bütün qəfil ölümləri ürəklə
bağlayırlar. Həqiqətən də böyük əksəriyyəti
ürəklə əlaqədardır. Bütün dünyada
tendensiya bir qədər artmağa doğrudur. Ancaq bəzi
ölkələrdə artmanın sürətini azaltmağa
nail olublar. Əgər xəstəyə düzgün diaqnoz
qoyulursa və düzgün müalicə aparılırsa,
onların böyük əksəriyyətini ölümdən
qurtarmış oluruq. Xəstələrin psixologiyasında dəyişiklik
olmalıdır. Xəstələr bir şeyi bilməlidirlər
ki, artıq kurs müalicəsi yoxdur. Hipertoniyalı xəstə
düzgün dərman qəbul edirsə, 80-90 il
yaşayır. Əfsus ki, müəyyən maddi
sıxıntılar olur, xəstə 1-2 kurs dərman alır,
sonra dərman almaq iqtidarında olmur. Dərmanların qiymətində
müəyyən siyasət olmalıdır. Qiymətlər
bir qədər ucuzlaşmalıdır. Və yaxud 50 faizini
hökumət öz üzərinə götürməlidir.
Yaxşı dərman baha olur. Həmçinin dərmanların
keyfiyyətində müəyyən
çatışmazlıq var. Xüsusən
üçüncü ölkələrdən ölkəmizə
idxal olunan dərmanların keyfiyyəti aşağı, dərmanların
əlavə təsiri isə çox olur.
Mütəxəssis problem
- Siz bayaq
dediniz ki, Azərbaycanda artıq ən müasir tibbi
avadanlıqlar var. Yaxşı həkimlər də həmçinin.
Bəs nə üçün xəstələrimiz daha
çox xaricə üz tuturlar?
- Mən
elə deməzdim. Xəstələr arasında müəyyən
insanlar var ki, İrandakı səhiyyəni təbliğ edirlər.
Bir dəfə özləri olduqdan sonra ağız dolusu ilə
İran səhiyyəsinin uğurlarından
danışırlar. Müayinələrin ucuz, etibarlı
olmasından danışırlar. Mən deməzdim ki, Azərbaycanda
səhiyyənin, kardiologiyanın inkişafı bu gün
İrandan geri qalır. Müasir avadanlıq nöqteyi-nəzərindən
6-7 yer var ki, müasir tələblərə cavab verən
bütün avadanlıqla təchiz olunmayıb. O yerlərə
müraciətlər də çoxdur. Burdan İrana gedənlər
pul xərcləyirlər. İranlı həkimlərimiz bizim
xəstələrə dərmanlar təyin edirlər. O dərmanları
analiz etdikdə görürük ki, o dərmanlar 60-70-ci illərin
dərmanlarıdır. Halbuki indi daha müasir dərmanlar
mövcuddur. Biz iranlı, türk həkimlərlə konqreslərdə
görüşürük. Deməzdim ki, Azərbaycan
kardioloqlarının səviyyəsi onlardan geri qalır. Burda
bir qədər dövlət xəstəxanalarının tibbi
avadanlıqla təchiz olunmasında problemlərimiz var. Özəllərdə
təchizat çox gözəldir. Rayonlarımızda
müasir diaqnostik mərkəzlərimiz var və yüksək
səviyyədə tibbi avadanlıqla təchiz olunublar.
Rayonlarımızda o tibbi avadanlıqla işləyən şəxslərin
hazırlanmasında bir qədər problem var. Mənə elə
gəlir ki, yaxın 1-2 il ərzində bu problem də aradan
qalxacaq. Çünki xeyli sayda tələbələrimiz, gənc
həkimlərimiz həm özümüzdə, həm də
xarici ölkələrdə uzmanlıq keçirlər. Elə
bizim özümüzdə də mütəxəssis
hazırlığı iki ildir ki, başlayıb və müvəffəqiyyətlə
yerinə yetirilir. Bunların artıq mütəxəssis kimi
fəaliyyət göstərməsi hardasa 3-4 ildən sonra
baş verəcək. Onda siz görərsiniz ki, bizdə də
məsələlər lazımi səviyyədədir.
Acı etiraflar
- Ürəyində
əməliyyat aparılan bir neçə xəstə
tanıyıram ki, həkimə müraciət edən kimi dərhal
ürəklərində əməliyyat aparılıb, məsələn
stend qoyulub və s. Tibb elmi ürək xəstəliklərinin
çarəsini yalnız əməliyyatlarda görür?
-
Müayinələr ciddi göstərişlər üzrə
olmalıdır. Xəstənin vəziyyətini dəqiqləşdirmək
üçün müxtəlif yükləmə
sınağından keçirə bilərik. Biz dəqiqləşdirməliyik,
əgər bu ağrı ürəkmənşəlidirsə,
ürəyin tac damarlarındadırsa onda xəstəni
anqioqrafiyaya göndərməliyik. Görsək ki, ürəyində
heç bir dəyişiklik yoxdur, yükləyici
sınaqlardan sonra ağrılar tipik xarakter
daşımırsa, onda əlavə anqioqrafiya etməyə
heç bir lüzum yoxdur. Bu hissəni həkimlərimiz bəzən
zəif bilirlər. Hər xəstəyə difrinsə
olunmuş şəkildə fərqli yanaşmaq
lazımdır, şablon formada yox.
-
Professor, bir xəstənin yaxşı müayinəsi və
müalicəsi üçün yaxşı həkim önəmlidir,
yoxsa keyfiyyətli dərman və ya müasir avadanlıq?
-
Sözsüz ki, yaxşı həkim. Həkimlə xəstə
arasında söhbətdən sonra xəstə
yüngüllük hiss etməlidir. Xəstələrə
müraciət edərək soruşurlar ki, sən müasir
avadanlıqla təchiz olunmuş ən müasir klinikalarda,
ancaq soyuq insanlarla təmasda olmaq istərdinmi? Onlar o biri qrupa
üstünlük verir. Çünki xəstənin müalicəsində
həkimin tutduğu mövqe böyükdür. Həkim gərək
xəstənin halına yana, onunla bir yerdə həyəcan
keçirə. Müasir avadanlıqların hamısı
çox vacibdir. Amma onlar xəstə ilə həkimin
canlı dialoqunu əvəz etmirlər. Bununla belə, qeyd etməliyəm
ki, XXI əsrdir, avadanlıqsız keçinmək
mümkün deyil. Məsələn, indi öd kisəsindən
daşı çıxarmaq üçün böyük əməliyyat
etmək mütləq deyil, zond vasitəsi ilə lokal
daşı götürmək mümkündür. Eləcə
də ürək üzərindəki əməliyyatlar da təkmilləşib.
Anadangəlmə ürək qüsuru üçün
artıq ürəyin nahiyəsini açmırlar. Kateter vasitəsi
ilə ürəyin boşluqlarına çatırlar, kontrast
maddə vururlar, sonra sanki yapışqan maddənin köməyi
ilə defekt aradan götürülür. Elm bu sahədə də
yerində qalmır, inkişafdadır. Ancaq gələcək
medikimendos dərman müalicəsi üstündədir.
- Nə üçün, elm
inkişaf etdikcə, tədqiqatlar artdıqca xəstəliklər
də çoxalır?
-
Diaqnostika yaxşılaşır ona görə. Xəstəlik
də artır. Stress amilləri çoxalıb. Etiraf edək,
siz bura gəldiniz, ən azı bir saat vaxtınız
keçdi. Hər dəfə yolu keçəndə stress
keçirmirsiniz? Dövlət Avtomobil Müfəttişliyi
yolda bu qədər xətlər çəkib, üç
sürücü saxlayır, beşi sürür. Saxlayana da
arxadan siqnal verirlər ki, niyə saxladın? Hər dəfə
Mətbuat prospektindən keçəndə az qala nəzir
verirəm ki, sağ qalım. Yolda maşınları necə
sürürlər? Xarici ölkələrdə birinci yerdə
piyadadır. Şüurlarda dəyişiklik olmalıdır.
- Akademik
Yevgeni Çazov ürək xəstəlikləri ilə
bağlı cild-cild dərsliklər yazandan, elmi tədqiqatlar
aparandan sonra belə bir qənaətə gəlib: “Öz həyat
planlarınızı qurun və optimist olun. Bu, hər şeyi
həll edir”. Həyata fəlsəfi baxış xəstəliklərin
dərmanı hesab olunurmu?
- Cazovun
fikri əsaslıdır. Azərbaycanlılarda da gözəl
misal var: “Qəm qəm gətirər, dəm də dəm”.
Sözsüz, biz nikbin olmalıyıq. İndi mən sizdən
soruşum: siz gün ərzində neçə kilometr gəzirsiniz?
Siz axşamüstü parka
çıxırsınızmı? Siz qidalanmanı gün ərzində
mütəmadi yerinə yetirirsinizmi? Siz nə qədər meyvə,
göyərti və ağartı yeyirsiniz? İl boyu nə qədər
balıq yeyirsiniz? Çazov bunu deyir. O, 83 yaşında yenə
səyahətindən əl çəkmir. Özünü
gümrah hiss edir. Biz Çazovun şənbələr işlədiyini
görməmişik. Şəxsən mən şənbə
günü də işləyirəm, bəzən bazar
günləri də gəlirəm. Çazov cümə
günü axşamdan bütün ruslar üçün
xarakterik olan şəhərdən kənara
çıxır. Biz isə rusların bir məsəlinə
“torandan sübhədək” işləməyə
üstünlük veririk. İnsanda yumor hissi, zarafat hissi
güclü olmalıdır. Həmişə baməzə,
zarafatcıl adamlar çox yaşayırlar. İnsan
özünü yaxşı mənada çox sevməlidir.
Acı etiraflarımdı – biz normal yaşamırıq.
Təranə Məhərrəmova
Kaspi.-2012.-30 oktyabr.-S.9.