Ramil Səfərov vətənə
gətirildi və əfv edildi
Prezident İlham Əliyevə
təşəkkürünü bildirən Ramil
Səfərov əfv olunaraq
azadlığa buraxılmasını ədalətin bərpası
kimi qiymətləndirib
Avqustun
31-də Azərbaycan ordusunun zabiti Ramil Səfərov
Macarıstandan Bakıya gətirilib. O, vətənə
döndükdən az sonra Prezident İlham Əliyevin sərəncamı
ilə əfv olunub. Sərəncamda deyilir: «1977-ci ildə
anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin
2006-cı il 13 aprel tarixli hökmü ilə
ömürlük azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı
Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən
azad edilsin. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir».
APA-ya
açıqlama verən Ramil Səfərov bu qərardan
olduqca şad olduğunu söyləyib. O, Azərbaycan Prezidenti,
Ali Baş komandan İlham Əliyevə təşəkkürünü
bildirib: “Bu, ədalətin bərpasıdır”.
Zabitimiz
həbsə düşdüyü ilk gündən dövlətimizin,
xalqımızın qayğısını hər an hiss
etdiyini qeyd edib: “Qeyd etmək istəyirəm ki, dövlətimizin,
millətimizin qayğısını həmişə hiss
etmişəm. Bundan əvvəl olduğu kimi, indi də
dövlətimizin xidmətində bir oğul kimi dayanmağa hər
an hazıram”.
R.Səfərov
gələcəkdə hərbiçi kimi fəaliyyətini
davam etdirmək fikrində olduğunu da vurğulayıb: “Həbs
həyatı mənim üçün çox ağır
keçib. Amma həbsdə olmağıma baxmayaraq heç
vaxt ümidimi itirməmişəm. Çünki həbsdən
azad edilməm üçün Azərbaycanda aparılan
işlərdən xəbərdar idim. Ona görə də
indi mənim üçün çalışan hər bir kəsə
və bütün türk dünyasına öz təşəkkürümü
bildirirəm. Mən Qarabağ problemi ilə bağlı
aparılan işləri də hər zaman diqqətdə
saxlamışam. Ali Baş Komandanın bu istiqamətdə
göstərdiyi fəaliyyəti yüksək qiymətləndirirəm”.
Ramilin
atası Sahib Səfərov da Modern.az-a
açıqlamasında baş verənlərin onun
üçün gözlənilməz olduğunu və hədsiz
sevinc yaşadığını vurğulayıb. O,
hazırda evinə çoxsaylı insanların gəldiyini, hər
kəsin ona göz aydınlığı verdiyini qeyd edib. S.Səfərov
Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevə
təşəkkür edib.
Ramil
Səfərov dünən gün ərzində Fəxri
Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını,
Şəhidlər Xiyabanını və həbsdə olarkən
dünyasını dəyişmiş anası Nübar Səfərovanın
məzarını ziyarət edib.
Ramil
Səfərovun hüquqlarının müdafiəsinin
koordinatoru, millət vəkili Azay Quliyev zabitimizin azad edilməsində
yalnız və yalnız Azərbaycan Respublikası Prezidentinin
əməyi olduğunu qeyd edib. Deputat bildirib ki, onun adından və
bütün Ramil sevənlər adından Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkür edir:
“Ramil Səfərov həbs olunandan bu günə qədər
Azərbaycan Prezidenti bütün strukturlara göstəriş
verib. Onun azad olunması üçün mümkün olan
bütün işlər görüldü. Ona görə də bu, yalnız Azərbaycan Prezidentinin
adına yazılmalıdır. Bu, bir daha göstərir ki, Azərbaycan
Prezidenti hər bir vətəndaşın, dövlətinin
qayğısına qalır. Prezidentimizin
rəhbərliyi ilə Qarabağ da tezliklə azad olunacaq”.
Zabitimizi
təbrik etmək üçün onun yaşadığı
ünvana gələn digər millət vəkili Qənirə
Paşayeva da Ramil Səfərovun azadlığa
buraxılmasında görə ölkə prezidenti İlham Əliyevə
minnətdarlığını bildirib. O, Ramilin vətənə
dönməsindən sevindiyini bildirərək, bu hadisənin
bütün azərbaycanlılarda sevinc hissi
yaratdığını qeyd edib: “Bu, Azərbaycanın
hüdudlarından kənarda yaşayan insanlarımızı,
bütün türk millətini sevindirən çox
böyük bir hadisədir və cənab prezidentə biz
hamımız çox təşəkkür edirik. Ramil
gerçəkdən dövlətimizin, millətimizin qəhrəman
oğullarından biridir. Mən 4-5 gün əvvəl onunla
telefonla danışmışdım, o, mənə zəng
etmişdi. Söhbət etmişdik, söhbətimizin əsasında
öz sosial şəbəkədə də fikirlərimi
yazdım ki, Ramillə ilk görüşən zamanı yeni həbs
olunmuşdu, onda mənə bir söz dedi ki, Qənirə
xanım bayrağımız bizim namusumuzdur, şərəfimizdir.
Biz bayrağımızı, vətənimizi təhqir edənlərə
hər zaman qarşı olmalıyıq və heç zaman
onları buna imkan verməməliyik. Mən millətimizi, onun
atasını, çox təəssüf ki, anası bu
günü görmədi, təbrik edirəm. İnanıram
ki, Ramil hər zaman millətinə yararlı övlad oldu.
Bundan sonra millətimiz, vətənimiz üçün
yararlı, gözəl işlər görməkdə davam edəcək.
Təbrik edirəm. Cənab prezidentə təşəkkür
edirik. Prezidentin bu addımı bütün gənclərimiz
üçün bir mesaj idi ki, dövlət, vətən
üçün əlindən gələni edən
insanların dövlət hər zaman yanında olacaq”.
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri,
millət vəkili Qüdrət Həsənquliyev Ramil Səfərovun
azadlığa buraxılmasını kifayət qədər cəsarətli
və ədalətli addım kimi dəyərləndirib. Millət
vəkili qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalı zamanı Ramil Səfərovun
çoxsaylı ailə üzvləri və yaxınları -
dinc insanlar ermənilər tərəfindən vəhşicəsinə
qətlə yetiriliblər: “Baş verən bu hadisələrdən
Ramil Səfərov və onun sağ qalmış ailə
üzvləri ciddi mənəvi sarsıntı keçiriblər.
Bu baxımdan Ramil Səfərovun onu və Azərbaycan
bayrağını təhqir edən Ermənistan zabitini qətlə
yetirməsinin səbəbi aydın və
anlaşılandır. Şübhəsiz ki, Ramil Səfərov
bu əməli güclü ruhi sarsıntı vəziyyətində
törətmişdi və belə hallarda ən çox 3 ilə
qədər həbs cəzası nəzərdə tutulur.
Ramil Səfərov isə bu hadisəyə görə 3 qat artıq
cəza çəkib və onun azadlığa
buraxılması həm hüquqi, həm də mənəvi
baxımdan tamamilə ədalətli qərardır. Bu
baxımdan mən Ramil Səfərovun əfv olunması ilə
bağlı Azərbaycan prezidentinin sərəncamını
alqışlayıram”.
Millət
vəkili Zahid Oruc da Ramil Səfərovun ölkəyə gətirilməsindən
böyük sevinc hissi keçirdiyini dilə gətirib. O, buna
görə, ilk növbədə Azərbaycan prezidentinə
xüsusi minnətdarlığını bildirib: “Bu, millətin
adını qaldıran bir hadisədir.
Öz-özlüyündə Ramil Səfərov bir atanın
övladı deyildi. O, Azərbaycan xalqını təmsil
edirdi. Bütövlükdə millətə məxsus idi və
ona çıxarılmış hökm Qarabağ
savaşımıza verilən qiymət idi. Bu yaxınlarda onun
ad günü idi və biz bu hadisəni dəyərləndirərkən
bir tərəfdən illər uzunu onun dəmir barmaqlıqlar
arasında qalmasının məqsədini qeyd etdik, o biri tərəfdən
isə onun orada ömürlük saxlanmasının bizim
mübarizəmizə, ərazi bütövlüyümüzə
nə qədər mənfi təsir göstərdiyindən bəhs
etdik. Azərbaycanın tarixində yaşayan Mübariz
İbrahimovlar, Ramil Səfərovlar və digər insanlarımız
öz əməli ilə bir şəxsin, bir fərdin
uğurunu yaratmırlar. Bütövlükdə öz cəmiyyətinə,
xalqına, millətinə bu
hadisəni yaşadırlar. Ramil Səfərovun da
adı millətinə bu dərəcədə
bağlanmışdır və onun gətirilməsi təbii
bir hadisə kimi dəyərləndirilməlidir.
Və buna görə hamımıza
göz aydınlığı verirəm”.
Millət
vəkili bu hadisənin milli ruhun qalxmasına müsbət təsir
göstərəcəyini qeyd edib: “Çünki o hadisə
böyük bir karyeranı başladan, NATO-nun sistemində
formalaşan bir azərbaycanlı zabitin
sındırılması, öz gələcək iş xəttindən
daşındırılması, həmin şəxsin
generallılığa gedən yolunun qabağını kəsmək
demək idi. O səngərdə Azərbaycanın
döyüş qabiliyyətinə təsir göstərəcək
insanlardandır. Biz o yerdə Ramil Səfərovun
olmadığını görürüksə, düşmən
də güclənmiş olur. Ramil Səfərovun orada
saxlanması üçün erməni dövləti
bütün gücünü qoymuşdu. Prezidentin bu qərarı
və addımı, onun əfv olunaraq öz ailəsinə və
millətinə dönməsinin təşkil olunması
qürurverici bir haldır. Ramil Səfərov yenidən
Qarabağ cəbhəsində erməniyə qarşı
vuruşacaq. Doğurdan da bunun gələcək dönəmdə
böyük bir hadisə kimi həyatımıza təsir
göstərəcəyinə əminəm və çox
ümidvaram ki, bu gün bir-birinə göz
aydınlığı verən insanlar
torpaqlarımızın bütövləşməsinə və
işğal olunmuş ərazilərimizin azad olunmasına
görə də bir-birini təbrik edəcəklər”.
Xatırladaq
ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl
rayonunda doğulub. Hələ körpə olanda erməni vəhşiliklərini
öz gözləri ilə görən Ramildə onlara
qarşı əbədi nifrəti yaranıb. Düşmənə
sonsuz nifrəti, Vətənə dərin məhəbbəti
Ramili hərbi məktəbdə təhsil almağa istiqamətləndirib.
1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi
təmayüllü məktəbə daxil olub. 1992-ci ilin
sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı
ilə təhsilini davam etdirmək üçün Türkiyənin
İzmir şəhərinə göndərilib. Maltəpə
hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən
sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi
təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci
ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı
ilə Gədəbəydəki “N” saylı hərbi hissədə
taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart
ayında Müdafiə Nazirliyinin sərəncamı ilə
Heydər Əliyev adına Ali Hərbi Məktəbə
göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant
rütbəsinə qədər yüksəlib.
2004-cü
ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı
ilə NATO proqramları çərçivəsində
Macarıstanın Budapeşt şəhərində
keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə
dönməyə 20 gün qalmış - fevral ayının
19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni
zabitini Azərbaycan bayrağını və şəhidlərimizin
ruhunu təhqir etdiyinə görə qətlə yetirib. Elə
həmin tarixdə Budapeştin hüquq-mühafizə
orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər
Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə
ömürlük azadlıqdan məhrum edilib. Ramil Səfərov
həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan
dilinə iki bədii əsər tərcümə edib.
Rufik İSMAYILOV
Kaspi.-2012.-1-3 sentyabr.-S.3.