Orduya «ictimai nəzarət»
pərdəsi altında qərəzli münasibət
Silahlı Qüvvələrdəki
inkişafı danmaq, bütün cəhətləri qara rəngdə
görməyə, neqativ şəkildə təqdim etməyə
can atmaq köhnəlmiş, öz təsirini itirmiş
üsuldur
Bu
günlərdə bir sıra müxalifət təşkilatlarının
toplaşdığı İctimai Palata adlı qurumda Azərbaycan
Silahlı Qüvvələrilə bağlı keçirilən
müzakirə cəmiyyətin bu kəsiminin hələ də
orduya münasibətdə qeyri-konstruktiv mövqe tutmaqda
olduğunu bir daha nümayiş etdirdi. Məlumdur ki,
Silahlı Qüvvələr barədə öz dəst-xətlərinə
uyğun şəkildə müzakirə açan bu
qurumdakılar hərbi sahədəki vəziyyəti yalnız
ayrı-ayrı hadisələri və bir neçə insidenti
önə çəkərək təhlil etməyə cəhd
göstəriblər. Bu məqsədlə xüsusən də
cəbhənin müxtəlif nöqtələrində
düşmən tərəfindən atəşkəsin
pozulması, ya da qəzalar, bədbəxt hadisələr nəticəsində
baş verən itkilər ətrafında hədsiz hay-küy
salmağa çalışılıb. Beləliklə,
ictimaiyyətdə çaşqınlıq, yersiz təşviş
yaratmaq niyyəti güdülüb. Çox təəssüf
ki, ordu kimi siyasətdən kənar sayılmalı olan, milli əhəmiyyətli
bir məsələ haqqında süni ajiotaj yaratmaq meyli bu dəfə
də özünü göstərib.
Vətənin,
dövlətin müdafiəçisi olan ordunun siyasi oyunlara
vasitə kimi seçilməsi dünyanın heç bir
ölkəsində müsbət qarşılanmayan, hər
zaman pislənən haldır. Bizdə isə guya milli məqsədlər
uğrunda çalışdıqlarını bəyan edən
müxalif siyasi qurumlar da, bu yöndə onların işinə
yaramağın öz şəxsi mənafelərinə
uyğun olduğunu düşünənlər də ordu ilə
əlaqəli məsələləri hər vəchlə
siyasət gündəminə gətirmək istəyirlər.
Siyasi
quruma gəldikdə, onun məqsədi bəllidir.
Çünki perspektivi elə ilk gündən şübhə
doğuran İctimai Palata fəaliyyətsizliyini, dalana dirəndiyini,
iflasa məhkumluğunu bu cür ucuz yollarla pərdələyib
ört-basdır etməyə çalışır. Öz
daxilindəki ziddiyyətləri, "birləşməmiş
parçalanmaq" tendensiyasının
qarşısını almaqda aciz qalan bu qurum ictimai diqqəti
öz problemlərindən yayındırmaq üçün ən
yolverilməz vasitələrə də əl atır.
Silahlı Qüvvələrə, orduya aid müzakirə
keçirməkdə də həmin qurumun məqsədi bundan
uzağa getmir.
O ki
qaldı məlum müzakirənin ən fəal
iştirakçılarına, onların da fəaliyyətinin,
qaldırmaq istədikləri səs-küyün nəyə
hesablandığı cəmiyyət üçün sirr
deyil. Həmçinin bu istiqamətdə göstərdikləri
cəhdlərin əvvəlcədən uğursuzluğa
düçar olduğuna, hər zaman tərs effekt
doğurduğuna və doğuracağına şübhə
yoxdur.
Bunun
səbəblərinə diqqət yetirək: Əvvəla,
qeyd etdik ki, ordu ilə bağlı məsələlərə
siyasi nöqteyi-nəzərdən yanaşmaq yanlış
yoldur.
Uğursuzluğun
ən vacib səbəblərindən biri bundan irəli gəlir.
Başqa tərəfdən, cəmiyyətdə, onun bir
parçası olan orduda da artıq kimin kimi olduğu,
hansı niyyəti güddüyü əksəriyyətə
bəllidir. Buna görə də şəxsi mənafe
üçün atılan addımlar, deyilən sözlər
mənfi reaksiya ilə qarşılanır. Qeyri-obyektiv, birtərəfli,
aqressiv çıxışlar reallığa əsaslanmadığı,
həqiqəti təhrif etdiyi üçün də ictimaiyyətin
diqqətindən kənarda qalır. Yəni Silahlı Qüvvələrdəki
inkişafı danmaq, bütün cəhətləri qara rəngdə
görməyə, neqativ şəkildə təqdim etməyə
can atmaq köhnəlmiş, öz təsirini itirmiş
üsuldur. Üstəlik, bu niyyətdə olanlar, bu istiqamətdə
fəaliyyət göstərənlər də köhnə
fiqurlar olduğu üçün də cəhdləri
heç bir nəticə vermir. Onların tamamilə siyasiləşdikləri,
hər addımlarını şəxsi mənfəət xətrinə
atdıqları əslində əvvəldən də bəlli
idi, çoxdan bu barədə rəy
formalaşmışdı. Ancaq növbəti dəfə
sırf siyasi qurum olan İctimai Palata ilə bir araya gəlmələri
onların qeyri-səmimiliyini, manevrlər etməklə müəyyən
sərfəli nəticələrə nail olmaq istədiklərini
açıq şəkildə ortaya qoydu. Silahlı Qüvvələri
media vasitəsilə mütəmadi əsassız tənqidlərə
məruz qoymaq azmış kimi, artıq bunu
bütünlüklə siyasi müstəviyə çəkdilər,
qatı müxalif qurumun müzakirə mövzusuna
çevirdilər. Açıq-aydın görünür ki,
burada «orduya nəzarət» adı altında, Silahlı Qüvvələrə
qərəzli münasibətdən söhbət gedir.
Bütün
bunlar ondan xəbər verir ki, həmin dairələrdən
orduya qarşı səmimi, obyektiv, ədalətli münasibət
gözləmək, siyasətdən kənar, milli mövqeyə
söykənən yanaşma ummaq sadəlövhlük
olardı. Hərbi sahədəki inkişafı qaralamaq niyyəti
güdənlər, çox təəssüf ki, Silahlı
Qüvvələrdə həm atəşkəsin düşmən
tərəfindən pozulması, həm də müxtəlif qəzalar,
bədbəxt hadisələr nəticəsində baş verən
itkiləri əsas tuturlar. Səbəbi hər nə olursa
olsun, təbii ki, bu itkilər bizim itkimizdir, vətənimizin,
millətimizin, dövlətimizin itkisidir. Bu itkilər
hamımızı göynədir, dərindən təəssüfləndirir.
Torpaqlarımız uğrunda şəhid olan, həyatını,
sağlamlığını itirən əsgər və
zabitlərimiz üçün hər bir azərbaycanlı
ürək ağrısı keçirir və bu, belə də
olmalıdır. Aydındır ki, belə hallar baş verən
zaman komandanlığın üzərinə mənəvi məsuliyyətdən
əlavə, birbaşa cavabdeh olduqları vəzifələr
də düşür, onların yerinə yetirilməsinə
çalışılır. Şəhid və yaralılar
haqqında ictimaiyyətin dərhal məlumatlandırılması
təmin edilməklə yanaşı, səbəblərin
araşdırılması üçün də tədbirlər
görülür. Yanlışlıqlar varsa, onların aradan
qaldırılması yolunda müvafiq addımlar
atılır. Ancaq əfsuslar olsun ki, bu kimi insidentləri
ajiotaj mənbəyinə çevirmək, ictimaiyyətdə
lazımsız həyəcan, qorxu hissi yaratmaq istəyən
dairələr var. O dairələr ictimaiyyətə guya
onlardan başqa heç kəsin Azərbaycan əsgər və
zabitinin taleyini düşünmədiyi barədə
gülünc bir rəy sırımaq istəyirlər.
Xüsusilə də guya "ordu rəhbərliyinin hərbçilərin
qeydinə qalmadığı" barədə saxta, əsassız
fikir formalaşdırmaq üçün dəridən-qabıqdan
çıxırlar. Bu cür çıxışların
qeyri-səmimiliyi bir yana, məhz mənfəətdən
ötrü, daha çox hay-küy hesabına yeni qrantlar almaq,
şəxsi faydalar əldə etmək üçün səsləndirildiyi
günümüzün acınacaqlı
reallığıdır.
Müharibə
vəziyyətində, tez-tez pozulan atəşkəs rejimində
olan, bununla yanaşı ordu quruculuğu işi davam edən
ölkənin Silahlı Qüvvələrinin itkilər verməsi,
nə qədər ağrılı da olsa, qaçılmaz
haldır. Azərbaycanda bu itkilərin qarşısının
tam alınması, ya da ən azı minimuma endirilməsi naminə
davamlı iş aparıldığı, bu yöndə təsirli
tədbirlər görüldüyü danılması
mümkün olmayan həqiqətdir. Ordunun hərtərəfli
inkişaf prosesində bu məsələnin də daima diqqət
mərkəzində olduğu aydındır. Ancaq savaş vəziyyətinin,
hərbin bir xüsusiyyəti də budur ki, millət, dövlət
və ordu məhz itkilər sınağından keçərkən
öz yenilməzliyini nümayiş etdirir, düşmən
qarşısında əyilmədiyini göstərir. Bariz
nümunə olaraq, böyük və zəngin tarixə malik
Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə,
bugünkü durumuna baxa bilərik.
Qardaş
ölkənin ordusu terrorçularla mübarizədə son
zamanlar az qala hər gün şəhid verir, əsgər və
zabitlər yaralanır. Ancaq cürbəcür qəzalarda, bədbəxt
hadisələrdə həyatını, ya da
sağlamlığını itirən türk hərbçiləri
də olur. Eynilə Azərbaycandakı kimi orada da hadisələr
barədə məlumat yayılır, müvafiq qurumlar təhqiqat
aparır, səbəbləri üzə çıxarmağa
çalışır. Bununla belə, orada itkilərə də,
orduya da münasibət bizdəkindən tamam fərqlənir.
Yəni bizdəkindən fərqli olaraq, orada kimsə
çıxıb ordunun ünvanına əsassız ittihamlar
səsləndirmir, itkilərə görə Silahlı
Qüvvələrə qarayaxma kampaniyasına girişmirlər.
İctimai-siyasi təşkilatların ordu
komandanlığını istefaya çağırması isə
tamam ağlasığmaz görünür. Bir sözlə,
itkilər, ağrılı hadisələr zamanı Türkiyə
cəmiyyəti, türk xalqı orduya daha yaxından dəstək
verir, Silahlı Qüvvələrə inamını ifadə
edir. Beləliklə də, Silahlı Qüvvələri
düşmənlə, yəni terrorçularla daha da cəsarətlə
mübarizə aparmağa səsləyir.
Hesab
edirəm ki, bu baxımdan qardaş ölkədə ictimaiyyətin
orduya münasibətini örnək kimi götürmək
faydalı olardı. Nəinki Azərbaycan Silahlı Qüvvələrinin
inkişafı yolundakı nailiyyətləri qaralamaq
üçün fürsət axtarıb, hər vasitəylə
antiordu təbliğatına yönələn işlər
görmək.
Bu
kimi cəhdlər, müxalif siyasi qurumların özlərinin
keçirdikləri, ya da onların çətiri altında təşkil
olunan müzakirələr Azərbaycanda ordu quruculuğuna
kölgə sala bilməz. İnkişaf göz önündədir,
müstəqillik qazandıqdan bəri ölkədə
Silahlı Qüvvələrin gücləndirilməsi
üçün misilsiz addımlar atıldığı
parlaq gerçəklikdir. Ona görə də, ictimaiyyətdə
ordu haqqında yanlış fikir yaratmaq, cəmiyyətdə əsassız
şübhələrə yol açmaq, ordunu siyasi oyunlara
vasitə etmək istəyənlər, nə qədər ki
gec deyil, bu yoldan dönməlidirlər. Özləri öz
xoşagəlməz niyyətlərindən əl çəkməlidirlər.
Əks təqdirdə, bu gedişlə onsuz da Azərbaycan
xalqı, cəmiyyətimiz özü onların yoluna da, niyyətlərinə
də son qoyacaq. Milli mənafe, dövlətçilik
maraqları və Azərbaycan Silahlı Qüvvələrinin
daha da qüdrətlənməsi naminə!
Emin HƏSƏNLİ,
Silahlı Qüvvələrə
İctimai
Nəzarət Birliyinin sədri
Kaspi.-2012.-1-3 sentyabr.-S.7.