“Ermənistanın
bütün hərəkətləri siyasi oyundur”
Qabil Hüseynli: “Rəsmi İrəvan
ABŞ başda olmaqla Qərb dövlətlərinə,
Avropaya təsir göstərib Dağlıq Qarabağ məsələsində
ermənilərin xeyrinə mövqe nümayiş etdirilməsini
istəyir”
Politoloq Qabil Hüseynlinin “Kaspi” qəzetinə
müsahibəsi.
-
Qabil bəy, azərbaycanlı zabit Ramil Səfərovun
Macarıstandan ölkəmizə ekstradisiya olunması və əfv
edilməsi Ermənistanda böyük çaşqınlıq
yaradıb. Hətta vəziyyət o həddə çatıb
ki, rəsmi İrəvan Azərbaycanı müharibə ilə
də təhdid edib. Bir politoloq kimi son hadisələrə münasibətinizi bilmək
maraqlı olardı.
- Mən Ermənistanın son davranışlarını divanəlik adlandıraram. Yəni dəliliyin, ən yüksək nöqtəsi. Çünki əvvəla Ramil Səfərov cinayət işləyib və bu cinayətə görə də səkkiz il yarım yatıb. Sonra onu öz vətəninə ekstradisiya ediblər. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun da qeyd etdiyi kimi məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir. Ramil Səfərovun da təhvil verilməsində bu Konvensiyanın tələblərinə Macarıstan və Azərbaycan tam əməl edib. Ekstradisiya edilmiş məhbus əfv də edilə bilər, cəzasının davamını çəkə də bilər. Bundan sonra Prezident İlham Əliyev öz vətəndaşını yenidən həbs etməyəcəkdi ki. Digər tərəfdən, vaxtıilə ermənilər tərəfindən dəfələrlə Azərbaycan türklərinə qarşı soyqırımlar, terror hadisələri, qətllər törədilib. Məsələn, götürək o qulaqsız Andranik paşanı yaxud da Amazaspı. Onlar Türkiyənin Qars, İğdır, İranın Urmiya, Azərbaycanın Göyçə, Zəngəzur, Gəncə, Quba, Neftçala, Səlyan, Bakı və sair ərazilərində bir milyondan çox azərbaycanlını amansızlıqla öldürüblər. Bu vandalizm aktlarını törədən adamlara indi Ermənistanda heykəllər ucaldılıb. Yaxud, ASALA təşkilatının fəallarından biri olan, törətdiyi əmələ görə ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyan 17 illik həbsdən sonra 2001-ci ilin aprelində Fransa hökuməti tərəfindən Ermənistana təhvil verildi. Terrorçunu gətirən təyyarə İrəvana enməmiş o vaxtkı prezident Robert Köçəryan V.Karapetyanın əfv edilməsi haqqında fərman imzaladı. Bununla da o, Ermənistanda qəhrəman kimi qarşılanaraq, hətta mükafatlandırıldı. Baxmayaraq ki, V.Karapetyan, başqalarıyla birgə 1984-cü ildə Parisin Orli hava limanında partlayış törədərək səkkiz adamın, o cümlədən, 4 fransızın ölümünün səbəbkarı idi. O, heç vaxt Ermənistan vətəndaşı olmamışdı və Ramil Səfərovdan fərqli olaraq, açıq-aydın terrorçu idi. Sonradan həmin adam yenə də terrorçuluq fəaliyyətini davam etdirərək, Xocalı soyqırımında iştirak etdi. Bu gün də bu cani Ermənistanın ən hörmətli adamlarından biridir. Bu kimi misalları saysız-hesabsız çəkmək olar. Bizə o qədər də uzaq olmayan tarixdə Ağdamın Güllücə kəndində erməni əsgərləri 8 yaşlı uşağı snayperlə vurub öldürdü. Bunu nə boyunlarına aldılar, nə də buna münasibət bildirdilər. Tovuzda axar çaya içində partlayıcı maddə quraşdırılmış oyuncaq buraxdılar. Nəticədə həmin oyuncağı tapıb evə gətirən uşaqların əlindəcə partlayış baş verdi. İki bacıdan biri həlak oldu, digəri isə ağır yaralandı. Bu kimi yüzlərlə hadisə zamanı minlərlə dinc Azərbaycan vətəndaşı həlak olub.
Ermənistanda
bütün bunları bəlkə də qəhrəmanlıq
kimi xatırlayırlar. Halbuki dinc, əliyalın, silahsız,
mülki vətəndaşların nə yolla olursa-olsun qətli
heç bir insanlığa, eləcə də qəhrəmanlığa
sığmır. Ancaq Macarıstanda Ramil Səfərovla bərabər
ingilis dili kurslarında iştirak edən Qurqen Markaryanın qətlə
yetirilməsi tamamilə başqa yanaşma tələb edir. Əvvəla
onların hər ikisi hərbiçi olub. Qarabağ müharibəsində
əzizlərinin erməni təcavüzü nəticəsində
həlak olmasını Ramil Səfərov öz gözləri
ilə görüb. Həmin müharibədə zərər
çəkən insan olub. Qurqen Markaryan da bunu bilərək,
dəfələrlə onu təxribata çəkib. Azərbaycan
xalqını, bayrağını, şəhidlərimizin və
Xocalıda amansızcasına qətlə yetirilən vətəndaşlarımızın
ruhunu təhqir edib. Bu da Ramilin anlaqsız şəkildə onu
qətlə yetirməsi ilə başa çatıb. Ramil
törətdiyi əmələ görə 8 il 6 ay
Macarıstan həbsxanasında cəza çəkib. Ötən
müddət ərzində zabitimizin tək adamlıq kamerada
saxlandığını nəzərə alsaq, Ramilin nəzərdə
tutulduğundan daha çox cəza çəkdiyi müəyyən
olar. Belə olan halda nədən Ramil Səfərovun azad edilməsi
ətrafında bu qədər şou düzənləyir Ermənistan?
Ramil Səfərovu səkkiz il yarımdan sonra sərbəst
buraxıblarsa bu humanitar hərəkətdir. Bunu başqa yerə
yozmağın mənası yoxdur.
- Bir neçə gün bundan
öncə Ermənistan hakimiyyəti Macarıstanla
bütün diplomatik əlaqələrin dondurulması
haqqında da qərar qəbul edib. Sizcə rəsmi İrəvanın
bu addımı nə dərəcədə doğrudur?
- Bir
müddət sonra Ermənistan özü yalvara-yalvara
Macarıstanla diplomatik əlaqələri bərpa edəcək.
Macarıstanın qanunvericiliyi Avropa standartlarına
uyğundur. Norveçdə
Breyvik 77 nəfəri qətlə yetirdiyinə görə cəmi
21 il aldı, Ramil Səfərov isə onun millətini, ölkəsini,
bayrağını təhqir edən şəxsi
öldürdüyünə görə ömürlük həbs
cəzası almışdı. Breyvik hadisəsindən sonra
Avropa Birliyi ölkələri öz qanunvericiliyinə yenidən
nəzər yetirdi. O cümlədən də Avropanın
ayrılmaz parçası olan Macarıstan. Macarıstan, nəhayət,
bildi ki, Ramil Səfərov haqqında siyasi qərar qəbul
edib. Sırf Ermənistanla Azərbaycan arasındakı
münaqişəni nəzərə alaraq, qərar
verilmişdi. Macarıstan hökumətinin bu qərarı
humanist qərardır. 8 il 6 aydır həbsxanada yatan
insanın vətəninə ekstradisiya edilməsi iki dövlət
arasında bağlanmış hüquqi müqaviləyə əsasən
edilib. Azərbaycanla Macarıstan arasında olan ekstradisiya
haqqında müqaviləyə uyğun olaraq Ramil Bakıya gətirilib.
Azərbaycan
prezidentinin Ramili əfv eləməsi də düzgün
addımdır. Macarıstanla diplomatik əlaqələri kəsən
cırtdan Ermənistan nəyə qadir olacaq ki? Macarıstan
öz qanununa uyğun olaraq addım atıb. Bu məsələ
ilə diplomatik əlaqələri kəsmək arasında
heç bir əlaqə yoxdur. Diplomatik əlaqələri
çox böyük hadisələr zamanı kəsirlər. Macarıstanla
diplomatik əlaqələri kəsmək onun özünə
ziyandır. Bir müddət sonra Ermənistan özü
yalvara-yalvara diplomatik əlaqələri bərpa edəcək.
- ASALA terror təşkilatı
Ramil Səfərovun azad edilməsindən sonra azərbaycanlı
diplomatlara qarşı ölüm hökmü
çıxarıb. ABŞ kimi böyük dövlətlərin
terrora qarşı mübarizə apardığı bir dönəmdə,
nədən ASALA və onu dövlət səviyyəsində
himayə edən Ermənistanın hərəkətləri
görməməzlikdən gəlinir?
-
Bütün dünyaya məlumdur ki, ASALA Ermənistanda
dövlət səviyyəsində himayə olunur. Bu təşkilat
müasir bir zamanda Azərbaycan ictimaiyyətini,
diplomatlarımızı terrorla hədələyir.
Xocalıda həyata keçirilən qətliamın
iştirakçılarından olan Serj Sərkisyan da
ASALA-nın bu mövqeyini müdafiə edir. Buna baxmayaraq,
terrorla mübarizə apardığını bəyan edən
ABŞ və onun prezidenti Barak Obama Ramil Səfərovun azad
olunmasına dərhal reaksiya verib bu hadisəni pisləyir,
ancaq Ermənistan siyasilərinin, ASALA təşkilatının
son bəyanatlarını susqunluqla qarşılayır. Bunun
bir adı var, o da saxtakarlıq. Qərb terrorla mübarizəni
özünün bir nömrəli vəzifəsi hesab edirsə,
o zaman nədən terroru müdafiə edən dövlətin
hərəkətlərinə göz yumur? Bu ikili
standartları, qərəzliliyi bir kənara qoymaq gərək.
- Bu gün (red.dünən) Ermənistan
parlamentinin fövqəladə toplantısı keçirilib və
Dağlıq Qarabağın “müstəqilliyinin” rəsmən
tanınması barədə fikirlər səsləndirilib. Vəziyyət
belə davam edərsə, bu, regionda gərginliyin daha da
artmasına səbəb ola bilərmi?
-
Bunlar hamısı imitasiyalardır. Ermənistan siyasi hakimiyyətinin
sərgilədiyi bu oyunlar beynəlxalq ictimai rəyə təsir
göstərməyə hesablanıb. Eyni zamanda Azərbaycanı
şantaj eləmək üçün
düşünülmüş üsullardır. Ermənistan
bununla heç nəyə nail ola bilməyəcək. İrəvan
hökumətinin bundan sonra atacağı addımlar, həyata
keçirmək istədikləri sərt tədbirlər
bumeranq kimi qayıdıb onların özünə dəyəcək.
Azərbaycan artıq o dövlət deyil ki, Ruslardan
böyük dəstək alan Ermənistanın
hücumları qarşısında davam gətirə bilməsin.
Ermənistanın atdığı hər bir addıma
qarşı, ondan daha güclü, daha sanballı cavab veriləcək.
Beləliklə sonda Ermənistan indiyədək əldə
etdiyi “dvidentləri” də itirəcək. Bir daha təkrar edirəm
ki, Ermənistanın bütün hərəkətləri
siyasi oyundur. Bununla ABŞ başda olmaqla Qərb dövlətlərinə,
Avropaya təsir göstərib Dağlıq Qarabağ məsələsində
ermənilərin xeyrinə mövqe nümayiş etdirilməsini
istəyirlər. Əgər erməni deputatlar parlamentdə
Dağlıq Qarabağın “müstəqilliyinin”
tanınması barədə qərar qəbul etsələr,
bu Ermənistanın dünya ictimaiyyətinə meydan
oxuması kimi qiymətləndiriləcək. Çünki
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll
edilməsi ilə ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər
məşğul olur.
Məhz
həmin dövlətlərin nəzarəti altında regionda
sülhyaratma prosesi gedir. Beynəlxalq təşkilatlarda bu məsələ
ətrafında geniş müzakirələr gedir. Problemin
danışıqlar yolu ilə həll edilməsi
üçün ortada müxtəlif təkliflər, modellər
var. Belə olan halda Ermənistanın atdığı
addım müharibəyə gətirib çıxaracaq ki,
bununla da rəsmi İrəvan bütün dünyanı
özünə qarşı çevirəcək.
Rufik İSMAYILOV
Kaspi.-2012.-6 sentyabr.-S.6.