Ağsuda XVI əsrə aid məscid
tapılıb
Media nümayəndələri
rayonun tarixi abidələri və aparılan arxeoloji qazıntılarla yerindəcə
tanış oldular
Dünən “Miras” Mədəni
İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və “Heritage Travel” turizm şirkəti Ağsu şəhərinə KİV nümayəndələri
üçün info-tur
təşkil edib. İnfo-turun keçirilməsində
əsas məqsəd orta əsr Ağsu
şəhərində aparılan
arxeoloji tədqiqatların
ən yeni nəticələri, şəhər
içərisində Şıxməzid
türbəsi yaxınlığında
XVI əsrə aid məscid
kompleksində kəşfiyyat
işləri, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ilə tanışlıq və Şirvan Xəzinəsinə Aparan Yollar mədəni irsilə tanışlıq
olub.
İnfo-turda iştirak edən jurnalistləri Ağsuda arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev və Ağsu rayon İH başçısının birinci müavini Ramiz Novruzov qarşıladı. R.Novruzov çay süfrəsində Ağsu rayonu barədə KİV nümayəndələrinə ilkin məlumatlar verdi. Bildirdi ki, rayonda böyük işlər görülür. Hazırda kanalizasiya və su sisteminin yenilənməsi prosesi gedir. Təkcə bu işlər üçün rayona 50 mln vəsait qoyulub.
Çay süfrəsindən sonra jurnalistlər Orta əsr Ağsu şəhərinə yola düşdülər. Orada aparılan arxeoloji qazıntılar, bərpa və konservasiya işləri ilə jurnalistlər yerindəcə tanış oldular. Arxeoloji ekspedisiyanın rəhbəri Q.Cəbiyev və “Miras” İctimai Birliyinin rəhbəri Fariz Xəlilli sözügedən ərazidə aparılan tədqiqatlar və yeniliklər barədə ətraflı məlumatlar verdilər. Bildirildi ki, 2010-cu ildə Orta əsr Ağsu şəhər yerində başlanan arxeoloji tədqiqatlar 2012-ci il çöl-tədqiqat mövsümündə davam etdirilib: “Bu vaxta qədər 7 sahədə 15 min kvadratmetr sahə öyrənilib. Bu mövsüm tədqiqatlar əsasən şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə aparılıb. Orada uzunluğu 34,6, eni 11,7, dərinliyi 7,1, divarlarının qalınlığı 1, 9 və ümumi sahəsi 243,3 kv.metr olan nəhəng tikinti olduğu müəyyənləşdirilib. Tikintinin içərisi bütünlüklə bişmiş kərpiclə döşənib. Bu məqsədlə 4318 ədəd kərpic işlənib. Təmizlənərkən orada kirəc məhlulu ilə hörülmüş kərpic topalarından ibarət dağıntılar qeydə alınıb. Bu dağıntıların vaxtilə tikintinin tağvari formada olan üst örtüyünə aid olduğu güman edilir. Kərpic tağlardan ibarət dağıntıların altında isə, təqribən 1-1,2 metr qalınlığında bərkiyərək daşlaşmış vəziyyətdə olan lil təbəqəsi qeydə alınıb. Tikintinin içərisi təmizlənərkən orada üstdən düşmüş bir cüt dəyirman daşı, misdən hazırlanmış müxtəlif ölçülü qazan, vaz, dövrə və su qabları, qurğuşun güllə nümunələri, güllə istehsalı üçün istifadə olunan qəlib, misdən asma möhür, pasta, muncuqlar, müxtəlif təyinatlı digər məişət əşyaları, habelə xarici ölkələrdən gətirilmiş şüşə və çini qablara aid fraqmentlər tapılıb. Oradan həmçinin, çoxlu sayda sikkə nümunələri, o cümlədən bir ədəd Holland dukatlarından ibarət qızıl, bir ədəd isə gümüş sikkələrdən ibarət dəfinə aşkar edilib. Gümüş pullardan ibarət dəfinədə 25 ədəd, qızıl pullardan ibarət dəfinədə isə 37 ədəd sikkə aşkarlanıb. Tapıntıların müqayisəli təhlili əsasında aşkar olunan tikilininXVIII əsrin ortalarında inşa olunduğunu və paytaxtı Ağsu olan Şirvan xanlığına aid mərkəzi anbar-buzxana olduğunu düşünmək olar. Orada aşkar edilən müxtəlif ölçülü və müxtəlif çəkili mis qablardan da çox güman ki, məhz ölçü qabları kimi istifadə olunub. Xarici qüvvələrin, xüsusən də rusların təzyiqinin artması ilə əlaqədar Mustafa xan XVIII əsrin sonlarına doğru xanlığın mərkəzini tədricən Fit dağına köçürmək barədə düşünürdü. Bu məqsədlə də o, Ağsudakı bir sıra mühüm obyektləri Fit dağının ətəklərinə köçürür. Elə həmin vaxt Sulut yaxınlığında yeni bir “buzxana” tikilir. Beləliklə də, Ağsudakı anbar-buzxana istifadəsiz qalır və bir müddət sonra xarici qüvvələr tərəfindən dağıdılır”.
Qeyd olundu ki, rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirilərkən orta əsrlərə aid tikinti qalıqları müəyyənləşdirilib. Bu barədə aidiyyəti orqanlara məlumat verilib və orada hər növ inşaat işlərinin dayandırılması tövsiyə olunub. Həyətyanı sahə sahiblərinə isə rayon rəhbərliyi tərəfindən başqa yerdə torpaq sahəsi verilib: “Ərazidə ilkin kəşfiyyat qazıntıları aparılarkən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanın bünövrə hissəsi aşkara çıxarılıb. Bina təqribən 400 kv.m.-ə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.Ərazidə aparılan ilkin kəşfiyyat axtarışları zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri etibarilə, xüsusən də qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məscidi və türbəsi 1930-cu ildə sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı aşkar olunan müxtəlif çeşidli maddi-mədəniyyət nümunələri, o cümlədən Şirvanşah Qazi bəy və I Təhmasibin hakimiyyəti illərində Şamaxıda zərb olunan sikkələr Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki 56 sütunluq məscidin ən geci XVI əsrin ortalarından etibarən intensiv istifadədə olduğunu deməyə əsas verir”.
F.Xəlili təssüflə bildirdi ki, ərazidə tədqiqatların hələ başa çatmadığı bir vaxtda, həm də ətrafının rəngli lentlərlə bağlanması və qorunmasının zəruri olduğu barədə bütün yerli orqanlara müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, bəhs edilən abidə su və kanalizasiya xətti üçün xəndək qazan “AS Şirkətlər Qrupu”nun inşaatçıları tərəfindən növbəti dəfə çox ciddi dağıntıya məruz qalıb. Ancaq həmin orqanlar tərəfindən bu günədək müvafiq tədbirlər görülməyib.
İnfo-turdan sonra təşkil olunan brifinqdə KİV nümayəndələrinə görülən işlər və gələcək planlar barədə əlavə məlumatlar verildi.
Elgün Mənsimov
Kaspi.- 2012.- 12 sentyabr.- S.15.