“Gənclərə yol verin” 

 

Məryəm Əlizadə: «Qoy bizim də gələcəkdə estafeti verməyə istedadlı gənclərimiz olsun. Biz onlara yerimizi rahat şəkildə əmanət edib, dünyamızı dəyişə bilək…»

Bu gün Məryəm xanımın teatr sevgisindən, onun milli və dünya teatr sahəsində yiyələndiyi dərin biliyindən, unikal təhlil qabiliyyətindən, yaradıcı ömrünün 40 ilini həsr etdiyi dəyərli tədqiqatlarından ərsəyə gətirdiyi neçə-neçə yaddaqalan monoqrafiyalarından və məqalələrindən söz açmayacağam. Sonsuz insan sevgisi, müəllimlik qüdrəti, dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində və cəmiyyətdə qazandığı böyük sevgi bu gün onu Məryəm Əlizadəyə çevirib. Sənətşünaslıq doktoru, teatrşünas Məryəm Əlizadə qəzetimizə müsahibəsində teatrlarda gedən proseslərdən, yeni mövsümün açılışı ilə bağlı gözləntilərindən danışıb.

- Bugünkü Azərbaycan teatrında sizi nələr qane etmir?

-  Suala dəqiqliklə cavab vermək istəmirəm, çünki bu dünyada dəqiq olan nə sual var, nə də ki, cavab. Ümumiyyətlə, bugünkü teatr prosesində məni çox şey qane edir, istəmirəm ki, xırdalıqları sayım. Çünki həmin o xırdalıqları biz özümüz də bilirik, görürük və bunu rəhbərlərik etdikləri  teatrların direktorları da bilirlər, eləcə də Mədəniyyət və Turizm Nazirliyi də həmçinin. Bunlar aradan qaldıra bilməyəcəyimiz problemlər deyil, həll oluna bilər.

- Azərbaycanın regionlardakı teatrlarının iş rejimindən razısınızmı?

- Regionlarımızda gedən iş prosesindən çox razıyam. Bu gün Azərbaycan dövlətinin teatra göstərdiyi qayğı göz qabağındadır. Bizim təkcə paytaxtımızda deyil, eyni zamanda regionlarımızda da teatr binalarının təmiri gedir. Hal-hazırda Şəki Dövlət Teatrının təmiri başlanılıb, o teatrın açılışını çox səbirsizliklə gözləyirik. Yayda Mingəçevir teatrında Mirzə Fətəli Axundova həsr olunmuş teatr festivalının açılışı həyata keçirildi. Yəni tək Bakı deyil, bütün bölgə teatrları bu dəqiqə, həm bina nöqteyi-nəzərindən, həm də yaradıcılıq baxımından dünya standartlarına cavab verməyə hazırdır. Hətta Moskva teatrlarında belə bizdə olan şərait, bizdə olan texniki imkanlar, teatr texnikası və s... yoxdur.

- Bu yaxınlarda Varşavada keçirilən festivalda iştirak etmisiniz. Hansı təəssüratlarla qayıtmısınız?

- Polşada Teatr Assosiasiyasının qurultayı oldu və İsrafil İsrafilovla mən həmin qurultayda iştirak etdik. Varşava şəhərində teatrları gəzdik, onların zalları, texnikaları ilə tanış olduq. Polşada hal-hazırda gedən inflyasiya özünü hər şeydə göstərir. Teatrın binaları çox köhnə, zalları yarı qaranlıq vəziyyətdədir, ancaq bütün bunlara baxmayaraq, yüksək işıq və səhnə texnikası, yüksək səviyyəli tamaşa, aktyor oyunu ilə rastlaşdıq. Varşavada bir tamaşa izlədik və çox heyran qaldıq, zaldan çıxanda hamı psixoloji olaraq sarsılmış vəziyyətdə idi.

- Məryəm Əlizadə həmişə yeniliyin, müasirliyin tərəfdarı olub və ətrafına gənc insanları toplayaraq onlarla əməkdaşlıq edib. Bu gün Məryəm xanım yeni teatr ideyasının əsasını qoyan, təkrarlanan teatr prosesini məhv edən hansısa bir yaradıcılqla qarşılaşıbmı?

- Bilirsiz, sənət, yaradıcılıq insandan çox zəhmət, güc tələb edir. Məsələn, mərhum Vaqif İbrahimoğlu XX əsrin 70-ci illərində meydana təkbaşına çıxdı və özünü tamaşaçılara, teatr bilicilərinə bəyan etdi. Təkcə özünü bəyan etmədi, yeni teatr ideyaları, teatr düşüncələri ilə tanıtdı. Sanki Vaqif İbrahimoğlu bir inqilabın əsasını qoydu, o özü təkbaşına kirəclənmiş, kiflənmiş teatr düşüncələrini darmadağın etdi. Özünə qrup yaratdı, həm onların müəllimi, həm rejissoru, həm də rəhbəri oldu. Bildiyimiz kimi Vaqif İbrahimoğlu əvvəl teatr studiyası yaratdı, sonra Azərbaycan  dövləti tərəfindən ona dövlət statusu verildi. Bu gün o, bizə “YUĞ” teatrını ərməğan edib. İndi bilmək olmaz, bəlkə bir cavan çıxıb, özünün yeni teatr ideyasını bəyan edəcək. Mən bizim görkəmli sənətkarlarımızı dəvət edirəm ki, cavanlara daha çox diqqətli yanaşsınlar. Qoy bizim də gələcəkdə estafeti verməyə istedadlı gənclərimiz olsun. Biz onlara yerimizi rahat şəkildə əmanət edib, dünyamızı dəyişə bilək, bu dünyadan narahat köçməyək. Bircə onu bilək ki, teatr sənəti etbarlı əllərdədir. Mən təkcə teatrşünaslıq sənətini nəzərdə tutmuram, burada aktyorluq, rejissorluq, dramaturgiya və s. sənət növü cəmlənib.

- Sovet  dövrünün teatrşünası olmaq daha rahat idi, yoxsa indi?

- Nə sovet dövründə, nə də ki, indi teatrşünas olmaq asan və rahat sənət olmayıb. Teatrşünaslıq həm elmdir, həm də yaradıcılıqdır. Elə bir peşədir ki, insan özünü o peşədə ifadə edə, nailiyyətlər qazana, yaradıcılıqla elmi sahəni birləşdirə, bunları sintez edə bilir və tutduğu bu yolla da davam edir. Mən həmişə tələbələrimə də bunu deyirəm: teatrşünas bir yandan teatr prosesinə, bir yandan da teatr tarixinə xidmət etməlidir. Ən əsası mənim nəzərimdə teatrı sevməlidir. Əgər  teatrşünasın teatra sevgisi yoxdursa o, teatra heç bir xeyir verə bilməz. Peşəkar teatrşünas dramaturgiyanı, rejissorları, aktyorları sevməlidir, onlardan sevə-sevə yazmalıdır. Əgər bu insanların səhnədə gördüyün nöqsanlarını qeyd edirsənsə, o insanlar tərəfindən də obyektiv dəyərləndirmə kimi qeyd olunur.

- Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına  üzv qəbul olunub. Bu qurumun rəhbəri kimi təşkilatın gələcək planları barədə danışa bilərsinizmi?

- Biz burada kiçik bir qrupla çalışırıq. İndi istəyirik ki, onu yavaş-yavaş böyüdək və bu da gənc teatrşünasların təşəbbüsü ilə gerçəkləşəcək. Azərbaycanda noyabrın 1-6 tarixlərində ikinci böyük teatr konfransı keçiriləcək ki, bizim Teatr Tənqidçiləri Assosiasiyasının üzvləri orada iştirak edəcəklər. Artıq biz də tezislərimizi, çıxışlarımızı bu quruma vermişik. Bir çox ölkələrdən burda nümayəndələr iştirak edəcək. Sentyabrın 20-23 tarixlərində isə Pekində Beynəlxalq Tənqidçilər Assosiasiyasının simpoziumunun keçirilməsi nəzərdə tutulur. Bu simpoziuma İsrafil İsrafilovla birgə dəvət almışıq. Həmin simpoziumda mən Elçin Əfəndiyevin dramaturgiyasına həsr olunmuş məruzə ilə çıxış edəcəyəm. Bu mövzudan istifadə etməyimin əsas səbəbi isə Elçin dramaturgiyasının çox maraqlı bir dramaturgiya olmasından irəli gəlir. Mən əminliklə deyə bilərəm ki, son 2-3 ildə dünya teatrları Elçin müəllimin əsərlərinə müraciət edir və bu davam etməkdədir. Bu mənim üçün sevindirici bir haldır. Bundan sonra da mən hesab edirəm ki, onun dramaturgiyasının coğrafi sərhədləri daha da genişlənəcək. Teatr Tənqidçilər Assosiasiyasının  xarici ölkələrdə, Türkiyədə “Oyun” jurnalı, Kanada da assosiasiyaya həsr olunmuş jurnallar nəşr olunur. Kanada da çıxan həmin bu jurnalda mənim Elçin Əfəndiyevin dramaturgiyasına məxsus “Şekspir” tamaşası haqqında məqaləm  ingilis dilində dərc olunacaq.

- Gənc teatrşünaslardan gələcəyə dair gözləntiləriniz nədir?

- Gənc teatrşünaslarla bağlı mənfi heç nə demək istəmirəm. Bu gün ən aktiv işləyən istedadlı teatrşünaslarımız var. Elçin Cəfərov, Könül Əliyeva, Aygün Süleymanovanın adını çəkə bilərəm. Bilirsinizmi, peşəkar teatrşünas olmaq  üçün çox tez-tez maraqlı resenziyalar yazmaq,  tamaşanı düzgün təhlil etmək, onu duymaq lazımdır. Ən əsası isə mövcud teatrşünaslıq ədəbiyyatını dərindən bilmək və onu mənimsəmək  əsas şərtlərdən biridir. Xoşbəxtlikdən də indi ədəbiyyat öz doğma dillərindədir, əvvəllər isə bu kitablar rus dilində idi. Adlarını qeyd etdiyim teatrşünaslar  teatrın içində  yetişirlər, onlar bu peşənin artıq görünməyən tərəflərini də görürlər. Dəyərləndirmə zamanı  inanıram ki, onlar heç bir səhvə yol verməyəcəklər. Əsas da odur ki, teatrı sevsinlər və ona xidmət etsinlər. Mən bu gün onlardan razıyam.

- Teatr binalarımız  Avropa üslubunda təmir olunduqdan sonra yüksək texnika ilə təchiz olunub. Bəs daxilindəki tamaşaların necə yüksək keyfiyyətindən danışmaq olarmı?

- Son 2 ildə görürəm ki,  teatr işçiləri  daha əzmlə çalışır. Onlar qarşılarına məqsəd qoyublar ki, artıq dövlət  teatrın inkişafı üçün hər bir şeyi edib, biz də gərək bunun qarşılığında mükəmməl yaradıcılıq sərgiləyək. Onlar da dövlətimizə təşəkkür cavabını isə yüksək  sənət sərgiləməklə çatdırırlar. Teatrlarımızda hal-hazırda inkişaf prosesi gedir ki, bu da çox sevindirici bir haldır. Elə götürək, Akademik Milli Dram Teatrımızı. Teatrın direktoru İsrafil İsrafilov gənc nəsil üçün teatrın qapılarını açıb, onlara ciddi əsərlər etibar edir. Onlar da öz növbəsində maraqlı tamaşalar hazırlayır, bizim etibarızımı doğrultmağa çalışırlar. Hal –hazırda teatrın tərkibində ələnmə prosesi gedir.  Əbülfəz Qarayevin də bizə əsas sözü budur ki, “Gənclərə yol verin”. İcazə verin, hər bir gənc öz sözün  gecikmədən desin, məsələn  bizim nəslə  yol vermədilər biz öz sözümüzü gecikmiş halda deyə bildik. Bunun üçün də gənclərin gəldiyi bu yol açılmalıdır, yaşlı nəsil  bunu başa düşməlidir. Bundan sonra da meydanda kimin qalacağını da bizə zaman göstərəcək. Kim ki,  ələkdən ələnib, fərqli istedad, bacarıq nümayiş etdirir, o qalacaq və həmin insan bu prosesin yükünü daşıyacaq. Zamanı bilmək olmaz, bir də görəcəyik ki, bir gənc çıxdı, bütün bu quruluşun üstündən xətt çəkdi və bəyan etdi ki, tamaşa belə yox başqa cürə qurulur. Hamı da onun fikri ilə razılaşıb, o yolla gedəcək. Biz o günü gözləyirik. Mən də sizin qəzet vasitəsilə bütün teatr direktorlarına  səslənirəm ki, “Gəlin gənclərimizə öz bacarıqlarını nümayiş etdirmək üçün imkan yaradaq, onlara yol açaq, meydan verək”.

- Hal-hazırda dünya teatrlarında hansı proses gedir?

- Biz kollektivimizlə digər ölkələrə simpoziumlara, festivallara, konfranslara gedirik. Bunu əminliklə deyə bilərəm ki, dünya teatrlarında eyni proseslər gedir. Bu gün bütün diqqət insan, insanın tədqiqi, iç dünyası, insan düşüncəsinə yönəlib. Sovet dövründə sosializm realizmi idealogiyaya xidmət edən teatrın olmasını tələb edirdi və elə həm də teatrlar da elə idi. Həmin dövrdə böyük sənətkarlarımız yaşayıb və bu gün onlar bizim klassik irsimizdir. Onlar məcbur idilər ki, bir mövzu tapsınlar və senzura o əsərlərin ortalığa çıxmasına icazə versin. Ancaq indi istər Azərbaycanda istərsə də dünyada bilim adamları başa düşüblər ki, insanın ruh dünyasına geniş yer verilməlidir və insanı tədqiq edən sənət növü üzə çıxmalıdır. Dünya teatrlarında da elə bu proses gedir və onlar da elə bu işlərlə məşğuldur. Sizə tam əminliklə deyə bilərəm ki, Azərbaycan bu prosesdən heç də geridə qalmır.

- İndi yeni mövsüm başlayır, teatrlarımız böyük həvəslə açılışa hazırlaşır. Bəs Məryəm xanım bu mövsümdən nələr gözləyir?

- Sentyabrın 14-ü teatrlarımızın mövsüm açılışı Akademik Milli Dram Teatrında “Lənkəran xanın vəziri” tamaşası ilə gerçəkləşəcək. Ümid edirəm ki, bu mövsümdə istedadlı gənclərimizdən biri gəlib, gözlənilməyən bir sənət nümayiş etdirəcək və biz teatr biliciləri də həmin gəncə baxıb, onu gənclərin lideri elan edəcəyik. Mən bu günü gözləyirəm və buna çox inanıram. Bu mövsümə çox müsbət münasibət bəsləyirəm və çox yeniliklər gözləyirəm. İnşallah, yaşayarıq, görərik.

 

 

Xəyalə Rəis 

 

Kaspi.- 2012.- 12 sentyabr.- S.11.