“Sehrli Dünya” 1 yaşında
Uşaqların
“Gülzar nənə” kimi tanıdığı jurnalın təsisçisi
və redaktoru Gülzar İbrahimova deyir ki, “insan sevdiyi işdən
yorulmaz»
Artıq bir ildir ki, “Sehrli Dünya” adlı
jurnal nəşr olunur. Bu bir ildə demək olar ki, heç bir
jurnala bənzəməyən, maraqlı, uşaqlar
üçün vacib bir dərgi işıq üzü
görür. Həm səhifə sayı, həm rəngarəngliyi,
həm fərqli rəssam işi, həm də şirin
yazıları ilə balalarımızın
görüşünə gələrək onları
sevindirir.
Bir ili uğurla başa vuran kollektiv jurnalın
nəşrinin ən çətin dövrünü
adlayıb. Uşaqların “Gülzar nənə” kimi
tanıdığı jurnalın təsisçisi və
redaktoru Gülzar İbrahimova “Sevdiyi işdən insan yorulmaz!
Biz də yorulmamışıq,
oxucularımızın sayı artdıqca, bizə təzə
enerji gəlir” deyir.
Ermənilərin
verdiyi ideya
- “Sehrli dünya”
təzə nəşr olunanda redaksiyamızın
kollektivi jurnalı səhifələyə-səhifələyə
fikir yürütdü: “Beş-altı ay çəkməz, o
da bağlanar!”. Amma inanın, hər dəfə köşkdə
“Sehrli dünya”nın yeni sayını görəndə
çox sevinirdik. Jurnalın taleyi tirajdan da
asılıdır. Tirajınız
sirr deyilsə nə qədərdir?
- 3000 tirajla çıxırıq. Abunəçi
artımı da hər ay var.
Jurnal tanındıqca oxucu sayı artır. Sadəcə yay
mövsümü yenicə qurtarıb. Yayda isə
bütün jurnalların tirajı düşür. Sentyabrda
yenə stabilləşir.
- Bildiyimə görə,
oxucularınız həm məktəblilər, həm də
bağça yaşlı uşaqlardır. Valideynlərdən
“jurnal mənim uşağımın yaşı
üçün çox sadədir və ya çox mürəkkəbdir”
deyə bir şikayət olubmu?
- Biz 5-12 yaş əhatəsində
bütün uşaqların zövqünü tutmağa
çalışırıq. Qələm əhli yaxşı
bilir. Bir maraqsız və ya səhv yazının gücü
çatır ki, neçə illərin oxucusunu qəzetdən,
ya jurnaldan həmişəlik uzaqlaşdırsın. Bizim hər yaş qrupuna xüsusi
yanaşmamız var. Məsələn, jurnalımızda 5-6
yaşlı uşaqların səviyyəsi ilə xalq yaradıcılığı
üslubunda Cırtdanın yeni sərgüzəştlərini yazıb yerləşdiririk.
Uşaqların fikrinə görə pis alınmır. Daha bir
az böyük –yəni 10-12 yaşlılar üçün isə
müasir üslubda fantastik hekayə yazıram.
- Jurnalda ən çox xoşlanılan
rubrika hansıdır?
- Nağıllar!
- Nağıl indi çox kitabda, çox
jurnalda var. Niyə hesab edirsiniz ki, uşaqlar
jurnalınızı məhz nağıllara görə
xoşlayırlar.
- Bu suala başqa cür cavab vermək
olardı. Yeni rubrikalarımızın adını çəkə
bilərdim. Deyə bilərdim, “Huşsuz baba”
rubrikasını xoşlayırlar, “Gizlənpaç oyunu”nu
daha çox xoşlayan var, “Həyat labirinti” var, yeni bir
rubrika, onu deyə bilərdim. Amma həqiqətən də
jurnalımızı uşaqlara daha çox sevdirən məhz
nağıllardır. Burda onlar eksklüziv jurnal
üçün yeni yazılmış nağıllar
tapırlar.
- Öncədən necə bilirsiniz ki, hər
hansı nağılı jurnala yerləşdirsəniz
mütləq uşaqlara xoş gələcək?
- 15 ildən çoxdur uşaqlar
üçün yazıram. Artıq uşaqlar
üçün yazdığım 30-dan çox
nağıl, hekayə, tapmaca kitablarım var. Hesab edirəm,
hardasa uşaqlarla dil tapmışam. Bir də ANS PRESS-in dərgisi
olan “Bala Dili” jurnalı yaranandan 6 il həmin jurnalda işləmişəm.
Uşaqlara “Bala Dili”ni tanıtdırıb sevdirmişəm.
Ona görə ki, daima oxucularla
ünsiyyət qurub onların fikirlərini öyrənmişəm.
Bilmişəm nəyi xoşlayırlar, nəyi yox, nəyi
sevirlər və ya nə onlar üçün
maraqsızdır? Həmçinin xalq
nağıllarını analiz eləmişəm. “Niyə
uşaq Cırtdanı xoşlayır, Şəngülümü
xoşlayır, dəfələrlə böyüyünə
söylətdirir?” - deyə öz-özümə sual verib, məhz
həmin nağıl tərzinə uyğun nağıllar
yazmağa başlamışam. Əsas da
çalışmışam ki, nağıl sadə dildə
olsun, uşağı yormasın, onu sevindirsin, həyəcanlandırsın.
Buna müəyyən qədər nail olmuşam. Jurnala
şirinlik gətirən nağıldır, hekayədir. Jurnal
öyrədici olsa da, yorucu olmamalıdır. Bəzən
uşaq jurnalına elə ciddi tapşırıqlar qoyurlar ki,
o uşağı nəinki dincəldir, hətta jurnaldan
uzaqlaşdırır. Rəngarəng uşaq kitablarında elə
nağıllar çap edirlər ki, uşaq nağıllardan,
hətta həmişəlik mütaliədən
uzaqlaşır.
- Cırtdanın təzə
nağıllarını mən də oxumuşam. Heç də
xalq nağılımız Cırtdandan geri qalmır. Bəs
bu ideyalar ağlınıza hardan gəlir?
- Düzünü desəm, bu ideyanı mənə
ermənilər verib. Bu necə olub, deyim... Ermənilər
öz Open Armenii saytında Azərbaycan
nağıllarını və mənim
nağıllarımı müzakirə edəndə
Cırtdanımızı təhqir eləmiş, “bunların
milli qəhrəmanlarına bir baxın, karlikdir, kütün
biridir”, demişdilər. Mən də onların bu
sözündən sonra durmadan Cırtdanın yeni sərgüzəştlərini
yazıram, görək ondan sonra Cırtdanımızdan nə
yazacaqlar.
- Bir də gördün dedilər elə
Cırtdan bizim qəhrəmandır, nağılı da bizim
nağıldır...
- Təəccüblənmərəm.
- Jurnalda mənə
qəribə gələn “Sirusla Virusun” hekayəsi oldu. Bir dəfə
Sizin İctimai Radioda çıxışınızı
eşitdim. Düzü maraqlandım. Aparıcı gözəl
bir təklif irəli sürdü: “Niyə elə məhz
“Sirusla Virus” haqda uşaq filmi, ya cizgi filmi çəkilməsin?”
Hardan gəlib Sirusla Virus ideyası sizə?
- Nizami Gəncəvi”nin “Xeyir və Şər” poemasından.
Xeyirlə Şərin mübarizəsi, Xeyirin qalib gəlməsi.
Həmin obrazları müasirləşdirib, uşaq dilində
hekayəyə çevirmişəm. Dostların biri
yaxşı, o biri pisdir. Sirus ağıllı, xeyirxah, Virus isə
paxıl və ziyankardır. Daima pisliyə səmt gedir. Sirus
isə öz yaxşılıqları ilə onu düzgün
yola çəkir.
Onları kompyuter dünyasına səfərə
yollamışam. Hər dəfə bir ölkədə olur,
başlarına müxtəlif sərgüzəştlər gəlir.
Dostlar Kosmosa, Ağıllılar, Səfehlər, Mikroblar,
Yalançılar ölkəsinə, bir sözlə, hər dəfə
bir ölkəyə səfərə yollanırlar. Hər dəfə
də başlarına bir hadisə gəlir. Hadisələrin
ardıcıllığını oxucular hər nömrədə
izləyirlər. Sözün düzü, vaxt
azlığından bəzən fantastik hekayəni çox
qısa yazıram. Amma uşaqlardan soruşanda jurnalda ən
çox xoşunuza gələn nədir? Nə vaxt ki “Sirus və
Virusun sərgüzəştləri”- deyirlər, onda, lap xəcalət
çəkirəm. Özümü qınayıram ki, niyə
çox yazmamışam.
Bu da ziyan
- “Jurnalın buraxılmasında nə
çətinliyiniz var?” sualını qorxa-qorxa verirəm.
Çünki bütün jurnalların ən böyük
problemi maliyyə çətinliyidir. Maliyyə çətinliyindən
başqa hansı problemlərlə
qarşılaşırsınız?
- Şikayətim yayım şirkətlərindəndir.
Hər ayın birində jurnalın yeni nömrəsi göndərilir
ofislərinə, satılanın pulunu ödəmək
zamanında isə redaksiyanı get-gələ salırlar. Hər
ay xahiş eləməlisən ki, satılan jurnalın pulunu
ödəsinlər. Geri qaytarılan jurnal isə elə
yararsız halda olur ki, onu kiməsə pulsuz da vermək
mümkün olmur. Üstəlik içərisinə
qoyduğun hədiyyə də yoxa çıxır. Bu da
ziyan. Bundan başqa uzaq yerlərə, məsələn,
Naxçıvana jurnal göndərmək imkanımız
yoxdur. İstərdik Gürcüstandakı balalarımız
da zəhmətimizin bəhrəsini görsünlər. Həmin
yerlərdə bu cür uşaq jurnalları çox azdır.
Amma bir yazıçı kimi mənə ən
çox pis təsir edən bir amil var. Özünüz də yaxşı
bilirsiniz ki, yaradıcı insanların həyatında müəyyən
illər var ki, həmin illərdə daha məhsuldar olurlar. Mən
də həmin məhsuldar illərimi yaşayıram. Təvazökarlıqdan
uzaqlaşıb fəxrlə deyə bilərəm ki,
kitabxanalarda mənim kitablarımı o qədər oxuyurlar ki,
kitab yararsız hala düşür, bununla belə yenə
oxunur və oxunur.
- Bəs yorğun olanda necə dincəlməyə
üstünlük verirsiniz?
- Özümü yorğun hiss edən kimi
saytımdakı oxucularımla məktublaşıram.
Yaxşı ki, məni sevən oxucularım var. Onlar məni
dincəldir, sevindirir, yeni yazılar yazmağa
ruhlandırır. Siz də “gülzarnene.com” saytında ürəkdən
yazılmış sevgi dolu məktubları oxuya bilərsiniz.
Ümidim böyükdür, inşallah, oxucularım
böyüyər, jurnalımızı sevə-sevə
yaşadarlar. Onların içərisində çox
istedadlı uşaqlar var.
- Maliyyəniz hesabına buraxılan jurnal
sizcə nə vaxt özünü doğruldacaq?
Tirajınız nə qədər olsa, ziyanla işləməzsiniz?
- Yəqin ki, tirajımız on minə
çatsa, nəinki ziyandan çıxarıq, hətta gəlirlə
işləyə bilərik. Gəlirlə işləyəcəyimiz
təqdirdə də məqsədimiz gəlir götürmək
yox, yenə də həmin gəliri balaların sevincinə həsr
eləməkdir.
Uşaq sevinci
- Jurnalınızın perspektiv planlarına
nə daxildir?
- Cari planla işləyirik, perspektiv
planımız ürəyimizdədir. Maliyyə
imkanımız yol verən kimi ona da başlayacağıq.
Bununla belə deyə bilərəm ki, Oktyabr ayında Qafqaz Universitetində
Türk xalqlarının uşaq ədəbiyyatı ilə
bağlı Konqresi keçiriləcək. Həmin Konqresə
dəvətliyik. Konqresin Təşkilat Komitəsinə təkliflər
toplusu göndərmişik ki, jurnalımızın PDF
formasını Konqres
iştirakçısı olan türk dövlətlərinə
hədiyyə edək.
Məktəblərdə,
uşaq evlərində mütəmadi tədbirlərin
keçirilməsi, 1 İyun Uşaq Günündə
böyük konsertlər hazırlayıb keçirmək...
Ümumiyyətlə, uşaqlarla tədbirlər keçirməyi,
onlara sevincli bir gün bəxş etməyi çox
xoşlayıram. Bu çox əziyyətli bir işdir. Amma mən
bu işi sevdiyimdən əziyyətini də sevirəm. Maliyyə
imkanlarımız çoxaldıqca jurnalın qaliblərinə
verəcəyimiz hədiyyələrin daha maraqlı
olmasına çalışacağıq.
- “Kiçik Dünya” Uşaqların
Maarifləndirilməsinə Kömək İctimai Birliyi necə,
jurnala maddi cəhətdən kömək edə bilirmi?
- “Kiçik Dünya” İctimai Birliyimizin
gördüyü işlər də maliyyə problemindən
asılıdır deyə, kütləvi tədbirlər
keçirməyə qadir olmayıb, tədbirlərini məhdud
çərçivədə keçirir. Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasına layihə təqdim etmişik. Təsdiq olunarsa,
radioda jurnalımızın adı ilə “Sehrli Dünya
verilişi açacağıq. Bu həm uşaqlar
üçün əyləncəli bir veriliş olar, həm
də jurnalımızın reklamına təsir edər. Satış düzgün təşkil
olunarsa, geri qayıtma az olar, jurnal ziyanla işləməz.
Sevinirəm ki, Mədəniyyət
və Turizm Nazirliyi, Təhsil Nazirliyi jurnalımızı
ayrı-ayrılıqda müzakirə ediblər, bəyəniblər,
uşaqlara oxumağı tövsiyə ediblər. Bu bir
yaşı olan jurnal üçün böyük uğurdur.
- Təkə bircə reklamınız var.
- Jurnalı yaşadan reklam olsa da, onu
maraqsız edən də reklamdır. O ki qaldı uşaqlar
üçün olan jurnala, reklam səhifələri
xoşlamıram. Amma uşaqların mənafeyinə
çalışan reklamları təmənnasız yerləşdirməyə
hazıram.
- Bu qədər maliyyə xərcləyib
sərmayəni heç olmasa götürə bilirsinizmi?
- Səmimi deyirəm. Yox!
- Bu qədər məsuliyyət –
jurnalın hər ayın 1-i satışda olması, mətnlərin
maraqlı olmasına çalışmaq, rəssam işinin
yüksək təşkili, hər nömrəyə hədiyyə
qoyulması, hər həftə sonu oxucularla Dövlət Sərhəd
Qoşunlarının “Sərhədçi”sində tədbir
keçirmək, gecəli-gündüzlü əziyyət... Gəlirin
isə yaxın gələcəkdə işıq yeri görünmür.
Bəs sizə çatan nədir ki, bu tikanlı yolda
ayaqyalın gedirsiniz?
- Uşaq sevinci!
- Bir yaşınızı təbrik edib
sizə bol-bol uşaq sevinci arzu edir, sevinciniz bol olsun, deyirik!
T.Məhərrəmova
Kaspi.- 2012.- 13
sentyabr.- S.11.