Zərdabi ailəsinin faciəsi
Hər
dəfə klassiklərimizin, xüsusən də 20-ci
yüzilliyin əvvəllərində
yaşayıb-yaratmış görkəmli elm, maarif, mədəniyyət
xadimlərimizin taleyi ilə bağlı məqalə
hazırlayarkən məni bir sual düşündürür.
Görəsən biz niyə özümüzə, ziyalılarımıza,
millət, xalq yolunda hər şeyini fəda edən insanlara
qarşı bu qədər amansız olmuşuq? Axı yetərincə
bizi əziblər, qurban veriblər, təhqir ediblər... Bəyəm
bunlar lazımdır ki, özümüz-özümüzə
belə qənim kəsilmişik?!
Bir
neçə ay bundan əvvəl dahi Mirzə Cəlilin ailəsi
haqqında məqalə hazırlamaq üçün
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun
fondunda araşdırma apararkən, Azərbaycan mətbuatının,
mədəniyyətinin korifeyləri sırasında ön cərgədə
duran maarifpərvər alim, mətbuatımızın
bünövrəsini qoyan Həsən bəy Zərdabinin ailəsi
haqqında da maraqlı və olduqca da üzücü faktlarla
da rastlaşdım. Bəlli oldu ki, Həsən bəy “Əkinçi”ni
çıxaranda rastlaşdığı çətinliklər,
təqiblər, təhqirlər, sürgünlər
ölümündən sonra da ailəsinin, xüsusən də
övladlarının “payına” düşüb.
...1907-ci
il 28 noyabr. Tutqun, soyuq bir payız günü. İcərişəhərin
Qoşaqala divarlarının yanında balaca, cadə bir evdə
Həsən bəy dünyasını dəyişdi. Elə Zərdabi
ailəsinə münasibət də dəyişdi. Laqeyidlik, biganəlik, oğlu Midhətin 37-nin qurbanı
olması, qızı Pəri xanımın və oğlu Səffətin
qürbətdə, Vətən həsrəti ilə əbədiyyətə
qovuşması, kiçik qızı Qərib Sultanın
ruhi-xəstə adı ilə təhqir edilib qapılardan
qovulması, Həsən bəyin məzarının
üç dəfə köçürülməsi və
daha nələr, nələr...
Həsən
bəy Zərdabiyə olan biganəlik haqqında hələ o
vaxt dövrün tanınmış jurnalisti, publisisti Ceyhun
Hacıbəyli “Kaspi” qəzetinin 1912-ci il tarixli 269-cu
sayında təəssüflə yazırdı: “mən bu məqaləmdə
mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi-halına aid keyfiyyətlərdən
danışmayacağam; müsəlman cəmiyyətinin bu
insanın xatirəsinə və ondan sonra qalan ailəsinə
təəccübdoğuran münasibətindən də
danışmayacağam. Həsən bəyin xatirəsini adi qəbir
daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə
təkrarlayan ziyalıların nümayəndələrindən
soruşmayacağam ki, bəs fikirlərinizə,
ideyalarınıza nə oldu, niyə onlar söndü?”
Bu
sualla müraciət edən müəllif iki il sonra yəni
1914-cü ildə heç nəyin dəyişmədiyindən
təəssüflənərək “Kaspi”nin 267-ci sayında
“Yeddi il” sərlövhəli məqaləsində
yazırdı: “digər xalqlar ona xidmət göstərən
övladlarının xatirəsini
əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir,
ailəsinə qayğı göstərir. Biz nəinki
Həsən bəyə abidə ucaltmaq, heç adi qəbirüstü
daş qoymaq üçün onun həyat yoldaşına
kömək etməyə gəlmədik, biz nəinki Həsən
bəyin adını və xatirəsini əbədiləşdirmək,
hətta onun tamamilə unudulması üçün
çalışdıq, nəinki onun ailəsinə
qayğı göstərmədik, əksinə elə bil ona əlavə
dərd, kədər gətirmək prinsipi ilə bəhsə
girdik. Mən bizim şəhər özünüidarəsini,
onun Üçiliş Komissiyasını nəzərdə
tuturam”.
C.Hacıbəyli
bunları yazanda hələ demək olar ki, Zərdabi ailəsi
o qədər də çətin günlərini
yaşamırdı.(Ailənin qara günləri əsasən
1920-ci ilin axırlarından sonra başlayır). Bu zaman Hənifə
xanım şəhər dövlət birinci rus-tatar (Rus-Azərbaycan)
qız məktəbində işləyirdi.(Hənifə
xanım 1909-1919-cu illər ərzində bu məktəbin
müdiri olmuşdur). Ailənin böyük qızı Pəri
xanım Əlimərdan bəy Topçubaşovla ailə
quraraq, Bakıda məhkəmə köməkçisi işləyirdi.
(Pəri xanım 1889-cu ildə Peterburq
Universitetinin hüquq fakültəsini bitirmişdi. Növbəti sayda Pəri xanım haqqında
geniş, çox maraqlı məqalə oxucuların
ixtiyarına verəcəyik). Kiçik qızı Qəribsoltan
xanım da anası kimi rus-tatar məktəbində pedaqoji fəaliyyətlə
məşğul idi. Ailənin hər iki oğlu Midhəd və
Səffət Bakı real gimnaziyasını qurtarmışlar.
Midhəb 1915-1925-ci illərdə Qazanda yaşamış, Səffət
isə 1915-1917-ci illərdə Riqa Politexnik İnstitutunda təhsil
almış, Rusiyada inqilab baş verdiyi üçün təhsili
yarımçıq qalmış, Türkiyə də işləməyə
getmişdir.
Oğlunun
təhsilinin yarımçıq qalması Hənifə
xanımı çox narahat edirdi. Necə olursa-olsun Səffətin
xaricdə təhsilini davam etdirmək üçün
düşünürdü. Bu məqsədlə 1919-cu ildə
Maarif Nazirliyinə ərizə ilə müraciət edir:
“Mənim
oğlum Səffət bəy Məlikzadə Zərdabi Riqa
Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, o, təhsilini
davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları,
100 nəfər gəncin ali təhsil almaq üçün
xaricə göndərəcəyinizi bəyan edərək bu
barədə yazılı müraciət etməyi
bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan
oğlum Səffət bəy hal-hazırda Konstantinopolda Xarici
İşlər Nazirliyində xidməti işdədir. Təbiidir
ki, o, tezliklə Sizə yazılı müraciət etmək
imkanından məhrumdur. Ona görə, oğlumun əvəzinə
mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət
bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.
Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz.
Bunu da nəzərinizə çatdırıram ki, 4-cü
kurs tələbəsi olmuş oğlum
yaxşı-yaxşı qiymətlərlə oxumuş və
dərs aldığı professorlar tərəfindən
müsbət rəy almışdır. Mən buna da
bütün varlığımla əminəm ki, oğlum da
atası Həsən bəy Məlikzadə kimi, ali təhsil
aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə
xidmət edəcəkdir.
Hənifə
xanım Məlikzadə Zərdabi.
16
avqust 1919-cu il, Bakı şəhəri".
Arxiv
sənədlərinin araşdırılmasından bəlli
olur ki, Səffət bəyi Azərbaycan Parlamentinin sədri Əlimərdan
bəy Topçubaşov Paris Sülh konfransına gedəcək
Azərbaycan nümayəndə heyətinin tərkibinə
katib kimi daxil etmişdir.
Lakin 1919-cu il martın 9-da Əlimərdan bəy
Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi
məktubdan bəlli olur ki, Səffət bəy Parisə yola
düşməmiş, İstanbulda konsulluqda
çalışmışdır.
Səffət
bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan
bolşeviklərin hakimiyyəti altında idi. Yenidən xaricdə
təhsil almaq arzusu ilə Səffət bəy 1921-ci il fevral
ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş
Bünyadzadəyə məktubla müraciət edir:
"Xalq
Maarif Komissarına Arxitektura tələbəsi Səfaət Həsən
oğlu Məlikovdan
Ərizə
Dördüncü
kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində
təhsilimi qurtarmaq imkanım olmadı. Mən tələbə
olarkən, politexnikum özünün istedadlı tələbələrindən
biri kimi məni təhsilimi başa çatdırmaq
üçün Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral
inqilabı nəinki mənim xarici səfərimə
ümumiyyətlə təhsilimi başa vurmağa mane oldu.
İndi
texniki mütəxəssislərə necə böyük
ehtiyac yarandığını və Azərbaycan Sovet
hökumətinin təcrübəsində xarici ölkələrə
tələbə ezam etmək hallarının olduğunu bilərək,
sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni
Almaniyaya ezam edəsiniz.
Təhsilimi tamamlamaq üçün mənə ilyarım –
iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən
hazırlıqlı arxitektor-mütəxəssis kimi geri
qayıdacağam.
Məktubuma
Bakı Şəhər İdarəsi yanında məktəb
komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə
edirəm.
7 fevral 1921-ci il,
Bakı şəhəri".
Səffət Məlikovun məktubu Azərbaycan
SSR Xalq Maarif Komissarlığının 1921-ci il
1 mart tarixli iclasında müzakirə olunaraq qərar
çıxarılır. İclasın qərarında
oxuyuruq: "Tələbə Məlikovun 4-cü kursun dinləyicisi
olduğunu, təhsilini başa çatdırdıqdan sonra Azərbaycan
Respublikası üçün faydalı olacağını nəzərə
alaraq, təhsilini davam etdirmək məqsədilə xaricə
ezam olunsun".
Qərarı Dadaş Bünyadzadə
imzalamışdır.
Uzun –uzadı yazışmalardan sonra
bolşevik hökuməti onu xaricə oxumağa göndərir.
Lakin, bir neçə dəfə onun təqaüdünü
kəsir. Maddi imkanı olmayan Hənifə
xanım dəfələrlə hökumət dairələrinə
yazılı və şifahi müraciət edir. Çox get-gəldən sonra nəhayət Azərbaycan
Xalq Komissarları Soveti təqaüdü bərpa edir.
Səffət bəy təhsilini başa
vuraraq, mühəndis-arxitektor diplomunu alır ancaq vətənə
qayıtmır. Çünki,
qardaşı Midhətin acınacaqlı taleyi onu da gözləyirdi.
Və unutmaq olmaz ki, o, cümhuriyyətin liderlərindən
biri olan Əlimərdan bəy Topçubaşovun qohumudur.
(O, bolşeviklərin cümhuriyyət liderlərinin
qohumlarına münasibətindən xəbərdar idi). Birbaşa gedir bacısıgilə-Parisə, oradan da
Türkiyəyə. Uzun illər orada
yaşayır və işləyir. Deyilənlərə
görə 1970-ci illərdə Türkiyəyə səfər
edən Zərdabişünas, alim professor Ziyəddin
Göyüşov Səffət bəylə
görüşmüşdür. Görüş
zamanı Səffət bəy bildirmişdir ki, bu illər ərzində
heç olmasa bircə dəfə də olsa doğma vətənini
görmək arzusu ilə yaşayıb və bu ona qismət
olmamış, 1986-cı ildə dünyasını dəyişmişdir.
Səffət bəydən fərqli olaraq
Midhət vətənində yaşasa da qismətinə qara
günlər düşür. İlk
təhsilini Bakı real məktəbində alan
Midhət bəy sonra Almaniyada (Köln) Böyük Hersoq
Politexnik Texnikumunda elektrik mühəndisi ixtisasına yiyələnir.
1915-1924-ci illərdə Qazanda yaşayır,
1925-ci ildə anası Hənifə xanımın təkidilə
Bakıya gəlir. Təbii bolşevik
hökuməti Midhətdən xaricdə yaşayan
qardaşının və yeznəsinin heyfini çıxmaq
üçün fürsət gözləyirdi. Bunu hiss edən Midhət gözdən uzaq olmaq
üçün 1928-ci ildə Gəncə şəhərinə
köcür və Gəncə Şəhər Kommunal Təsərrüfatı
İdarəsinin torpaq-plan şöbəsində işləməyə
başlayır.
Yeni hökumətin Midhətə olan
münasibəti Həmidə xanımı çox narahat
edirdi. Ətrafada baş verənlər
bu ziyalı xanımın diqqətindən yayınmır, onu
tədbirli olmağa vadar edirdi. İlk
övladı olan Pəri xanımın və sonbeşiyi Səffət
bəyin üzünə həsrət qalmışdır.
Sədaqətli ömür-gün yoldaşı
Həsən bəydən sonra Hənifə xanım
üçün çətin idi, ailəni idarə etmək,
işləmək. Artıq tükənmişdir
gücü. Övladlarının taleyi
üçün çox narahat idi. Belə
bir vaxtda 1929-cu ildə Hənifə xanım
dünyasını dəyişdi. 1931-ci ilin may ayında
Midhəti həbs etdilər. Hec bir səbəb
olmasa da 1932-ci ilin aprel ayına kimi həbsdə qaldı.
Aprelin axırlarında azad etsələr də
bir müddət Midhət işsiz qaldı. Ailəyə yenidən nəzarət güclənir.
Belə bir zamanda yalnız köməyə
Üzeyir bəy gəlir. (O çətin illərdə
Üzeyir bəy bir çox ailələrə dayaq olub. Cavidin, Müşfiqin ailəsinə həm maddi həm
də mənəvi köməklik göstərib).
Üzeyir bəyin Parisə qardaşı Ceyhun bəyə
yazdığı 7 dekabr 1931-ci il tarixli məktubdan:
“Qəribsoltana hər ay əlli manat pul verirəm. İndiyə kimi iki yüz manata qədər pul
vermişəm. Anasının qəbrinə
daş düzəltmək istiyor”.
...Midhət isə bütün bunları
onların ailəsinə qarşı anlaşılmazlıq
kimi qəbul edərək hər şeydən xəbərsiz
halda Lənkəranda su elektrik stansiyasında işə
başlayır. Atası Həsən bəyin vaxtikən deyirdi
ki: “Mirgəçevir ərazisində, köhnə poçtun
yerində su elektrik stansiyası qurulsa Milin Muğanın
susuzluqdan cadar-cadar olmuş düzənlikləri,
şoranlıqları gülüstana çevrilər”. Həsən bəyin böyük oğlu Midhət bəy
də Lənkərana bu arzu istəklə gəlmiş və
öz hesabına Xanbulaqçay üzərində su elektrik
stansiyası qurmaq istəyini hökumətə bildirir. Bu zaman artıq 1935-ci ilin şaxtalı-boranlı
qışı idi. Midhət həmin il
fevralın 22-də həbs edilərək, qolları
qandallı Bakıya gətrilir və sorğusus-sualsız
güllələnir.
Artıq Həsən bəyin ailəsində
tək-tənha Qəribsoltan xanım qalmışdır.
Sevimli qardaşı Midhətin faciəli həyatı,
anasının ölümü onu yaman
sarsıtmışdır. (Bu çətin
gündə ətrafında bir doğması yox idi ki, ona təsəlli
versin, qayğı göstərsin, dərdinə şərik
olsun. Qəribsoltan ömrünün sonuna
kimi bu ailənin faciəsi ilə yaşadı, ailə də
qurmadı). Bu olanlardan hələ
özünə gəlməmiş Qəribsoltan xanıma daha
bir dəhşətli xəbər verildi. “Salyan
şosesi Bibiheybət məscidinin yerindən keçdiyi
üçün qəbiristanlıq dağıdılır.
Kim istəyir əzizlərinin məzarını
göçürüb aparsın. Yoxsa
dağıdılıb, yolun altında qalacaq”.
Bu xəbər Qəribsoltanın
bütün varlığını sarsıtdı.
Nə etməli. Ailədə
bir başıpapaqlı yox idi ki, qəbri çıxarıb
gətirsin. Çətinliklə iki nəfər
tapıb cənazənin qalıqlarını
çıxarıb bir yeşiyə yığıb şəhər
qəbiristanlığında Hənifə xanımın
yanında basdırılır. Nə bir baş daşı qoyulur, nə
də bir nişanə...
1984-cü
ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul oldum.
İlk dərs günü Fəxri Xiyabana Həsən bəy
Zərdabinin məzarını yad etməyə getdik. Burada
müəllimlərimizdən biri professor Abbas Zamanov (Allah ona qəni-qəni
rəhmət eləsin, qəbri nurla dolsun) birdən dedi: “Siz
bilirsinizmi Zərdabinin qəbri bura necə olub gətrilib?
Heç kəsdən səs çıxmadı. Abbas müəllimin
gözləri doldu, səsi titrədi. Sakitcə sözə
başladı:“İndi mən deyim siz də bilin. Bunu bilməyiniz
çox vacibdir. 1957-ci ilin elə bu vədələri idi. Mərkəzi
Komitədə şöbə müdiri işləyən
Şıxəli Qurbanovun yanına getdim. Rəhmətlik
çox millətsevər, vətənpərvər oğul
idi. H.Zərdabinin ölümünün əlli illiyini qeyd etmək
üçün köməklik etməsini xahiş etdim. Elə
oradaca plan hazırladıq. Plana mərhumun məzarının
abadlaşdırılması məsələsini də salarkən
məlum oldu ki, Zərdabinin məzarının yerini heç
kəs bilmir. Başladıq Zərdabinin qohum-əqrabasını
axtarmağa. Öyrəndim ki, 1935-ci ildə onun məzarını
ilk dəfə dəfin olunduğu Bibiheybət qəbiristanlığından
çıxarıb kicik bir yeşiyə yığaraq
aparıblar. Bəs hara aparıblar? Çox çətinliklə
qızı Qəribsoltanı tapdıq. Haqsızlıqlardan
bezmiş, doğmalarını itirmiş Qəribsultan “məzar”
sözünü eşidən kimi
qışqıra-qışqıra dedi: “Hər şeyi,
hamını məhv elədiniz, indi növbə sümüklərinə
çatıb. Nə istəyirsiniz bizdən?”. Sakitcə oradan
uzaqlaşdıq. Onu başa düşmək lazım idi. Qəribsultan
xanım artıq hamıya inamını itirmişdir, icindəki
qorxu hissi onun əsəblərini də pozmuşdur. Bir necə
gün sonra Qəribsoltan xanım bildirdi ki, Zərdabinin məzarı
şəhər qəbiristanlığında Hənifə
xanımın qəbrinin yanında basdırılıb. Bir
necə jurnalist, filoloq tələbə ilə nişan
verilən yerə gəldik. Hənifə
xanımın qəbrinin ətrafını ehmalca qazdıq.
Birdən bu yeşiyi tapdıq. Misilsiz bir dəfinə tapmış kimi hamımız
sevincdən ağlayırdıq. Sonra onun cənazəsinin
qalıqlarını burada Fəxri Xiyabanda dəfn etdik. Şükürlər olsun indi Zərdabi Azərbaycanın
ən böyük ziyarətgahında uyuyur”.
Bu yazını tamamlayarkən H.Zərdabi
haqqında yazılan məqalələrin birində sonda
yazılan bir cümlə diqqətimi cəlb etdi: “H.Zərdabi
indi bizim fikirləşdiyimiz kimi, qəzet buraxmaq xatirinə qəzet
buraxmaq istəyində deyildir, o sadəcə sevdiyi doğma
xalqını azacıq savadlandırmaq niyyəti
güdürdü”.
Bu gün isə qəzet
çıxaranların əksəriyyəti nəyin xatirinə
qəzet çıxarırsa hər birimizə bəllidir”.
Heyflər olsun!
Qərənfil
Dünyamin qızı
BDU-nun Mətbuat
tarixi kafedrasının
müəllimi,
fəlsəfə doktoru
Kaspi.-
2012.- 18 sentyabr.- S.11-12.