Onun gördüyü işlər bu gün də Vətənə şərəflə xidmət edir 

 

 Akademik Ziya Bünyadova həsr olunmuş miniatür kitabın təqdimat mərasimi keçirildi

 

“Görkəmli akademik Ziya Bünyadov Azərbaycanın azadlığı, dövlət müstəqilliyi uğrunda fədakarcasına mübarizə apardı. Böyük alimin faciəli ölümü bütün xalqımız üçün əvəzsiz itki idi. O, keçdiyi həyat yolu ilə özünə əbədi heykəl ucaltdı. Qəhrəman kimi döyüşdü, qəhrəman kimi də yaşadı”. Bu fikirlər həftə sonu Miniatür Kitab Muzeyində “Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı” miniatür kitabının təqdimat mərasimində səslənib.

Görkəmli tarixçi və şərqşünas, tanınmış ictimai xadim, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunan mini nəşrdə böyük alimin şəxsiyyəti, fəaliyyəti, hələ sovet dövründə atdığı cəsarətli addımlar haqqında geniş məlumat yer alıb.

“Kitab” Cəmiyyətinin xətti və "Ulu Göyçə" MMC-nin sponsorluğu ilə çap olunan kitab “Elm xadimləri” seriyasından “İndiqo” mətbəəsində yüksək poliqrafik səviyyədə işıq üzü görüb. 270 səhifəlik miniatür kitab 40x45 mm formatdadır. Kitabın ilk səhifələrində akademikin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Sərəncamı yer alıb. Umummilli lider Heydər Əliyevin akademik Ziya Bünyadov haqqında dəyərli fikirləri də kitabda öz əksini tapıb. Yüz nüsxə tirajla çap olunan mini nəşrdə görkəmli akademikin həyatının müxtəlif dövrlərini əks etdirən 53 ağ-qara fotoşəkil yerləşdirilib.

Nəşrdə Əməkdar jurnalist İradə Əliyevanın elm xadiminin ömür yoluna və yaradıcılıq fəaliyyətinə həsr edilən məqaləsi yer alıb. Məqalədə görkəmli şəxsiyyətin həyatının ən əlamətdar, yaddaqalan anları, “Qızıl ulduz”lu qəhrəmanın keçdiyi döyüş yolu öz əksini tapıb. “Akademik Ziya Bünyadovun qələmindən çıxan 300-dən çox elmi əsərin hər biri onun geniş erudisiyasını, hədsiz işgüzarlığını və böyük tədqiqatçılıq qabiliyyətini nümayiş etdirir” deyə kitabda qeyd olunur.

Nəşrdə güclü zəkası, gözlənilməz proqnozları, heyrətamiz fəhmi, qeyri-adi duyumu, həssaslığı ilə seçilən akademikin elm təşkilatçısı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı kimi fəaliyyətindən, tarix elminə verdiyi töhfələrdən də söhbət açılıb, AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövr geniş işıqlandırılıb, alimin bu elm məbədinin inkişafında, mütəxəssislərin yetişməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.

Kitabda respublikada milli azadlıq hərəkatının inkişafında, Yeni Azərbaycan Partiyasının yaradılmasında Ziya Bünyadovun apardığı işlər barədə də ətraflı məlumat verilib. Miniatür kitabda daha sonra akademik Ziya Bünyadovun avtoqrafı və imzası ilə “Nə üçün Sumqayıt? Vəziyyətin təhlili” məqaləsi (rus dilində) yerləşdirilib. Bundan əlavə, super cilddə çıxan kitabın forsajında Azərbaycanın xəritəsi yer alıb.

Kitabın təqdimat mərasimində səslənən fikirlər isə görkəmli alimin həyat yoluna bir daha nəzər salmaqla, onun insanların yaddaşından heç zaman silinməyəcəyini bir daha təsdiqlədi. Danışılan xatirələr Ziya Bünyadovu heç vaxt görməyən insanlara alimi təkcə bir elm və ictimai xadim kimi deyil, həm də son dərəcə maraqlı bir şəxsiyyət kimi tanıtdı.

“Kitab” Cəmiyyətinin İdarə Heyətinin sədri Zərifə Salahova Ziya Bünyadovla ilk tanışlığını, repressiyaya məruz qalan atası Teymur Salahovun “KQB” arxivlərindən işinin tapılmasında, onun haqqında mətbuatda məqalənin yer almasında və s. böyük rolu olduğunu xatırladı: “Atam tutulandan sonra anam 5 uşaqla tək qaldı. Anam savadsız idi. O, bizi böyütdü. Biz atamız haqqında heç nə bilmirdik. Onun haqqında bütün məlumatların üzə çıxmasında Ziya Bünyadov bizə kömək etdi. Həyatımın sonuna qədər ona minnətdaram!”

Qarabağ müharibəsi başlayandan sonra yaranan vəziyyətdən danışan Z.Salahova 1989-cu ilin mayında akademikin rus dilində yazdığı "Nə üçün Sumqayıt?" məqaləsini xatırladı: "Bu məqalə o dövrdə böyük bir sensasiyaya səbəb oldu. Hər faktı doğru-dürüst yazmaq həmin illərdə böyük cəsarət tələb edirdi. Bu cəsarəti biz Ziya Bünyadovda gördük. O zaman akademik öz avtoqrafı ilə məqaləni mənə vermişdi. Bu gün isə həmin yazını miniatür kitabda yerləşdirməyi qərara aldıq". “Kitab” cəmiyyətinin sədri mini nəşrin əhəmiyyətini vurğulayaraq “Nə qədər ki bu muzey fəaliyyət göstərəcək, bura gələnlər də görkəmli alim və böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən kitabla tanış olacaqlar” dedi.

Əməkdar jurnalist İradə Əliyeva kitabda yer alan məqaləni yazarkən bir neçə mənbəyə müraciət etdiyini qeyd etdi: “Bir çox yazılarla tanış oldum. Amma ulu öndərin Ziya Bünyadovun ölümü ilə bağlı çıxışı diqqətimi daha çox çəkdi”. Görkəmli akademiki uşaqlıqdan tanıdığını deyən İ.Əliyeva onu həm də atasının cəbhə yoldaşı kimi xatırladı: “Ziya müəllim həmişə evimizdəki məclislərdə iştirak edərdi. Onun maraqlı söhbətlərini, məqalə işləyərkən məsuliyyətini, işə yanaşma tərzini görmüş və heyrət etmişəm”.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva, akademik Ziya Bünyadovun ictimai və elmi fəaliyyətindən danışaraq onu unikal insan kimi xarakterizə etdi: “Ziya müəllim rəhbərlik etdiyi institutda bir məktəb yaratmışdı. O, son dərəcə qayğıkeş, ünsiyyətcil insan idi. Gənc alimlərin təəssübkeşi idi. Bircə dəfə onunla söhbət edən adam onu unuda bilmirdi. O, çox məğrur insan idi”. Ziya Bünyadovu tarix elminin korifeyi kimi dəyərləndirən millət vəkili görkəmli alimin fundamental tədqiqatlara imza atdığını qeyd etdi: “VII-IX əsr Azərbaycan tarixi Ziya Bünyadova qədər araşdırılmamışdı. Ziya müəllim o dövrün ictimai, siyasi və mədəni həyatını tədqiq edərək üzə çıxardı. Ziya Bünyadov təkcə alim deyildi, həm də mübariz idi. O, elm uğrunda, onun saflığı uğrunda mübarizə aparırdı”.

Professor İldırım Əlibəyov nəşri layiqli bir insan üçün görülən iş adlandırdı: “Şərqşünaslıq İnstitutunun bəxti onda gətirib ki, təşkil olunandan ona dörd akademik rəhbərlik edib. Elmin formalaşmasında görkəmli şəxsiyyətlərin rolu böyükdür. Ziya Bünyadov da belə şəxsiyyətlərdən idi. Mənim də bəxtim onda gətirib ki, Ziya Bünyadov da daxil olmaqla üç direktorun bioqrafiyasını yazmışam”. Ziya Bünyadovun Azərbaycan tarixinin sistemli öyrənilməsində böyük rolu olduğunu qeyd edən İ.Əlibəyov görkəmli alimin insani keyfiyyətlərindən də söz açdı: “Ziya müəllim ilk baxışdan qaradinməz, zəhmli təsir bağışlayırdı. Ancaq onunla söhbət edəndən sonra necə ünsiyyətcil, mehriban bir insan olduğuna bələd olurdun. O, natiq deyildi, amma söhbətləri ilə hamını cəlb edə bilirdi. Akademiyanın bağında oturanda həmişə onun başına 20-30 adam yığışırdı. O, uşaq bağçalarına, hərbi hissələrə və məhbəslərə görüşlərə gedirdi. Hər kəslə öz dilində danışmağı bacarırdı. 6-cı kolon onun ən çox getdiyi yer idi. Ziya müəllim dustaqların dilini tapmışdı”. İ.Əlibəyov görkəmli akademiki əsl vətənpərvər kimi dəyərləndirdi: “O, içəridən yanan vətənpərvər idi. Qarabağ müharibəsi göstərdi ki, onun yazılarından od yağır. O, pafosla danışmağı sevmirdi. Bu cür danışanları da xoşlamırdı. Ona görə də onun yazılarının da, sözünün də kəsəri vardı”.

Görkəmli şərqşünasın ömür-gün yoldaşı Tahirə xanım Ziya Bünyadovla ilk tanışlığından tutmuş ölüm gününə qədər birgə yaşadığı günlərdən danışdı: “Bu gün görəndə ki, Ziyanın kitabları dəfələrlə çap edilir və onun haqqında çıxan kitablar necə böyük maraqla qarşılanır, qəlbim fərəhlə dolur. Ziyanın yaradıcılığı və gördüyü işlər bu gün də Vətəninə şərəflə xidmət edir”.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2012.- 18 sentyabr.- S.12.