“Uğurlarımız ildən-ilə
artır”
«Kaspi» Təhsil
Mərkəzi ilin yekunları ilə
bağlı hesabat verdi
“Hər
bir tədris ili öz məsuliyyəti,
ağırlığı ilə bizi daha da mübariz, daha da
çalışqan və daha da məsuliyyətli olmağa
sövq edir. İnanırıq ki, bizim nailiyyətlərimiz,
işlərimiz və mübarizəmiz həmçinin sizin də
mübarizənizdir. Təhsil sahəsi olduğundan bu, hər
birimizin çalışaraq irəli aparmaq istədiyimiz
işdir».
Bu fikirlər
«Kaspi» Təhsil Mərkəzinin 2011-2012-ci tədris ilinin
yekunları ilə bağlı hesabat tədbirində səslənib.
«Kaspi» TM-nin direktoru Elnur Əliyev tədbirin ənənəvi
olaraq hər il keçirildiyini diqqətə
çatdırıb.
«Kaspi» TM-nin 2011-2012-ci illərdə həyata
keçirdiyi işlər, layihələrlə bağlı
filmin nümayişindən sonra «Kaspi» Təhsil
Şurasının sədri və TM-nin təsisçisi Sona Vəliyeva
çıxış edərək tədbirin keçirilməsində
əsas məqsədin yeni dərs ili qarşısında
görülən və görüləcək işlər,
yeni planlar barədə məlumat vermək olduğunu bildirib.
Artıq 4 ildir yaranan «Kaspi» TM-nin
Abituriyent şöbəsinin yeni nailiyyətlərindən
danışan şura sədri şöbəni TM-nin ən
ağır və gərgin qrafiklə çalışan və
daha böyük müəllim kollektivinə malik bölmələrindən
biri adlandırıb: «Demək olar ki, sentyabrın əvvəlində
toplanan uşaqların hazırlıq prosesi başlayandan biz bu
məsuliyyəti dərk etdiyimiz üçün
hamımız səfərbər oluruq. Nəticədə bu
nailiyyəti bu gün sizin qarşınızda nümayiş
etdiririk». S.Vəliyeva qeyd edib ki, Abituriyent şöbəsi
9-10-11-ci siniflər arasında rus və Azərbaycan dilində
təhsil alan şagirdlərin respublikamızın daxilində
fəaliyyət göstərən ali təhsil ocaqlarına
hazırlıq prosesini həyata keçirir: «Hazırlıq
prosesi 9 ay müddətində, bəzən qəbul prosesi
yubananda daha artıq müddətdə həyata
keçirildiyi üçün onun iş prinsipi başqa
şöbələrin iş prinsipindən tamamilə fərqlənir.
Proqram sırf Dövlət Təhsil Proqramına uyğun
olaraq aparılır. Digər tərəfdən, bu proqramı
mükəmməl şəkildə həyata keçirən
daha bacarıqlı və peşəkar müəllim kollektivi
yığılır və onların iş metodunun operativ
olması və daha dərin biliklər verməsi nəzərə
alınır. Bunu əsas prinsip götürdüyümüzə
görə, bu gün mərkəzdə çalışan təxminən
12-13 fəlsəfə və və elmlər doktoru var. Onlar, həmçinin
şagirdlərin taleyini həll edən dərsliklərin, test
banklarının yazılmasında iştirak edirlər. Bu
müəllimlər, həmçinin TQDK-nın ekspert qrupunda
çalışırlar. Bizi qane edən kollektivlə
çalışırıq”.
S.Vəliyeva 2008-ci ildən başlayaraq
2011-2012 tədris ilinə qədər TM tərəfindən
ali məktəblərə qəbul olan abituriyentlərin
göstəricisinin 87 faizdən 97 faizə yüksəldiyini
diqqətə çatdırıb və bu ilə kimi 1000-dən
artıq abituriyentin hazırlıq keçərək həm
bakalavr, həm də magistr pilləsi üzrə Azərbaycanın
və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin
tələbəsi adını qazandığını qeyd
edib: “Bu nailiyyət 97 faizə çatıb. Abituriyent
adını qazananların içərisində Kamil Oruczadə
adlı tələbəmiz 690 bal toplayıb. Halbuku keçən
il ən yüksək balla ali məktəbə daxil olan
abituriyentlərimizin göstəricisi 670 bal olub. Bu faktlar onu
göstərir ki, uğurlarımız çox sevindiricidir».
Şura sədri Azərbaycanın
müstəqil təhsil məkanında ilk dəfə olaraq
«Kaspi» TM-nin “Kaspi abituriyent təqaüd paketi”ni təsis
etdiyini diqqətə çatdırıb: «Biz sınaq
imtahanlarında 675 balı keçən ilk 3 ən
yaxşı şagirdə aylıq 250 manat, 650 balı
keçən ilk 3 ən yaxşı şagirdə 200 manat,
600 balı keçən ilk 3 ən yaxşı şagirdə
aylıq 150 manat təqaüd paketi təsis etmişik. Onu da
qeyd edim ki, iki ildir, yüksək balla ali məktəblərə
qəbul olan tələbələrimizin əksəriyyəti
bizim bu təqaüd paketindən yararlanıb». S.Vəliyeva
Abituriyent şöbəsinin dərs vəsaitlərinin
yazılması yükünü də öz üzərinə
götürdüyünü qeyd edib: «Bu dərsliklər
yazılandan sonra Təhsil Nazirliyinin komissiyasına təqdim
olunur. Belə ki, «Kimya» və «Tarix» vəsaiti və onların
test bankı nazirliyin xeyir-duası ilə çıxıb. Növbəti
tədris vəsaitlərimiz – «Kimya», «Fizika», «Riyaziyyat», «Azərbaycan
dili», «Ədəbiyyat» və onların test bankı bu
yaxınlarda işıq üzü görəcək».
«Kaspi Xaricdə Təhsil» şöbəsinin
fəaliyyətinə toxunan şura sədrinin sözlərinə
görə, TM xaricdə təhsil, peşə artımı,
orta məktəblərdə təhsil alma, müxtəlif tələb
olunan səviyyədə ali məktəblərə
hazırlıq proseslərinin təşkil olunması və
sair işləri öz özərinə götürüb.
Belə ki, «Kaspi Xaricdə Təhsil» dünyanın 120-dən
çox nüfuzlu universitetləri ilə əməkdaşlıq
edir.
S.Vəliyeva TM-nin bu dərs ilindən Azərbaycanda
ilk dəfə olaraq həyata keçirəcəyi və Mərkəz
tərəfindən maliyyələşəcək sosial layihə
haqqında da məlumat verib: “Oxu TV” adlanan bu layihə repetitor
yanına getməyə imkanı olmayan 1-11-ci sinif şagirdləri
üçün nəzərdə tutulub. Şagirdlər istənilən
fənni bu proqramda tapacaqlar. Həmin fənlər
respublikanın qabaqcıl müəllimləri tərəfindən
tədris edilir. Proqram internet vasitəsilə pulsuz olaraq
ictimaiyyətin istifadəsinə veriləcək. Bu, repetitor
yanına gedə bilməyən imkansız uşaqlar
üçün sərfəlidir. Hər bir
övladımız yaradacağımız sayta pulsuz olaraq daxil
olacaq. Layihə dekabr ayına qədər istifadəyə
veriləcək».
Şura sədri «Kaspi» TM-nin bu kimi modern
layihələrin hazırlanmasını bundan sonra da davam etdirəcəyini
vurğulayıb: «Çünki təhsil məkanında ilk
addımlarımızı «Biz müasir təhsilin elçiləriyik»
şüarı ilə atmışıq. Ona görə də
beynəlxalq aləmdə baş verən bütün
müasir təhsil yeniliklərini Kaspi məkanında görə
biləcəksiniz».
Tarix
elmləri doktoru, «Kaspi» TM-nin şura üzvü Aslan Xəlilov «Kaspi» TM-nin uğurlarından danışaraq mərkəzdə
ilk növbədə səmimiyyətin hökm
sürdüyünü vurğulayıb: «Tədris sistemində
səmimiyyət əsas məsələdir. Əgər müəllimlər
öz biliklərini tələbəyə səmimiyyətlə
öyrədirlərsə, o zaman uğur əldə etmək
olur. Mən bunu həm də bir valideyn kimi hiss etmişəm».
Şura üzvü mərkəzdə abituriyent təqaüd
paketinin təsis olunmasını təqdirəlayiq hesab edib:
«Sevindirici haldır ki, bu ənənənin əsası «Kaspi»
TM-də qoyulub. Bu, imkansız uşaqların təhsil
alması üçün gözəl ənənədir». A.Xəlilov
Mərkəzdə təhsil sahəsində hiss olunan
dinamikanın səbəbini burada fəaliyyət göstərən
müəllim heyətinin peşəkarlığı ilə əlaqələndirib:
«İnsanlar öz övladlarını arxayınlıqla bu təhsil
mərkəzinə etibar edə bilərlər». Şura
üzvü həmçinin mərkəzin ilk dəfə
olaraq imza atdığı «Oxu TV» layihəsini də müstəqil
təhsil məkanında yüksək xidmət və xeyriyyəçilik
kimi dəyərləndirib.
Tədbirdə ali məktəblərə
daxil olan «Kaspi» TM-nin abituriyentlərinin valideynləri
adından çıxış edən Təravət xanım
övladlarının bu Mərkəzdə təhsil
almasından duyduğu qüruru dilə gətirib: «Bir tələbənin
sevinci bir ailənin, bir nəslin sevincidir. «Kaspi» Mərkəzi
bizə bu sevinci yaşatdı».
Tədbirin sonunda «Kaspi» TM-nin bu il ali məktəblərə
qəbul imtahanlarında yüksək bal topalayan abituriyentlərinə
hədiyyələr təqdim edilib.
Təranə Məhərrəmova
Kaspi.-
2012.- 15-17 sentyabr.- S.5.