Yeni dərs ili yeniliklərlə başlayır 

 

33 min şagird orta məktəblərin birinci sinfinə, 32 min tələbə isə ali məktəblərin birinci kursuna gedir

 

Sentyabrın 15-dən orta və ali təhsil ocaqlarında 2012-2013-cü ilin tədris dövrü start götürür.

Yeni tədris ilində şagirdləri, eyni zamanda müəllimləri hansı yeniliklər gözləyir?

 

Birinci və beşincilərin iş dəftəri ləğv olundu

 

Ən çox birincilərin həvəslə gözlədiyi tədris ilində sələflərinin dərs aldığı iş dəftərləri ləğv edilib. Artıq övladları 1-ci sinfə və 5-ci sinfə gedən valideynlər iş dəftərləri üçün əlavə pul xərcləməyəcəklər. Kurrikulum sisteminə uyğun yeni dərsliklər çap olunduğundan həmin siniflərin iş dəftəri komplektin tərkib hissəsindən çıxarılıb. Ancaq 2, 3 və 4-cü sinfə gedən uşaqların valideynləri iş dəftərləri almaq üçün xeyli “tərləməli” olacaqlar. Çünki ən ucuz iş dəftərləri piratların çıxardığı keyfiyyətsiz dəftərlərdir ki, 2 manatdan aşağı olmur. Bu da o deməkdir ki, bir neçə fəndən orijinal iş dəftərləri alan valideynlər 20-30 manat xərcləyəcəklər.

Nazirlikdən o da bildirilib ki, əgər valideynlər və müəllimlər istəsələr 1 və 5-ci siniflərdə də köhnə dəftərlərindən alıb istifadə edə bilərlər. Çünki orada uşaqların inkişafına kömək edəcək yaxşı tapşırıqlar var.

Azərbaycan təhsil sistemində dərsliklərlə bağlı digər yeniliklər də var. Yeni tədris ili üçün 194 adda dərslik hazırlanıb. Təhsil müəssisələrinə ümumilikdə 221 adda 477 min 830 dərslik, 32 adda 2893 dərs vəsaiti verilib.

 

33 min orta, 32 min ali məktəb birinciləri

 

Qeyd edək ki, ötən dərs ilində şagirdlərinin sayı 125 min 408 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120 min 32 nəfər, ondan əvvəlki tədris ilində isə 118 min 947 nəfər təşkil edib. Bu il isə orta məktəbdə təhsil alacaq şagirdlərin sayının 126 mini keçəcəyi gözlənilir. Bu da o deməkdir ki, hər il orta məktəbə gedən birincilərin sayı artır.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I siniflərinə 33 mindən çox şagirdin qəbulu gözlənilir. Ötən dərs ilində isə I sinfə qəbul olan şagirdlərin sayı 32 min 818 nəfər təşkil edib.

Ali məktəblərə qəbul olanların sayı isə 32 mindən çoxdur.

 

Yeni məktəblər

 

Respublika üzrə isə ümumilikdə 50 min şagird yerlik 167 yeni orta məktəb tikilərək bu tədris ilində şagirdlərin və müəllimlərin istifadəsinə verilib. 103 məktəb isə əsaslı təmir edilib, 21 məktəb üçün əlavə korpuslar tikilib. Həmçinin Bakı şəhərində 5 məktəb binası inşa edilib, 32 məktəb üçün əlavə korpus ucaldılıb, 68 məktəbdə əsaslı təmir işləri aparılıb, 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 311 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 30 minə yaxın müəllim məşğul olacaq.

Orta məktəblərdən əlavə, ölkəmizdə 107 peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 28 min 587 şagird təhsil alır, 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 istehsalat təlimi ustası fəaliyyət göstərir.

Bu il 12 peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.

 

5-6 ilə bütün siniflərdə kurrikulum tətbiq olunacaq

 

V sinif şagirdlərini də bu tədris ilindən etibarən yenilik gözləyir. Azərbaycanda bu il ilk dəfə olaraq V siniflərdə də kurikulumun tətbiqinə başlanılacaq. Sözügedən siniflərdə şagirdlər kurikulumun tələbləri əsasında hazırlanmış dərsliklər və proqramlar üzrə təhsil alacaqlar. Təhsil Nazirliyinin məlumatına görə, hər il daha bir sinif olmaqla, ilbəil bu islahatın tətbiqi davam etdiriləcək. 5-6 ildən sonra artıq 11-ci sinif dərslikləri kurrikulum əsasında hazırlanacaq.

 

Forma problemi hələ də qalır

 

Hər dərs ili öncəsi valideynləri düşündürən əsas məsələlərdən biri də məktəbli formalarıdır. Son illər vahid məktəbli geyimi tətbiq edilsə də, bu, valideynlər tərəfindən heç də birmənalı qarşılanmır. Valideynlər vahid geyimin tərəfdarı olsa da, formaların onların cibinə uyğun olmamasından narazıdır. Üstəlik, valideynlər bu geyimlərin keyfiyyətsiz olduğunu bildirirlər.

Məktəbli formalarının tikintisi ilə məşğul olan Bakı Tikiş Evinin məlumatına görə, formada və valideynlərin narazılığına baxmayaraq, qiymətlərdə heç bir dəyişiklik yoxdur. Dörd model geyim hazırlanıb ki, ibtidai siniflər üçün qiymət 40-45, yuxarı siniflər üçün isə 50-53 manatdır.

 

Təhsil Nazirliyinə təhsil öncəsi gələn şikayət və müraciətlər

 

Sonda qeyd edək ki, təhsillə bağlı hər bir kəs şikayətlərini, təkliflərini, müraciətlərini Təhsil Nazirliyinin 146 nömrəli “Qaynar xətt”i ilə əlaqə saxlayıb deyə bilərlər. Burada qeydə alınan təklif və şikayətlərə nazirliyin müvafiq qurumlarında baxılır.

Yeni tədris ili öncəsi, avqustda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1122 müraciət daxil olub. 74 müraciət isə elektron poçt vasitəsilə qəbul edilib. Həmin müraciətlərin əksər hissəsi sorğu xarakterli olub. Belə ki, müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti (bir məktəbdən digərinə yerdəyişmə, məktəbli forması, ümumi təhsil məktəblərində dərs ilinin başlanmasına dair və s.), 668-i müəllimlərin işə qəbulu, 177-si I sinfə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə müxtəlif digər məsələlərlə əlaqədardır.

Ötən ay baxılmış 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub.

Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib. Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır.

2012-ci il ərzində Təhsil Nazirliyinə diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar 1854 müraciət daxil olub. Həmin müraciətlərdən 1403-ü müsbət həll edilib. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı 225 müraciət üzrə qeyri-qanuni fakt aşkarlanıb və həmin sənədlərin tanınmaması barədə qərar qəbul olunub. 226 müraciətə isə baxılır.

 

 

Lalə Musaqızı

 

Kaspi.- 2012.- 15-17 sentyabr.- S.6.