Nigar xanım Köçərlinin
üçüncü “gedişi”
Bir aya
yaxındır çoxsaylı mətbuat orqanlarında, qəzetlərdə,
xəbər saytlarında Milli Kitab Mükafatı
yarışmasının yenidən fəaliyyətə
başlaması haqqında xəbərlər
dolaşmaqdadır. 2009-cu ildən əsası qoyulan
müsabiqə barəsində ötən illər ərzində
saysız-hesabsız fikirlər, rəylər söylənilmişdir.
Müsabiqənin mətbuatın gündəminə
qayıtması ilə bu proses bu günlərdə də xeyli
aktuallaşıb. Söylənilən fikirlər içərisində
hər şeydən öncə daha çox müzakirə
ediləni keçirilən yarışmanın nəticələrinin
obyektiv və ya qeyri-obyektiv sayılmasıdır. Kimisi Milli
Kitab Mükafatı müsabiqəsinin ədəbi müsabiqələr
arasında ən ədalətli yarışma olduğunu deyir,
kimisi də nəticələri qabaqcadan hazırlanan şou
hesab edib inanmamaqda davam edir.
Müsabiqəyə
inam bəsləməyənlərdən biri olan şair Adil
Mirseyid son günlərdə qəzetlərin birinə
müsahibə verərkən belə demişdir: “...Mənim
belə müsabiqələrə inamım çox azdır.
Çünki, belə müsabiqələrdə dəfələrlə
görmüşəm ki, təltif edəcəkləri şəxsləri
əvvəlcədən müəyyən edirlər. Sonra
müsabiqə elan edirlər...”
Ötən
müsabiqənin qalibi Pərviz Cəbrayıl isə öz
müsahibəsində Adil Mirseyidin fikrinə münasibətini
bildirərkən həqiqəti etiraf etmişdir: “...Nəinki ədəbiyyatda,
müsabiqələrdə, bütün cəmiyyət boyu
inamsızlıq hökm sürür. İnsanların bir-birinə
münasibəti göz qarşısındadır. Bu, ədəbiyyata
da sirayət edib. Əlbəttə, heç bir müsabiqədə
yüz faiz obyektiv olmaq mümkün deyil...”
Müsabiqənin
münsiflər heyətinin daimi üzvü olan (ötən
müsabiqənin nəticəsindən razı qalmayıb heyətdən
çıxdığını elan edən, sonra hansısa məqsədlə
yenidən münsiflərə qatılan) Rəşad Məcid
isə müsahibəsində obyektivliklə bağlı suala
cavab verən zaman dolayısı ilə Pərviz Cəbrayılın
fikirlərini təsdiqləmişdir: “...Sadəcə olaraq Azərbaycan
mühitində əxlaq münasibətlər sistemi elə
qurulub, reallıq elədir ki, obyektiv müsabiqələrin
keçirilməsi çox çətin bir prosesdir. Elə
Milli Kitab Mükafatında da ekspertlər var. Onların
arasında da görürsən ki, təsirlər olur. Azərbaycandır,
kimsə kiməsə ağız açır, xahiş edir.
Kimsə yerlipərəstlik və digər prinsipləri tutaraq
kiməsə güzəşt edir...”
Bəlkə
də elə bu səbəblərdəndir ki, əvvəlki
iki müsabiqədə iştirak etməkdən boyun
qaçıran Azad Yazarlar Ocağı və
Çölçülər Ədəbiyyat Mərkəzi
növbəti dəfə də boykot yolunu tutmaqda israr edirlər.
Onları ən çox narazı salan başlıca cəhət
müsabiqəni keçirən adamların kifayət qədər
Azərbaycan ədəbiyyatına bələd
olmamalarıdır. Gənclərin iddiasına görə
ötən müsabiqələrdə təqdim edilən
yüzlərlə əsərlər oxunmadan kənara
atılıb. Bunu onlar müəlliflər tərəfindən
edilən sorğulara ekspertlərin susması,
cavablandırmamaları ilə əsaslandırırlar.
Münsiflər heyətində oturanların əksəriyyətinin
ədəbiyyatdan bixəbər adamlardan seçilməsi
boykotçuların fikrincə, bu müsabiqənin müəyyən
məqsədlərə qulluq edən şou olmasını bir
daha sübut edir.
Yarışmanın
təşkilatçısı Nigar xanım Köçərli
boykot çağırışlarından heç də
narahat deyil. Son iki həftə ərzində
yarışmanın ünvanına nəinki Bakıdan, Azərbaycanın
müxtəlif bölgələrindən, hətta xaricdən
onlarla əsərin göndərildiyini açıqlayan təşkilatçı
xanım bu müsabiqədə iştirak edəcək əsərlərin
sayının əvvəlki illərdəkindən də
artıq olacağına, yarışmanın gözlənildiyindən
də uğurlu keçəcəyinə inanır.
Üç il qabaq Azərbaycan dilində zəif
danışan xanım indi efirlərdə çətinlik
çəkmədən sərbəst müsahibələr
verir.
Ekspertlərdən
söz düşmüşkən, mən də onların yeni
müsabiqədə köhnə tərkibdə
qalmalarını arzulamazdım. Birincisi, mənim fikrimcə
onların sayı artırılmalıdır, yüzdən
çox müəllifin əsərlərini oxuyub nəticə
çıxarmaq üçün beş-altı nəfər
azdır. İkincisi də onlar həmyaşıd, həmkar,
oxşar zövqlü adamlar olmamalıdırlar. Təkcə
intellektual deyil, geniş oxucu kütləsinin
marağını, tələbini əhatə edən
bütün cəhətlər, xırdalıqlar nəzərə
alınmalıdır. Milli Kitab Mükafatının
keçmiş müsabiqələrindən aldığım
qənaətə əsasən uzun siyahıya – iyirmiliyə
düşən əsərlərin seçilməsində
ekspertlərin şəxsi zövqlərinin və müəlliflərə
qarşı olan şəxsi münasibətlərinin rolu
danılmazdır. Deyərdim ki, seçim üçün əsas
amillərdəndir.
Münsiflər
heyətinin sayının artırılmasının isə,
deyərdim görüntüdən başqa işin keyfiyyətinə
heç bir önəmi, xeyri yoxdur. İstəyir on doqquz yox,
otuz nəfər olsunlar. Nigar xanım nə qədər bizi
inandırmağa çalışsa da, onların
hamısının iş-güclərini atıb təqdim edilən
əsərləri oxuması ağlabatan, mümkün
olası iş deyil.
Haqq
naminə demək lazımdır ki, Nigar xanım Milli Kitab
Mükafatını təşkil etməklə kitabın, ədəbiyyatın
təbliği, inkişafı yolunda böyük xidmətlər
görür. Bu müsabiqə ilə, o, ictimai həyatda, ədəbi
mühitin cəmiyyətin təbəqələri arasında
təbliğ edilməsində böyük rol oynayır, ədəbiyyatı
diqqət mərkəzinə çevirib yazarlar arasında
ciddi rəqabət mühitinin yaranmasına, həm də
oxucularda kitaba bir xeyli dərəcədə maraq oyatmasına
kömək olur. Ömürlərinin mənasını
yalnız pul qazanmaqda görənlərə kitabın, ədəbiyyatın
varlığını xatırladır, əhəmiyyətini
dərk etdirir.
Məqsədinin
alınması üçün yeri gəldikcə zərurət
üzündən “taktiki” addımlar da atır. İlk
yarışma zamanı müsabiqənin cəmiyyət
içərisində dayanıqlaşması və nüfuz əldə
etməsi üçün nəticələrlə
bağlı son qərarında Yazıçılar Birliyindən
olan münsiflərlə razılığa gəlməli oldu.
İkinci müsabiqədə isə Pərviz Cəbrayılı
bir səs fərqlə qalib elan edərək narazıların
könlünü almaq, qüvvələr balansına nail olmaq
istədi. Lakin, bu istəyi ona “baha” başa gəldi. Xeyli təzyiqlərlə
üzləşmək məcburiyyətində qaldı. 2011-ci
ilin payızında növbəti müsabiqə keçirilmədi.
İndi,
bir illik fasilədən sonra Milli Kitab Mükafatı
yarışması yenidən, üçüncü dəfə
start götürüb. Görəsən Nigar xanım bu dəfə
hansı tərəfə addım atacaq, hansı “gedişi”
gedəcək?
Müsabiqəyə
təqdim ediləcək əsərlərin qəbulu bu ilin
noyabr ayının 16-sınadək aparılacaqdır.
Mükafatların sahiblərinə verilməsi 4 iyun 2013-cü
ildə nəzərdə tutulur. İnşaallah,
yaşayarıq, görərik. Bircə o aydındır ki,
kimin qalib seçilməsindən asılı olmayaraq ən
çox qazanan ədəbiyyat və biz - ədəbiyyatsevər
oxucular olacağıq.
Rövşən
Yerfi
Kaspi.-
2012.- 15-17 sentyabr.- S.21.