“Əhməd Şəfəqə
siyasət sorulur”
Əhməd
Şəfəq: “Bağçalı mənə dedi ki, biz
bundan sonra Qarabağda olmalıyıq...”
Yazacam
bu görüşü, yazacam...
Yalnız
Qurddan yazacam... “abi”mdən...
Əhməd
Şəfəq Bakıdadır.
Mən şanslı biriyəm.
Çox sevdiyim bir sənətçinin dostu olmaq, onun
“kardeşim” kəlməsini qazanmaq çox gözəl bir
duyğudur.
Əhməd Şəfəq
- haqqında düşünmədən tərif deyə biləcəyim,
heyranlığımı açıq-açıq bildirdiyim
bəlkə də yeganə adamdır. Yanlış
anlamayın, bu fanatlıq deyil, bu, Əhməd Şəfəqin
Azərbaycan sevgisinə mənim verdiyim bir
qarşılıqdır. Ruhu olan hər bir kəs anlayar ki,
onun musiqisində, nəğmələrində ürək
var. Baxın, mən Azərbaycan üçün döyünən
o ürəyin aşıqiyəm.
Ömrüm boyu
unutmayacağım görüşlərin içərisindəyəm.
Onunla bərabər yürümək, onunla həmsöhbət
olmaq, qollarını açıb qardaşım deyə
sarılmaq çox möhtəşəm bir duyğudur. Amma
bunların içərisində elə bir an vardı ki, o an
Nigarın dəliliyinin başına hava gəldiyi andı. Əhməd
Şəfəq sevdalıları “Olsun” u bilir, yəqin. O
“Olsun”u ki, Əhməd Şəfəqin Türkiyənin Yalova
ilçəsində verdiyi konertdə bir gecə boyu dinlətmişdilər
mənə. Türkiyədən Bakıya zəng edib
danışan “abi”m mənə bu xoşbəxtliyi də
yaşatmışdı. (Bu imkanı yaradanlara təşəkkür
edirəm).
Bax, həmin o “Olsun”u balaca
bacısının gözlərinin içinə baxa-baxa oxudu
Əhməd abim. Hər kəsin həsədlə
baxdığı bir məqamda o mahnı onun ifasında mənim
üçün oxunurdu və o an mənim ruhum Allahın
yanındaydı (məni elə bu ruhum öldürməyəcəkmi...?)
olsun bə abim, olsun!!!
Ola bilsin ki, Əhməd
Şəfəqin musiqiləri, nəğmələri
hansısa ölçü-biçidə deyil. Mənim
gözümdə onun sevilməyinin səbəbi də məhz
budur. Əhməd Şəfəqin musiqiləri
yazılmamış qanunlara, biçilməmiş sərhəddlərə
dayanır. Milləti millət edən də elə bu qanunlar
deyilmi?
“Abi”m...
Nə yaxşı varsan...
Nə yaxşı bizimsən...
Saat gecənin
üçü, “Olsun”u dinləyirəm və sənə səndən
yazıram. Ruhumuzun başına köz kimi basıb
dağladığımız yaralarımıza su səpən
ruhun, səsin, ürəyin, Azərbaycan adlı sevdan var
olsun!
Müsahibim Əhməd
Şəfəqdir. Ruhuyla, varlığıyla Azərbaycan
qoxuyan Əhməd Şəfəq...
Onunla bu dəfə fərqli
mövzulardan danışacağıq. Amma yenə də
sevdamızdan yayınmadan əksinə bir az daha
ağrılı şəkildə bizi narahat edən məqamlardan
söhbət edəcəyik. Mən bilmirəm, necə
alınacaq amma bu dəfə Əhməd bəyə siyasətdən
soruşacam:
- Əhməd bəy, bəlkə
bir az “Fərqimiz olsun”?...
- Hə,
Nigar, bu, mənim bir ay yarım bundan əvvəl buraxılan
yeni albomumun adıdır. “Fərqimiz olsun” mənim musiqi həyatımda
sayca onuncu albomumdur. Allaha şükürlər edirəm ki, bu
albomu da hazırlamaq üçün lazımi istedadı və
cəsarəti mənə verdi. Elə onun yardımıyla da
yeni mahnılarla, yepyeni əsərlərlə bu diski də
hazırlayıb çatdırdım.
- Hansı
mahnılar yer almaqdadır bu diskdə?
- On bir əsərlik bu albomda da ənənəmə
sadiq qaldım. Öz mahnılarımla yanaşı mənə
göndərilən və mənim çox sevdiyim şeirlərə
də musiqi bəstələyib oxudum. Bir də, deyəsən,
Azərbaycanın zəngin musiqi xəzinəsindən o
gözəlim parçaları öz albomuma daxil etmək məndə
bir adət şəklini alıb. Türkiyədə də
çox sevilən bir mahnı “Əziz dostum” u səsləndirmişəm.
Bir də mənim gənc sevənlərimə tarixi hadisələri
bir obraz kimi, bir məzmun kimi, bir fəlsəfə nöqtəsində
axtarmaq üçün üzərində
çalışdığım əsərlər
olmuşdur. Bunlardan biri də 1926-cı ildə Qarsda Mustafa
Kamalın üzünə qarşı azərbaycanlı
soydaşlarımızın oxuduğu “Hoş gəlişlər
ola, Mustafa Kemal paşa” adlı əsəridir. Bu albomda məhz
bu mahnını səsləndirmək də mənim
üçün çox sevindiricidir. Bu, çox gözəl
bir hissdir. Albomun digər mahnıları içərisində,
mənim musiqi arxivimdə klassik olan bir Sabir Rüstəmxanlı
şeirinə musiqi bəstələdim. Eyni zamanda Anar
Yusifoğlu imzalı bir şeirə musiqi (“yar insafına
karmı yağdı”. red.) bəstələdim və yenə
Azərbaycanın tanınan, sevilən millət vəkili Qənirə
xanım Paşayevanın bir sevgi şeirini bəstələdim
(“bana elveda deme”. red.) ki, o da bu albomda yer aldı.
Dolayısı ilə bu albom həm öz musiqilərimin yer
aldığı, həm də kənardan aldığım, bəyənib
seçdiyim şeirlərə bəstələdiyim musiqilərdən
ibarətdir. Və bu gün Azərbaycanda olmağımın
da səbəbi bu albomdakı bir neçə mahnılara klip çəkməkdir.
- Əhməd
bəy, sizin tele layihələriniz də var, deyəsən...
- Bəli, Türkiyədə həftədə
bir gün “Şafak söhbətləri”verilişim efirə
gedir. Həftənin başqa bir günü də
“Sözü-musiqisi Əhməd Şəfəqin” televiziya
verilişim var.
-Yeniliklər
bununla bitirmi? Bəs “Küsena”?
- Yeni bir yayın evi açdım. İsmi
“Küsena”. Əslində, bu, mənim çoxdankı arzum
idi. İllərdən bəri arzuladığım, illərdən
bəri istədiyim bir işdi. Çünki cocuqluğumdan, gənciliyimdən
üzübəri kitaba çox yaxındım. Yazmaq mənim
həyatımın çox önəmli bir
parçasıydı. Oxumaq məni bütövləşdirən
həyatı əhəmiyyətli bir əyləmdi.
Dolayısı ilə bir iş görəcək olsam, bir
biznes quracaq olsam ancaq bu cür, çox sevdiyim bir işin
biznesini edə bilərəm deyə düşündüm və
“Küsena”nı qurdum. Hələlik yeni yaranıb. İlk olaraq
öz kitablarımı çap etdirdim. Yeni yazdığım
kitabların da hazırlıqlarını aparıram. Başda
Sabir Rüstəmxanlının əsərləri olmaqla Azərbaycanın
sayılıb-seçilən ədəbiyyat adamlarının
kitablarını çap etdirəcəyik. Çox yaxında
hazırlıqlar tamamlanacaq. Niyyətim Azərbaycanda yeni nəsil
ədəbiyyat nümayəndələrinin də əsərlərini
çap etdirib onları Türk dünyasına
tanıtmaqdır. “Küsena” yayınlarının belə bir
missiyası olacaqdır.
-Nə
deməkdir Küsena?
-Küsmüş Asena.
-Əhməd
Şəfəqə siyasət soruşmaq olarmı?
- Əhməd Şəfəqə siyasət
soruşmaq əlbəttə olar. Bilirsizmi, siyasət mənim
üçün sadəcə peşəkar
politikaçıların məşğul olduğu bir iş
deyil, siyasət eyni zamanda bir vətəndaşlıq
davranışıdır. Bütün vətəndaşları
hər zaman bir sual düşündürməlidir, mən necə
idarə olunuram? Məni idarə edənlər
uğurludurlarmı? Bunu görə bilən insanların
mütləq siyasətlə maraqlanmaları lazımdır.
Çünki siyasət ilk növbədə necə idarə
olunduğu ilə maraqlanmaqla başlar. Bu, bu ifadənin
özündə vardır.
Siyasət , söz kökü etibarilə
“seyis” sözündən gəlir,
“seyis”- hər hansı bir şeyə baxmaq
və onunla maraqlanmaq, diqqət göstərmək deməkdir.
Diqqət göstərdiyin hər nə isə onu inkişaf
etdirmək, böyütməklə əlaqədardır. Bu,
Şərqdə belədir amma Qərbdə siyasət “poli
etika” sözündən götürülüb və bir cəmiyyəti
idarə etmə sənəti olaraq qəbul olunur.
Fəqət, günümüzdə siyasət
sadəcə cəmiyyəti idarə edənlərin deyil, idarə
edilənlərin də cəmiyyətdə baş verənləri
və dünyadakı prosesləri sorğuladığı bir
sahədir. Bu səbəblə Əhməd Şəfəq
necə idarə olunduğu ilə maraqlanır, çünki Əhməd
Şəfəqin ilk növbədə maraqlandığı əsas
problem vətəndaş olma problemidir. Yaxşı bir vətəndaş
olmağa çalışır, yaxşı vətəndaşların
da siyasətlə maraqlanmaq kimi bir məcburiyyətləri
vardır. Bəzilərini, bu, maraqlandırmaya bilər, kimiləri
siyasətlə ünsiyyət içərisində olmaya bilərlər.
Onların da qəbul etməsi gərəkdir ki, siyasət
insanların günlük məişətləri ilə
ilgilidir- bir ölkədə, bir məmləkətdə
çörəyin qiyməti də siyasətdən
asılıdır, təhsilin, maarifin, təhsil
imkanlarının necə olmağı da siyasətdən
asılıdır. Bir vətəndaş bunlarla maraqlanırsa
məhz o əsl vətəndaşdır. Bir də biz hər
kəsi layiq olduğu şəkildə idarə edərik
düşüncəsi də bizim çiynimizə bir məsuliyyət
yüklər. Bu baxımdan, təbii ki, Əhməd Şəfəqdən
siyasət sorulur.
- Əhməd
bəy, madam ki, siyasətdən danışırıq, gəlin
o zaman Milliyyətçi Hərəkat Partiyasının indiki
durumunu da soruşaq sizdən. MHP-dəki son olaylara sizin
münasibətiniz necədir?
- Milliyyətçi Hərəkat
Partiyasının konqresdə bulunması əlbəttə
önəmlidir. Baxın, bu, bir həqiqətdir ki, mən Millətçi
Hərəkat Partiyasının üzvü deyiləm. Bu
partiyaya könlümlə, idrakımla bağlı olan bir
insanam amma partiyanın siyasi prosesləri içərisində
yer almıram. Çünki, mən bir vətəndaşam və
mənim sosial, ictimai fəaliyyətim siyasətdən
asılı deyildir. MHP türk millətinin xoşbəxtliyini,
güclü olmasını istəyən, Türk dövlətinin
daimi olmağı məsələsində çox
böyük ideallar, çox böyük məfkurələr
daşıyan bir partiya olduğu, məhz bu anlamda mənim
maraqlarımı təmin edən bir partiya olduğu
üçün Millətçi Hərəkat Partiyası ilə
maraqlanıram. Mənim bu bağlılığım tamamilə
yaxşı vətəndaş olmağımla əlaqədardır.
Bu anlamda Koray Aydının hər kəsin diqqətini
özünə cəlb edən bir formada konqresə
hazırlaşdığını görürük. Onu da
qeyd edim ki, Koray bəy çox dəyərli bir insandır. 1999-da
Türk millətinin başına gələn o böyük fəlakətdə
Bayandırlıq bakanı olaraq çalışan çox dəyərli
bir dövlət adamıdır. Eyni zamanda mənim də şəxsən
qiymət verdiyim, görüşdüyüm bir ağabəyimdir.
Koray Aydın nazir olaraq Türk millətinə xidmətlərində
özünü isbat etmiş bir adamdır. Amma və lakin mən
siyasəti sadəcə elementar bir iş olaraq görmürəm.
Siyasət eyni zamanda mənim üçün bir fəlsəfədir,
məfkurədir. Bu məfkurə biliklə, bilgiylə edilirsə
şübhəsiz bir dəyər qazana bilir. Bu amillərin
xaricindəki siyasət konjektural bir siyasətdir və bu, mənim
əhəmiyyət verdiyim bir siyasət modeli deyildir. Bunu hər
kəs edə bilər. Konjektural siyasət belə bir
şeydir, mən bu gün varam və müxtəlif hadisələrlə
rastlaşıram, bu hadisələrə qarşı mövqe
tuturam. Konjektural siyasət bu deməkdir. Hadisələrin
öncədən fərqinə varmaq, bunu edərkən də
bir metodologiyayla bir məfkurəylə hərəkət etmək
- baxın, bu, mənim idealizm siyasətimdir. Ki, bu siyasətin
Türkiyədəki ən böyük obrazı da Dövlət
Bağçalıdır. Mən məhz bu səbəbdən
Dövlət Bağçalı modelini qiymətləndirirəm,
dəyər verirəm. Təkcə bir partiyanın
böyüyü olaraq deyil, onu eyni zamanda Türk
dünyasının bir böyüyü olaraq da qəbul edirəm.
Siyasi xəttin sadəcə bir partiya ilə
adlandırılması yetərli bir izah olmaz. Türk milliyyətçiliyinin
fikir sisteminin, siyasi zəmindəki, həm teorik, həm pratik
anlamdakı obrazıdır Dövlət Bağçalı. Bəli,
Koray bəyi çox sevirəm, çox hörmət etdiyim
bir insandır amma siyasətə gəlincə - “Kutadqu-bilik” əsərində
öyüd verilmiş olan siyasət kimlər
üçün, hansı üsullarla aparılır? Bilgiylə,
ərdəmlə, kültürlə, bütün bunların
tərkibi nöqtəsində bir millət, bir millətə
xidmət onları necə güclü edər və bir
dövlət necə bir güclü dövlət olur,
bütün bu elementləri öz aləmində tərkib edən
bir siyasət fəlsəfəsinə sahib olduğu
üçün Dövlət Bağçalının siyasətini
çox önəmsəyirəm.
-Bağçalının
Azərbaycana münasibəti. Deyə bilərikmi ki,Türkiyə
siyasətində Azərbaycana ən yüksək münasibət
Bağçalıdan, MHP-dən gəlir?
-Şübhəsiz ki, MHP-dən gəlir.
Çünki MHP-ni digər partiyalardan fərqləndirən
Türk dünyası ilə maraqlanmasıdır. MHP-nin
Türkiyədəki digər siyasətlərdən fərqi də
budur zatən. Türk siyasətini hesabsız, mənfəətsiz,
mənafesiz bir formada, sevgiylə təmsil edər. Yəni
Türk dünyası siyasəti Türk dünyasının
bütövlüyü, xoşbəxtliyi, güclü
olmağı MHP-nin təməl siyasətini təşkil edir.
Digər partiyaların siyasətinə diqqət etsək,
götürək elə AK partini, o siyasət daha çox Orta
Doğu mənşəlidir, ərəb ölkələrinə
istiqamətləndirilmiş, ərəb ölkələri ilə
birlikdə beynəlxalq səviyyədə siyasət aparan bir
siyasi fiqur olaraq görürük Ak Partini. Cümhuriyyət
Xalq Partiyasının siyasəti isə Qərbi Avropa siyasət
modelidir. Amma Türk dünyasına yönəlik, Anadolu ilə
Türküstanın tərkibinə dayalı, baxın, bu,
çox önəmlidir, siyasət modeli MHP-də təmsil
olunur.
-Bunu
şəxslərlə eyniləşdirsək, Koray
Aydınmı, Dövlət Bağçalımı?
- Dövlət Bağçalıdır. Mənə
şəxsən özünün demiş olduğu bir fikri
sizə söyləyim: “Əhməd bəy, biz bundan sonra
Qarabağda olmalıyıq”. Onu da qeyd edim ki, mən bu fikri mətbuatda
ilk dəfə dilə gətirirəm. Böyük bir ehtimalla
önümüzdəki günlərdə Bağçalı
Azərbaycanın işğal edilmiş torpaqlarının sərhəddlərinə
səfər edəcək. Bilirsiniz, onun Alican sərhəd
qapısına gəlib orda etdiyi çıxışı Azərbaycanın
işğal edilmiş torpaqlarının geri
qaytarılması mövzusundakı qətiyyətini
bütün dünya artıq bilir. Türk
dünyasının harada bir ağrılı,
yanğılı yeri varsa orda Dövlət
Bağçalının həssas davranışı
vardır və türk dünyasının ağrılı
yerləri nöqtəsində hər zaman ürəyinin
çiyninə bir məsuliyyət götürən çox
qiymətli bir siyasətçidir, Dövlət
Bağçalı.
-Bu
sferada Koray Aydının şansı nə qədərdir?
- Onu mən deyə bilmərəm. Ona Millətçi
Hərəkat Partiyasının Gənəl Kurulu (İdarə
Heyəti) qərar verəcəkdir. Mən bir sənətçi
olaraq o kurula müdaxilə edə bilmərəm.
- Əhməd
bəy, son günlər Azərbaycan gündəmini bir video
çarx narahat edir. Baş nazir Ərdoğanın ortaya
atmış olduğu və haqlı-haqsız hər kəsi
qıcıqlandıran bu görüntülərdə məhz
Türkiyənin geriyə göndərdiyi 146 nəfərin elə
onların gözü önündə güllələnməsindən
bəhs edilir...
- O, sadəcə Ərdoğanın
çıxışıydı, təbii, buraya video olaraq gəldi.
Ərdoğan məlum olduğu kimi, Suriyə məsələsi
ilə əlaqədar Cümhuriyyət Xalq Partiyasının
liderinin ona etdiyi təkidə qarşı dediyi”nə edək,
biz də İnönünün elədiyi kimi, Azərbaycandan
ölkəmizə sığınan insanları gerimi göndərib,
rusun qarşısında onların necə güllələndiyinimi
seyr edək?” kimi bir çıxış etdi. Təbii ki, bu,
bizim ağrılı yerimizdir. 1945-ci ildə 2-ci Dünya
Müharibəsinin sonlarında kommunizmin, rus
imperiyasının güclü olduğu bir vaxtda sərhəddən
146 nəfərlik bir soydaş tayfası Türkiyəyə
sığınmış və Türkiyədə qalmaq istədiklərini
bəyan etmişlər. O dönəmdə İsmət
İnönü cümhurbaşkanıydı və çox təmkinli
siyasəti ilə 2-ci Dünya müharibəsində savaşa
qoşulmamış, kənardan müşahidə edərək
heç bir tərəfdə olmayaraq Türkiyənin
müharibəyə daxil edilməsinin qarşısını
almışdır. Bu müddət ərzində kommunizm
rejimli rus imperiyasının II Dünya müharibəsindən
qələbəylə çıxması
İnönünü təmkinli olmağa vadar etmişdir. Əlbəttə,
bu soydaşları qorumaq, mühafizə etmək əslində
bir Türkiyə dövləti prezidentinin vəzifəsidir.
Könül istərdi ki, baş nazir Ərdoğan bu sferadan
deyil, başqa bir tərəfdən yanaşaydı bu məsələyə.
Söhbətləşdi:
Nigar İsfəndiyarqızı
Kaspi.-
2012.- 15-17 sentyabr.- S.12.