Qorkinin qızı, Beriyanın gəlini 

 

Gözəl Marfanın iztirabla dolu həyat hekayəsi

 

Belə bir ifadə var: «Ağlagəlməz gözəllik». Bu, onun haqqındadır – Marfa Peşkova. Maksim Qorki və Yekaterina Peşkovanın nəvəsi. Svetlana Stalinanın uşaqlıq rəfiqəsi, Lavrenti Beriyanın gəlini.

O, öz yaşını gizlətmir. İnanmaq olmur ki, bu cazibədar bugünlərdə 87 yaşı olub. Özünün həyat sevincini Marfa Maksimovna belə izah edir: «İdmanla məşğul oluram və az yeyirəm. Bizim evdə yeməyə pərəstiş yoxdur”.

O, İtaliyanın Sorrento şəhərində doğulub. Hazırda iki ölkədə: yarı İspaniyada, yarı Rusiyada yaşayır.

 

Unudulmayan xatirələr

 

“Mən 5 aylıq olanda anam yatalaq xəstəliyinə tutuldu və onun südü itdi” – deyə Marfa Peşkova danışır:

- Atam mənə görə süd anası axtarmağa başladı. O, ümidini tamam itirdiyi anda kimsə ona «bir ailədə yeni doğan eşşək var. Onun südü qadın südünə çox yaxındır» dedi. Süd anası tapana qədər bu südlə yedizdirdilər. Bu, çox qeyri-adi idi. Mənə qədər isə italyan şahzadəsini bu südlə böyütmüşdülər.

- Siz nadir adınıza – Marfa adına görə kimə borclusunuz?

- Atamla anam məni Mariya adlandırıblar. Ancaq keşiş Simeyon Romadan gələnə qədər babam mənə Marfa adını verməyi qərara alıb. Xaç suyuna salınma bizim evimizdə keçirilib. Mərasim bitəndən sonra babam Maksim Qorki məni dəsmala büküb. Babamla nənəm kilsəyə getmirdilər. Onlar hesab edirdilər ki, din xadimləri özlərini həmişə layiqli aparmırlar. Amma nənəm həmişə bayramqabağı evimizin qulluqçusu ilə kilsəyə pul göndərirdi.

- Maksim Qorki necə baba idi?

- O, bacımla məni çox sevirdi. Biz onun boş vaxtlarında Qorkidəki bağda gəzirdik. Babamız bizi çağıranda biz dərhal meşəyə qaçırdıq. Babam göbələk yığmağı xoşlayırdı. Mövsüm bitib meşə boşalanda haradasa qapıların arxasında göbələklər çıxırdı. Biz onları meşəyə gətirib əkirdik. Əlbəttə, babam başa düşürdü ki, bizim göbələklər çox da dərinə basdırılmayıb. Ona görə də su vermir və: «Bu gün bizim yenə məhsulumuz var” deyə sevinirdi. Gəzintilər zamanı o bizə uşaqlığının tarixçəsindən danışırdı. Babamın ölümündən sonra mən onun «Uşaqlıq» kitabını açanda orada yazılanları əzbər bilməyim haqqında hisslər məni tərk etmirdi.

- Siz 25 saylı nümunəvi məktəbdə sovet elitasının uşaqları ilə oxumuş və Svetlana Stalina ilə bir partada oturmusunuz. Məktəb seçiminiz təsadüfi idi?

- Məni bu məktəbə Svetlanaya görə göndərmişdilər. Arvadı Nadejda Alliluyeva vəfat edəndən sonra Stalin babamın yanına gələrək bizi Svetlananın yanına apardı. Çox istəyirdi ki, Svetlana mənimlə və Darya ilə ünsiyyətdə olsun. O, qızının özünü tənha etməməsi üçün bizi evinə çağırırdı.

- Xatırlayırsınızmı, siz necə tanış oldunuz?

- Mən onun evə necə daxil olmasını xatırlayıram. Gügünün qarşısında dayandı, ağ şapkasını çıxaranda qızılı saçları şəlalə kimi çiyinlərinə dağıldı. Adətən balaca uşaqlar tanış olanda onlar nə barədə danışacaqlarını bilmirlər. Bizi bağa gəzməyə apardılar.

İkinci dəfə isə məni onun yanına apardılar. Məni qapıda dayə qarşıladı və Svetlananın yanına götürdü. O, otaqda oturub qara parçadan nə isə tikirdi. Biz oturub susurduq. Sonra mən ondan nə tikdiyini soruşdum. «Kukla paltarı» - deyə cavab verdi. «Bəs nə üçün qara?» soruşanda «Mən anamın paltarını tikirəm» - dedi. Sonra mənə diqqətlə baxdı: «Məgər bilmirsən ki, mənim anam ölüb?» dedi və ağlamağa başladı. Mən də: «Mənim isə atam ölüb» - dedim və ağladım. Bu dərd bizi uzun müddət birləşdirdi.

 

Faciəli məhəbbət

 

- Stalinin qızı özünü məktəbdə necə aparırdı?

- Svetlana çox ciddi idi. Ona Stalinin qızı kimi diqqət göstərəndə dözə bilmirdi. İbtidai məktəbdə onu mühafizəçi müşayiət edirdi. Həmişə də mühafizəçidən ondan iki-üç addım arxada qalmasını xahiş edirdi. Svetlananın ad günləri bağda və Kremldə keçirilirdi.

- Sizcə Stalin qızını sevirdi?

- Balaca olanda sevirdi. Svetlana böyüyəndən, oğlanların diqqətini çəkməyə başlayandan sonra isə qızından zəhləsi gedirdi. Qızının Aleksey Kaplerlə görüşməyə başladığını eşidəndə onda qısqanclıq yarandı və dərhal oğlanı sürgün etdirdi. Onlar isə sadəcə küçədə gəzişirdilər, muzeylərə gedirdilər, aralarında heç nə yox idi.

- Siz Stalini tez-tez görürdünüz? Ona necə münasibət göstərirdiniz?

- Svetlanaya görə Stalinə nifrət edirdim. Stalin qızı ilə kobud davranırdı: «Bu köynəyi çıxar, kimin üçün bəzənmisən?» - deyə onun göz yaşlarını axıdırdı.

Bir dəfə o, sevinclə qaçaraq Qrişa Morozovaya ərə getdiyini xəbər verəndə Stalin «rus tapa bilmədinmi?» - deyə qapını çırpdı.

- Siz Svetlana ilə yaxın rəfiqə idiniz. Sonra münasibətiniz pozuldu...

- Biz 10 il Svetlana ilə bir parta arxasında oturmuşuq. Biz Serqonun – Beriyanın oğlunun üzündən ayrıldıq. Çünki Svetlana ona məktəbdə oxuyanda vurulmuşdu. O, 9-cu sinifdə oxuyanda bizim sinfimizə gəldi. «Mən onu tanıyıram, biz Qaqrada tanış olmuşuq, o, yaxşı oğlandır» - deyə Svetlana mənə dedi. Serqonu alman qadın tərbiyə etmişdi. Anası ixtisasca kimyaçı olduğundan daim işdə olurdu. Serqo alman dilini gözəl bilirdi. Darya ilə mənim də alman dayəmiz vardı. Tərbiyəmiz bizi birləşdirirdi. Alman tərbiyəçilər bizə dəqiqliyi öyrətmişdilər.

- Svetlana sizin ərə getməyinizi necə qarşıladı? Qısqanclıqla?

- Mən Serqoya ərə gedəndən sonra onunla ilk dəfə görüşəndə Svetlana mənə: «Sən daha mənim rəfiqəm deyilsən. Sən bilirdin ki, mən onu sevirəm. Ona ərə getməməli idin. Qrişanın mənim üçün əhəmiyyəti yox idi. Beş ildən sonra həyatımda Serqo ola bilərdi” dedi. O, hesab edirdi ki, nə vaxtsa istədiyinə nail olacaq. Evimizə zəng vururdu. Mən telefona yaxınlaşanda dəstəyi asırdı. Serqo: «Yenə bu, kürən fırıldaqçı zəng edir» deyə özündən çıxırdı.

- Faciəli məhəbbətdir. Svetlana axı ərdə idi?

- Hə, Qrişa Morozov onun əri idi. Onların Osya adlı oğulları doğulmuşdu. Bununla belə o, Serqoya olan hisslərindən əl çəkmirdi. Müharibə vaxtı Kuybışevə evakuasiya olunanda o, necəsə qardaşı Vasiliyə Serqonun yanına uçmaq istədiyini demişdi. Sonra Serqo mənə bunun dəhşətli olduğunu söylədi. Serqo özünü necə aparacağını bilmirdi. Bircə onu qovmaq qalmışdı.

 

Maksim Qorkinin nəvəsinə diqqətlə yanaşın

 

- Ərinizin valideynləri sizi necə qəbul edirdilər. Çünki siz qeyri-adi ailəyə daxil olmuşdunuz. Təkcə Beriya adı dəhşət doğururdu.

- Lavrenti məni qucaqladı və: «Sən indi bizimsən» dedi. O zaman səs-küylü toylar qəbul olunmurdu. Biz stolun ətrafına yığışdıq və yaxşı gürcü çaxırı içdik. Birinci qızım doğulanda Serqonun anası dərhal işini atdı və nəvəsi ilə məşğul olmağa başladı. Lavrenti hər həftə bağa gəlir və istirahət günlərini həyat yoldaşı ilə keçirirdi. Beriyanın 200 nəfər sevgilisinin olmasından danışırdılar, amma bu, reallıq deyildi. Düzdür, onun qadınları var idi. Hətta, sonunculardan biri ona uşaq da doğmuşdu.

- Arvadı Nina Teymurazovna vəziyyətlə barışırdımı?

- Barışmaq? Onun özünün də Qaqrada sevimli mühafizəçisi vardı. Mən aynabənddə onların pıçıldaşmasını eşitmişdim. Ancaq onlar nəvələrini sevirdilər. Səhərlər bağda olanda dərhal nəvələrini istəyirdilər. Onların birgə çoxlu şəkilləri vardı. Lavrenti uşağı arabada sürür, onu dizləri üstündə oturdurdu. Beriyanın həbsindən sonra bu fotoları da müsadirə etdilər.

- Bu, necə oldu?

- Beriyanı Moskvadakı mənzilində öldürdülər. Mən bunu dəqiq bilirəm. Bir neçə il sonra onun mühafizəçilərindən biri ilə görüşdüm və o, bunu təsdiq etdi. Bizim arxamızca da bağa gəldilər və bizi xüsusi bağa apardılar. Orada hətta, radio da yox idi. Biz nə olduğunu başa düşmürdük. Bizə elə gəlirdi ki, hakimiyyət dəyişikliyi baş verib. Fikirləşirdim ki, bizi güllələməyə aparacaqlar. Həmin vaxt mən üçüncü dəfə hamilə idim. Sonra Serqonu həbs etdilər. Ərimin həbsindən sonra məni Barvixə gətirdilər.

- Sonra Serqonu Sverdlovska sürgün etdilər. Siz ərinizlə getdiniz?

- Hə. Sverdlovskda biz şəhər kənarında yaşadıq. Nina Teymurazovna da orada işləyirdi. Serqoya Moskvaya getməyə icazə veriləndə o, imtina etdi. Xalasının yaşadığı Ukraynaya getdik. Sverdlovsk mənim xoşuma gəlirdi. Köhnə Arbatdan başqa Moskva mənim şəhərim deyildi. Mən Kiyevi sevirəm, orada mənim oğlum yaşayır.

- Siz niyə ayrıldınız?

- Bir dəfə Moskvada Serqo ilə küçə ilə gedəndə qarşımıza bir qız çıxdı. Bizə tərəf gəlib «sən kiminləsən» - deyə Serqoya qışqırdı. Serqo qızardı. «Mən onun arvadıyam» - deyə cavab verdim. «Sən evli olmamağın haqqında mənə pasport göstərmişdin» - deyə qız yenidən qışqırdı. Həqiqətən, Serqonun yeni pasportunda ştamp yox idi. Mən çox pis vəziyyətə düşdüm. Dərhal qərara aldım: əşyalarımı yığdım, bilet aldım və Moskvaya getdim. Sonra da Serqoya zəng edərək «səndən ayrılıram» - dedim. Hətta, axşam qəzetində bizim ayrılmağımız haqqında məlumat yayıldı. Əlbəttə, sonralar biz görüşürdük. Başa düşürdüm ki, oğlum atası ilə bərabər olmalıdır. Onu atasının yanına tez-tez göndərirdim.

- Serqonu həbs edəndə ananız Voroşilovun adına məktub yazıb: «Xahiş edirəm, Marfanın taleyinə – Maksim Qorkinin nəvəsinə diqqətlə yanaşasınız. Onun babası və atası xalq düşmənlərinin əli ilə öldürülüb. Marfanın bizim ailəmizdə yaşamasına icazə verin». Siz də hesab edirsiniz ki, atanız və babanızı aradan götürüblər?

- Babamın səhhəti normal olmadığından bir çox tədbirlərə atamı göndərirdi. Atam ömrünün yarısını xaricdə yaşamışdı. Lenin ona demişdi: «Sənin təyinatın atanla bir olmaqdır». Babam qışda Sorrentoya qayıtmağa qərar verəndə Stalin ona dedi: «Bizim Krımımız var. Biz sənə orada bağ verərik, Sorrentonu unudun». Babamı daha Sorrentoya buraxmadılar. Onun əşyaları da orada qaldı. Anam və nənəm onun kitablarını və əşyalarını yığmaq üçün getdilər. Çünki oradakı ev Qorkinin evi deyildi.

- Deyirlər ki, sizin atanız içkili vəziyyətdə şaxtalı havada skamyada yatıb və orada da vəfat edib.

- Elə deyil. Həmin gün içkili vəziyyətdə evə gəldi. Anam hirslə: «Əgər bir də belə vəziyyətdə gəlsən, səndən ayrılacağam» dedi. Atam maşından çıxdı və parka yollandı. O, skamyada oturub və yuxulayıb. Sonra atam xəstələndi və ciyər sətəlcəmindən vəfat etdi. Onun cəmi 36 yaşı vardı.

- Qorki yeganə oğlunun ölümünü necə qarşıladı?

- Babam artıq iki il idi dünyadan köçmüşdü. Qorki «Kilim Samgin»i yazanda onun ilk oxucusu Maksim olmuşdu. Sonra isə babam ev adamlarını yığaraq özü onlara əsəri hündürdən oxudu.

- Doğrudurmu, Henri Yaqoda da ananınıza pərəstiş edirdi?

- Bunlar şayiələrdir. Onu Stalin özü göndərmişdi. O, istəyirdi ki, anam onun haqqında yaxşı düşünsün. Stalin hələ ilk dəfə Svetlananı bizə gətirəndə anama nəzər yetirmişdi. O, həmişə bizə güllə gəlirdi. Anam isə ona bağda «yox» cavabı verdi. Bütün bunlardan sonra isə anama kim yaxınlaşırdısa onu yerində oturdurdular.

- Nənəniz Yekaterina Pavlovnanın da qadın xoşbəxtliyi yox idi? Maksim Qorkinin parlaq macəraları vardı?

- Babam nənəmlə xüsusi münasibətini bütün həyatı boyu saxlamışdı. Nənəm nə vaxt istəsə çıxıb gedə bilərdi. Babamın evində onun otağı vardı. Ora mən və bacımdan başqa heç kimi buraxmırdılar. Babamın axırıncı məhəbbəti Mariya Budberq olmuşdu. Nənəmin isə Mixail Konstantinoviç adlı dostu vardı. O, yayda Barvixdə nənəmin yanında yaşayırdı. Onlar bağda tanış olmuşdular. Nənəm o zaman qızı Katyanı itirmişdi və depressiyada idi. Mixail Konstantinoviç onu depressiyadan çıxarmağa çalışırdı. Babam isə onda Mariya Fyodrovna ilə Amerikada idi və yalnız quru başsağlığı göndərdi.

 

 

“Moskovsiy komsomolets”dən tərcümə etdi

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2012.- 15-17 sentyabr.- S.15.