Hacıbaba
Bağırov gülüşü
Tanınmış
amerikan yazıçısı Mark Tven demişdir: “Ancaq həyat
həqiqəti əsasında yarananda yumor yaşamağa
qadirdir. Oxucunu güldürmək olar. Lakin bu
gülüşün əsasını insanlara sevgi təşkil
etmirsə, o mənasız gülüşdür.”
Görkəmli
sənətkar, böyük gülüş ustası
Hacıbaba Bağırovun gülüşü xeyirxah
gülüşdür, onun gülüşü
tamaşaçılara sevgi, müsbət enerji bəxş
edir. Ona görə də tamaşaçılar bu gün də,
mavi ekranda, kinoda, dinləyicilər radio dalğalarında
Hacıbabanın hər bir çıxışını səbirsizliklə
gözləyirlər.
Bir
neçə il bundan əvvəl səhnədəki
çıxışlarını
alqışladığımız aktyor haqqında
keçmiş zamanda yazmaq çətindir. 74 illik
ömrünün 57 ilini sənətə həsr etmiş Azərbaycanın
xalq artisti H.Bağırovun ömrü illərlə deyil, əməlləri
ilə ölçülüb. Yaxşı əməlləri
isə çoxdur, zəngindir. O, uzun illər həyatını
Azərbaycan mədəniyyətinin inkişafına həsr
etdi, sənətdə öz rolunu məharətlə
oynadı, minlərlə tamaşaçını
güldürdü və düşündürdü.
Hacıbabanın
atası Ağarza Bağırov Azərbaycan Dövlət
Filarmoniyasında müdir müavini, anası Sona Əliyeva
dövlət qulluqçusu işləyib.
H.Bağırov
ilk dəfə aktyorluğa Bakıdakı pionerlər evində
başlayıb. Hacıbabanı “Vaqif” tamaşasında Vidadi
rolunda görən görkəmli rejissor Adil İsgəndərov
onu Azərbaycan Dövlət Dram Teatrı nəzdində
özünün açdığı və işlədiyi 3
illik teatr-studiyasına dəvət edir. Teatr-studiyanı
bitirdikdən sonra o, 1949-cu ildən təyinatla Lənkəran
Dövlət Dram Teatrında işləyir. Teatr
bağlandıqdan sonra gənc aktyor 1 nömrəli Dəmiryol
texnikumuna daxil olur, burada təhsil alır, texnikumu bitirdikdən
sonra hətta maşinist köməkçisi işləyir.
1952-ci ildə o, Bakı Ayaqqabı Fabrikində komsomol katibi vəzifəsində
çalışır. Lakin sənətə olan həvəs
onu Gəncə Dövlət Dram Teatrına aparıb
çıxarır. Burada o, 1960-1962-ci illərdə aktyor kimi
fəaliyyətini davam etdirir.
1962-ci
ildə Hacıbabanın həyatında unudulmaz hadisə
baş verir. Bəstəkar Süleyman Ələsgərov Gəncədə
tamaşalardan birində Hacıbabanın oyununu görüb
onu Musiqili Komediya Teatrına dəvət edir. O, bu teatrın səhnəsində
aktyor, sonralar bədii rəhbər və direktor vəzifələrində
işləyir.
80-ci
illərin sonunda Azərbaycanda baş verən ictimai-siyasi hadisələr
ölkəni iflic vəziyyətinə salır. Belə bir
vaxtda, yəni 1989-cu ildə Hacıbaba Bağırov Bakı Tənqid-Təbliğ
teatrını açır. 1996-cı ilə qədər fəaliyyət
göstərən bu teatrın bədii rəhbəri olur.
Teatrdan
fərqli olaraq kinomuzda Hacıbaba Bağırovun ifa etdiyi
rollar, yaratdığı obrazlar çox olmasa da
yaddaqalandır.
1965-ci
il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili
kinokomediyasına ilk baxış oldu. Tamaşaçılar
rejissor Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur
aktyorlarla - Bəşir Səfəroğlu, Lütfəli
Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə
Şahmərdanova, Hacıbaba Bağırov və digər sənətkarlarla
görüşdülər, bu komik sənətkarlar filmdə
öz istedadlarını nümayiş etdirdilər.
Möhsün
Hacıbaba Bağırovun kinoda ilk rolu idi. O, bu rolunu belə
xatırlayırdı: “Səhnədə Möhsünü
oynamaq mənimçün çox asan idi. Ancaq eşidəndə
ki, bu operettanı filmə çəkəcəklər,
çox həyəcanlandım, əvvəla mən filmə
heç çəkilməmişdim. Olsaydı ilk rolum
olacaqdı... Film ekranlara çıxanda qanadım olsaydı
uçardım. İlk dəfə idi ki, öz oynuma
özüm oturub kənardan baxa bilirdim.
“Ulduz”
mənim aktyorluq fəaliyyətimə, mənim aktyor
asimanıma əsl ulduz bəxş elədi. Onun
işığı indi də ömrümdə bərq
vurur...”
O
zamankı mətbuat bütövlükdə filmi, xüsusilə
də Möhsün obrazını yüksək dəyərləndirdi.
Filmdə
bir-birini tamamlayan iki xətt var. Birinci, Gülümsərov,
onun katibi Möhsün, onlar daha çox mühafizəkarlığı,
köhnəliyi təmsil edirlər. İkinci, Bəxtiyar,
Ulduz, Şubay, Yetər, onlar isə yeniliyi təmsil edənlərdir.
Əgər Gülümsərov və Möhsün
obrazları olmasaydı onu ülvi məhəbbətin poetik
hekayəti adlandırmaq olardı.
“Ulduz” filmi
gülüş yaradan sənət əsəridir. Filmin
gücü burada təsvir edilən hadisələrdə deyil,
qabarıq planda aktyorun görünməsidir. Əsası odur
ki, aktyorlar gülüş yaratmaq imkanları ilə bir-birini
tamamlayırlar.
Hacıbaba
Bağırov xatirələrində yazır: “Möhsün
rolu mənim aktyor fakturama və temperamentimə uyğun idi.
Onun uğurlu çıxmasının başlıca səbəbi
rolun mənə yaraşması idi. Ona görə də bu
obrazı özüm bildiyim kimi oynamışam, obraz da təbii
alınmışdır.”
Hadisələrin
gedişindən məlum olur ki, Möhsün Ulduzu sevir, lakin
sevgisini qıza izhar edə bilmir. Baxmayaraq ki, o, yaltaqdır,
ikiüzlüdür, bu adamda utancaqlıq hissi də yox deyil,
ona görə də ürəyindən keçənləri
açıb Ulduza deyə bilmir, Yalnız Ulduzun xəyalları
ilə yaşayır.
Filmdə belə
bir maraqlı səhnə var. Məhəmməd qıza deyəndə
ki, Ulduz xanım, Möhsümün sizə iki kəlmə
sözü var, Möhsün həyadan və həyəcandan
özünə yer tapa bilmir, ancaq bunu deyə bilir ki, Ulduz
xanım, deyə bilməyəcəyəm, sözümü
sizə poçtla çatdıraram.
Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır,
Doktor dedi ki, yalnız,
Ulduz ona dərmandır.
Bu şeir
parçası komediyanın leytmotivini təşkil edir.
Möhsün biləndə ki, Ulduz yox, Yetər onu “sevir”,
sevincindən uşaq kimi atılıb düşür. Məşədi
İbad demişkən, o olmasın, bu olsun, − deyir.
Burada biz
Möhsünün xaraktersiz bir adam olduğunu
görürük. Onun dönüklüyü gülüş
doğurur. O, düşünmədən, deyilən
sözün məntiqinə varmadan Ulduzu Yetərlə əvəz
etməyə razılıq verir. Bu yerdə Möhsünün
mənəviyyatsızlığı üzə
çıxır. Onun digər qəhrəmanlara qarşı
münasibətində də zəif xarakteri özünü
büruzə verir. Yalnız son anda o öz hərəkətləri
ilə şəxsiyyətini necə
alçaltdığını başa düşür.
Gülümsərovun əmrinə tabe olmur.
Hacıbaba
Bağırovun kinoda ikinci işi rejissor Muxtar Dadaşovun
“Qanun naminə” bədii filmində oldu. O, filmdə əvvəlcə
Kamilovun əlaltısı, filmin ikinci yarısından sonra
dostun-düşmənin kim olduğunu dərk edib, prokurorla
birgə rayonda cinayətkarlara qarşı mübarizə
aparan milis işçisi kimi fəaliyyət göstərir.
Rejissor
M.Dadaşov müsahibələrinin birində aktyor haqqında
belə demişdir: “Hacıbaba çox istedadlı aktyordur. Zəhmətsevərdir,
işgüzardır. İndi də onun rollarına,
oxumalarına, rəqslərinə ekranda baxanda elə fikirləşirəm
ki, bu adam anadan səhnə üçün doğulub.
Hayıf ki, kinomuzda sonradan bu istedadlı aktyordan istifadə etmədilər”.
“Qanun naminə”
filmində Hacıbaba müsbət obraz yaratmışdır.
Arif prokurorla görüşdüyü vaxt əvvəlcə
gülünc vəziyyətə düşür, sonra səhvini
anlayaraq namuslu milis işçisinə çevrilir, hətta
cinayətkarların tutulmasında prokuror Mehmana kömək
edir.
Rejissor Arif
Babayevin 1975-ci ildə quruluş verdiyi “Alma almaya bənzər”
kinokomediyasında biz H.Bağırovu bazar müdiri Məmmədəli
rolunda görürük.
Bağban
atası Nadir babanın yetişdirdiyi tumsuz almaları xəlvəti
bağdan yığdırıb bazarda baha qiymətə
satdıran Məmmədəli − H.Bağırov
yüngül yolla qazanc əldə edənlərin, onun-bunun
hesabına dolananların, bazarlarda qiymətləri öz xeyrinə
tənzimləyənlərin tipik surətini
yaratmışdır.
Biz bu gün
də gündəlik həyatımızda belə insanlara
tez-tez rast gəlirik. Belələri bizim cəmiyyətdə
hansı yolla olursa-olsun istədiyinə nail olmaq
üçün hər cür vasitəyə əl atmaqdan
çəkinmir, təki onlar deyən olsun, təki cib pul ilə
dolu olsun.
“Alma-almaya bənzər”
filmində Hacıbabanın qəhrəmanı Məmmədəli
sevdiyi və ardınca qarabaqara düşdüyü gənc
müəllimənin ona məhəl qoymadığını
görüb deyir: “İstəyirsən, gedim lap texnikoma girim səninçün.
İstəyirsən lap bazarı bağlatdırım səninçün.”
Məmmədəli
üçün texnikumda oxumaq və ya bazarda alver etmək
eyni şeydir. Təki qız ona ərə getməyə
razılıq versin. Qızın onun tayı olub olmamasının
Məmmədəli üçün elə bir əhəmiyyəti
yoxdur.
Məsələ
burasındadır ki, Nadir baba da oğlundan narazılıq
edir, onun fərasətsiz, nankor adlandırır. “Sən mənim
oğlum deyilsən, sən mənim ömrümü
oğurlamısan!” deyir. Bu ağır ittiham, ata fəryadı
oğula təsir etmir. Rejissor Nazim Abbasın “Biz az da bahar
bayramı” televiziya filmindəki satıcı və rejissor
Ziyafət Abbasovun “Onun bəlalı sevgisi” bədii filminin qəhrəmanı
Qaraxalov heç də “fərasətdə” Məmmədəlidən
geri qalmırlar.
Kimdir
Qaraxalov? O, tikiş fabrikində direktor müavini vəzifəsini
icra edən çox hiyləgər və yaltaq adamdır. O,
fabrikin direktoru Şövkət xanıma yaltaqlanır, hətta
qarşısına aparıb çay da qoyur.
Fabrik zay məhsullar
buraxmasına baxmayaraq, Qaraxalov birliyin rəisi Sabirovla əlaqəyə
girib, eksperimental sexin məhsullarını ümumşəhər
sərgisində nümayiş etdirir. Əvəzində isə
direktor müavini vəzifəsinə onun təsdiq
olunmasını xahiş edir. Qaraxalov vəziyyətdən
sui-istifadə etməyi bacarır. O, işbaz adamdır, kimə
necə yanaşmağı, nə demək lazım olduğunu
yaxşı bilir. Qaraxalov hər dəfə kiminləsə
danışanda belə bir söz işlədir: “Siz bizim
üçün işləyirsiniz, biz də sizin
üçün.” Elə bu sözlər onun daxili aləminin
çirkinliyini, cəmiyyət üçün nə qədər
təhlükəli adam olduğunu bir daha açıb göstərir.
Nəhayət
keçən əsrin 90-cı illərinin əvvəllərində
xalq artisti Hacıbaba Bağırov kinoda özünün ən
maraqlı rollarından birini oynadı. Bu, rejissor Cəmil
Quliyevin çəkdiyi “Şirbalanın məhəbbəti”
musiqili, rəngli kinokomediyasındakı baş rol-Şirbala
rolu idi.
Dramaturq-şair
Rüfət Əhmədzadə müsahibələrinin birində
demişdir: “Şirbaladan əvvəl Sonqulu
yaradılmışdı. Sonqulunun əhvalatları 14 səhnədən
ibarət idi. Həm də bu əhvalatlar televiziyanın “Səhər
görüşləri” üçün qələmə
alınmışdı. Sonra Musiqili Komediya Teatrı
üçün “Sizinlə gülə-gülə” əsəri
yaradıldı, məxsusi Hacıbaba Bağırov
üçün.”
Beləliklə,
Sonqulunun sevgi-məhəbbət tarixçəsi teatrın səhnəsinə
çıxarıldı. Bundan sonra dramaturq R.Əhmədzadənin
oğlu Zülfüqar Rüfətoğlu H.Bağırovla
birgə “Şirbalanın məhəbbəti” ssenarisini qələmə
aldılar. Eyni adlı film istehsal olunub ekranlara
çıxarıldı.
Aktyor həm
teatrda, həm də kinoda gözəl rəqs edir, mahnı
oxuyurdu. Bu, hadisələrin gedişi ilə bağlı aktyor
qarşısında qoyulan tapşırıq idi. Kino
işçiləri onun bu sahədəki istedadını nəzərə
alıb mahnı və rəqs nömrələrini filmə məmnuniyyətlə
daxil edirdilər. Şirbalanın məhəbbəti filmində
də belə nömrələr çoxdur. Aktyor bu nömrələri
böyük həvəslə, böyük şövqlə
ifa edir. Onun ifa etdiyi mahnılar həm obrazın daxili aləminin
açılmasına kömək edir, həm də hadisələrlə
üzvi surətdə bağlanır.
Şirbala
cibi dolu, lakin mənəviyyatı boş ticarət
işçisidir. Beş uşaq atası olmasına baxmayaraq
yaşlı vaxtında məhəbbət bəlasına
tutulmuş tipdir. Cavan qıza vurulması, özü
üçün elçiliyə getməsi sonradan onu gülüş
hədəfinə çevirir.
Hətta haram
yolla qazandığı pullar belə onun köməyinə gəlmir,
hər an ifşa olunacağını hiss etsə də fikrindən
dönmür, cavan qızla evlənmək onun gözlərini
tutur. Nəticədə Şirbala gülünc vəziyyətə
düşür.
Şirbalanın
gülünc vəziyyətə düşməsində həyat
yoldaşı Ünbilnisənin hökmü, qətiyyəti və
müasir Məşədi İbada oxşayan ərinə
öz sözünü deməyi bacarmasındadır. Bu
koloritli rolu sevimli aktrisamız Kübrabəyim Əliyeva
çox təbii, canlı və inandırıcı
oynayır. Aktrisanın qəhrəmanı
tamaşaçılarda həm gülüş doğurur, həm
də ona qarşı rəğbət hissi oyadır.
Şirbalanın
gənc sevgilisi rolunu oynayan tanınmış aktrisa Həmidə
Ömərova öz professional oynu ilə diqqəti cəlb
edir, onun Nazlısı uğurlu alınıb. Nazlı kimi
cavan, qəşəng qızın Şirbala kimi yaşlı
kişiyə ərə getməsi tamaşaçıda təəccüb
doğurur. Lakin mahnıların birində deyildiyi kimi,
yaşın nə fərqi var ki.
Nazlı
yaşlı bir kişiyə ərə getməsində səhvə
yol verdiyini Şirbalanın evlənmək
fırıldağının üstü açılanda
başa düşür. Necə deyərlər, zərərin
yarısından qayıtmaq da xeyirdir.
Bəstəkar
Səyavuş Kəriminin dediklərindən: “Hacıbaba
Bağırov kimi yüksək səviyyəli sənətkarların
məktəbini keçmək mütləqdir. Elə bir adam
tanımaq çətindir ki, H.Bağırovu qəlbində
yaşatmasın. Onun adı gələndə hamının
üzündə təbəssüm oyanır. Hacıbaba
müəllim qüdrətli sənətkarlar sırasına
daxildir. O, böyük məktəb qoyub. Nə vaxtsa gözəl,
peşəkar aktyorlar da meydana gələcək. Amma
onların ən yüksək zirvəyə çatması
üçün, sözsüz ki, Hacıbaba Bağırov
kimi sənətkarların məktəbini keçmək
mütləqdir.”
Yaradıcılıq
və həyat eşqi ilə yaşayan xalq artisti Hacıbaba
xasiyyətcə nikbin adam idi. Ona görə də onun istər
teatrda, istərsə də kinoda yaratdığı surətlər
tamaşaçılara nikbin və xoş əhval-ruhiyyə bəxş
etmiş, bu gün də bəxş edir.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Kaspi.- 2012.- 15-17 sentyabr.- S.20-21.