Nəvvabın əsəri
– Şuşanın tarixi
Uzun illər Qarabağın tarixi ilə
əlaqədar böyük əhəmiyyət kəsb edən
onlarla yazılı mənbə və sənədlər
müxtəlif arxivlərdə, Əlyazmalar İnstitutunda,
ayrı-ayrı insanların şəxsi kitabxanasında
saxlanılıb. Bu dəyərli mənbələrin əksəriyyətindən
də çoxumuzun xəbəri olmayıb. Bu səbəbdən
də Qarabağın tarixi lazımınca, daha doğrusu,
olduğu kimi araşdırılmayıb. Sovet hakimiyyəti illərində
də bu məsələ ermənilərin xeyrinə olaraq
ört-basdır edildi. Bir çox həqiqətlər millətimizdən
gizlədildi. Yalnız ötən əsrin sonlarında bəzi
tədqiqatçılar tərəfindən
araşdırılaraq üzə çıxarılan tarixi, ədəbi,
bədii, publisistik oçerklər çap edilməyə
başladı. Bu sırada diqqəti çəkən
üç mənbənin adını mütləq deməliyik.
XVIII və XIX əsərlərarası Qarabağ tarixini əhatə
edən Mirzə Adıgözəl bəyin «Qarabağnamə»si,
Mirzə Camal Cavanşir Qarabağinin «Qarabağ tarixi» və Əhməd
bəy Cavanşirin «Qarabağ xanlığının siyasi vəziyyətinə
dair (1747-ci ildən 1805-ci ilə qədər)» əsərləri
çox az tirajla çapdan çıxdı və nadir
kitablar sırasında öz yerini tutdu.
«Qarabağnamə»lərin müəllifləri
əsasən Qarabağın tarixi coğrafiyasını, etnik
tərkibini, baş vermiş siyasi hadisələri, o cümlədən
bu gözəl torpaqda ucaldılan abidələrimizi,
Qarabağ xanları tərəfindən salınan
yaşayış məskənlərini geniş şəkildə
qələmə alıblar. Bugünümüzlə səsləşən
ən vacib məsələlərdən biri isə ermənilərin
bu torpağa sonradan gəlmələri də məhz həmin
mənbələrdə öz əksini tapıb. Bir məsələni
də qeyd edək ki, Şuşanın tarixindən söz
açanda Mir Möhsün Nəvvabın yazdıqlarına
müraciət etmək bəhs edər. Onun qələmə
aldığı «1905-1906-cı illərdə erməni-müsəlman
davası» haqqındakı müşahidələri bəs edər
ki, bu dilbər guşənin başına gələn bəlalardan
yetərincə xəbər tutaq.
Uzun illər bu sənədli tarixi əsər
əlyazma şəklində Nəvvabın törəmələri
tərəfindən mühafizə edilərək
saxlanılıb. Yalnız dövlət müstəqilliyimizi
qazandıqdan sonra Qarabağla bağlı bir sıra
qaranlıq mətləblərə güzgü tutuldu. O zaman
bu əsərin izinə düşən xeyirxahlar onu əldə
edərək kitab şəklində çapa hazırladılar.
Filologiya elmləri namizədləri Kamandar Şərifli və
Arif Ramazanzadə Mir Möhsün Nəvvabın əski əlifba
ilə yazdığı bu dəyərli abidənin
qrafikasını təzələyərək 1993-cü ildə
oxuculara təqdim etdilər. Həqiqətən də Mir
Möhsün Nəvvabın bu əsəri Şuşanın
tarixini və taleyini əks etdirmək baxımından
çox dəyərli və qiymətlidir. Müəllif
yazıya aldığı hadisələrin əksəriyyətinin
şahididir. Eləcə də bir sıra əhvalat və məsələlər
var ki, onları da yaxın adamlarından, qohum və əqrabalarından
eşidərək qələmə alıb.
Əsərin girişi də maraqla
başlanır: «İzzətli və mehriban qardaşlarım,
hüzurunuza böyük ehtiramla Nəvvab Mir Möhsün, mərhum
Hacı Seyid Əhməd Ağamirzəzadə Qarabaği
oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni… 1905-ci ildə
Qafqaz vilayətində və bir para xarici ölkələrdə
ermənilərlə müsəlmanlar arasında baş
vermiş iğtişaşların və
qırğınların bir parasını qələmə
alaraq müxtəsər şəkildə yadigar qalmaq
üçün Azərbaycan türkisində qələmə
aldım». Əlbəttə, bu «yadigar» sözünün mətləbi
aydındır. Nəvvab əslində baş vermiş
iğtişaşların baiskarlarını gələcək
nəslə çatdırmaq üçün böyük vətənpərvərlik
və uzaqgörənlik edib. Əvvəlcə Şuşa
qalasının yaranmasından söz açıb. Məlum
olub ki, bu qalanın tikilməsindən öncə Pənahəli
xan əvvəlcə Bayatda bir qala tikdirib, sonra Tərnəkütdə
başqa bir qala bina edib. Lakin heç birinin coğrafi
mövqeyi xanın xoşuna gəlməyib. Əyyanlar ona məsləhət
görüblər ki, gözəl havası olan, səfalı,
hündür bir yer var ki, orada yeni bir qala tikdirə bilər.
Bu yer mövqeyinə görə, də müdafiə
baxımından da münasib idi. Beləliklə, Pənahəli
xan öz əyyanları ilə həmin yerə baxarkən
görüb ki, çox hündür bir yerdir. Dörd ətrafı
uca qaya və dağlarla əhatə olunub. «Uçan
quşlardan başqa insan və heyvan həmin qayalarla
qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən
– Şərqdən və Qərbdən gediş-gəliş
yolları var» (M.M.Nəvvab). Pənahəli xan oranı bəyənir
və fikirləşir ki, bura gözəl bir şəhər
yeridir. Çətinlik törədən axar suyun və
çayın olmaması idi. Xanın əmri ilə kənkanlar
əvvəlcə burada quyular qazıblar. Su
çıxdıqdan sonra Pənahəli xanın əmrinə
əsasən həmin yerdə qala tikilib. Uzun müddət həmin
yer Pənahabad qalası adlandırılıb. Sonralar qalaya
Şişə, nəhayət, Şuşa dedilər. Qala
get-gedə abadlaşaraq gözəl bir şəhərə
çevrilib. Mənbələrdən də məlumdur ki, onu
Avropanın ən məşhur şəhərləri ilə
müqayisə edərək üstünlüyü
Şuşaya veriblər. Burada zərbxana tikilərək pul –
sikkələr kəsiblər. Pənahəli xanın vəfatından
sonra taxt-taca hökmranlıq oğlu İbrahim Xəlilə
qismət olub. Ağa Məhəmməd şah Qacarın ordusu
Qarabağa hücum etdikdən sonra İbrahim Xəlil xan
Dağıstana qaçıb.
Səməd
Vurğunun «Vaqif»
dramında deyildiyi kimi:
«Keçdi pəncəmizə gözəl
Qarabağ» söyləyən Ağa Məhəmməd şah
Qacar İbrahim Xəlil
xanın oğlu Məhəmməd Həsən
ağanın evini özünə iqamətgah
seçmişdi. Bir gün ona xəbər gətiriblər
ki, nökəri Səfərəli nəsə
xəyanət edib. O da
belə bir əmr verib
ki, sabah müqəssirlərin
hamısının başını kəsdirərək bir minarə tikdirəcək və Səfərəlinin
başını lap yuxarıda qoyacaq. Nəvvab yazırdı: «Həmin Səfərəli
şahın qapısında keşikçi
durarda. O gecə bir
yoldaşı ilə birlikdə şahın yatdığı
evə daxil olub xəncərlə
şahın qarnını yırtıb öldürüblər».
Bu hadisə
1796-cı ildə baş vermişdi.
Şahın qətlindən sonra qoşun İrana
qayıtdı. İbrahim Xəlil xan yenidən Şuşaya
döndü. Bu xəbər
Ağa Məhəmməd şahın vəliəhdi
Fətəli şaha
çatdırıldı. Yenidən İran
qoşunları Qarabağa yeridildi.
Bu zaman İbrahim Xəlil xan Gəncədən
– rus sərdarından kömək istəyib.
Nəvvabın yazdığına görə, İran
qoşunu bu
döyüşdə zəiflik göstərərək geri qayıdıb. Vuruşdan
sonra İbrahim Xəlil
xan öz atlıları
ilə birlikdə geri dönərək qalaya gəlmək istəyib. Rus
sərdarı isə gileylə bildirib ki, qalanızı çox
tərifləyirlər. Amma siz məni dəvət etmirsiniz
ki, qalaya tamaşa edim. Nəvvab
ürək ağrısı ilə o hadisəni
belə təsvir edib: «Yazıq xan saf ürəkliliyindən
rus sərdarının bu
hiyləsini anlamayıb. Buyurub ki, nə eybi var, Gəncəyə bir
neçə gün gec
gedərsiniz». Beləliklə, xanın yanına düşüb Şuşaya
daxil olan sərdar rus dilində öz əsgərlərinə
«işarəmi gözləyin» deyib. Onlar şəhərə daxil
olduqdan sonra sərdarın
işarəsi ilə rus əsgərləri
şeypur çalmağa
başlayıblar. Xan buna təəccüblənəndə
sərdar onun qarşısına gələrək
söyləyib ki, biz
artıq qalanı zəbt etdik. Əgər
sən rus padşahına bu
qala və bütün
dövlətinlə tabe olursansa,
hakimiyyət əlində qalacaq. Yox, tabe olmaq
fikrində deyilsənsə, sənə üç
saat möhlət verilir.
İmarətindən nə ehtiyacın varsa,
götür get. Bu xəyanətdən təsirlənən
xanın hər yerdən əlacı kəsilir.
Yaxınlarını, lazım olan əşyalarını
götürərək nökərləri və
qoşunları ilə qaladan
çıxıb. Amma bir
tədbirə də əl atıb. Fətəli şaha (İrana) bir məktub yazaraq
Qurani-Şərifin arasına qoyaraq ona göndərib. Həmin məktubda bildirib ki, rus
sərdarı hiylə ilə onun
başına hansı bəlanı gətirib. Şah
bu hadisədən xəbər tutan kimi 12 minlik
qoşunla xanın köməyinə gəlib.
Cəsusların sayəsində rus sərdarı
bu işdən agah olan kimi bir
neçə yüz əsgəri toplayaraq Qala
divarlarındakı bir bürcün
altında yerləşən lağımdan keçərək
Şuşakəndə giriblər. Onların bələdçiləri
də ermənilər olub. İbrahim
Xəlil xanı və onun ailəsini atəşə
tutublar. Mir Möhsün Nəvvab bildirir
ki, onun babası Əmiraslan
bəy də o zaman
xanın yanında olub. Atılan
güllələrdən bir neçəsi
İbrahim Xəlil xana
dəyib. Əmiraslan bəy xan
qızı Gövhər ağanı özü
ilə apararaq təhlükəsiz bir yerdə gizlədib. İbrahim
Xəlil xanın ölümündən sonra
rus dövləti Qafqaz
məmləkətinə hakim oldu.
Mir Möhsün
Nəvvab 1905-1906-cı illərdə ermənilərin Azərbaycanın
müxtəlif şəhər və kəndlərində, eləcə
də ətraf bölgələrdə törətdiyi iğtişaşlarla bağlı çox təsiredici, tükürpədici məqamları
qələmə alıb.
Belə ki, Şuşa
qalasının şərq tərəfində Bağrıqan
adlı bir dağ var. Bu dağın niyə belə adlanması ilə əlaqədar
Nəvvab yazırdı ki, o
dağın yaxınlığında bir
erməni yaşayırdı. Aban Koxa adlanan bu
quldur öz əlaltılarına
buyurmuşdu ki, harda əllərinə müsəlman
düşsə, onun hüzuruna
gətirsinlər. O, müsəlmanı üzü üstə yerə yıxar, sonra onun arxasının dərisindən
dörd barmaq enində
bıçaqla boynundan qom
ətinəcən iki tərəfdə xətt
çəkdirər və dərinin ucunu
aşağı əyilmiş ağacın qüvvətli bir budağına bənd edib
buraxardı. Ağacın budağı yuxarı qalxanda o yazıq müsəlmanın
dərisi soyulardı və bağırtısı dağa düşərdi. Bu
əhvalatı görənin də, eşidənin də
bağrı qan olardı. Buna
görə də həmin dağa
Bağrıqan dağı deyərdilər.
Ermənilərin
hansı xislətə və hiyləgərliyə, vəhşiliyə,
bəd əmələ sahib
olmasını Mir Möhsün
Nəvvab belə səciyyələndirib: «Əvvəla, bunu bilmək lazımdır ki…
ermənilər çox kinli,
ədavətli, təkəbbürlü, xudbəsənd və
xəmirləri fitnə-fəsadla
yoğrulmuş adamlardır. Hansı vilayətdə
ki bunlar
tapılır, mütləq orada bir ədavət və iğtişaş
olacaq. Qafqaz vilayətlərində
nə qədər iğtişaş və
münaqişələr baş verirdisə,
onların birinci səbəbkarı…ermənilər
olurdu». Beləliklə, Nəvvab ermənilərin
ötən əsrin əvvəllərində Bakıda, İrəvanda,
Tiflisdə, Naxçıvanda, Təbrizdə, Xorasanda,
Qarsda, Şuşada
törətdikləri iğtişaşlardan
ətraflı bəhs edib. Ermənilərin
vəhşiliklərindən söz açan Nəvvab bir hadisəni
belə nəql edirdi: «Qarət və qan tökməklə məşğul olan erməni dəstələrindən biri Xaspolad adlı bir müsəlmanın dəyirmanında
ağlagəlməz faciə törətdilər. Onlar kişini güllə
ilə öldürdükdən sonra
qucağında dörd aylıq
uşağı olan qadına
yaxınlaşdılar… Övrət dedi ki, Allah xatirinə, məni
öldürün, ancaq
uşağa əl vurmayın. Ermənilərdən
ikisi irəli çıxıb «qorxma, uşağı öldürməyəcəyik»
- dedilər. Onlar körpəni qadından
alıb bələyini açdılar. Ermənilərin hərəsi
uşağın bir ayağından tutub qüvvətlə çəkdilər. Uşaq iki para
oldu. İki yerə bölünmüş uşağın
parçalarını qadının üstünə
atdılar...» Ermənilər uşaq qatili olmaqlarını illər boyu
təsdiqləyiblər.
Mir Möhsün
Nəvvabın bu qaniçənlərə
üz tutaraq dediyi nəsihətlər də bu gün üçün
çox aktualdır. Bu
sualların ahəngindəki mənalar da çox düşündürücüdür.
«Erməni tayfasına nəsihətlər» adlanan bölmədə oxuyuruq:
«Əvvəla, bu tayfadan
sual edirəm ki, bu qədər mərdüməzarlıq və
nahaq qanlar tökməkdə,
mülklərin və malların talan və
tarac ediləmsində, yanıb
xarabazarlığa çevrilməsində mətləbiniz nədən
ibarətdir?
Əgər
məqsədiniz padşahlıq və kral
olmaqdırsa, sizin bu təbiətinizlə
və insafsızlığınızla heyhat,
ağlasığan iş deyil.
Ağıllı və kamallı insanın sizin
haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə
sizin tayfaya nəinki
padşahlıq, heç koxalıq və
kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə
sübut olunmuşdur.
Birincisi budur ki, Allah-təala zalıma iqtidar
və ixtiyar verməz. Əgər
pişiyə qanad versəydi,
quşların toxumunu Yer
üzündən kəsərdi. Hərgah, dəvəyə və
filə qanad versəydi, tamam
damlar dağılardı.
İkincisi, özünüzə məlumdur
ki, bundan əvvəl
erməni tayfası çox idi. İlan kimi çölü yumşaq, içi zəhərlə
dolu olduğundan,
basdığını kəsdiyindən, mürifətsizliyindən,
həddini keçdiyindən və başqa
xalqlara rəhm etmədiyindən, o qədər belə insafsızlıq və zülmkarlıqla məşğul
olduğundan hansı millətin əlinə
düşürdülərsə, əməllərinizə
görə onlara layiqli
cəza verirdilər». Bu tövsiyədən
sonra Mir Möhsün Nəvvab bir əlavə
də yazıb: «Bir mötəbər
ziyalı mənə danışdı ki,
Almaniyanın dövlət xadimi və alimi deyib ki,
əgər ermənilər bu cür yol tutub
getsələr, çox tezliklə
dünyanın üzündən yox olacaqlar. Siz ermənilər
Allah-təalaya dua edin
ki, sizlərə rəhmli və
insaflı ürək, xoş niyyət,
fitnə-fəsadlardan uzaq, gözəl əməllər
qismət edərək xasiyyətinizi dəyişdirsin və pis əməllərdən çəkindirsin.
Bəlkə bu zaman
insanlığa layiq sifətlər əldə
edəsiniz. Yoxsa, siz bu vəhşi təbiət və qəddarlıqla…
padşah ola bilməyəcəksiniz.
Nahaq qanlar töküb namərdliklə qəflətən
insan məxluqunu öldürüb,
burun-qulağını kəsib, başına nal
çalmaqla və başqa
növ vəhşiliklə millət olmaq mümkün deyildir. Belə qəddar və vəhşi adamlar nəinki millət olmaz,
əksinə, o, həmişə zəlil
və bütün məxluqatın
ayaqaltısı olar. Siz
xalqınız içərisində əkdiyiniz qəddarlıq
toxumunun tezliklə barını görəcəksiniz.
Bununla siz
başqaları üçün
qazdığınız quyuya yəqin edin ki, özünüz
düşəcəksiniz.
Bir
ağacın ki meyvəsi zülm
ola,
Bir
gün onun gövdəsinə
balta çalacaqlar».
Bu fikirlərin
yazılışından yüz ildən
artıq vaxt keçir.
Dünyada çox dəyişmələr,
yeniləşmələr baş verib. Ermənilər elə iki
yüz il bundan öncə hansı fəndgirlikdə,
hiylədə, qansızlıqda, vəhşilikdə olublarsa, elə də qalıblar. Nahaq qanlara bais
olmaqdan, qəddarlıqdan əl
götürməyiblər. Mir Möhsün Nəvvabın Şuşası
20 ildir ki, erməni
faşistlərinin işğalı altındadır. Bu böyük türk oğlu hələ
o zaman necə də
haqlı bir sual verirdi: «Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və
özbaşınalıqla bu əyalətdə
(yəni Şuşada – F.X.)
bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona layiq ola
bilməyəcəksiniz. Çünki o bayraq ucalarsa,
əvvəl onun altına
başı-gözü mismarlanmış, burnu-qulağı kəsilmiş,
başları daş və çəkiclə
əzilmiş, bədənləri zülm
odu ilə odlandırılmış şəxslərin
övladları gəlib sizdən sorğu-sual
edəcəkdir. Bunu yəqin bilin ki, bu
zülmlərin əvəzi çox
tezliklə onu törədənlərdən
çıxılacaq. Allah-təala bu
zülmləri törədənlərə rəhm etməyəcəkdir!»
Flora
XƏLİLZADƏ
Kaspi.-
2012.- 15-17 sentyabr.- S.19.