Oxumaq, oxumaq, amma necə oxuyaq? 

 

 Azərbaycan ali təhsil müəssisələri kasıblar üçün əlçatmazlaşır

 

Bu mövzu mətbuatda çox işıqlandırılıb, məqalələr yazılıb, rəylər açıqlanıb, münasibətlər bildirilib. Lakin bu qədər diqqətin olmasına rəğmən hələ də mövcud vəziyyət dəyişməyib. Söhbət Azərbaycan ali məktəblərində həddən artıq yüksək olan təhsil haqlarından gedir. Mövzu ilə bağlı rəy və təkliflərə keçməzdən öncə modern.az saytının builki təhsil haqları ilə bağlı araşdırmasına müraciət etməklə hazırkı qiymətlərlə oxucumuzu tanış edək ki, yazının davamından kimin haqlı, kimin haqsız olmasını özü müəyyənləşdirsin. Beləliklə, təhsil haqlarına görə ən bahalı dövlət ali məktəblərinin (ixtisaslarla birlikdə) ilk onluğu belədir:

 

Azərbaycan Dillər Universiteti – Tərcümə (Azərbaycan - ingilis), Beynəlxalq münasibətlər fakültəsi – 2500 manat;

Azərbaycan Milli Konservatoriyası- Solo oxuma -2500 manat;

Bakı Dövlət Universiteti – Hüquqşünaslıq – 2100 manat;

Turizm İnstitutu - Nəqliyyat servisi (nəqliyyat növləri üzrə xidmətlərin göstərilməsi), Menecment, Turizm və otelçilik, Tərcümə, Regionşünaslıq, Sosial iş - 2000 manat;

Milli Aviasiya Akademiyası - Dünya iqtisadiyyatı, Menecment - 2000 manat;

Azərbaycan Dövlət İqtisad Universiteti - Dünya İqtisadiyyatı, Beynəlxalq münasibətlər- 1500 manat

Bakı Slavyan Universiteti - Tərcümə, Beynəlxalq münasibətlər - 1500 manat;

Azərbaycan Dövlət və İncəsənət Universiteti - Menecment, Kitabşünaslıq, Beynəlxalq münasibətlər, Sənətşünaslıq, Solo oxuma, İnstrumental ifaçılıq, Musiqişünaslıq, Xoreoqrafiya sənəti - 1500 manat;

Bakı Musiqi Akademiyası - İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq - 1500 manat;

Azərbaycan Dəniz Akademiyası - Gəmiçilik və gəmi hərəkətinin idarə edilməsi -1500 manat;

Dövlət universitetləri arasında ən aşağı təhsil haqları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındadır ki, burada təhsil haqqı 200-300 manatdır. Bununla yanaşı, Azərbaycan Pedaqoji Universiteti və Müəllimlər İnstitutunda da təhsil haqları aşağıdır - qiymətlər 550-800 manat arasında dəyişir.

Özəl universitetlərdə isə qiymətlər xeyli fərqlidir. Bu universitetlərdə ən aşağı təhsil haqqı 1200 manatdır. Ən bahalı ödəniş isə Qafqaz Universitetindədir. Özəl ali məktəblərində ən yüksək təhsil haqlarını belə sıralmaq olar:

Qafqaz Universiteti - Beynəlxalq münasibətlər (tədris ingilis dilindədir)-4500 manat;

Qərb Universiteti – Filologiya, Tərcümə - 3855 manat;

Asiya Universiteti - bütün ixtisaslar - 3000 manat;

Azərbaycan universiteti - Maliyyə, Mühasibat uçotu və audit- 3000 manat;

Azərbaycan Koorperasiya Universiteti - Maliyyə, Mühasibat uçotu və audit - 3000 manat.

 

Göründüyü kimi, qiymətlər həddən artıq, hətta bir sıra xarici ölkələrdə olduğundan da bahadır. Bir müddət əvvəl Türkiyədə bir qrup tələbənin təhsil haqqından azad olunması isə Azərbaycanda da analoji addımın atılması üçün şəraitin olub-olmaması məsələsini gündəmə gətirib. Qeyd edək ki, uzun müddətdir qonşu Gürcüstanda da bəzi tələbələr illik təhsil ödənişindən azad olunublar. Belə ki, həmin ölkədə hərbi xidmət keçmiş gənclər qiyabi və ya əyani təhsil almağından asılı olmayaraq, ödəniş etmirlər. Məsələni şərh edən ekspertlər, millət vəkilləri ölkəmizdə də dövlət təhsilinin tamamilə pulsuz olması üçün imkanın olduğunu deyirlər. Millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda dövlət universitetlərinin ödənişli təhsili ləğv etmək iqtidarında olduğunu deyir və onun sözlərinə görə, belə bir addım yaxın vaxtlarda gerçəkləşə bilər: “Mənə elə gəlir ki, belə bir humanist qərar verməklə nə universitetlərimiz, nə dövlətimiz ciddi sıxıntı keçirməz. Əksinə, belə bir addım xalq və millət üçün böyük avantaj olar”.

 

Təhsil haqlarını kim və necə müəyyənləşdirir?

 

Qanuna görə, dövlət universitetlərində təhsil haqlarını Tarif Şurası müəyyənləşdirir. Lakin hazırkı vəziyyət göstərir ki, qeyri-müəyyənliklər də mövcuddur. Elə universitetlər var ki, təhsil haqları 3-4 dəfə qaldırılıb. Bura Azərbaycan Dillər Universitetini və bir sıra özəl ali məktəbləri aid etmək olar. Son nəticə olaraq görünür ki, ali məktəb rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək təhsil haqqını istədikləri kimi yüksəldirlər. Ekspertlərə görə, indiki şəraitdə Azərbaycanda təhsil haqqı 1000 manat civarında olmalıdır. Təhsil üzrə mütəxəssis Etibar Əliyev bildirir ki, Azərbaycan ali məktəblərində təhsilin keyfiyyəti qiymətləndirilməyib: “Nə də ali məktəblərin hamısı akkreditasiya olunmayıb. Ali məktəblərin maddi-texniki bazası, infrastrukturu, kitabxanaları, yataqxanaları, İKT təminatı normal vəziyyətdə deyil. Ümumiyyətlə, təhsildə bu kimi mühüm amillərin olmaması göstərir ki, Azərbaycanda təhsil haqqı 1000 manatı ötməməlidir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu ilin altı ayının məlumatına görə, orta ixtisas məktəblərində orta təhsil haqqı liseylərdə – ¬1476, kolleclərdə – 416, universitetlərdə – 1218, akademiyalarda 1061, institutlarda (seminariyalarda) – 895 manatdır.

Yerli universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən istifadə olunan əsas metodlardan biri xərc metodudur ki, bu da bütün dünyada ən sadə metod kimi tanınır. Universitetin bir tələbəyə çəkdiyi xərclə ali təhsil müəssisəsində təhsil alan tələbələrin sayı üzərində hesablamalar bu metodun əsasını təşkil edir. Dövlət universitetlərində təhsil haqqı müəyyən edilən zaman eyni ixtisas üzrə tədris həyata keçirən digər Azərbaycan universitetlərindəki mövcud təhsil haqları ilə də müqayisələr aparılır. Bundan əlavə, ixtisasın perspektivliyi, Azərbaycan iqtisadiyyatında əhəmiyyəti, ixtisas üzrə işlə təminolunma vəziyyəti kimi məsələlərə də diqqət yetirilir. Qiymət qoyularkən ən vacib amillərdən biri də, abituriyentlərin mövcud ixtisasa nə dərəcədə maraq göstərməsidir. Hüquq, iqtisadiyyat və tibbə aid olan ixtisaslara əhali arasında marağın yüksək olması həmin peşələr üzrə qiymətlərin artmasına səbəb olub.

Özəl universitetlərdə təhsil haqlarının dövlət universitetlərinə nisbətən daha yüksək olması isə xərclərin universitetin öz hesablarına ödənilməsi ilə əlaqələndirilir. Buna görə də özəl universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən dövlət universitetlərinə nisbətən daha geniş araşdırmalar aparılır. Ölkənin ümumi iqtisadi vəziyyəti, təhsil bazarının vəziyyəti, əvvəlki ilin qəbul göstəriciləri, maddi-texniki baza (ixtisas və kompüter laboratoriyaları, fənn kabinetləri, kitabxana, istilik sistemi və digər məsrəflər), ingilis dilində tədris imkanı, ölkə daxilində və xaricdə təcrübə imkanları, ölkədə mövcud olan digər universitetlərin müəyyənləşdirdiyi təhsil haqları, universitetin cari büdcəsinin vəziyyətinin diqqətə alınması, müvafiq ixtisasın populyarlığı və tələb edilmə nisbəti nəzərə alınır.

 

Təhsil haqları sonuncu dəfə 300-1500 manat civarında qaldırılıb

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycanın təhsil sistemində 1994-cü ildən tətbiq olunmağa başlayan təhsilin ödənişli formasının payı son illər sürətlə artmaqdadır: “Dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi artıq 60 faizə, özəl sektor da nəzərə alınmaqla, ödənişli təhsil alanların payı 66 faizə çatıb. Deməli, ölkədə ali təhsil alan hər üç nəfərdən ikisi öz vəsaiti hesabına oxumalıdır”.

Təhsil haqlarının da sürətlə artmaqda olduğunu deyən millət vəkili bildirdi ki, Azərbaycanın ali məktəblərində ödəniş haqlarının xidmətə və tədris keyfiyyətinə uyğun olmaması, əhalinin gəlirləri ilə müqayisədə çox yüksək olması ciddi problemlər yaradır: “Son dəfə təhsil haqlarında fakültələrdən asılı olmaqla 300 manatdan 1500 manata qədər artım baş verib. Təhsil haqlarının bir sıra fakültələr üzrə 2-2,5 dəfə artımı gənclərin bir hissəsi üçün ali təhsili mümkünsüz edir. Rəsmi statistik məlumatlara görə, Azərbaycan əhalisinin 900 min nəfərdən və ya 10 faizdən çoxunun orta aylıq gəliri 100 manatın ərafındadır. Ölkədə orta aylıq əmək haqqı 400 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsində isə 200 manatdan da aşağıdır. Belə bir şəraitdə, təhsil haqları 900-4500 manat ətrafında, onun xeyli hissəsi isə 2000-2500 manatdır. Birinci ixtisas qrupu üzrə ödəniş tarifləri 1000-4000 manat, II ixtisas qrupu üzrə 1000-4000 manat, III və IV ixtisas qrupları üzrə 1000-2500 manatdır. Bundan əlavə, təhsil alan şəxsin yaşaması, qidalanması, nəqliyyat və s cari xərcləri kifayət qədər əlavə vəsait tələb edir.

Ona görə də aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlərlə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları məktəbi tərk etməli olurlar”.

Getdikcə kəskinləşməkdə olan həmin problemi yumşaltmaqdan ötrü inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil kreditlərinin əlverişli variantlarından istifadə edilməklə, ali təhsili əhalinin aztəminatlı ailələrindən çıxan gənclər üçün də əlçatan edilməsi mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Ə.Məsimli bunu əsas tutaraq “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib.

 

Banklar təhsil kreditləri verməkdə maraqlı deyillər

 

Təhsil kreditləri demişkən, bu istiqamətdə bir vaxtlar canlanma müşahidə olundu, müvafiq qanun qəbul olunmasa da, banklar təhsil kreditləri verməyə başladılar, amma deyəsən bu təşəbbüslər o qədər də özünü doğrultmadı. Ə.Məsimli deyir ki, son illər Azərbaycanda ayrı-ayrı banklar təhsil kreditləri təklif etməyə başlayıb. Bəzi bankların təklif etdiyi təhsil kreditlərinin müddəti çox qısa - cəmi 1 il, faiz dərəcəsi isə çox yüksək - 26% təşkil edir: “Həmin krediti almaqdan ötrü ödənişqabiliyyətli fiziki şəxsin zaminliyi tələb olunur. Bu cür kreditlərin şərtləri çox ağır olduğundan, aztəminatlı təbəqələr üçün əlçatan deyil və bir sıra hallarda belə yüksək faizlə kredit alanlar onu ödəyə bilmirlər. Ona görə də Azərbaycanın real vəziyyətinə uyğun surətdə beynəlxalq praktikadan yararlanmaqla, real ehtiyacı olan gəncləri əlverişli kreditlərlə təmin etməkdən ötrü, təhsil kreditləri haqqında müvafiq qanunun qəbul edilməsi və işlək mexanizm formalaşdırmaqla onun sistemli şəkildə həyata keçirilməsi obyektiv zərurətə çevrilib.

Bütün bunları nəzərə alaraq, bizim tərəfimizdən “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilib. Layihə İqtisadi siyasət komitəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. “Təhsil kreditləri haqqında qanunun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir.

 

Rəsmilər təhsil haqlarının ləğvinə “yox” dedilər

 

“Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının ləğvi qeyri-mümkündür”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O, ali məktəblərdə təhsil haqlarının ləğvinin tərəfdarı olmadığını bildirib. Avropa, ABŞ, Cənub-Şərqi Asiya ölkələrində təhsil haqqının çox yüksək olduğunu deyən rektorun qənaətincə, Azərbaycanda təhsil haqlarının ləğvi ona görə mümkün deyil ki, bu, çox böyük rəqəmdir və onun ləğv olunması üçün həmin rəqəmin ödənilməsini dövlət öz üzərinə götürməlidir: “Hesab edirəm ki, dövlətdə bu vəsait yoxdur. Ancaq bundan da vacib səbəblər var ki, ali təhsil sistemində ödənişlər ləğv olunmasın. Xarici ölkələrlə müqayisə etsək, ümumiyyətlə Azərbaycanda təhsil haqqı yoxdur. Ona görə hesab edirəm ki, yaxın 3 il müddətində təhsil haqqının ləğvi haqqında danışmağa dəyməz”.

 

Təhsil haqları bu qədər bahaykən müəllimlərin əməkhaqqı niyə azdır?

 

Maraqlıdır ki, bu qədər yüksək təhsil haqqı tətbiq edən universitetlərimizdə müəllimlərin əməkhaqqı olduqca aşağı rəqəmlərlə ölçülür. Qəzetimizin bu yaxınlarda təqdim etdiyi araşdırma yazısından sitat:

Elmlər namizədi bu dərəcəyə görə 30, elmlər doktoru 50, dosent isə 30 manat alır. Saata görə, müəllimlərin aldığı əməkhaqqına gəlincə, universitetlərdən asılı olaraq bu rəqəm dəyişir. Məsələn, elmlər doktoru orta hesabla dərs dediyi 1 saat üçün 4-5, elmlər namizədi 3-4, dərəcəsi olmayan müəllimlər isə 2-3 manat alırlar.

1 saat üçün 4,5 manat alan elmlər doktoru orta hesabla 20 saat dərs deyərsə, aya 360 manat maaş alacaq, bunun da üzərinə 50 manat elmi dərəcəyə görə aldığı maaşı gəlsək, 410 manat edəcək. Həftəyə 20 saat dərs deyən elmlər namizədinin maaşı isə 280 manata çıxacaq, elmi dərəcəyə görə aldığı maaşla birgə 310 manat edəcək. Heç bir elmi dərəcəsi olmayan müəllim həftə ərzində dediyi 20 saata görə 200 manat maaşla kifayətlənməli olur. Qeyd edək ki, dövlət ali təhsil müəssisələrinin əksəriyyətində ştatda olan müəllimlərə maaşın üstünə 10-50 manat civarında əlavə yardım da verilir.

Göründüyü kimi, ali məktəb müəllimlərimiz sərf etdikləri vaxt və enerjiyə, verdikləri töhfələrə rəğmən qəpik-quruş alırlar. Lakin özəl ali məktəblərdə vəziyyət bir qədər ürəkaçandır. Belə ki, özəl universitetlərdə dərs deyən müəllimlərin əməkhaqları xeyli yüksəkdir. Məsələn, Azərbaycan Universitetində iqtisadi fənlərdən dərs deyən müəllim (adının çəkilməsini istəmədi-H.A) ayda 500-600 manat aldığını deyir. O, həm də dövlət orqanlarından birində çalışdığını, universitetdə yalnız üçüncü növbə dərs dediyini bildirdi. Ümumiyyətlə, araşdırmalar göstərir ki, universitet müəllimlərinin əksəriyyəti ya bir neçə ali məktəbdə dərs deyirlər, ya ikinci bir işdə çalışırlar, yaxud da repititorluqla məşğul olurlar. Bu isə təbii ki, onların potensiallarının bölünməsinə, son nəticədə təhsilin keyfiyyətsizliyinə səbəb olur. Elə bu səbəbdən də ali təhsil müəssisələrinin böyük əksəriyyətində verilən təhsilin keyfiyyəti ödənilən təhsil haqlarına adekvat deyil.

 

Avropa ölkələri öz vətəndaşlarına təhsili, demək olar ki, pulsuz verir

 

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi sədrinin müavini Rövşən Ağayevin sözlərinə görə, Avropa ölkələrinin bir çoxunda dövlət ali məktəblərində təhsil bu ölkələrin öz vətəndaşları üçün tam pulsuzdur: “Əhalisinin yaşayış səviyyəsinə, yəni əməkhaqqının, adambaşına düşən milli gəlirin miqdarına görə, Azərbaycanı azı 15-20 dəfə geridə qoyan inkişaf etmiş Avropa ölkələrinin bir çoxunda dövlət təhsili ya öz vətəndaşları üçün tam pulsuzdur, ya da təhsil haqları olduqca azdır. Məsələn, Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək. İllik orta hesabla 500-1000 avro. Avropanın çox nüfuzlu təhsil ocaqlarından olan Berlin Texniki Universitetində bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur. Hazırda bu ölkədə dövlət universitetlərində təhsil alanların təxminən 15-20 faizi ödənişli əsaslarla oxuyur. Azərbaycandan fərqli olaraq bu ölkələrin hərəsinin bir neçə universiteti dünya reytinq cədvəlinə düşüb. Onların məzunlarının böyük hissəsi – azı 70-75 faizi təhsilini başa vuran kimi öz ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir”. Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə dövlət öz təhsil sistemində təhsil haqlarının səviyyəsini və ödənişli təhsilin payını müəyyən edərkən ilk növbədə özünün strateji maraqlarını, sonra isə əmək bazarının tələblərini nəzərə alır.

 

 

Həbibə ABDULLA

 

Kaspi.- 2012.- 19 sentyabr.- S.5-6.