Bəyin evindən reportaj 

  

Masanın üstünə Üzeyir bəyin yarımçıq qalan «Azərbaycan» əsərinin partiturası qoyulub

 

Yasamal rayonunun Şamil Əzizbəyov 67 ünvanında yerləşən mənzil musiqisevərlərin hamısına yaxşı tanışdır. Bu ünvanda Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli yaşayıb. Ev-muzeyin qapıları gələn qonaqların üzünə açıqdır.

Dahi bəstəkar 27 il bu mənzildə ömür sürüb. 1942-ci ilə qədər – ona monolit binada ev verilənə qədər bu mənzildə yaşayıb. Həyat və yaradıcılığının mühüm bir hissəsi bu mənzillə bağlıdır. Ona görə Üzeyir bəy dünyası ilə təmas qurmaq istəyənlər, onun həyat və yaradıcılığı ilə tanış olmağı arzulayanlar bu ünvana üz tuturlar. Tələbələr, məktəblilər, musiqi ictimaiyyəti və jurnalistlər tez-tez döyür bu mənzilin qapısını.

 

“Üzeyir bəyin ürəyi dayandı”

 

Dəhlizdən keçib Üzeyir bəyin yaşadığı, yaratdığı otaqlarla bir-bir tanış olduqca görkəmli bəstəkarı təkcə musiqisi sərhədləri aşan bir sənətkar kimi deyil, həm də əvəzsiz bir şəxsiyyət kimi tanıyırsan. Bəstəkarın iş otağının bir küncündə qədim royal qoyulub. Royalın üstündə isə Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə notu ilk dəfə öyrəndiyi və «Leyli və Məcnun» operasının ilk tamaşasında «Birinci skripka partiya»sını müşayiət etdiyi skripka yer alıb. Üzeyir bəy «Sənsiz»i, «Sevgili canan»ı, «Fantaziyalar»ını bu otaqda yazıb. Otağın divarlarını bəstəkarın uşaqlıq, gənclik və müdrik yaşlarının əbədiləşdiyi anları xatırladan fotoşəkillər bəzəyir. Otağın bir küncündə bəstəkarın Şuşadakı evinin maketi qoyulub. Bu, adi ev deyil. Dahi bəstəkarın doğulduğu, böyüdüyü illərin sevinc və kədərinin yaşandığı evdir. Üzeyir bəy bir insan, bir yaradıcı şəxsiyyət kimi bu evdən başlanır. Hazırda ermənilər bu evi dağıdaraq yerlə-yeksan ediblər. 1959-cu ildən Şuşanın işğalına qədər – 1992-ci ilə qədər Üzeyir bəyin doğulduğu ev muzey kimi fəaliyyət göstərib. İşğal təhlükəsi yarananda muzeyin eksponatları dahi bəstəkarın Bakıdakı ev-muzeyinə köçürülüb. Üzeyir bəyin yazı masası da qonaq otağındadır. Bəstəkar bu yazı masası arxasında oturub, dostlarını, tələbələrini, gənc bəstəkarları bu evdə qarşılayıb, yaradıcılıq söhbətləri edib. Masanın üzərində büllurla, mərmərlə, gümüşlə bəzənən qiymətli əşyalar yığılıb. Siqaret qutusu, eynəyi də masa üzərində yer alıb. Bu əşyalara Üzeyir bəyin əli, nəfəsi toxunub. İki kitab dolabında da Üzeyir bəyin istifadə etdiyi kitablar yığılıb. Burada dahi bəstəkarın 6 dildə mütaliə etdiyi ədəbiyyat var. Masanın üstündə Üzeyir bəyin yarımçıq qalan «Azərbaycan» əsərinin partiturası da qalıb. Divarda isə Üzeyir bəyin həmişə «ağıllı saat» - deyə əzizlədiyi köhnə saat vurulub. Saatda gecə saat 2-ni göstərir. Dahi bəstəkar 1948-ci il noyabr ayının 22-dən 23-nə keçən gecə saat 2-də vəfat edib. Qohum-əqrəbası «Üzeyir bəyin ürəyi dayandı», qoy onun saatı da dayansın» - deyə saatın əqrəbini dondurublar. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülarə xanım böyük bəstəkarın səliqə-səhmanının bu otaqdan pozulmadığını söylədi:

«Royal yenə də divar sobasının, yazı masası kitab dolabının qarşısındadır. Divarda Üzeyir bəyin Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə ilə portreti yer alıb. Digər bir portret isə görkəmli rəssam Mikayıl Abdullayevin bəstəkarın naturadan çəkdiyi portretidir. «Mikayıl Abdullayev həmişə danışırdı ki, bu portreti çəkəndə Üzeyir bəy razı deyilmiş: «Mənim vaxtım da, həvəsim də yoxdur» - deyirmiş. Mikayıl Abdullayev isə inad göstərib: «Sizin şəklinizi mənə sifariş ediblər, mən bu əsəri çəkməli, teatr muzeyinə verməliyəm» - deyib. Növbəti dəfə Üzeyir bəyin əhval-ruhiyyəsi yaxşı olduğundan portretin çəkilməsinə razılıq verib. Əsəri Üzeyir bəy bəyənib: «Oğlan, bu rəsm mənim çox xoşuma gəlib. Sən bu şəkli çəkib mənim özümə verəcəksən. Mən ikinci dəfə sənin qarşında əyləşəcəyəm və o şəkli isə Teatr Muzeyinə verərsən» - deyib. İndi həmin əsər muzeyin ən qiymətli eksponatlarından sayılır. Otaqdakı digər qiymətli bir əşya isə divardakı əl işi olan xalçadır. Bu xalçanı Üzeyir bəyə Akademiyanın alimləri hədiyyə ediblər. Bu xalçanı 24 sutkaya toxuyublar və 1945-ci ildə dahi bəstəkara hədiyyə ediblər. Xalçanın üzərində Azərbaycanın müxtəlif bölgələrinin ornamentləri həkk olunub. Xalçanın yuxarısında dahi bəstəkarın ilk və son operalarından fraqmentlər, aşağısında isə Şərq və Qərb musiqi alətlərinin sintezi əks olunub.

 

Üzeyir bəyin fəxri məzarı

 

Bu memorial otaqdan adlayıb digər otağa – yataq otağına keçirəm. Yataq otağının divarlarını da bəstəkarın ailə şəkilləri bəzəyir. Otaqdakı sadə çarpayıları, kamotu, şifoneri gördükcə böyük bəstəkarın təm-təraqdan uzaq, sadə bir həyat yaşadığının şahidi olmaq mümkündür. Otağın küncündə bəstəkarın geydiyi qara frak şüşənin içində qoyulub. Üzeyir bəy bu frakla bir sıra əsərlərinə dirijorluq edib.

Üçüncü otaqda isə Üzeyir bəyi həm böyük bəstəkar, həm dramaturq, həm pedaqoq, həm Konservatoriyanın rektoru, həm alim, həm ictimai xadim, həm publisist, həm də tərcüməçi kimi tanımaq mümkündür. Divardakı şəkillər bəstəkarın çox sahəli yaradıcılığını əks etdirir. Böyük bir musiqi nəslinə müəllimlik edib Üzeyir bəy. Soltan Hacıbəyov, Ədilə Hüseynzadə, Hacı Xanməmmədov, Ağabacı Rzayeva və b. kimi tanınmış sənətkarlar onun tələbələri olub. Divardakı stendlərdə bəstəkara verilən qiymətli əşyalar yer alıb. Əsərlərindən ibarət stendlər də böyük maraq doğurur.

Bəstəkarın yemək otağındakı stol sanki qonaq yolu gözləyir. Stolun üzərindəki qab-qaşıqlar Üzeyir dövrünün yadigarıdır. Gülarə xanım danışır ki, bu evin hər gün qonağı olub. Hətta, qonaq olmayan günlərdə Üzeyir bəy qulluqçusunu küçəyə göndərib:

«Get, üstü-başı kasıb adam görəndə gətir» - deyərmiş. Sonra həmin adamı yedizdirib, maraqlı söhbətlərinə qonaq edər, hətta, cibinə pul qoyub yola salarmış. Yemək otağındakı komot, köhnə bufet, patefon, radioqəbuledici və qrammafon da Üzeyir bəyin şəxsi əşyalarıdır. Amerikanın Leonardo şirkətində istehsal olunan və dahi bəstəkara 30-cu illərdə hədiyyə edilən cərəyansız soyuducu da muzeydə nadir eksponatlardan sayılır. Otağın divarında görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin Şuşanın Cıdır düzünü əks etdirdiyi əsəri yer alıb. «Səttar Bəhlulzadə bilirdi ki, Üzeyir bəy Cıdır düzünü çox sevir. Düzdür, Üzeyir bəy Ağcabədidə doğulub, ancaq onun uşaqlıq illəri Şuşada, Cıdır düzündə keçib. Şuşa balaca Üzeyirə musiqinin dilini öyrədib. Cıdır düzü balaca Üzeyirə ilham verib. O zaman hər gələn qonağı Şuşanı seyr etmək üçün Cıdır düzünə aparırdılar».

Elə bu otaqda Üzeyir bəyin dəfn mərasiminin əbədiləşdiyi bir foto da var. Həmin fotoda dahi bəstəkarın Elmlər Akademiyasının Rəyasət Heyətinin binasından çıxarılan cənazəsinə Mircəfər Bağırov çiyin verib. Gülarə xanım danışır ki, Mircəfər Bağırov Üzeyir bəyin əsərlərinin vurğunu olub. «Mən bu cənazəni Fəxri Xiyabana qədər aparacağam» - deyib və cənazəni maşına qoymağa icazə verməyərək xiyabana çatana qədər aparıb.

Digər bir fotoda isə Üzeyir bəyin Vyanada ucaldılan qorolyefi əks olunub: «Üzeyir bəyin əsl məzarı Bakıdadır. Amma dünyada onun bir neçə fəxri məzarı var. Bir çox ölkələrdə bəstəkarın büstünü qoyublar. Dahi Üzeyir bəyin abidəsini Motsartın vətənində ucaltmaqla iki böyük bəstəkarın ruhu birləşib».

Divarda dahi bəstəkarın operettalarının geyim eskizləri sərgilənib. «Arşın mal alan» filminə həsr olunan stend də divarı bəzəyir: «Musiqili komediyalar, yaxud operettaların özüm tərtib etdiyim obrazları müasir həyatdan alınıb» - deyə Üzeyir bəy yazıb.

Sonuncu otağın baş divarında 220 mərmər parçalarından hazırlanan, mozaika texnikası ilə düzəldilən portret yer alıb. Müəllifi Oqtay Şıxəliyev olan rəssamın əsəri qeyri-adiliyi ilə maraq doğurur. Divarda həmçinin Azərbaycanın himninin müəllifləri - Üzeyir bəylə Əhməd Cavadın birgə fotosu diqqəti çəkir. Fotoda Üzeyir bəy royal arxasında əyləşib, Əhməd Cavad isə royalın yaxınlığında durub. Onlar sanki himni yazırlar. Heykəltəraş Azad Əliyev bu əlçatmaz anı əbədiləşdirib və həmin kompozisiya Şəmkir şəhərində ucaldılıb. Həmçinin dəhlizdə Üzeyir bəy haqqında yazılan əsərlərdən ibarət və öz əsərlərinin librettolarından, partitura və klavirlərindən ibarət stend yer alıb.

Ekspozisiya müdiri muzeydə tez-tez konsertlərin keçirildiyini bildirdi. Üzeyir bəyin anım və doğum günlərində keçirilən konsertlər xüsusən yaddaqalan olur.

Dahi bəstəkarın 127-ci ildönümü münasibətilə yenə də muzeyin ardı-arası kəsilməyən qonaqları var...

Muzeyi tərk edərkən bir məqam da diqqətimdən yayınmadı: darvazanın içəri tərəfində vurulan “Maşın saxlamaq və yumaq qadağandır” xəbərdarlığına baxmayaraq, muzeyin ətrafı maşınlarla doludur. Əgər muzeyin yerləşdiyi evin küçədəki baş divarına dahi bəstəkarın memorial lövhəsi vurulmasa bəlkə də muzeyi tapmaq çətinlik yaradar.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2012.- 19 sentyabr.- S.11.