Azərbaycanın
“xarı bülbül”ü
Xurşidbanu Natəvanın anadan
olmasının 180 illiyinə həsr edilmiş elmi-praktiki
konfrans keçirildi
Dünən
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın
anadan olmasının 180 illik yubileyinə həsr edilmiş
elmi-praktiki konfrans keçirildi.
Öncə muzeyin foyesində Qarabağın ədəbi-mədəni həyatının tarixini əks etdirən sərgi nümayiş etdirildi. Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov qadın şairəmizin həyat və yaradıcılığı, onun şəxsiyyətinin dünyada daha geniş şəkildə tanıdılması istiqamətində həyata keçirilən işlər haqqında ətraflı məlumat verdi. O, konfransın muzeyin filiallarından biri olan, vaxtilə Şuşada fəaliyyət göstərmiş Xurşidbanu Natəvanın adını daşıyan “Natəvan” adına Qarabağ filialının təşkilatçılığı ilə keçirildiyini nəzərə çatdırdı.
“Natəvanın həyatı və yaradıcılığı Azərbaycanın ədəbi və mədəni irsi kontekstində” mövzusunda məruzə ilə çıxış edən Rafael Hüseynov el arasında Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın incə ruhlu şair olmaqla yanaşı, dövrün görkəmli maarifçisi, ictimai xadimi, xeyriyyəçisi kimi tanındığını və ümumxalq məhəbbəti qazandığını, Azərbaycan ədəbiyyatının inkişafında qadın şairəmizin yaradıcılığının xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Son Qarabağ xanının qızı Xurşidbanu Natəvanın dünyanın tanıdığı şəxsiyyətlə - Aleksandr Düma ilə ünsiyyətdə olduğunu söyləyən alim öz müraciəti ilə görkəmli heykəltaraş Akif Əsgərov tərəfindən Xurşidbanu Natəvan və Aleksandr Dümanın bürüncdən heykəlinin düzəldildiyini, heykəlin kiçik variantının muzeydə Natəvan guşəsində nümayiş olunduğunu söylədi. Bu heykəlin Parisin (Fransa) gözəl məkanlarından birində ucaldılmasının planlaşdırıldığını söyləyən Rafael Hüseynov bu abidə vasitəsilə həm Qarabağın, həm Natəvanın, həm də bütövlükdə Azərbaycanın təbliğ olunacağını söylədi. Bildirdi ki, A.Ələsgərovun düzəltdiyi bu heykəldəki A.Düma Parisin mərkəzi meydanlarının birində ucaldılmış A.Dümanın heykəlinə tam oxşardır. Onların görünüşünü əks etdirən heykəlin üzərində A.Düma və X.Natəvanın adları yazılacaq, heykəlin 4 tərəfində Natəvanın şeirindən parçalar, A.Dümanın “Qafqaz səfəri” əsərindən Natəvanla görüşünü, Qarabağa səfərini əks etdirən sətirlər, Azərbaycan haqqında dediyi sözlər olacaqdır.
R.Hüseynov rəhbərlik etdiyi muzeyin Natəvan guşəsində onun əl işlərinin, A.Dümanın Natəvana hədiyyə etdiyi şahmat fiqurlarının, Natəvan haqqında müxtəlif illərdə nəşr edilmiş kitabların nümayiş olunduğunu nəzərə çatdırdı. Natəvanın əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayan R.Hüseynov qeyd etdi ki, yaxın vaxtlarda şairənin AMEA Əlyazmalar İnstitutunda saxlanılan “Gül dəftəri” adlı əlyazması əsasında kitab nəşr ediləcək. O bildirdi ki, bu əlyazmaya Azərbaycan ədəbiyyatının müstəsna şəxsiyyətlərindən biri Natəvan şeirlərini yazmışdır. Natəvanın vəfatından sonra isə onun boş qalmış səhifələrində Natəvanın ardıcılı, onun vaxtilə rəhbərlik etdiyi ədəbi-məclisin üzvlərindən bəziləri şeirlərini əlavə ediblər. Bu əlyazmaya Natəvan həm də əvvəldən sona qədər müxtəlif rəsmlər çəkmişdir.Azərbaycan və ingilis dillərində nəşr olunacaq kitabda Natəvanın çəkdiyi rəsmlər də öz əksini tapacaqdır.
Çıxışının sonunda R.Hüseynov ölkənin müxtəlif mədəniyyət ocaqlarında görkəmli şairəyə həsr olunmuş silsilə tədbirlər keçirildiyini, Natəvanın növbəti yubileylərinin doğma Qarabağımızda qeyd olunacağına əmin olduğunu bildirdi. “Natəvanın yubileyi Azərbaycan çərçivəsində məhdudlaşdırılmamalı, dünyanın müxtəlif ölkələrində də Natəvan irsi tərcümə edilərək yayılmalı, təbliğ edilməlidir”.
Konfransda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Natəvan adına Qarabağ filialının elmi işçiləri Məhsəti Əhmədova və Rəhman Baxşəliyev “Xurşidbanu Natəvan yaradıcılığında Füzuli dühasının mənəvi nuru”, “Qarabağın ictimai-siyasi həyatında Xurşidbanu Natəvanın yeri” mövzularında məruzələrlə çıxış etdilər, görkəmli poeziya ustasının həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdilər.
Kaspi.- 2012.- 20 sentyabr.- S.16.