ŞUŞA: Dağıdılan mədəniyyət, saxtalaşdırılan tarix...   

 

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhəri ətrafındakı qədim yaşayış yerlərinin (Cıdır düzü, Üçmıx dağı və s.) olması, bu ərazidə ilk insanların mövcudluğunun eramızdan əvvəl I-II minilliklərə təsadüf etdiyini sübut edən dəlillərdir. Şuşada ilk insan məskənlərindən hesab edilən mağara düşərgəsində, XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntılar zamanı burada insan yaşayışını sübut edən, paleolit dövrünə aid xeyli sayda daş alətlər, məişət əşyaları aşkar olunmuşdu. Bu da onu göstərir ki bu ərazilərdə antik dövrlərdən mövcud olan qədim insan məskəni zaman-zaman müasirləşərək insanların daimi yaşayış məskənlərinə çevrilmişdir.

Şuşa şəhərinin mövcudluğunun 2-ci minilliyə təsadüf etməsi barədə təkzibedilməz faktlarsübutlar mövcuddur. Belə ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olması haqqında məlumat vermişdi. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın Şuşa qalasını inşa etməsi barədə yazarkən həmin əsərində bu qalanın içərisində qədim Şuşa şəhərinin qalıqlarını da xatırladırdı.

Şuşa şəhəri qədim MidiyaQafqaz Albaniyası dövlətlərinin tərkibində bir sənətkarlıq mərkəzi kimi yaşayıb inkişaf etmişdi. Şuşa bu dövlətlərin tərkibində xarici dövlətlərin və millətlərin diqqətini çəkəcək qədər böyük inkişaf yolu keçmişdi.

Şuşa XIII əsrdə Monqollar tərəfindən dağıdıldıqdan sonra uzun illər tənəzzül dövrü yaşamış, şəhərin xarabalıqları on illərlə toxunulmaz olaraq qalmışdı. Monqollar tərəfindən dağıdıldıqdan sonra, belə bir şəhərin varlığı Qarabağ xanlıqları dövrünə qədər sanki tamamilə unudulmuşdu. Şuşa şəhərinin qədim dövrünün kifayət qədər araşdırılmamağı, bu şəhərin həyatında bir çox qaranlıq məqamların dövrümüzə qədər gəlib çıxmasına səbəb olub.

1750-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən yenidən tikilən və bərpa olunan Şuşa şəhəri, özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, 1756-cı ildən 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olmuşdu. Pənahəli xan Nadir şahın dövründə Qarabağdan xarici ölkələrə sürgün edilən xalq sənətkarlarının, eləcədə din xadimlərinin və musiqiçilərin Şuşaya qaytararaq şəhərin Azərbaycanın bir mədəniyyət mərkəzi kimi inkişaf etməsinə müvəffəq olmuşdu. Məhz bunun nəticəsi idi ki, sonralar Azərbaycanın bir çox elm, sənət korifeyləri və dövlət xadimləri bu şəhərdə yetişmişdi. Xalq arasında bu şəhər, Pənah xanın şərəfinə əvvəlcə “Pənahabad”, sonra “Şüşə-qalası”, “Qala”, daha sonra isə “Şuşa” adlandırılmağa başlamışdı.

Xanlıq dövrü Qarabağda , xüsusi ilə də Şuşada sənətkarlıq sürətlə inkişaf edərək, bu məkanı dünyada məşhurlaşdırmışdı. Burada toxuculuq, zərgərlik özünəməxsus şəkildə inkişaf etdirilir, silah istehsal olunur və sikkə (pul) zərb edilirdi. Burada istehsal olunan məmulatlar, eləcə də Qarabağ atları (midiya atları) Avropa ölkələrinə və Rusiyaya ixrac olunurdu.

Şuşa şəhərinin quruluşu barədə tarixçi Baharlı “Əhvalati-Qarabağ” adlı əsərində bəhs edir. O, Şuşanın iki hissədən - aşağı hissədə 9, yuxarı hissədə isə 8 məhəllə olmaqla cəmi 17 məhəllədən ibarət olduğunu göstərir: “Belə ki, birinci məhəllə Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim xanın imarəti yanındadır, İkinci məhəllə Saatlı məhəlləsidir. Üçüncü məhəllə Köçərli məhəlləsidir. Dördüncü məhəllə Mamayı məhəlləsidir. Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir. Altıncı məhəllə Dəmirçi məhəlləsidir. Yeddinci məhəllə Hamam qabağıdır. Səkkizinci məhəllə Təzə məhəllədir. Aşağı məhəllə isə bunlardır: Birinci məhəllə Qurdlar. İkinci məhəllə Seyidli. Üçüncü məhəllə Culfalar. Dördüncü məhəllə Toyluq (Quyuluq). Beşinci məhəllə Çuxur. Altıncı məhəllə Dördlər qurdu. Yeddinci məhəllə Hacı Yusifli. Səkkizinci məhəllə Dörd çinar. Doqquzuncu məhəllə Çöl-qala. Bu məhəllənin bir adı da "Cuhudlar"dır” (Bax: Qarabağnamələr. 2-ci kitab. səh. 277.).

Baharlının bu fikirlərini tarixçi Mirzə Yusif Qarabaği də tamamilə təsdiq edir (Bax: Qarabağnamələr. 2-ci kitab. səh. 19.). Şairpedaqoq Mirzə Xosrov Şaiq Axundov da Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdi. O, yazırdı: "Qarabağ xanı qalanın ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük qurtlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərili, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhlə, Balaca qurtlar, Ağa dədəli”.

Şuşa şəhərində hər məhəllənin özünə məxsus minarəsiz cümə məscidi, məhəllə hamamı və kiçik baqqal dükanları var idi. Bundan əlavə, şəhərin mərkəzində bazar (xalq arasında ona Şeytanbazar da deyirdilər), şəhərin mərkəzi küçəsi boyu cərgə dükanlar və şəhər hamamı fəaliyyət göstərirdi. Şuşanın məscidləri içərisində ən yaraşıqlısı və böyüyü Yuxarı Gövhərağa məscididir. Bu, Şuşanın Böyük Cümə Məscidi hesab olunur.

Şuşa şəhərinin məscidləri içərisində öz monumentallığı ilə seçilən Yuxarı Gövhərağa məscidini 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Qarabağ Xanlığının ilkin dövrlərində qarğı və qamışdan tikilmişdir. Pənah xanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla əvəz etdirilmişdi. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdu. Lakin, məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdi. Aşağı Gövhərağa məscidi İbrahimxəlil xan qızı Gövhərağanön şərəfinə 1832-ci ildə inşa etdirmişdi.

Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edirdi. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın daha 8 kiçik məhəllədən ibarət, yuxarı məhəllə formalaşdırıldı. Üçüncü mərhələ isə Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlandı və daha uzun müddət davam etdi. Bu dövrdə artıq şəhərdəki məhəllələrin sayı 23-ə çatdırılmışdı.

Şuşa şəhəri XVIII əsrin ikinci yarısında çox ciddi hücumlara məruz qalmışdı. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar, 1760-cı ildə Fətəli xan Əfşar, 1795-ci ildə isə Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr hücum etsələr də, Şuşa şəhərini təslim etməyə nail ola bilməmişdilər

Çox keçmədi ki, bu ərazilərə köç edən ermənilər şəhərin adına və tarixinə qənim kəsildilər. XIX əsrin sonu və XX əsrin əvvəllərində "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər işğalçılıq siyasətlərini daha da gücləndirirdilər. Bu ideyanın ilhamvericilərindən olan erməni şairə Silva Kaputikyan yazırdı: "Aram... türk sənin düşmənindir. ...Vətən Allahdan vacibdir. ...Kilsə vətəndən vacibdir... Böyük Tiqran kilsədən vacibdir. Böyük Tiqrandan vacibi isə Böyük Ermənistandır".

Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilər, Şuşa şəhəri üzərində xüsusi olaraq israr edirdilər. 1905-1907-ci illərdəki qırğınlar dövrü, Şuşada çox ciddi şəkildə qarşıdurma baş verdi. Əslən Şuşalı olan Əhməd bəy Ağayevin yaratdığı "Difai" təşkilatının üzvləri ermənilərlə ölüm-dirim mübarizəsinə qalxdılar və şəhərdən azərbaycanlıların qovulmasına imkan vermədilər. Lakin ermənilərin silahlı hücumları ara vermirdi, ilbəil vəziyyət daha da ağırlaşırdı.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dağlıq Qarabağda xüsusi ilə də Şuşada erməni silahlılarının müqavimətini qırmaq üçün Xosrov bəy Sultanovun başçılığı altında Qarabağ General Qubernatorluğunu yaratmaqla burada baş qaldıran erməni-bolşevik qiyamlarının qarşısını aldı.

AXC hökuməti Rusiyanın silahlı qüvvələrinin vasitəsi ilə devrildikdən sonra Azərbaycanın tərkibində mərkəzi Şuşa şəhəri olmaqla DQMV yaradıldı. Lakin ermənilərin təkidi ilə sonralar vilayətin mərkəzi Xankəndi şəhərinə köçürüldü.

Qarabağı Azərbaycandan qopara bilməyən ermənilər 1945-ci ildə Moskvaya müraciət edərək, Şuşa rayonunu Ermənistanın tərkibinə qatılmasına razılıq verməsini xahiş etdilər. Lakin o dövrdə Azərbaycan SSR KP MK-nin birinci katibi Mir Cəfər Bağırov Moskvadan onun ünvanına göndərilən sorğunu rədd etdi. Onun cavab məktubunda deyilirdi:- "...Dağlıq Qarabağın tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistana verilməsinə razı deyilik”.

Nəhayət, 1992-ci ildə ermənilər öz arzularını gerçəkləşdirdilər. Belə ki, onlar rusların dəstəyi ilə Şuşa şəhəri də daxil olmaqla ərazilərimizin 20%-ni işğal etdilər. İşğal nəticəsində yüzlərlə mədəniyyət və tarix və mədəniyyət abidəsi, milli-mədəni dəyərlərimiz məhv edildi, muzeylər talandı. İşğal nəticəsində Şuşada onlarla tarixi abidə, incəsənət abidəsi, bağlar, parklar, dekorativ heykəltəraşlıq nümunələri, inanc yerləri, qəbiristanlıqlar, qəbirüstü abidələr, sənədli abidələr, muzeylər və şəkil qalereyaları qismən və ya tamamilə məhv edilmişdir. Bir çox memarlıq abidələrinin yalnız qalıqları qalmışdır. Şuşanın memarlıq qoruğu adlanan ərazisi isə faktiki olaraq xarabalığı xatırladır. Şuşa memarlıq qoruğu 1977-ci ilin avqustunda Azərbaycan SSR Nazirlər Sovetinin "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərarı ilə təsdiq edilmişdir.

Şuşa abidələrinin çox böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir ki, bu da Şuşanın XVIII əsr şəhəri olduğu fikirləri tamamilə alt-üst edir. Azərbaycanın digər ərazilərində olduğu kimi Şuşada da abidələrin sayı barədə məlumatlar müəmmalı və mübahisəlidir. Belə ki, SSRİ dövründə Şuşa şəhərində 136 tarix və mədəniyyət abidəsi qeydə alınaraq rəsmiləşdirilmişdir.

Apardığımız tədqiqatların nəticəsində müəyyən etdik ki, SSRİ dövründəki qeydiyyat zamanı Şuşa qalası ətrafındakı Alban dövrünə aid sujetli daşlar, sənduqələr, bir çox bədii yazılı daş nümunələri, qəbirüstü abidələr, arxeoloji abidələr nəzərə alınmamışdır. Qalanın içərisində isə bir çox görkəmli şəxslərin yaşayış evləri, qəbirüstü abidələr, məhəllə məscidləri, məhəllə hamamları, xüsusi üslubla inşa edilmiş yaşayış evləri, xüsusi üsluba malik eyvanlı evlər, bədii daş nümunələri qeydiyyatdan kənarda qalmışdır.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi üzvlərinin qənaətinə görə Şuşa ərazisindəki abidələrin sayı 800-ə yaxındır.

Ermənistanın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları 2000-2005-ci illərdə Şuşa şəhəri ərazisində 500 Alban dövrü abidəsini qeydiyyata alaraq erməni mədəniyyətinə aid edildiyini elan ediblər. 2007-ci ildə isə xaraba qoyduqları Şuşa şəhərini ermənilərin mədəniyyət mərkəzi elan ediblər. Şuşa məhəllələrində erməni kilsələrinin tikintilərinə başlayıblar. Nə qədər pis şəraitdə yaşasalar belə, yaşayış evlərini, otelləri təmir edirlər. Şəhərin su xətlərini bərpa edir, İrandan nəql etdikləri elektrik enerjisiniqaz xətlərini yeniləşdirirlər.

Ermənilər heç bir əsas gətirə bilməsələr də indi hesab edirlər ki, Şuşa onların tarixi şəhərləri və dünya ermənilərinin inanc yerlidir. Onlar dağıtdıqları mədəniyyətimiz üzərində, saxtalaşdırdıqları tarixlə yaşayırlar.

 

 

Faiq İsmayılov

 

Kaspi.- 2012.- 20 sentyabr.- S.12.