İlham Əsgərov – səsin dalğası 

 

 Səsiylə - sədasıyla Azərbaycanımın dünənindən bu gününə körpü salan, boy-buxununda Dəmbəlo dağının ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar barədə duyğularımı ipə-sapa düzüb, nəsə babat bir ürək sözü yazmaq çoxdankı arzumdur. Amma yazdıqlarıma baxanda İlhamın mavi ekrandan – isdedadlı rejissor Elçin Cahangirlinin çəkdiyi “Susmuş vicdan” teleserialında canlandırdığı general obrazı sanki mənə səslənir: “Yox. Qardaş, belə olmaz deyir, sən hələ məni yaxşı tanımırsan!”

Mən İlhamı uzaqdan-yaxından 30 ildir tanıyıram. Bəs adam 30 il ərzində tanıdığı şəxsiyyət barədə görüb-bildiklərini daha necə dilə gətirər? Özüm də bilmirəm, İlham barədə düşünəndə niyə məhz onu ali məktəbə qəbul imtahanına gələndə Sahil bağında – tənha bir skamyada səhəri açan köynəkli abituriyent obrazında görürəm. Niyə?! Bəlkə o vaxt aktyor olmaq arzusuyla yaşayan sadə bir kəndli gəncin abır-həyası ona şəhərdə yaşayan qohum-əqrabasının qapısını döyməyə mane olmuşdu?.. Amma o gecə İlhamın gələcəkdə böyük şəhnədə tənha və doğmalar arasında qərib bir insanın obrazını oynayacağı rolun debütü oldu. Deyəsən, belə hissləri biz də yaşamışıq axı. Yəni İlham öz müasirlərinin canlı obrazını erkən yaşlarından həyat səhnəsində oynayan bir sənətkardır.

 

***

 

Biz hər ikimiz Masallıda - Rafiq Tağının “Muğan tərəflər” dediyi yamyaşıl zəmiləri olan qonşu kəndlərdə doğulmuşuq. Bəlkə də lap uzaq qohumuq, xəbərimiz yox!.. Əslində mənim Xoşçobanlı, Mollahəsənli kəndlərində qohumlarım var.

Masallının el ağsaqqalarından olan Samı Kəlbiyev dədəmi həmişə qohum deyə çağırardı. O Samı Kəlbiyev ki, Rəsul Rza, Qılman İlkin, Lütvəli Abdullayev, Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil və Azərbaycanın başqa görkəmli şəxsiyyətləri, sənət adamları onun dostu və qonağı olublar... İlham tele-müsahibələrində tez-tez el ağsaqqalının adını çəkir. Sinif yoldaşı Siyasət Həsənovu, dostu Hacı Əbülfət Əliyevi, qohumu Bahadur müəllimi də unutmur.

Yaxın qohum-əqrabaların təbirincə desək, İlham hələ lap uşaq çağlarından “oyun” çıxardırdı. Bəlkə buoyun”, “teatr” çıxarmaq hissi onda Samı kişigildə xalq artisti Lütvəli Abdullayevi görəndə, onun məclisdə zarafatyana dediyi sağlığın Muğan elində dildə-ağızda gəzdiyini eşidən anda yaranmışdı? Ölməz sənətkar Lütvəli Abdullayev Samı kişinin şərəfinə öz sağlığını belə ifadə edirdi: “Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. Bəziləri adama toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən...”

 

***

 

İlk dəfə ali məktəbə daxil olmaq cəhdi daşa dəydi İlhamın... Şirvanda

(o vaxtkı Əli Bayramlı) çilingər işlədi. Həyat və əmək təcrübəsi qazandı. Səhnə onunçun həyatın bir parçasıydı. “Müqəddəs ocaq” adlandırdığı səhnədə ilk addımlarını atdı, teletamaşalarda ilk rollarını oynadı...

Səhnədə ölüm səhnəsi yaratmaq kinodakından qat-qat çətindir. Lal obrazını yaratmaq ondan da çətindir. Hüseyn Cavidinİblisdramında səhnədə oynadığı lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov kollektiv çəkdirdikləri şəklin arxasına bu sətirləri yazdı: “İlham, lal dilində gözəl danışdığına görə səni təbrik edirəm!”

 

***

 

Sonra səhnədə sərkərdə, xan, xaqan, kral, böyük siyasi xadim oldu: Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Sabutay, İlyas Əfəndiyevin "Hökmdar qızı"nda Məhəmməd xan, Uilyam Şekspirin "Kral Lir"ində Fransa kralı, Əli Əmirlinin "Mesenat"ında N.Nərimanov, Mövlud Süleymanlının "Fatehlərin divanı"nda Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham...

Akademik teatrın ən populyar tamaşalarında iştirak etməklə yanaşı, İlham Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir. Çox incə qəlbli, həssas insandı İlham.

Əməkdar artist Əli Salahlı haqqındaSonuncu monoloqkitabımı oxuyandan sonra mənə telefonla minnətdarlığın bildirdi. Mənə elə gəldi ki, İlham əyalət teatrlarında çalışan dünyasını dəyişən sənətkarların yad olunmasına bərk kövrəlmişdi... (Əli Salahlı 12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə 59 yaşında Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi)

Bir-iki il öncəHəzrəti Yusifteleserialında Yaqub peyğəmbərin rolunu səsləndirirdi İlham. Sanki təkcə səsləndirmirdi, həm həmin polu oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə olan ürəklərə sərinlik yayırdıAmma İlham etiraf edir ki, dublyaj zamanı mətni oxuyarkən bəzi məqamlarda özü bərk kövrəlib, hətta ağlayıb.

 

***

 

Və nədənsə xanandələr həmişə “Apardı sellər saranı” mahnısını oxuyanda, “Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!” sözlərini eşidəndə yadıma Xalq artisti İlham Əsgərov düşür. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə bəylə -gəlinə xeyir-dua verməsinın az şahidi olmamışam. “Xançoban” söz sövqatıyla hər il Muğana gəlir... Muğanın da, Azərbaycan toy-büsatlarının da söz-sənət aşiqi İlhamsız günü olmasın!

 

***

 

Səhnədə Elçin Həşimovun tarı cuşə gəlir… Xanəndə Məsumun səsi pərdə-pərdə yüksəlir. İlham da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə haray düşür, ün düşür: “Dünya yaşamalı dünyadır, qardaş!”

İlhamın səsi neçə-neçə səs dalğasında öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə olməz ustad sənətkarın, cəngavərin obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbidir.

 

***

 

Bəzən şirin xəyala dalıram. Günlərin bir günü (nədənsə o günün məhz bahar çağlarına təsadüf edəcəyini düşünürəm...) Kazım Ziya sənətini yaşadan xalq artisti İlham Əsgərov Dədəm Qorqudsayağı səsiylə elimizə - obamıza QƏLƏBƏ müşdəsi verir... İlahi, zəfər təranələri ilə süslənən Azərbaycan necə də möhtəşəm görünür. Taleyin və tarixin min cür sınağına sinə gərən Qarabağ eli bayram libasına bürünür. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönür. İlhamın səsi AZADLIQ meydanına nur çiləyir: “Gözün aydın, Azərbaycan!”

 

***

 

Tarixçılərin yazdığına görə qədim muğanlı cəngavərlər boylu-buxunlu olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladır:

- Ehey, siz niyə belə cırlaşmısınız? - deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz? Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar, bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir.

...Yaradıcılığının otuz illik gecəsində dostlarından biri ona Məkkədən üzük gətrmişdi. Bəlkə o üzük mənin barmağımda elə də parlaq görünməzdi, amma “İncəsənət qvardiyasının sərdarı”, söz sərkərdəsi İlham Əsgərovun barmağına yaraşırdı. İlham bütün vücudu ilə, ululara xas səsi ilə səhnədə daha əzəmətlı görünür.

Qəribədir, son vaxtlar mən onu istər kinoda, istər teatr səhnəsində yalnız özümün arzuladığım rollarda görürəm: Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin! Qaçaq Mozu elə qaçaq Nəbi kimi bir igid olub bizim Muğan tərəflərdə. İlhamın həmkəndlisidir. Ona öz zəmanəsinin Robin Qudu da demək olar.

 

***

 

Nə isə... Son vaxtlar həyat səhnəsində qəfil itirdiklərimiz o qədər çoxdur ki! Ölüm mələyi nə ad-sana baxır, nə də yaşa. Bir gün eşitdim ki, çağrılmamış qonaq kimi xəstəlik İlhamın da ünvanını tapıb. Allah qıymasın, dedim. Hələ səhnədə oynayacağı çox rollar, həyatda görəcəyi cox işləri var. Şükürlər olsun Allaha, sağaldı, ad günü “Space” kanalında toy-bayram kimi qeyd olundu.

Və sonda üzünü xeyli vaxtdır görmədiyim sevimli aktyora deyirəm: İlham, bu yazını mən yazmadım qardaş, sən yazdın! Sən özün barədə yazılan və yazılmayan çox sanballı fikirlərin müəllifisən. Uca Rəbbimiz səni qorusun!

Sənin sənətinə şəxsiyyətinə ehtiramla,

 

 

Nurəddin ƏDİLOĞLU,

Yazıçı-jurnalıst

 

Kaspi.- 2012.- 21 sentyabr.- S.15.