PEYĞƏMBƏRİN TƏHQİR
EDİLMƏSİ...
I yazı
Uca Allah buyurur:
"Əlbəttə, siz malınız və canınızla
imtahan ediləcəksiniz. Sizdən əvvəl
kitab verilmiş kimsələrdən və Allaha şərik
qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz.
Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, əlbəttə,
bu, məqsədə müvafiq işlərdəndir"
("Ali-İmran" surəsi, 3/186).
Muhəmməd
peyğəmbər yenə təhqir olundu. Bu təhqirlər
isə nə ilkdir, belə görünür ki, nə də
son olacaq.
Peyğəmbərin
sağlığından günümüzə qədər
Allahın Elçisi müxtəlif mərhələlərlə
təhqir olunub və olunur. Bəs nəticə? Nəticə isə ikitərəflidir: haqlı
olduğu halda haqsız vəziyyətə düşən
müsəlmanlar, haqsız olduqları halda müsəlmanların
haqlı etirazlarını haqsız göstərən təhqirçilər.
İki tərəfi bir yerə yığanda isə bir nəticə
ortaya çıxır: Haqqı müdafiə etmək
istəyən müsəlmanlar müdafiə etdiklərini
haqqı ilə edə bilmədiklərinə görə
haqsız vəziyyətdədirlər. Müsəlmanların
bu vəziyyətdən çıxa bilmələri
üçün İslamı və Peyğəmbərini təhqir
edən filmi əsas alaraq bu haqda söhbət açacağıq.
İlk olaraq Peyğəmbərin sağlığında təhqir
olunması və bu təhqirlərə hansı münasibəti
bəsləməsinə qısa olaraq toxunaq.
Peyğəmbərin
sağlığında onu təhqir edənlər
Abdullahın
oğlu Muhəmməd sakit, başıaşağı
olduğu dövrlərdə hər kəs tərəfindən
"Etibarlı Muhəmməd" mənasına gələn
"Muhəmmədul Emin" adı ilə tanınır,
hamı ona güvənirdi. Müxtəlif mənfiliklərin
"kişilik" hesab edildiyi cəmiyyətin
palçığına bulaşmayan Muhəmməd səssiz-səmirsiz
həyatını yaşayırdı. Bu səssizlik
özünü aktivliklə əvəz edəndə,
başqalarının mənfəət pətəyinə
tüstü buraxanda artıq sancmalar özünü göstərdi.
İlk təhqir edən əmisi
olur
Muhəmməd
ilk dəfə Allahdan başqa ibadətə layiq haqq məbud
olmadığını, özünün də Allahın
Elçisi və bəndəsi olduğunu hayqırandan sonra təhqirlər
başladı. Amma Muhəmməd onların dediklərinə,
etdiklərinə səbr edirdi. Bilirdi ki, onlar bilmirlər. Onlar isə bilmədən
bilənə qarşı bilgisiz davranırdılar.
Abdullahın oğlu artıq Allahın Elçisi olduğunu
bildirəndə ilk etiraz və təhqir də Abdullahın
qardaşı olan Əbu Ləhəbdən, yəni Muhəmmədin
əmisindən gəldi. Ardınca əmisi yoldaşı bu
karvana sarvanlıq etməyə başladı. Karvana
qoşulanların sayı isə gün keçdikcə
artdı. Əmisi Əbu Ləhəb Peyğəmbərin
ardınca gedir, kimə İslamı anlatsa, dərhal: "Mən
onun əmisiyəm. Muhəmməd sizi ata-babalarınızın
dinindən döndərmək istəyir, nəbadə ona
inanasınız", - deyirdi. Hətta qardaşı oğluna
olan düşməçiliyi o həddə
çatmışdı ki, Peyğəmbərin qızları
Ruqiyə və Ummu Gülsümlə evli olan oğlanları
Utbə və Uteybəyə onları
boşatdırmışdı. Peyğəmbər isə
bunları ancaq səbrlə qarşılayırdı.
Üzərinə dəvə cəmdəyi
atırlar
Ukbə bin Əbu
Muayt İslama düşmən olan məkkəlilərdən
biri idi. Bir dəfə Muhəmməd Peyğəmbəri Kəbədə
namaz qılarkən görüb özünü ətrafındakılara
göstərmək və Muhəmmədin gətirdiyi
İslama etirazını bildirmək istədi. Bu məqsəd
üçün dəvə içalatısı gətirdi və
Peyğəmbər namaz qıldığı ərəfədə,
səcdə anında əlindəki cəmdəyi onun kürəyinə
atıb kənara çəkildi. Allahın Elçisi çətin
bir vəziyyətdə qalmışdı. Ukbə və ətrafındakılar
qarınlarını qaşıyaraq bu əməllərindən
ləzzət alır və qəhqəhə ilə
gülürdülər. Peyğəmbərimiz uzun müddət
başını səcdədən qaldıra bilmədi. Nəhayət,
bu hadisəni uzaqdan görən Peyğəmbərin
qızı Fatimə qaça-qaça atasının
yanına gəldi. Göz yaşları sel kimi axan balaca Fatimə
bir tərəfdən bu işi edənlərə əsəbləşir,
digər tərəfdən də atasının
üstünü təmizləyirdi. Rəsulullah istəsəydi,
orada düşmənləri yerlə-yeksan olar, layiq
olduqları cəhənnəmə gedərdilər. Amma O, həmişə
dözümlülük və mülayimlik yolunu
seçmişdi, bu gün olmasa da sabah mütləq başa
düşüb haqqa gələcəklərinə ümid
edirdi. Hıçqıraraq ağlayan qızına isə
bunları deyirdi: "Qızım, ağlama! Bil ki, Uca Allah
atanı düşmənlərinin şərrindən qoruyacaq
və onlara qalib edəcəkdir".
Əl-qol hərəkəti edənlər
də var idi
Mənfəətləri
əllərindən çıxdığı
üçün İslama və onu insanlara çatdıran
Peyğəmbərinə etiraz edərək düşmən
olanlardan biri də Uməyyə ibn Xələf idi. O da, hər dəfə Rəsulullahla rastlaşanda əl-qol
hərəkətləri ilə Peyğəmbərimizi təhqir
edir, göz vuraraq və ya ağzını-üzünü
oynadaraq Onu alçaltmağa çalışırdı. Bir
müddətdən sonra bu haqda Allah ayələrini göndərdi:
"Vay halına qaş və göz hərəkətləri
ilə, əl və qol oynadaraq alçaltmağa
çalışanların...". Ayədə
belə bir hərəkətin necə bir aqibətə
düçar olacağını bildirirdi ("Huməzə"
surəsi, 104/1-9), "Doğrudan da, günah edənlər
iman gətirənlərə gülürdülər,
onların yanından keçdikdə bir-birinə
qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə
qayıdırdılar, möminləri gördükdə isə
deyirdilər: "Həqiqətən, bunlar
azmışlardır!"" ("Mutaffifin" surəsi,
83/29-32).
Bədəni qanlar içində
qaldığı an
Bir misal da Peyğəmbərin Taif səfərindən
verək. Taif bağ-bostanları və
yaşıllıqları ilə məşhur olan bir yer idi.
Məkkədən təxminən 90 kilometr
aralıda yerləşirdi. Burada Allah Rəsulunun
ana tərəfindən qohumları yaşayırdı. Həmçinin Taif həyatının ilk dövrlərini
yaşadığı süd anası Həlimənin
yaşadığı yerə də yaxın idi. Rəsulullah əvvəlcə Səqif
tayfasının yanına getdi. Çünki
həmin vaxtlar səqiflilər Taifin tanınmış əyanları
sayılır və onlara hörmətlə
yanaşılırdı. Rəsulullahın qarşılaşdığı
ilk şəxslər Amr bin Umeyrin üç oğlu Abdiyaleyl,
Məsud və Həbib idi. Muhəmməd onlara
haqqı çatdırdı. Onlar isə Peyğəmbərə
lağ edir, onu məsxərəyə qoyurdular. Rəsulullah
kədərlənmişdi. Çünki
bu qədər yolu "bəlkə nəsə başa
düşərlər" fikri ilə payi-piyada cənnətə
bir qapı açmaq üçün gəlmişdi.
Taifdə daha betər məyus oldu. Çünki orada da haqq dini
çatdırmasının əvəzində daşlanmaqla
cavab verildi. Hətta daşı uşaqlara
atdırırdılar. Allahın sevimli bəndəsi
Peyğəmbərin ayaqlarından qan damcıları
süzülürdü. Taifdən
uzaqlaşaraq bir ağacın altında dincəlmək
üçün dayandı. Allah Rəsulu
iki rükət namaz qıldı. Aydın
idi ki, belə vəziyyətlərdə güc və qüdrətin
həqiqi sahibinə ürəkdən üz tutmaq lazım idi.
Əlbəttə ki, bütün bunlar hirslə
ayağa qalxıb ziyanla oturmamaq üçün ümmətinə
edilən bir mesaj idi. Çünki O, hər cəhəti
ilə nümunə götürüləcək bir model idi. Bir bəşər kimi hirslənməli olduğu vəziyyətlərlə
də üzləşəcək və belə vaxtlarda da
ümmətinə necə hərəkət etmək lazım
olduğunu şəxsən göstərəcəkdi.
Bəli, Peyğəmbər namazını
qılıb qurtarandan sonra əllərini yuxarı
qaldırdı və yalvararaq dua etməyə başladı...
Rəsulullahla birlikdə səfərə
çıxan və bütün olanları birlikdə
yaşadığı Zeyd heyranlıqla ona baxırdı.
Bir az da diqqətlə qulaq asanda Allah Rəsulunun
belə dediyini eşitdi: "Allahım! Güc
və qüvvətimdəki zəifliyi, həllini tapa bilmədəki
əlacsızlığımı və insanların məni təhqir
etmələrini, alçaltmalarını Sənə həvalə
edirəm".
Peyğəmbərimiz duasını
hələ qurtarmamışdı ki, birdən yanında Cibril
adlı mələklə və dağlara baxan mələk gəldi. Aydın idi ki, kədərli Peyğəmbərin
yalvarışları Ərşi titrətmiş və Allah
Onun köməyinə iki mələyi göndərmişdi.
Cibril belə dedi:
- Ey Muhəmməd! Şübhəsiz ki,
Allahın qövmünün Sənə dediklərindən və
üz döndərdiklərindən xəbəri var. Budur, Sənə
bunları layiq bilənlərə istədiyin hər şeyi
etməsi üçün dağlara baxan mələyi göndərdi!
Əgər Sən istəsən, bu iki
dağı yerindən qaldırıb onların üstünə
tökəcək. O bunun üçün gəlib.
Rəhmət Peyğəmbərinin fərqliliyi
burada da özünü göstərdi. Heç nəyə baxmayaraq verəcəyi qərar
özündən sonrakılar üçün də bir metod
kimi qəbul ediləcəkdi. Buna görə də Allah
Rəsulu qəti etiraz etdi: "Xeyr, qətiyyən! Ümid edirəm ki, Allah bunların da nəslindən
Ona heç bir şeyi şərik qoşmayan bəndələr
yaradacaq".
Mədinədə təhqirlərə necə
cavab verdi?
Bəlkə bunların ancaq Məkkə
dövrü ilə və həmin dövrdəki müsəlmanların
zəifliyi ilə bağlı olduğu düşünülə
bilər. Amma Muhəmməd peyğəmbər
eyni münasibəti İslamın güclü olduğu
dövründə də sərgiləmişdir. Buna Vəhş
bin Hərblə bağlı hadisəni və onu el-obasından
didərgin salan məkkəlilərə qarşı misallarla
göstərə bilərik.
Əmisini
öldürəni bağışladı
Müsəlmanların ən çətin
vaxtında çox həlledici Uhud döyüşündə
Peyğəmbərin əmisi Həmzəni öldürən
Vəhşini və əmisinin ciyərlərini
çıxaran Hindi İslamın güclü olduğu bir
dövrdə bağışlamışdı. Sadəcə Vəhşidən xahiş etmişdi
ki, onun gözünə görünməsin ki, hər dəfə
Həmzəni öldürməsini xatırlamasın. Vəhşi
özü bunları deyir: "Həmin gündən etibarən
mən Peyğəmbərin gözünə görünməməyə
çalışırdım. Əgər məclisdə
insanlar onun qarşısında əyləşirdilərsə,
mən onun arxasında bir yer seçib otururdum. Rəsulallah dünyasını dəyişənədək,
onun bu sözündən çıxmadım".
Sui-qəsdçiləri
əfv etdi
Hudeybiyədə hücum edərək
Muhəmməd peyğəmbəri öldürmək istəyən
bir qrup zərərsizləşdirilmişdi. Peyğəmbərin yanına gətirilən qrupu
yenə Allah Rəsulu bağışladı (Muslim,
"Cihad", 132, 133).
Qızının
düşmənini də öldürtmədi
Habbar bin Əsvəd də İslama və
Allahın Elçisinə düşmən olanlardan idi. Hətta bu şəxs Məkkədən Mədinəyə
köç edən Peyğəmbərin qızı Zeynəbi
hamilə olduğu halda nizəsi ilə vuraraq dəvədən
yıxılmasına səbəb olmuşdu. Zeynəb bətnindəki salmış, özü də
yaralanmışdı. Bu yara Mədinədə
vəfatına səbəb olmuşdu. Həbbar
bu cür bir çox cinayət törətmişdi. Məkkənin fəth edilməsindən sonra
qaçıb canını qurtardı. Sonra
Rəsulullah Mədinədə səhabələri ilə
oturub söhbət etdiyi ərəfədə Peyğəmbərin
yanına gələrək müsəlman olduğunu bildirdi.
Allahın Elçisi bu cür bir adamı da
bağışladı. Hətta onun təhqir
edilməsini də qadağan etdi (Vaqidi, II, 857-858).
İslamın
Fironunun oğlu da bağışlananlar oldu
İslam ümmətinin fironu
sayılan Əbu Cəhl kimi oğlu da müsəlmanların
düşmənlərindən idi. Məkkə
müsəlmanlar tərəfindən fəth ediləndən
sonra da şəhərdən qaçaraq Yəmənə
sığınmışdı. Həyat
yoldaşı İslamı qəbul edən İkriməni
Peyğəmbərin yanına gətirdi. Allah Rəsulu
İkriməni gözəl qarşıladı: "Ey
köçəri süvari, xoş gəldin!", - dedi və
etdiyi zülmləri üzünə vurmayıb onu
bağışladı (Tirmizi, İstizan, 34/2735).
Peyğəmbəri
zəhərləmək istəyən yəhudi qadın
Xeybərin fəth edilməsindən
sonra bir qadın Allah Rəsulunun yeməyinə zəhər
qoymuşdu. Rəsulullah əti
ağzına aparan kimi zəhərli olduğunu bildi. Yəhudi qadın yeməyə zəhər
qoyduğunu etiraf etdiyi halda, Allahın Elçisi həmin
qadını bağışladı (Buxari, "Tibb", 55;
Muslim, "Salam", 43).
Şairləri ilə
cavab Verdi
Şairlərin sözləri
çox təsirli olduğu üçün onların təhqirləri
bəzən ağızda-ağıza dolaşırdı. Peyğəmbərimiz
də onlara Hassan bin Sabit, Kab b. Malik və Abdullah bin Rəvaha
kimi müsəlman şarilərin şeirləri ilə cavab
verdirirdi. Hətta Peyğəmbərimiz Hassan bin Sabitə buna
görə dua da etmişdi.
Onu el-obasından
çıxaranlara cavabı
Boya-başa çatdığı
el-obasından köçmək məcburiyyətində qalan
Rəsulullah on min nəfərlik bir ordu ilə Məkkəyə
tərəf səfərə çıxdı. Məkkəyə
daxil olaraq Kəbəni bütün bütlərdən təmizlədikdən
sonra Kəbənin ətrafın yığışaraq onlar
haqqında nə hökm verəcəyini gözləyən əhaliyə
üzünü tutdu: Ey Qureyşlilər! İndi
sizin haqqınızda mənim nə edəcəyimi gözləyirsiniz"",
- deyə soruşdu. Onlar: "Sən yaxşılıq
sahibi olan bir qardaşsan! Comərdlik və yaxşılıq
yiyəsi olan bir qardaş oğlusan! Bizə səndən
ancaq xeyir və yaxşılığın gələcəyinə
inanırıq", - cavabını verdilər. Aləmlərə
rəhmət olaraq göndərilən ("Ənbiya" surəsi,
21/107) Muhəmməd peyğəmbər isə onlara belə
dedi: "Mənim sizinlə olan münasibətimiz Yusif
peyğəmbərlə qardaşlarının vəziyyəti
kimidir. Mən də Yusifin qardaşlarına dediyi kimi sizə
deyirəm: "Bu gün sizə heç bir məzəmmət
yoxdur. Mən Rəbbimdən sizin
üçün bağışlanma diləyəcəyəm.
Çünki O, rəhm edənlərin ən rəhmlisidir"
("Yusif" surəsi, 12/98). Gedin, siz
azadsınız!"
Məscidi
çirkləndirənə dediyi sözlər
Bir nəfər bədəvi məsciddən
ayaqyolu kimi istifadə etməyə başladı. Bunu görən insanlar dərhal reaksiya vermək istədilər.
Lakin Peyğəmbər: "Ona dəyməyin!",
- deyərək bir vedrə su istədi. Həmin yeri su ilə
təmizləyəndən sonra səhabələrinə belə
buyurdu: "Unutmayın ki, siz çətinləşdirmək
üçün deyil, asanlaşdırmaq üçün
göndərilmisiniz". Sonra Peyğəmbər həmin
adamı yanına çağıraraq ona belə dedi: "Məscidlərin
bu cür batırılması doğru deyil. Bu
yerlər ancaq Allahı zikr etmək, namaz qılmaq və Quran
oxumaq üçündür".
Ona qarşı
edilənlərə Peyğəmbərin duası
Təhqirlərə və əziyyətlərə
məruz qalan Peyğəmbər tez-tez Allaha belə dua edərdi:
"Ey Allahım! Ümmətimi
bağışla, çünki onlar bilmirlər" (İbn
Macə, "Mənasiq", 56; Əhməd b. Hənbəl,
"Musnəd", IV, 14).
Bəli,
bağışlamağın ən məqbulu gücün
çatdığı halda bağışlamaq,
yaxşılıqların ən gözəli isə pisliyə
qarşı yaxşılıqla əvəz verməkdir. Mərhəmətin ən üstünü isə sənə
zülm edənlərə şəfqətlə
yanaşmaqdır. Bütün bunlara görədir
ki, Muhəmməd peyğəmbər dininə görə
qızlarını boşayanları, Uhudda dişini
qıranları, öldürmək üçün gələnləri
bağışlayıb. Rəsulullah bütün
bunları Allahın bu ayəsinə uyğun olaraq həyata
keçirib: "Sən bağışlama yolunu tut,
yaxşı iş görməyi əmr et
və cahillərdən üz döndər" ("Əraf"
surəsi, 7/199).
Bəs bizlər?
Elşad
MİRİ
Kaspi.- 2012.- 27 sentyabr.- S.12.