Uşaqlar
virtual hədəfdə
Ekspertlər
uşaqların internetdən qorunması üçün
təcili
addımların atılmasını vacib hesab edirlər
Uşaqların
internetdən aşırı istifadəsi dünya ölkələrini
narahat etməkdədir. Elə sentyabrın 1-də Rusiyada
qüvvəyə minən qanun da təkcə qonşu ölkənin
deyil, həmçinin bu təhlükənin
yaşandığı əksər dövlətlərin
narahatlığını ifadə edir. Rusiya dövlətinin
başçısı Vladimir Putun “Heç kəs
uşaqları zərərli informasiyalardan qorumaq, onların
internetdən istifadədə azadlıqlarını məhdudlaşdırmaq
üçün bu qanundan alət kimi istifadə etməyə
hazırlaşmır.
Uşaqlar haqqında qanun internetlə
mübarizə silahı deyil”- deyə sənədə
qarşı çıxanlara səslənib. Materialların
internet resurslarda və KİV-də yayımına nəzarət
edəcək qanunun müəllifləri hazırda dövlət
orqanlarında uşaqların əxlaqi-psixoloji
davranışlarına mənfi təsir göstərən
amillərin yer aldığını qeyd ediblər. Hərçənd
bəzi ekspertlər sənədin tam formalaşmamasını
əsas gətirərək hansısa repressiyalar
üçün şərait yaradacağından
narahatlıqlarını dilə gətiriblər. Amma dövlət
başçısı bildirib ki, qanundan yalnız
uşaqları müdafiə məqsədilə istifadə
olunacaq: “Mənə maraqlıdır, məgər başqa
ölkələrdə, o cümlədən, internetdə
uşaq parnoqrafiyasını qadağan edən qanunlar yoxdurmu? Var,
amma bizdə o vaxtdan yoxdur”- deyə V.Putin bildirib. Rusiya
prezidentinin narahatlığına
əsas var: ümumilikdə Rusiyada qlobal şəbəkədə
70 milyon istifadəçidən
12 milyonu həddi-buluğa
çatmayan uşaqlardır.
Məsələn, keçən
il “Qaynar
xətt”ə internet portallarda
yayımlanan uşaq pornoqrafiyası ilə bağlı 4 minə yaxın xəbər daxil olub.
Uşaqların ehtiyacı
Rusiyalı ekspertlər hesab edirlər ki, həqiqətən uşaqların
belə müdafiəyə
ehtiyacı var. Yəni
ölkənin gələcəyi,
onun balaca vətəndaşlarının düzgün istiqamətlənməsi
üçün internet iştirakçılarının
yaydıqları hər
xırda detala belə nəzarət etməli, xüsusən şəbəkədə məşğul
olan uşaqlara diqqət ayırmalıdır.
Qeyd edək ki, bizim ölkəmizdə
də hələlik bu istiqamətdə əhəmiyyətli addımlar
atılmır. Yəni uşaqların sosial şəbəkələrdə məşğulluğuna görə
heç kəs məsuliyyət daşımır.
Belə ki, istifadəçi sosial şəbəkədə
istənilən qrup yaratmaq, istədiyi informasiyanı yaymaq, istədiyi fikri bölüşmək, o cümlədən,
hər hansı zorakı süjetli videoçarxları izləməkdə
azaddır. O cümlədən
uşaqların belə
sərbəstliyi var.
Son illər ölkədə internet imkanları
genişləndiyindən zərərli
informasiyalardan uşaqların
qorunması ciddi problemə çevrilib.
Təkcə ona görə
yox ki, müasir
texnologiyalar dövrüdür,
həm də ona görə ki, internetdə məşğulluq uşaqların
həyat tərzinə
çevrilib. Bizim uşaqlar
da internet klubların daimi sakininə çevriliblər. Onların
bir hissəsi demək olar ki, günlərini az qala sosial şəbəkədə
başa vurur.
Elə keçən dərs ilində Bakı Təhsil İdarəsinin dərsdə
yayınmalarla bağlı
reydinin nəticələri
vəziyyət barədə
müəyyən mənada
xəbər verir.
İnternet klublarda keçirilən
monitorinqdən sonra məlum olub ki, şagirdlər dərsdən yayınaraq bu klublarda vaxt
keçirirlər. Əsasən də oğlanlar dərslərdən yayınaraq
daha çox oxuduqları məktəblərə
yaxın internet klublara
ayaq açırlar.
Problemin qarşısını almaq
üçün internet klublarının
rəhbərlərinə dərs
vaxtı şagirdlərin
kluba daxil olmalarına mane olmaq tapşırılıb.
Təhsil eksperti Etibar Əliyev hesab edir ki, bizim
ölkəmizdə də
uşaqların internetdən
müdafiəsi ilə
bağlı qanuna ehtiyac var: “Əgər
Rusiyada bu qanun qəbul edilibsə, demək onlar bunun zərərini
yaxşı anlayıblar.
Bizim Milli Məclisdə də belə bir layihənin müzakirəsinə ehtiyac
var”. Ekspertin fikrincə, bizdə uşaqların internet klublara
güclü axını
müşahidə edilir:
“Əgər hər hansı bir insan zəruri məqamda internet kluba üz tutsa, səs-küydən içəri
daxil ola
bilməz. Hay-küy klubları öz başına götürüb. Əgər monitorinq
aparılsa, sübut olunar ki, uşaqlar
heç də klublarda təhsilləri ilə bağlı məşğul olmurlar.
Trillerə, zorakı filmlərə,
erotik kadrlara baxırlar. Yəni söhbət pornoqrafik
saytlardan və terrorizmi, nifrəti, müxtəlif oyunları təbliğ edən resurslardan gedir. Sosial şəbəkələrdə yayımlanan zorakı videoçarxlar da uşaqların psixikasına
həddən artıq
mənfi təsir edir. Bunun isə çox
ziyanverici təsirləri
var. Buna görə də
zərərli informasiyalardan
uşaqların qorunması
ciddi problemə çevrilib”.
E.Əliyev hesab edir ki,
məktəblərdə uşaqların
internetdə təhlükəsizliyini
təmin edəcək
mexanizmlər olduğuna,
evdə valideynlərin
nəzarəti ilə
üzləşdiklərinə görə, onlar digər variantlara əl atır – internet klublara üz tuturlar: “Bu, onların dərs prosesini pozmaqla yanaşı psixoloji cəhətdən
onlara ziyan gətirir”.
«Gənc Liderlər» Uşaq Təşkilatının uşaqlar
arasında apardığı
monitorinq də vəziyyətə güzgü
tutur: 100-ə yaxın
uşaq kompüterdən
istifadə məqsədlərini
açıqlayaraq internetdən
əxlaqsız portallardan
və vəhşiliyi
aşılayan oyunlardan
istifadə etmək üçün yararlandıqlarını
bildiriblər. İş ondadır
ki, valideynlər də övladlarının
internetdən mütəmadi
və qeyri-normal məqsədlər üçün
istifadə etdiyini inkar etmirlər. Hətta onlar uşaqlarına bu sahədə artıq qadağa qoya bilmədiklərindən
şikayətlənirlər.
Hər şeydə ifrata varanda...
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün fikrincə, təklikdə
heç bir nazirlik, təşkilat,
internet ötürücüsü, məktəb və valideyn bu problemi
həll edə bilməz. Buna görə də
uşaqların internetdə
təhlükəsizliyi sahəsində
təşkilati və
texniki – texnoloji addımların atılması
vacibdir. “Təşkilati tədbirlər
məktəb, valideyn,
ictimai qurumların və özəl sektorların birgə fəaliyyəti ilə həyata keçirilməlidir”.
Problemə psixoloqların fikri də haçalanır.
“Sosial şəbəkələr
müasir dövrün
tələbədir və
uşaqların da, gənclərin də günlərini internet qarşısında
keçirmələri xeyli
normaldır. Onsuz da həyatımızda maraqlı
şeylər azdır,
uşaqlar başlarınmı
qatırlar” deyənlərlə
yanaşı, internetin
onları real həyatdan
uzaqlaşdırdığını deyənlər də çoxdur.
Psixoloq Azad İsazadənin fikrincə, virtual aləm uşaqların məsuliyyət
hissini itirməsinə
səbəb olur.
“Virtual aləm uşaqların həyat tərzinə çevriləndə,
onların faciəsi başlayır. Onlar psixoloji
cəhətdən də
həyata hazır olmurlar. Uşaqlar özlərini sosial
şəbəkədə necə
arzulayırlarsa, özlərini
gerçəkdən elə
hiss edir, yalnız müsbət keyfiyyətlərini
göstərməyə çalışırlar.
Bir halda ki qarşındakının
göz yaşını
və iztirablarını
görmürsən, orada
başqasını təhqir
etmək də, alçaltmaq da asandır. Bu cür uşaqlar hətta psixoloji cəhətdən həyata
hazır olmurlar, məsuliyyət hissini itirirlər”.
Psixoloq Dəyanət Rzayev isə hesab edir ki,
sosial şəbəkələrin
ləğvindən danışmaq
ümumiyyətlə, mənasızdır.
Psixoloq şagirdlərin
məşğul olduğu
sosial şəbəkələri
onlar üçün
o qədər də təhlükəli hesab etmir: “Hər bir şeyin mənfi və müsbət tərəfi
var. Səhv etmirəmsə,
Azərbaycanda bir il ərzində
5 min adam avtomobil qəzasında həlak olur. Ancaq bu qəzalara
görə maşınları
ləğv etmirlər.
Sosial şəbəkələr də
elədir. Ancaq düşünmürəm
ki, sosial şəbəkələr maşınlar
qədər daimi təhlükəli xarakter
daşısın». D.Rzayevin fikrincə,
sosial şəbəkələrdə
ünsiyyət nəinki
böyüklər üçün,
uşaqlar üçün
də canlı ünsiyyəti əvəz
edə bilməz.
“İnsan nə
qədər virtual ünsiyyətdə
çox olursa onun üçün canlı ünsiyyət qurmaq vərdişi azalır”. D.Rzayev internetə aludəçiliyin
yeniyetmələr üçün
mənfi tərəfini
həm də onların dərsdən yayınmasında görür.
«Uşaqlar internetə
çox vaxt ayıranda bu, onları dərsdən yayındırır. Sovet dövründə
ona görə çoxlu alimlər yetişib ki, onlar müxtəlif dərnəklərdə məşğul
olublar. İndi də uşaqlar
dərnəklərə, idman
klublarına getməlidirlər.
Uşaqlar bəzən internetdən
lazım olmayan informasiyaları da ala bilirlər. Bəzən başqa ölkələr
digər ölkələrin
vətəndaşlarına öz maraqlarını saytlar vasitəsilə yayırlar. Bu baxımdan uşaqlar
internet təhlükəsizliyi ilə təmin olunmalıdırlar. Bu gün bizə vətənpərvərlik, güclü
ordu lazımdır.
Ancaq mən sosial şəbəkələrdə bu cür şeylərə
az rast gəlirəm”.
Psixoloqun
fikrincə, uşaqların
internetdən istifadəsi
valideyn nəzarəti
altında həyata keçməlidir. Belə ki,
uşaqlara internetdən
istifadə üçün
limit qoyulmalıdır. “Hər şeydə
ifrata varanda onun mənfi nəticələri üzə
çıxır”.
Gerçəkdən, problem haqqında düşünməyin vaxtı
çatıb. Dövlət
səviyyəsində addımlar
atılmalı, uşaqların
gələcəyinə yönəlik
layihələr həyata
keçirilməlidir. Təkcə monitorinqlər və reydlər keçirməklə
problemi həll etmək təbii ki, mümkün deyil. Həm də problemin
həllini təkcə
internet klubların rəhbərlərinin
ümidinə buraxmaq olmaz. Onlar klubların qapısına
“Azyaşlı uşaqların
girişi qadağandır”
yazsalar belə, ciblərinin “marağını”
ictimai maraqlardan üstün tutmayacaqlarına
inanmaq çətindir.
Təranə Məhərrəmova
Kaspi.-
2012.- 22-24 sentyabr.- S.7.