PEYĞƏMBƏRİ TƏHQİR EDƏNLƏR... 

 

II yazı

 

Uca Allah buyurur: "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir" ("Ali-İmran" surəsi, 3/186).

... Bağışlamağın ən məqbulu gücün çatdığı halda bağışlamaq, yaxşılıqların ən gözəli isə pisliyə qarşı yaxşılıqla əvəz verməkdir. Mərhəmətin ən üstünü isə sənə zülm edənlərə şəfqətlə yanaşmaqdır...

Yazımızın birinci hissəsində təhqirlərə, fizioloji və psixoloji təzyiqlərə, əziyyətlərə məruz qalan Muhəmməd peyğəmbərin necə davranmasından, əslində isə bağışlamasından bəhs etdik. Burada isə son vaxtlar baş verən hadisələrə toxunaraq müsəlmanların necə etiraz etməli olduqları barədə söhbət açacığıq.

 

Təhqirlər nə vaxt başlayır?

 

Peyğəmbərə qarşı təhqir və təzyiqlər İslamı açıq-aşkar təbliğ etməsilə başlamışdı. Müsəlmanların sayısının çoxalması ilə təhqirlər təcrid, zorakılıq və işgəncə ilə əvəzlənmişdi. Bəs Qərbdə? Amerika və Avropa qitəsində nə vaxtdan start götürüb bütün bunlar? Yenə eyni cavab: müsəlmanların sayının özündən əvvəlki dinlərin mənsublarının sayından artmasından sonra...

 

Müsəlmanların artımı

 

Təsəvvür edin ki, dünyadakı müsəlman əhalinin sayı 1973-cü ildə 500 milyon idisə, hazırda bu rəqəm 1,5 milyardı ötür. Demoqrafik hesablamalar Avropada müsəlman əhalinin sürətlə artdığını, dünya miqyasında isə ilk dəfə olaraq müsəlmanların sayca xristianlardan çox olduğunu göstərir. Qərb mütəxəssisləri miqrasiya proseslərinin və İslamla bağlı mövzuların sayının artması və bu sahəyə yönələnlərin axtarışları nəticəsində çox sayda avropalı və amerikalının İslamı qəbul etdiyini müşahidə edirlər. Bu tədqiqatçılar bir neçə on illikdən sonra Avropanın İslamın ən böyük mərkəzlərindən birinə çevriləcəyini proqnozlaşdırırlar. Hətta bəzilərinin iddia etdikləri kimi bu islamlaşma III dünya ölkələrindən gələn mühacirlərin sayəsində deyil, kommunizmin iflasından sonra kapitalizmin daxili tənəzzülü, hazırda dünya miqyasında baş verən iqtisadi böhranın müqabilində İslamın alternativ bir dünyagörüşü kimi qəbul edilməsi yoluyla həyata keçəcəyini müəyyənləşdirirlər.

 

Artımın qarşısını necə almalı?

 

Bəs bunun qarşısını necə almalı? Bəli, dəfələrlə "dişlərinə vurduqları" bir plan yada düşür. Bu plan nədir? Təxribat. Və təxribata qarşı kütlə psixologiyasından istifadə edilərək törədiləcək etiraz aksiyaları və bunun əvəzində İslamın sürətinin qarşısını tormozlamaq...

Hətta Peyğəmbərin sağlığında müsəlmanların artımının qarşısını almaq üçün Peyğəmbər haqqında "sehrbaz, kahin, dəli" kimi təhqiramiz ifadələr işlədir, ləqəblər qoyurdular. Əlbəttə ki, bu danışıqlar Peyğəmbərimizin qulağına çatmış və hələ ilk gündən məruz qaldığı bu ləkəyaxma kampaniyasına görə çox kədərlənmişdi. Amma buna cavab olaraq Allah belə buyururdu: "Ey əbasına bürünən Peyğəmbər! Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl..." ("Muzzəmmil" surəsi, 1-4). Böhtan atanların həvəsdən salma kampaniyasına qarşı insanı daha da ümidləndirən gecə namazı... Bunu isə çox az adam başa düşər...

Təhqir etdikləri dinin peyğəmbəri isə öz işi ilə məşğul olurdu. Müsəlmanların sayı isə hər ötən gün artır və müsəlmanların güclərinin üstünə güc gəlirdi. Təhqir yolunu seçənlər isə özlərini və vaxtlarını buna həsr etdikləri üçün zəifləyir, müxtəlif böhranlara düçar olurdular. Amma təhqirlərə məruz qalan Peyğəmbərin ümməti çox qısa vaxt ərzində əsrlərin imperiyası olan Sasanilər kimi imperiyanı tarix səhnəsindən sildilər. Ardınca Bizans imperiyasını eyni aqibətə düçar etdilər. Və bu gün 1 nəfərlə başlayan İslamın mənsublarının sayı 1,5 milyardı ötüb.

 

Məşhurlaşmaq üçün təhqir yolu

 

Müsəlmanların güclü olduqları dövrlərdə belə bir təhqiri heç kim ağlının ucundan da keçirmirdi. Amma zəiflik müşahidə olunan kimi eyni metod fərqli aktyorların əli ilə həyata keçirilməyə başlandı. Bunlardan biri də 1888-ci ildə baş verəcəkdi. Osmanlı imperiyasının süquta qərq olmağa başladığı dövrlər idi. Fransız yazıçı Henri de Bornye "Muhəmməd" adlı Peyğəmbərimizi təhqir edən pyesini yazıb sona çatdırdı və bunun səhnəyə qoyulması üçün Fransanın məşhur teatrlar ilə razılıq əldə etdi. Tamaşanın geyim və dekorasiyası hazırlanıb məşqlər edilərkən qəzetlərdə, bu pyesin Peyğəmbərimizi təhqir etməsilə bağlı xəbərlər dərc edildi. Osmanlı padşahı II Abdulhəmidin məsələyə qarışmasından sonra Fransa tamaşanın səhnələnməsini saxladı. Tamaşası Fransada qadağan edildikdə, müəllif bunu İngiltərədə həyata keçirməyə çalışdı. Lakin Osmanlı rəhbərliyi diplomatik səylərilə tamaşanın İngiltərədə də səhnəyə qoyulmasının qarşısını aldı. Sonralar tamaşanı İtaliyada da səhnəyə qoymaq istədilər. Bunun də qarşısı eyni metodlarla alındı və tamaşa səhnələnmədi.

Yazıçı və təşkilatçılar tamaşanı Avropada səhnəyə qoya bilmədikdə bunu ABŞ-da həyata keçirməyə çalışdılar. Osmanlı rəhbərliyinin buradakı səylərilə də Prezident Klevələnd (Stiven Qrover Klivlend) tamaşanı qadağan etdi.

 

Təhqirlərin xronologiyası

 

Tarix boyu Avropada İslam dininə və Peyğəmbərimizin şərəfinə toxunmaq məşhur yazıçı olmaq üçün ilk addım olub. Bunlar şəxsi mənada həyata keçirilən və şəxslərin məşhurlaşması üçün edilən addımlar idi. Amma müasir dünyamızda bu kimi hallar isə müəyyən qrupların, beyin institutlarının, xüsusi xidmət orqanlarının böyük planlarını həyata keçirmək üçün tələyə qoyduqları pendir, ya da qarmağa taxdıqları yem rolunu oynayır.

Salman Rüşdinin "Şeytan ayələri" adlı kitabı ilə başlayan mərhələ, Hollandiyada Wildersin "Fitnə" filmi, Danimarkadakı karikatura, Roma Papasının Regnsburg çıxışı, ABŞ-dakı bir keşişin Quranı yandırması, İsveçrədəki minarə referandumu, Fransada hicabla bağlı yasaq, Almaniyadakı sünnət qadağası, Nyu-York metrolarındakı reklam afişləri, Avropanı İslam təhlükəsinə qarşı xəbərdar etmək üçün 77 nəfəri qətlə yetirən Breyvikin terroru, İslamafobiya közərtiləri ilə dolu olan internet saytları, Avropa ölkələrində müsəlmanları qızışdırmaq üçün kəsilmiş donuz başlarının məscidlərin qapısına atılması və axırıncı olaraq da yenə ABŞ-da ortaya çıx(arıl)an "Müsəlmanların günahsızlığı" filmi...

Bütün bunlara ümumi nəzər yetirdikdə şəxsi olaraq başlayan məsələlərin necə ümumiləşdirilərək yayıldığını müşahidə edə bilərik.

 

Yaralı müsəlmanlar

 

Təxribat texnoloqları çox gözəl bilirlər ki, müsəlmanlar hazırda "yaralı"dır. Uzun illərdir Fələstində baş verənlər, Əfqanıstanda öldürülənlər, nüvə silahı adı altında ölkəyə daxil olan işğalçıların İraqda 3 milyondan çox insanı qətlə yetirməsi, hazırda Suriyada 40 minə yaxın müsəlmanın öldürülməsi, Myanmada müsəlmanların başlarına gətirilənlər, ölkəmizin Qarabağ kimi problemləri bu yaralardan bir neçəsidir. Bunları bilənlər yeni yaralar üçün başqa bir təxribatın qığılcımını yandırdılar. Və çox səviyyəsiz bir film ortaya çıxardılar.

 

"Müsəlmanların günahsızlığı"

 

İndi isə gələk konkret olaraq İslamı və Muhəmməd peyğəmbəri təhqir edən "Müsəlmanların günahsızlığı" (The Innocence of Muslims) filminə... Bu filmin məqsədi birmənalı olaraq təxribatdır.

Muhəmməd peyğəmbərin (s) təhqir olunduğu, uşaqbaz və arvadbaz adam kimi qələmə verildiyi, İslamın isə "absurd və yalan yığnağı" kimi təqdim edildiyi "Müsəlmanların günahsızlığı" filminin rejissoru Sem Besil (Sam Bacile) "The Wall Street Cournal" qəzetinə verdiyi müsahibədə bunları özü deyib: "Bəli, etiraf edirəm ki, filmi qəsdən, bilərəkdən belə çəkdim. Məqsədim provokativ bir lent, kütlələri hərəkətə gətirəcək əsər hazırlamaqdı. Bu film İslama və müsəlmanlara qarşıdır. Çünki İslam bəşəriyyətin vücudundakı xərçəng yarasıdır. Müsəlmanlar isə məhv edilməsi gərəkən murdar həşəratlardır. Filmimdə də İslamın nifrətlə yoğrulmuş din olduğunu göstərdim. Filmin çəkilişi üçün 100 nəfər israilli sponsordan 5 milyon dollar aldım. Filmimi İsrail üçün çəkmişəm".

Rejissor filmin hazırlanmasında Quranı yandırmaqla məşhurlaşan keşiş Terry Conasdan da dəstək aldığını etiraf edib. Özünü əslən yəhudi kimi təqdim edən təxribatçının əsl adının Nakoula Basseley olduğu isə sonradan məlum olub. Bu adamın vaxtı ilə törətdiyi cinayətə görə hazırda şərti həbs cəzası ilə azadlıqda olduğu da ABŞ polisləri tərəfindən bildirilib.

 

Antisemitizm meyilləri gücləndirmək məqsədi

 

ABŞ-da yaşayan dinlər tarixi tədqiqatçısı professor Caner Dağlıi bloqunda (muslimcomment.com) bu adamın əslində yəhudi olmadığını, sadəcə arxasında yəhudilərin olduğunu hiss etdirmək və ona qarşı olanları antisemit, etiraz aksiyalarını da antisemitizm kimi göstərməyi planlaşdırıb. Buna baxmayaraq İsrailin bu məsələdə səssiz qalması da maraqlıdır.

Digər tərəfdən, əgər bu film bu qədər yayılmasaydı, neçə nəfər tamaşa edəcəkdi buna? Heç bir sənət əsəri olmadığı halda bu film milyonların izlədiyi bir video halına gətirildi. Filmin ərəb dilindəki titrlərlə Misir və Liviyada internet istifadəçilərinin ixtiyarına verilməsindən xeyli vaxt sonra ilk etirazların Liviyada başlaması qaranlıq məqamlardan xəbər verir. Bu etirazlardan ən böyük zərəri etiraz edənlərin mənsubu olduqları İslam görür. İslamofobiya isə bunlardan qidalanır.

Filmin rejissoru və arxasındakılar bu filmlə dünyaya çatdırmaq istədiyi məqsədlərindən bir çoxunu həyata keçirə bildilər. Müsəlmanları qızışdırdılar, küçələrə çıxardılar, səfir öldürtdülər və etirazçıların dinlərini barbar və terror dini kimi göstərdilər. Bu baxımdan film və filmin istehsalçıları istəklərinə nail olublar.

 

 

Elşad MİRİ

 

Kaspi.- 2012.- 28 sentyabr.- S.12.