İki ildən sonra zəlzələnin yerini də, vaxtını da deyə biləcəyik” 

 

Akademik Telman Əliyev: «Sosial əhəmiyyətli obyektlərin seysmodayanıqlığına nəzarət olunmalıdır»

 

Bu yaxınlarda Bakıda «Kibernetikanın və informatikanın perspektivləri və problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilib.

Kibernetika və informatika sahəsində elmi nailiyyətlərin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssis, o cümlədən Azərbaycanın kibernetika və informatika problemləri ilə məşğul olan əsas elmi-tədqiqat qurumları və universitetlərinin nümayəndələri iştirak edib.

AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev “Kaspi”yə müsahibəsində ölkəmizdə informasiya texnologiyaları və kibernetika sahəsində böyük nailiyyətlərin əldə olunduğunu bildirib:

 

Möcüzələr baş verir

 

- Biz informasiya texnologiyaları və kibernetika sahəsində dünya üzrə öncül yerlərdən birini tuturuq. Bu baxımdan bu konfransı keçirməyə bizim mənəvi haqqımız var. Konfransın işinə müasir informatikanın bütün sahələrini əhatə edən bölmələr qatıldı. «Seysmik cihazlar, sistemlər, texnologiyalar» bölməsi isə bizim konfransda yeni bir bölmə kimi təqdim olundu. Bildiyiniz kimi, Azərbaycan seysmik zonada yerləşir. Demək olar ki, hər həftə 2-3 bal gücündə zəlzələlər baş verir. Bir tərəfdən biz zəlzələlərə hazır olmalıyıq. Binalarımız seysmodayanıqlığa malik olmalıdır ki, böyük zəlzələlər baş verəndə biz rahat yaşamağımıza arxayın olaq. Digər tərəfdən, istərdik ki, həmin zəlzələlərin olacağı barədə məlumatımız olsun. Biz bu iki istiqamətdə müəyyən işlər aparmışıq. Artıq kifayət qədər nəticələrimiz və patentlərimiz var. Əsas odur ki, real işləyən yeni prinsipli stansiyalarımız fəaliyyətdədir. Son vaxtlar 5 belə yeni tipli stansiya hazırlamışıq.

- Yenilik nədən ibarətdir?

- Bu stansiyalarda seysmik informasiyanı yeni nəzəriyyə əsasında, yəni küylərin analizinin – noise analizinin bir neçə texnologiyasını yaratmışıq. Həmin texnologiyaları istismarı dayanan neft quyularında tətbiq etmişik. Neft quyuları vasitəsilə gələn küyün analizi əsasında yeni tipli seysmatik stansiya tətbiq etmişik. Bu prinsipə beynəlxalq patentlər almışıq. Nəticələrlə bağlı Nyu-York, London və Almaniyada monoqrafiyalarımız çap olunub. Ümumiyətlə, kağız üzərində çoxlu nəzəriyyələr, təkliflər olur. Ancaq bunlar artıq uzun müddət sınaqdan keçmiş nəticələrdir. Bu nəzəriyyəni təxminən 5-6 il əvvəl vermişdik. Amma sınaqdan keçirməmiş bu barədə danışmaq istəmirdik. 2010-cu il iyun ayının 1-dən Qum adasında 3500 dərinliyi olan quyuda ilk eksperimentə başladıq. Bizə elə gəlirdi ki, 30 dəqiqə əvvəl və zəlzələ baş verən ərazidən 5-10 kilometr aralı məsafəni stansiya qeyd edəcək. Biz eksperiment aparanda İmişli rayonunda zəlzələ baş verdi. İmişli isə bizdən 100 kilometr aralı məsafədə yerləşir. Biz nəticəni görüb təəccübləndik. Həm də 15-20 saat əvvəl məlumatı aldıq. Sonra zəlzələ Masallıda baş verdi. Masallı isə daha uzaq məsafədə yerləşir. Yenə də 15-20 saat əvvəldən məlumatı aldıq. Onda bizə elə gəldi ki, bu, möcüzədir. Biz buna inanmırdıq. Sonra inandıq ki, bizim dövrümüzdə də möcüzələr baş verir. Daha sonra stansiya Tacikistanda, İranda, Gürcüstanda baş verən zəlzələləri qeyd etdi. Doğurdan da bu, möcüzə idi. Biz bunu elə də qəbul etdik. Bundan sonra ikinci stansiyanı düzəltmək qərarına gəldik. 2011-ci ildə Şirvanda qurduğumuz stansiya da eyni nəticəni verdi. Ən azı 6-7 saat qalmış zəlzələnin olacağı barədə stansiya xəbər verirdi. Sonra biz zəlzələnin həqiqətən baş vermə xəbərini internetdən oxuyurduq. Bundan sonra biz bir neçə stansiya qurmağı qərara aldıq. Hazırda Qum adası, Neftçala, Şirvan, Naftalan və Siyəzəndə stansiyalarımız fəaliyyətdədir. Altıncı stansiyanı Naxçıvan qurmağı planlaşdırmışıq. Bu, çox vacib stansiyadır. Çünki həm Türkiyənin, həm də İranın sərhəddindədir. İki ildən çoxdur ki, bu eksperimentləri aparırıq. Digər bir məsələ qalır: məsələn, biz deyirik ki, 15-20 saatdan sonra zəlzələ baş verəcək. Hələlik zəlzələnin harada baş verəcəyini deyə bilmək üçün koordinatı tapa bilməmişik. Hazırda bu sahədə tədqiqatlar aparırıq. Artıq zəlzələ baş verən yerin ocaqlarını göstərməyə təxminən yaxınlaşmışıq. Hələlik isə bunu demirik, çünki bu, bir az məsuliyyətli məsələdir. Ancaq yaxın zamanlarda - nəticəyə arxayın olandan sonra, bu barədə danışacağıq. Həmçinin zəlzələnin gücünün minimal qiymətini tapmaq üzərində işləyirik. Layihənin böyük bir hissəsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. Çünki informasiya peyk vasitəsilə sinxron olaraq stansiyalara ötürülməlidir. Hazırda bu sistem işlədiyinə görə, biz bu nəticəni onlayn rejimində almağı bacarırıq. Mənə elə gəlir ki, biz iki ildən sonra zəlzələnin yerini də, gücünü də, vaxtını da deyə biləcəyik. Başqa bir layihəmiz isə neft quyularında rentabelliyi artırmaq üçün daha müasir texnologiyalardan istifadə ilə bağlıdır. Artıq bizə qrant verilib. Həmin texnologiyaları bir neçə neft-qazçıxarma idarələrində yoxlamışıq. Yəqin ki, yaxın vaxtlarda bu texnologiyaların tətbiqinə. Bu, həm də sosial məsələdir.

- Konfransa qatılan beynəlxalq seysmoloqlar nəticələri necə dəyərləndirdilər?

- Onlar bizim məruzələrə qulaq asandan sonra «Doğurdan da bu, böyük hadisədir, yeni kəşfdir. Dünyada ən ciddi problemlərdən biri budur» - dedilər. Qonaqlar yeni stansiyaları görmək istədilər. Onlar həmçinin bizimlə işləmək istədiklərini bildirirlər. Həmçinin bu eksperimentləri öz ölkələrində tətbiq etmək istədiklərini qeyd etdilər. Gələcəkdə isə bu istiqamətdə beynəlxalq layihə – peyk vasitəsilə baş verə biləcək anomal seysmik proseslərin mənzərəsini əks etdirməklə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Biz böyük miqyaslı eksperimentlər aparmaqla onları beynəlxalq səviyyədə müzakirə edirik.

- Necə bilirsiniz, böyük fəlakətlərə səbəb olan zəlzələlərin koordinatlarını müəyyənləşdirmək və fəlakətlərin qarşısını necə, almaq mümkündürmü?

- Zəlzələlərin proqnozunun bir neçə variantı var. Uzunmüddətli proqnoz, yəni 5-10 il əvvəldən deyilir ki, filan yerdə güclü zəlzələ olacaq. Məsələn, bizim tanınmış seysmoloq Oqtay Babazadə vaxtilə İranın Əhər şəhərində güclü zəlzələnin gözlənildiyini demişdi. Doğurdan da həmin vaxtda İranın Əhəd şəhərində dəhşətli zəlzələ baş verdi. Həmçinin, orta müddətli zəlzələnin vaxtını deyən seysmoloqlar da var. Onlar 5-10 gün sonra baş verəcək zəlzələnin vaxtını deyirlər. Amma 15-20 saat əvvəl baş verəcək zəlzələnin informasiyasını vermək isə seysmoloqun işi deyil, buna cihaz imkan verməlidir. Biz seysmoloq deyilik. Bizim tətbiq etdiyimiz cihaz seysmoloqa zəlzələnin vaxt baş verəcəyini deyə bilməyə imkan verir. Artıq biz bu aləti hazırlamışıq. Əgər bu, təsdiq olunsa onda biz bu sistemi seysmoloqlara verəcəyik.

 

Həkimlərin şübhəsi

 

- İnstitutda sizin fəaliyyət istiqamətlərinizdən biri hündür binaların strateji tikinti obyektlərinion seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitorinq edilməsinin nəzəri əsaslarının hazırlanmasıdır. Bu tədqiqatlar yeni tikilən binalara da aiddir?

- Biz bu monitorinqlə çoxdan məşğuluq. Bu sahədə müəyyən təcrübəmiz var. Bakının gözəlləşməsi bizi sevindirir. Lakin bunun öz problemləri var. Belə hündür binaların, sosial əhəmiyyətli obyektlərin seysmodayanıqlığına nəzarət olunmalıdır. Məsələn, Bakıda 2-3 bal gücündə zəlzələ tez-tez baş verir. Hər bir zəlzələdən sonra gərək seysmodayanıqlığın dəyişməməsi müəyyənləşsin. Əgər dəyişiklik varsa, bu, faciə deyil, təmir işləri aparmaqla problemi aradan qaldırmaq olur. Ancaq bunu müəyyənləşdirməyəndə, güclü zəlzələ baş verən zaman bina təhlükə qarşısında qalır. Bu, çox ciddi məsələdir. Düzdür, bu məsələ ilə bağlı müəyyən tədbirlər görülüb, amma hələ görüləsi işlər çoxdur.

- Siz həmçinin ürək-damar sistemində patoloji proseslərin yaranmalarının gizli dövrünün monitorinqini təmin edən tədqiqatlar aparmısınız. Doğurdanmı problemlə bağlı xəbərdarlığı mobil telefonlar edəcək?

- Bu da ciddi məsələdir. Ürək-damar sisteminin xəstəliyi ciddi olsa da, digər tərəfdən onun diaqnostikası asandır. Lakin diaqnostikanın cavabı əlimizdə olanda bir qədər gec olur. Həkimlər insanı müayinə müalicə etməklə saxlaya bilərlər, ancaq yenidən bərpa edə bilməzlər. Ürəyin narahatlıq dövrü ilkin başlayan vaxtlarda isə problemi aradan qaldırmaq daha asandır. Ürəkdə narahatlıq təzə başlayanda küy yaranır. Həmin küyü analiz etməklə həkim müalicə yazır. Aşkar dövr olanda isə problem artıq ya müalicə olunmur, ya da müalicəsi uzun müddət çəkir. Bizim təklif etdiyimiz texnologiya ürəkdəki ilkin narahatlığın gizli dövrünü aşkarlamağa çıxarır. Bunu mobil telefonla həyata keçirmək olar. Biz bu layihə üçün Avropa Birliyindən Elm Fondundan qrant almışıq. Yəni bu texnologiya mobil telefon vasitəsilə xəstənin narahatlığının həm gizli dövrünü tapmağa, həm dəyişiklik haqqında informasiya verəcək. Biz ingilis, türk, ispan polyaklarla birgə konsorsium işləmək haqqında təklif irəli sürdük. Hələlik isə özümüz işləyirik. Avropada 2-3 ildən bir müəyyən istiqamətdə elanlar çıxır. Biz həmin elanları gözləyirik ki, təklifimizi irəli sürək.

- Bəs həkimlər bu nəzəriyyəyə necə yanaşır?

- Həkimlər bir qədər şübhə ilə yanaşırlar. Bu da təbiidir. Konservatizm hər bir insana xas olan xüsusiyyətdir. O cümlədən, bizim həkimlərdə konservatizm çox güclüdür. Lakin mən əminəm ki, bu texnologiya dünyada qəbul olunacaq. bu barədə bizim həkimlərdən soruşmayacaqlar. Yəqin ki, mobil telefonda ürək-damar xəstəliyinin monitorinqi ilə bağlı texnologiyanın tətbiqində bizim adımız hallanacaq.

- Bu gün Azərbaycanda elmin ümumi vəziyyəti haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Təkcə cəmiyyətdə yox, həm bir çox təbəqələrdə müəyyən bir səhv fikir var: «Elmə gəlir gətirməyən sahə» kimi baxırlar. Ancaq elm gəlir gətirən sahədir. Bütün dünyada, məsələn, Amerikada böhran baş verdi. Hər tərəfə yönəldilən pullar kəsildi, ancaq elmə qoyulan pulu artırdılar. Eləcə Yaponiyada da, Avropa ölkələrində eyni proses getdi. Elm o zaman gəlir gətirir ki, büdcənin 2 faizindən artığı ona sərf olunsun. Belə olanda, elm hətta, ölkəni dolandırmağa başlayar. Hələlik bizim cəmiyyətdə bu anlayış yoxdur. Məsələn, biz neft quyularının rentabelliliyini artıran sistemi düzəldib tətbiq etsək, bu, bütün Azərbaycanda elmə qoyulan xərci dəfələrlə ödəyə bilər. Elə layihələr üzərində işləmək olar ki, elmə qoyulan pulu 10 dəfə artıq ödəyə bilsin. Biz elmi gəlir gətirən bir sahəyə çevirməliyik. İnanıram ki, bu, vaxtsa belə olacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2012.- 28 sentyabr.- S.9.