Doğma
evin astanasında
(hekayə)
Gülzadə nənə ona lazım
olan stansiyaya çıxanda günəş artıq öz
isti, parlaq şüalarını yer üzünə
yaymışdı. Ətrafda adam çoxdu – kimi artıq gəlmişdi,
kimi isə əksinə, harasa yola düşməyə
hazırlaşırdı. Yaşlı qadın bu stansiyaya qədər
uzun yol qət eləmişdi. Bir neçə qatar dəyişmişdi.
Yolda pis yatmışdı. Başında yalnız bir fikir
dolaşırdı: necə olur-olsun evə
çatmalıdı!
Gülzadə
nənə stansiyada avtobusa
mindi və bir saatdan sonra 70 il əvvəl doğulduğu
doğma kəndinin yaxınlığındakı
dayanacaqda düşdü.
Yaşlı qadın doğma kəndinə
yaxınlaşdıqca hər tərəfə diqqətlə
baxırdı, sanki düz
gəlib-gəlmədiyinə inanmaq istəyirdi. Burda,
küçələrdən birində ata
evi olmalıydı.
Gülzadə
nənə asta gedirdi.
Qəlbində səbəbini özü də
bilmədiyi sevinc, həyəcan, hətta
narahatlıq hissi duyurdu.
Xəstəxanadan cəmi bir ay əvvəl çıxmışdı və
ürəyində aparılan əməliyyat arabir
özünü büruzə verirdi. Əlbəttə, əgər həkimlər
onun “səyahətindən” xəbər tutsalar, çox narazı qalacaqlar.
Gülzadə
nənə ətrafa nəzər salır və
öz-özünə inanmırdı. O, yenidən öz kəndində idi,
elə bil ayrılıq heç
olmamışdı. O ayrılıq ki, bütün həyatı boyu,
altmış il davam etmişdi... Bu müddət
ərzində çox şey
unudulur, amma yaddaşdan hər şey silinmir. Xüsusən uşaqlıq illəri,
qayğısız, xoşbəxt günlər.
-
İnanılasıdımı, - xatırlayırdı, - hələ
bu yaxında mən bu
yerlərdə gəzib-dolaşmışam. Uzun
hörüklü balaca
qız olmuşam, ancaq
indi...
Eh, zaman,
qiymətli zaman, biz çox vaxt onun qədrini bilmirik. Bəzən
nəyisə qaytarmaq, düzəltmək
istəyirsən, lakin əlin heç hara
çatmır, gedərgəlməzdədi. Elə ki, vaxtın qədir-qiymətini bilməyə
başlayırsan, baxırsan heç nə
qalmayıb...
- Atam və qardaşım müharibəyə burdan getdi, anam
və bacım Xədicəylə bizi
hamı ilə bərabər burdan zorla uzaqlara sürdülər...
Qarının
göz yaşları ixtiyarsız axdı.
- Yox, özümə söz
vermişəm ki, ağlamayacağam!
Evə çatmaq üçün
özümü qorumalıyam, -
öz-özünə dedi.
Yanından
ötən kənd sakinləri gözlərində yaş hər bir evə
diqqətlə baxa-baxa gedən bu qadını öz kəndlərində
ilk dəfəydi görür
və təəccüblənirdilər. Nə biləydilər
kimdi, hardandı?..
Gülzadə
nənə doğulduğu evə çatmağa az
qalmış yanından bir yük maşını sürətlə keçdi. Qəfildən qalxan
toz bir müddət nəfəs
almağa mane oldu. Amma qadın ayaq belə saxlamadı. Onun
bir an da
dayanmaq fikri yoxdu. Xüsusən, bu saat, doğma evin astanasına bir
neçə addım qaldığı bir
vaxtda.
Bir də, ömründə bu qədər çətinliklər
yaşamış bir adamı nə
saxıaya bilərdi? Yox, heç
olmasa indi yox!
Düzdü, çox-çox
illər əvvəl, birinci dəfə doğma evinə qayıtmağa cəhd edəndə,
hər halda, bu baş vermişdi. Onda Simferopolda ailəsi, əri və iki uşağı ilə birlikdə, krım milisi saxlamışdı. Milis
işçiləri biləndə ki,
yarımadaya özbaşına növbəti krımtatar ailəsi
qayıdıb, o saat rəislərini
çağırdılar. Özünü
yetirən milis polkovniki
Kuzmuk Ynusov ailəsinin
bir sutka ərzində
könüllü
şəkildə Krımı tərk etməsini tələb etdi, əks təqdirdə...
Gülzadə
və əri Cəlal onların ailəsinə toxunmaması üçün polkovnikə çox
dil tökdülər.
- Biz cinayətkar deyilik, öz Vətənimizə
qayıtmışıq, həmişə işləmişik,
iş tapacaq və
hamı ilə bərabər bizim
Krımın dirçəlməsi üçün
çalışacağıq...
Ancaq əvvəlcədən
krımtatarları haqqında təlimatlandırılan, əmrləri
yerinə yetirməyə adət etmiş Kuzmuk dediyindən dönmədi:
- Birincisi, Krım sizin deyil. İkincisi, biz sizsiz də keçinərik.
Bunu da bilin,
burda sizi heç kim qydiyyata götürməz! Deyildi
– çıxın gedin, sizsiz
də işlərim xirtdəkdəndi. Artıq siz hamınız zəhləmizi tökmüsünüz. Deyirlər, bura olmaz, amma
bunlar bir əldən
yenə gəlirlər. Təkcə keçən həftə
başıma bəla olmuş bütöv bir
“desant”ı, beş belə ailəni geri qaytarmışam. Buyur,
biri də bu yandan çıxdı, bir
zibildən qurtarmamış...
Ynusovların
uşaqlıqdan qayıtmağı arzuladıqları və əzab-əziyyətlə
gəldikləri yerdən getmək fikirləri yoxdu.
Amma təəssüf, güclər bərabər
deyildi. Gecə xəlvətcə
gələn əlavə milis dəstəsi
gənc ailəni artıq neçənci dəfə həyata
keçirilmiş ssenari
üzrə Krımdan zorla köçürdü.
Məhz o zaman bir neçə asayiş keşikçisi Krımın yolunu
ömürlük unutması üçün onun ərini
dəyənəklə vəhşicəsinə döydü. Bundan sonra Cəlal tez-tez
başağrısından şikayətlənirdi. Lakin heç bir dərman ona kömək
eləmirdi. Krıma yaxın olmaq üçün birtəhər gedib yerləşdikləri Xersonda
həkim ona müalicə olunmaq
üçün Krıma, Yaltaya
getməyi məslət gördü.
- Sağ ol, həkim, - Cəlal
ona dedi, - sevinə-sevinə
gedərdim, amma hələlik mənə ora getmək olmaz...
Həkim
Anatoli Borisoviç
insanları sevirdi, öz
pasientlərini millətlərinə görə fərqləndirmirdi.
Ancaq o,
yaşadığı ölkəni sevir və
onun hakimiyyətinə tabe
idi. Hakimiyyət
üçünsə özününkü
və yad, lazımlı və lazımsız
xalqlar vardı. O zamankı hakimiyyət üçün onları Vətəninə qaytarmaq tələbiynən daim
dəng edən Krım tatarları “ikinci növ” insanlar
sayılırdı. Bu hakimiyyət
insanların Vətənini özbaşına təyin etməyə
adət etmişdi...
Əri
Cəlal artıq çoxdan ölüb. Gülzadə nənənin
uşaqları və nəvələri artıq çoxdan hara gəldi səpələniblər.
İndi heç bir kömək olmadan gəldiyi
bu yerdən onu heç kim və heç zaman qova bilməz!
Gülzadə
nənə küçənin axırına çatdı. Evi düz onun
qarşısındaydı. O vaxtdan, demək
olar, heç dəyişməmişdi.
Həmin divarlardı, düzdü, çox yerdən çatlamışdı, həmin
pəncərə, həmin köhnə kirəmit örtükdü... Buna baxmayaraq ev ona
necəsə balaca göründü,
uşaqlıqda o böyükdü.
Həyətdəki su quyusu
da nədənsə yoxdu.
Bütün həyətdə otdan başqa heç nə bitməmişdi. Amma həyətin axırındakı nəhəng
qoz ağacı elə əvvəlki yerində
yenə tək ucalırdı. O, uşaq
vaxtı haçansa atasının burda saldığı bağda
oynamağı sevərdi. Uşaqlığı çoxdan keçmişdi.
Bağ yoxdu. Amma ata evi,
öz əlləriynən əkdiyi qoz ağacı əvvəlki kimi
dururdu. Ən əsası yaddaşı güclüydü.
Gülzadə
nənə doğma evlə üzbəüz
dayandı. Ona xeyli
baxdı və nəsə düşündü.
Üzünün ifadəsi tez-tez dəyişirdi. Gah əzablı
gərginlikdən donur, gah
da xoş xatirələrdən
canlanırdı. O, evin, həyətin hər
tərəfinə diqqət yetirirdi, sanki orda kimisə görməyə
ümid edirdi. Amma evdə, görünür,
artıq çoxdan heç
kim yaşamırdı. Necəsə
yazıq və kimsəsiz görünürdü.
O, əyilmiş
balaca qapının ağzında xeyli dayansa da
həyətə girməyə tərəddüd elədi. Nəhayət,
özünü toplayıb doğma evə doğru
addım atmaq istəyəndə Gülzadə
nənə birdən ürəyində kəskin ağrı hiss etdi. Ah
çəkərək qapının yanındakı köhnə
skamyada güclə əyləşdi.
Baxışları isə ata evindən
ayrılmadı...
Birdən
bir an əvvəlki boş və kimsəsiz həyət səs-küylə,
cingiltili balta səsləri
ilə doldu. Bu odun doğrayan atası və
qardaşı idi, nə haqdasa
ciddi danışırdılar. Bir az onlardan
aralıda Xədicə qonşunun pişiyini sığallayır,
qaçmasın deyə dilə tuturdu. Daha hansısa balaca
qızcığaz yerdən, hündür
ağacdan düşən qozları
yığırdı. O kiməsə çox
oxşayırdı. Görəsən kimdi?
Gülzadə nənə gərginləşdi, fikrini cəmlədi... Eh, bu ki elə o özüdü! Ancaq o, altmış il əvvəl belə bir
qızdı! Doğrudanmı, bu mümkündü? Deməli, zamanı geri qaytarmaq, uşaqlıq
illərinə qayıtmaq olar?!
Heyhat... Bu
səhnə qəfildən gözə görünən
ilğım kimi yox oldu. Amma
bu an hardansa
çox uzaqlardan köhnə, gözəl bir musiqi eşidildi.
Gülzadə nənə onu
tanıdı. Anası kədərli
anlarında məhz bu mahnını zümzümə edərdi.
İndi bu mahnı Gülzadə
nənənin əsl təskinliyi oldu. Uşaqlıqda arabir onu sevindirən konfet kimi şirin gəldi ona. Mahnı daha ucadan səsləndi,
qarı üçün
duaya çevrildi.
- Mən öz evimizə çatdım, ana, eşidirsənmi? Mən burdayam, mən qayıtmışam! Mən
bu günü necə də çox, demək olar, bütün həyatım boyu gözləmişəm! Evimizə
olan bu yolum
necə uzun oldu! Amma göydəki
məni eşitdi, doğma yuvama çatmağa mənə
güc verdi...
***
Həmin gün axşam kənd sakinləri çoxdan tərk edilmiş evin yanındakı skamyada yaşlı bir qadının cansız cəsədini tapdılar. Onun hardan gəldiyini
heç kim
bilmədi. Hansısa gözəgörünməz qüvvə onu nəyə görə bu evə gətirmişdi?
Ömrünün axır dəqiqələrində
o nə haqqında düşünürdü? Hər şey qurtardı, hər şey sakitləşdi və susdu... Bundan belə onun ruhu ordadı, çoxdan başqalarının,
Allahın bəxş
etdiyi doğuşundan
bəri tanıdıqlarının
hamısının olduğu
yerdə.
Seyran Süleyman
Ruscadan çevirən: Eyvaz Zeynalov
Kaspi.- 2012.- 22-24 sentyabr.-
S.24.