Zərrin
Hekayə
Çox
soyuq idi. Çox soyuq. Belə soyuq hardasa 20 il bundan qabaq
olmuşdu. Onda kənddə hər tərəf qara
bürünmüşdü. Agacların beli qarın
ağırlığına tab gətirməyib əyilmişdi.
İndiki kimi elə bil həyat donmuşdu. Küləyin
qorxunc vıyıltısının qulaq
batırdığı həyət-baca elə kədərli
görünürdü ki.
İri
gövdəli armud, qoz ağacları qarın altında
yazıq görkəm almış, illərin istisinə,
sızağına, şaxtasına tab gətirən ağaclar
indi pambıq kimi yumşaq və çəkisiz görünən
qarın altında əyilmişdilər. Yəqin agaclar da adamlar
kimidir.
Bəzən
illərin vurduğu yaralar, ürəyə ən iti
ülgüclə salınan izlər kimi cavan adamın da belini
bükür.
Zərrin
də bu axşam kiçilmişdi. Yumrulaşıb, lap elə
zərrə boyda olmuşdu. Otağın
küncündəki balaca, qədim, örtüyü
cırılmış kresloda bardaşqurma oturub,
başını aynabəndi ikiyə bölmək
üçün asdıqları divar əvəzi qalın pərdəyə
söykəmişdi. Əlləri ilə qulağını bərk-bərk
tutmuşdu. Tutmuşdu ki, qonaq otağından gələn
səsləri eşitməsin. Başını da pərdəyə
söykəmişdi ki, o səsləri tıxanmış qulaqları
ilə daha aydın eşitsin. Eşitməyə bilməzdi. O
səs onun qanına, canına hopmuşdu. Ürək pərdəsinin
bütün simlərində dillənən,
vücüdüna sirayət edən o səs onun
üçün dünyada hər şeydən doğma, əziz,
müqəddəs idi!
Bu səs
həzin, mehriban olsa, onu ölüm yatağından belə
qaldıra bilər. Bəs əksinə olanda? Yenə
tükü ürpəşdi. Bədəninin şəklini
almış kresloda ilan kimi qıvrıldı. Yumağa
döndü. Bunu fikirləşəndə belə əcaib, bədheybət
varlıq görürmüş kimi gözləri bərəlir,
rəngi saralır, əlləri əsirdi Zərrinin. Hiss elədi
ki, boğazı quruyur. Ayaqlarını ehmalca yerə qoydu ki,
gedib mətbəxdən su gətirsin. Bayaqki səsi
xatırladı.
-Ortalıqda
görməsinlər səni.
-Mən
sənə görə…Sənin üçün…
-Mənə
görə heç nə lazım deyil.
Zərrinin
səsi də özü kimi titrəyə-titrəyə, mən
hər şeyin yaxşı olmasını istəyirəm,
dedi.
-Yaxşı
olmasını istəyirsənsə, görünmə! Onda hər
şey daha gözəl olar!
-
Ah…olsun. Təki sənə yaxşı olsun. Əlini mətbəx
bıçağının üstünə qoyduğunu, bu dəmir
parçasının sümüyünə dirəndiyini hiss
etmədi. O, otaqdan çıxandan sonra başı gicəlləndi.
Sözlərin ağırlığı gözünə
doldu elə bil. Göz qapaqlarını qaldıra bilmədi. Əli
ilə gözünü açmaq istədi ki, otağa
keçsin! Bıçağın zəli kimi
sümürdüyü qan üzünə yayıldı. Uf,
bu nədi ? Zəhrimar əlimi kəsib.
Sonra istezha ilə bıçağa güldü. Bu
ağrı nədir ki , 20 il bundan əvvəlki o dəhşətin
qabağında? O ağrının öz tarixçəsi
var! Onu anlamaq üçün oxumaq yox, yaşamaq
lazımdır.
Su
dalınca getmədi, pəncərəni açdı. Kaş
ürəyin də pəncərəsi olaydı. Hərdən
açıb havasını dəyişəydik ki, ruhumuz
içində boğulmasın. Pəncərədən həyətin
özü kimi yazıq simasına baxdıqca, haradansa
yadına düşən misraları xatırladı.
Çərxi- fələk
nə sayıb,
nə sayıbsa tərs
sayıb.
Yazda insanın üzünə gülən,
qəlbini riqqətə gətirən, ətri ilə
insanı xumarlandıran rəngbərəng güllü,
yamyaşıl xırda otlarını əzməyə
sarsıldığın bu həyəti soyuq fevralın
ayazı dondurmuşdu. Amma
onun könlünü, vücudunu donduran nə idi? Yataq
otağına keçib, ehmalca taxta çarpayıya
uzandı. Yanındakı dolabın üstündəki abacuru
yandırdı. Otağa mavi-çəhrayı-ağ
qarışıq südlü bir işıq doldu. Əvvəllər
bu otaq həmişə belə nurlu olardı.
Həmin
gun yun şalını çiyninə salmaq üçün
otağa girəndə , buranı bir anlıq həsrət dolu
baxışla süzdüyü yadına düşdü. Niyə
elə baxmışdı otağa? Bəlkə gələcək
fəlakəti hiss eləmişdi? Onda tək bu otaq yox,
bütün ev ona məhəbbətlə baxırdı. Pəncərələr,
şkaflar, hətta əlinə götürdüyü çəngəl,
bıçaq da. Pərdələr də nazlı-nazlı
süzürdülər onu. Bəs nə oldu bu evə? Zərrin
sağ tərəfə çevrlib dirsəkləndi. Kim gətirdi
bu bozluğu, 20 ilin o tayından boylanan xatirələri təzələnməyə
qoymayan bu dumanı?
Dərdi fələk gətirdi,
qucaq-qucaq gətirdi.
Elə bil bu misraları çarpayı
ilə üzbəüz divar boyunca qoyulan, nisgil dolu
tanış baxışlarla boylanan, böyük, aynalı
şkaf da dedi. Hə
, hə. Şkafın da ona yazığı gəlirdi. Zərrinə
elə gəlirdi ki, bu evdə adamlardan başqa hər
şeyin ona yazığı gəlir.
Durub
şkafın önündəki güzgünün qabağna gəldi.
Hər dəfə özünə baxanda gözündə
onun gözünü görürdü Zərrin.
Çünki bənzərlikləri çox idi.
Yadına
bir bazar günü atasının onu danlamağı
düşdü. Onun qızaran üzü, dolan gözü,
hirslə dodağını çeynəyən dişinə
baxıb dözə bilməmişdi Zərrin! Mətbəxə
keçib ağlamışdı. O, da sakitləşsin deyə
soyuducudan sərin su götürmək üçün mətbəxə
girmişdi. Zərrinin ağlaya-ağlaya, yanan ürəyinə
qurban olum, deyib ağlamağına etinasızlıqla baxaraq,
var gücü ilə, deyəsən dəli olmusan.
-Həyatımın
kabusuna çevrilmisən, çıx get də,
bağırmışdı. Axı niyə ölmürsən
deyib, onu köhnə futbol topu kimi itələyə-itələyə
mətbəxdən çıxardığı gün Zərrinə
elə gəlmişdi ki, deyəsən, o özü dəli
olub. Elə həmin gün Onun gözündə
özünə qarşı dərinləşən nifrəti
, beyninin hüceyrələrində cücərib, ürəyində
böyüyən, ora da sığmayıb, köpüklənə-köpüklənə
dodağına süzülən nifrəti duymuşdu Zərrin.
Bu nifrəti əridə biləcək qüvvənin varlığına
inamını itirmiş, özü-özlüyündə
taleyinə üsyan edə bilməyəcək acizliyinə
söymüşdü. Tanrının bu hökmünə də
başını əyib, anlamışdı ki, onu itirib. Vəssalam!
Elə
həmin gün onun dümsüklədiyi qolundakı
ağrı əvvəlcə bədənini sarıdı,
sonra yumrulaşıb ürəyinin bir güncündə
ocaqdan ayrılan köz kimi işıldadı, necəsə
ürəyindən də qopub boğazına
yapışdı. Elə hey göynədə-göynədə
onu incitməyə
başladı. Nə qədər su içir,
onu udmağa çalışırdı, alınmırdı.
Yumru ağrı dolaşıq düşüb, ucu
tapılmayan ip kimi nə qırılır, nə haçalanır,
nə də açılırdı. Eybəcər şəkildə
qalın kürk düymələrinin arxasına
yapışan sap kimi boğazına
dürtülmüşdü. Pərdənin o tayında
dalğa-dalğa yayılan musiqinin batırmaq istədiyi səslər
arabir ucalır, Zərrini fikir məngəsindən xilas edir,
sonra yenə hansısa gözəgörünməz əl onu
cəhənnəm qazanı kimi şaqqaşaq qaynayan dərd
gölünə batırırdı.
Kimsə
diqqəti özünə cəlb etmək üçün
var gücü ilə qışqırıb, qulaq asın, tost
deyirəm söylədi. Musiqinin səsi azaldı. Araya sakitlik
çökdü. Zərrin fikirləşdi ki, yəqin indi
hamı- O da , qeyri –adi, heç kimin, heç yerdə
eşitmədiyi tostu gözləyir. Bayaq qışqıran səs
indi aramla danışmağa başladı.
Sənə
səadət dolu günlər arzulayıram. Gül ol,
bülbül ol , qəfəsdə olma.
Ardını
Zərrin eşitmədi. Elə bil qurbağa gölünə
daş atdılar.
Yekə
kişisən, bundan ötrü saxlamışdın bizi?
Gül kimi oynayırdıq da.
Kişi
qızıl xırdaladı. Ha-ha-ha.
Səadəti
arzulamaqdansa onu götürüb, gələydin də.
Boğazındakı
ağrı bərkidi. Şiş elə bil lap
böyüdü. Uf! Zərrinin əlləri əsdi,
başı gicəlləndi. Ömrü boyu Onu yaxşı,
alicənab, mükəmməl adamların sırasında
görmək istəmişdi. Onu qoruya-qoruya, roman qəhrəmanlarına
bənzətmişdi xəyallarında. Yazda
yamyaşıl, təzə tumurcuqlayan alça
ağacının altında ona öyüd-nəsihət verəndə
qonşular çəpərdən baxıb,
gülüşürdülər . Qız-zaddı bəyəm,
a başına xeyir deyib, onu məzəmmət edirdilər.
İndi əhatəsində məzmunsuz formaları görəndə
bağrı az qalırdı partlaya.
Ayaqları
ağrıdı. İndi hiss elədi ki, bayaqdan durub
güzgünün qabağında. Güzgüdən
özünə baxan özünü gördü. Nəyə
oxşayırdı, ilahi! Gözlərinin
parıltısı sönüb, içki
düşkünü olan adamlar kimi içi
qıpqırmızı olub, arıqlıqdan ordları
batıb, üzü o qədər uzanıb ki, elə bil kimsə
çənəsini tutub var-gücü ilə
aşağı dartıb. Saçları
yapırğıyıb, başına yapışıb.
Boynunun sümükləri elə qabarıq görünür
ki, sanki fil dişindən muncuq asmısan. Yaman kövrəldi.
Zərrinin gözü bu evdə yaşadığı dəhşətləri
görə-görə bərəlmişdi. Bu dəhşətin
vəhşətindən bəbəklərinin
parıltısı sönmüşdü. Sıxıntı əzrayıl
kimi canını alıb, son nəfəsini çıxarmaq
üçün burnunda saxlamışdı. Ona görə
arıqlayıb üzülən üzündə fındfq
boyda burnu şişib tuluğa dönmüş , artıq
ət kimi sallanmışdı. Rəngi də
qaralmışdı. Nənəsinin ağ gün adamı
ağardar, qara gün qaraldar sözləri yadına
düşdü. Dərindən ah çəkdi.
Yenə
boğazı ağrıdı. Hər dəfə Onunla
danışmaq istəyəndə də boğazına
tıxanan bu zəhlətökən qubar şişir, akulaya
dönür, sözlərini diri-diri udurdu. Zərrin nə qədər
çalışırdısa , danışa bilmirdi.
Ağzı saatlarla açıq qalırdı. Ancaq onun,
ağzını yum, qarnının içindəkiləri
görməkdən yorulduq dediyi vaxt bunu hiss edirdi.
Gözünün suyu axa-axa öz yuvasına, bədəninin
formasına alan kresloya güclə oturdu.
Qonşu
otaqdan yenə kimsə Ona səadət arzulayırdı. Lap əsəbiləşdi.
Nədi axı, bu zəhrimar, mücərrəd səadət?
Düz 20 il bundan əvəl qaynanası , elə
otaqda, Onun dostlarının qənşərində oturduğu
o pianonun qabağında Zərrinə həmin səadəti,
hamının axtarıb tapmadığı o xəsis, xudpəsənd,
paxıllıqdan adamlardan gizlənən səadəti
arzulamışdı. Analıq səadətini. Zərrin düz 20 ildən sonra anlamışdı
ki, o zaman səslənməsindən belə ürəyi
qürrələnən Analıq səadəti doğuşdan
sonra məsum, dünyanın ağını –qarasından
seçə bilməyən körpənin üzünə
baxdığın bir-neçə saniyədən ibarət imiş. Bir dəqiqədən sonra körpəni
kimsəsiz, köməyə ehtiyacı olan pişiyə bənzətmiş,
illər keçdikcə pişik şirə
dönmüşdü. Eh , bəsdir də . Bu nə xasiyyətdi
onda . İnsanları heyvana bənzətməkdən
bezmişdi. Bunu nə qədər tərgitmək istəyirdi
, bacarmırdı . Tanımadığı adam görən
kimi fikirləşirdi ki, bu hansı heyvana oxşayır
görəsən.
Ürəyi
sıxıldı. Bu dəfə özünü səssiz-səmirrsiz
çöllükdə ulayan bayquşa bənzətdi.
Çiynindəki şalı açıb yorğan kimi
başına çəkdi. Havasızlıqda
üşüdü, bədəninə gizilti gəldi. Ay
allah, bu ev niyə isinmir? Şalı aralayıb, boylandı ki,
bəlkə , sobada odun qurtarıb. Yox. Odunlar
çıqqa-çıqla sevinə-sevinə
yanırdılar ki, külə dönüb qurtarsınlar bu əzabdan.
Elə bil sobanın gözlüyündən sübh günəşinin
parlaq şəfəqi boylanırdı. Ağlına gəldi
ki, ocaq da torpaq kimidir. Haram götürmür. Onu da Zərrindən
oğurlamışdılar. Oğurluq isə həm haram, həm
də ocağı natəmizliyə aparan yoldur. Haramdan
qidalanmış ocağın istisinə kim qızına bilər
ki? Bu ocağın ətrafı çirkləndirən
tüstüsündn başqa nəyi olur ki?
Qızınmaq
üçün şalı indii də ayaqlarına
bükdü. Ona görə bu həyət-bacada hər şey
dumanlıdır. Gözlərinin rəngini də, elə
ürəyini də bulandıran bu tüstü imiş, bəlkə.
Divardaki saat 12-ni vurdu. Otaqdakı səs-küy daha da
çoxaldı. Kimi əl çalıb, camaatı sakitləşdirməyə
çalışır, kimisi əlindəki çəngəllə
boşqabı döyəjləyir, bəzisi də
barmaqlarını sobanın külünü
qarışdıran maşa kimi stolun qırağına
vururdu. Bu hay-haray isə səs, ton və küyün
qarışığından ibarət balta şəklində
Zərrinin başına çırpılırdı.
Tık-tık, danq –daranq. Əvvəlcə aramla, sonra daha
tez-tez.
Şalı
bərk-bərk başına sıxdı. Zərbədən
qorunmaq üçün əli ilə üzünü
örtdü. Zərbələri indi daha yaxından hiss etdi.
Soyuq su ilə həyət-baca, ev-eşiyi təmizləyən
əlləri köhnəlmiş bezin kələ-kötür
sapları tək üzünü daladı. Nəbzini tutdu.
Vuran ürəyi idi. Az qala ağzından
çıxacaqdı. Köksündə nəsə
alovlandı. Odun atəşini ağzında da hiss etdi. Dili ilə
dodaqlarını yaladı. Ürək Allah
ocağıdır-düşündü. O, isə
tanrının qəlbini isitmək üçün
köksünə yerləşdirdiyi bu ocağın
kösövü idi. Zərrini isitmək əvəzinə
yandırırdı. Yadına düşdü ki, bayaqdan su istəyir.
Ortalıqda görünməsin deyə durub pəncərəni
açdı. Əli ilə məhəccərdə buza
dönmüş qardan bir parça qoparıb ağzına
apardı. Bu yanğını isə nə buz, nə qar, nə
də bir okean su söndürə bilməzdi. Bu bala
yanğısı idi. Yadına keçən il
qonşudakı yas mərasimində ağı deyən qadının
, can ay bacı, nə yaman bala, bala, deyib ağlayırsan. Sən
də mənim kimi nakam basdırmısan, soruşması
düşdü. Ürəyi bulandı . Onu yandıran doqquz
ay bətnində gəzdirdiyi, həm də zorla gəzdirdiyi,
ölüm-zülüm dünyaya gətirdiyi , dəli
eşq, ilahi sevgiylə sevdiyi balası idi. Sənə
dünyanı göstərəni necə görməmək
olar, sənə həyat verənin həyatını necə
zəhərləmək olar , ay bala? Ümidlərimi qıran
Ümidim. İstədi qışqırsın, amma
boğazındakı o ləçər düyün
şişib, həyasızcasına , maqnit kimi sözləri
geri çəkə-çəkə, dilini də uddu deyəsən.
Otaqdan
səs gəldi.
-Ay
uşaqlar, bir dayanın da, olmadı ki. Ağız deyəni
qulaq eşitmr. Ay Ümid, bura gəl. Saata bax, doğulmusan, a
qardaş. Bu əclaf, nankor, bivəfa dünyaya xoş gəlmisən.
Bu səsi
tanımadı, doğulmusan sözü üzünə sillə
kimi çırpıldı. Ayağa durub qonaqların
oturduğu otağa sarı addımladı. Belində dəhşətli
ağrı hiss etdi. Eh, uzanıb qəfil durmaqdan belim sərpdi,
deyəsən. Yox, ağrı böyrəklərinə
də yayıldı. Divardan tutdu. İndi də qarın
boşluğuna yayılan ağrını hiss etməməkçün,
nəfəsini dərib saxladı. Ağrı isə
şapıltı ilə əldən çıxıb yerə
düşən bazar səbəti kimi dizlərinə
çırpıldı. Bu nədi, yoxsa
yıxılıram. Ay allah, özün kömək ol. Onun
üzünü görməliyəm. Bu an, bu saniyə,
dünyaya gəldiyi saatın tamamında. Güclə
özünü yetirib kresloya oturdu. Bayaq
qulağını dayadığı divara bənzər
qalın pərdəyə indi üzünü söykəyib,
oğru kimi, gözünün ucuyla otağa baxmağa
başladı. Toz qarışıq şüanın
yayıldığı o məsum üzə baxdıqca
düşüncəyə daldı. Bu məsum üzü
düz 20 il bundan qabaq , bax bu günün, bu saatı, bu
saniyəsində, elə şimək kimi qəfil çaxan bu
ağrının altında görmüşdü axı.
O zaman Zərrin Ana olmuşdu. Aman-zaman, yeddi qurbanlar üstə, dizin-dizin pirləri
gəzib duaların fəryadında Ümidini
tapmışdı. 20 il bundan əvvəl
kənd xəstəxanasının birinci mərtəbəsinin
yarıqaranlıq otağını canından ayrılan can
nura boyamışdı. Zərrin elə
bilmişdi ki, Günəşi o doğub. Bəs
indi? Niyə o günəşin istisinə
isinə bilmir, niyə tənhalıq ocağında onu qovurur?
Bunları düşünə-düşünə qeyri
–ixtiyri pərdəni bir qədər araladığını
baxışı onun parlaq gözlərinə ilişdiyi an hiss etdi. Bu baxış elə
bil yumşalıb, bir qədər
mehribanlaşmışdı. Ya, mənə
elə gəlir. Bu zəhrimar ağrı da
, vaxt tapdı elə bil. Özünü ələ
almağa çalışdı.
Bu doğuşa bənzər ağrı
idi. Hə, hə. Bu dəfə onun içini zülmətə boyayan,
hər şeyi, hər kəsi donduran, mayası təhqir,
acı, nifrətdən yoğrulan, onu daşlaşdıran,
çiyinlərini əyən dağ doğurdu Zərrin.
Bala dağı ! Otaqdakı
qədəhlərin cingiltisini zəif-zəif duymağa
başladı. Kiminsə uzaqdan Onu
çağırdığını eşitdi. Gəl bura, Ümid, axı sən baş roldasan.
Gəl , hədiyyələrini qəbul et.
Zərrin də var-gücü ilə
bağırmaq istədi ki, mən də hədiyyə istəyirəm.
Öz hədiyyəmi! Taleyimin, gəncliyimin, gəlinlik,
analıq hədiyyəmi! Onu istəyirəm! Balamı! Ümidlərimi puç edən Ümidimi. Bu kəndin, bu evin mənim üçün qəfəs
rolunun bitməsini istəyirəm, bala. Sənin baş
rolda olacağın bu günü gözləyə-gözləyə
mən 20 il özüm oynamışam
axı, ümid rolunda. Zərrini soyuq tər
basdı, bütün bədəni boşaldı, nədənsə
qaçmaq istəyirmiş kimi dizləri atıla-atıla titrədi.
Amma içindəki səs daha da
ucalırdı. Elə bil vücudunda səsdən
başqa heç nəyi qalmamışdı. Tapda,
sındır, əz, öldür məni .
Analıq təşnəmi, ruhumu söndür,
məni yaşamaqdan iyrəndirib, həyatdan döndərən,
balam. Onsuz da meyit rolunda yaşamaqdan bezmişəm.
Ad günün mübarək, oğul. Mənim səsimi duymayan balam, qanımı içməkdən
doymayan balam. Səni təmənnasız
sevib, nazını çəkən, canını uf demədən
yolunda fəda etməyə hazır, beşiyinin qulu, dillərdə
yalandan müqəddəs ananı it yerinə qoymayan, balam.
Zərrin udqundu. Bu dəfə
çox rahat. Keyləşən vücüdünda təkcə
o düyünün olmadığını hiss etdi.
. .
Üzünə qəfil səpilən
soyuq sudan diksinib gözünü
açanda bir cüt yaş süzülən parlaq bəbəyin
gözünə dikildiyini gördü. Bu Onun
gözü idi. Zərrinin
ayıldığını görüb duruxdu. Bu zaman gözündəki yumrulaşan yaş diyirlənib
düşdü və Zərrinin kipriyinə toxundu. Zərrin bu yaşın zər
parıltısını söndürməməkçün
gözünü yumdu. Gözlərinin sol
ucundan diyirlənən yaş onun zər dənəcəyinə
qarışıb yanağına, oradan boynuna iz sala-sala
köksünə çatdı. Sərinliyi
köksünə yayılan o damlanın fərəh hissinin
gücündən idimi, və ya başqa bir şey Zərrini
tərpənməyə qoymadı.
Elə bil bütün kəndin camaatı
abqora hazırlamaq üçün bir teştin içinə
üzüm əvəzinə Zərrini qoyub təpikləmişdi.
Tərpənmək istədisə də
alınmadı. Havasız boşluqda ,
ətrafına toplaşan dumanlı üzlər içində
təkcə Onun məsum üzü, sevgi dolu
baxışlarını aydınlıqla sezdi. Bu
an, bu dəqiqə onun canından keçən
qığılcıma bənzər istilik təntənə
hissi idi - əzabın təntənəsi. Hansı səbəbdən
yarandığını, nəyin nəticəsi olduğunu Zərrin
ayırd edə bilməsə də… Dünyanın
əzab və iztirablardan ibarət vakuum olduğunu duya bilənlər
xoşbəxt olurlar. Bəlkə, buna görə Zərrin
xoşbəxt ola bilməmişdi. Doğuş-əzab, ölüm əzab, xəstəlik
əzab, sevmədiyin insanla təmas əzab, sevdiyindən
ayrılmaq əzab. Bütün bunlar isə
fəlsəfənin yoza biləcəyi şeylərdir ki, Zərrinin
həyat fəlsəfəsinin həndəvərindən
keçə bilməzdi. Ümidini isə əzblar
labirintinə hansısa gözəgörünməz, mistik
varlıq işıqlandırdı bu gecə. O, evdəki
səs-küyü eşitmir, Zərrin başına
qarışqa kimi toplaşan az qala
bütün kəndin adamlarını görmürdü. Bu günün hədiyyəsini tanrı son anda
vermişdi ona. Yaxşı və pis, dəyərli,
yaxud qiymətsiz olduğunu təkcə Ümid bilirdi. İçində kimsə oxuyurdu elə bil. Səs qırıq -qırıq gəlirdi. Amma məlahətli, həzin, ən
başlıcası doğma idi.
Əlində
gül dəstə gəl,
Dərdi
qoy, dərd üstə gəl.
Can
verirdim gəlmədin,
İndi
qəbrim üstə gəl.
Bu səs həzin, mehriban olsa
, onu ölüm yatağından belə qaldıra bilər.
Bəs əksinə olanda?!.
Təcili yardım maşını həyətdən
çıxanda dostları da tələm tələsik
qonşu Xanəhmədin taksisinə oturub onun dalınca getdilər.
Kimsə soruşdu ki, bəs Ümid necə
oldu?
-Ay Ümid, bəs sən gəlmirsən?
-Sonra gələr, tez olun…
Həyətdəki uçuq təndirxananın
divarına söykənən Ümid də dodaqaltı cavab verdi.
Hə, hə tez olun.
Və… boylana –boylana o səsin dalınca getdi.
Addımladıqca səs uzaqlaşırdı.
Kəndin ətəyində qalın
ağacların bərk-bərk qucablaşıb tələyə
oxşar görüntüsünə yaxınlaşanda qaş
qaralmışdı. Səs hələ uzaqda idi…
Elnurə
Cavadzadə
Kaspi.-
2012.- 22-24 sentyabr.- S.17-18.