Akademik
Milli Dram Teatrı festivalda
Hörmətli
oxucum, xatırlayırsansa, qəzetimizin
ötən sayında dərc olunan
yazıda sənə yeni mövsümün
açılışı ilə bağlı məlumat vermiş və qeyd etmişdim ki,
qarşımızda bizi (elə səni də,
məni də!!!) gözləyən maraqlı və maraqsız,
uğurlu və uğursuz, ədəbi
və bədii, intellektual,
qeylü-qallı, qalmaqallı teatr
olayları ilə dolu uzun
incə bir sənət yolu
var.
Artıq
bir həftədir ki, bu yolu sizinlə bərabər
getməkdəyik. Mənim vəzifəm bu
yolda baş verən
hal-hadisələrdən Sizi xəbərdar
etmək, Sizin borcunuz
isə onları izləməkdir. Elə isə, vəzifə borcumu yerinə yetirib səni
agah edirəm ki,
hazırda Gürcüstanda IV Tbilisi Beynəlxalq Teatr
Festivalı start götürüb.
Festivala kənardan baxış: Tbilisi Beynəlxalq Teatr
Festivalı 2009-cu ildən etibarən hər il
mütəmadi şəkildə keçirilir
və böyük tamaşaçı
marağı cəlb edir. Statistik məlumatlara görə,
bu günə qədər festival
30 minə yaxın tamaşaçı auditoriyası toplaya bilib. 14-30 sentyabr tarixlərində keçirilən festivalda İsveç, Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika, Moldova kimi ölkələrin nüfuzlu
teatr kollektivləri ilə yanaşı,
Azərbaycan teatrının da bu festivalda
iştirakı Akademik Milli
Dram Teatrının beynəlxalq əlaqələrin
qurulması və inkişaf etdirilməsi,
milli teatr sənətimizin
dünya teatr məkanına
inteqrasiyası istiqamətində atılan uğurlu
addımların məntiqi davamı kimi
qavranmalıdır.
Festival çərçivəsində
tamaşalar Ş.Rustavelli
adına Dövlət Dram Teatrının,
K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze
adına Musiqi və Dram
Teatrının, A.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının, Azad
Teatrın, və digər teatrların binasında nümayiş olunacaq.
Festivalın
içində: Azərbaycan Dövlət Akademik
Milli Dram
Teatrının mətbuat katibi Elçin Cəfərovdan
aldığımız məlumata görə, teatr
sözügedən festivalda iştirak etmək üçün
25-29 sentyabr tarixlərində Gürcüstanda olacaq və
xalq yazıçısı Elçinin «Şekspir» pyesi əsasında hazırlanmış
eyniadlı tamaşa ilə
çıxış edəcək. Moldovalı rejissor Petru Vutkereunun quruluş verdiyi «Şekspir»
tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Dram
Teatrının səhnəsində, yerli vaxtla saat 20.00-da nümayiş olunacaq.
Ötən il Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, Akademik
Milli Dram Teatrının
təşəbbüsü ilə həyata
keçirilən «GUAM-ın teatr məkanı»
layihəsi çərçivəsində hazırlanan
tamaşanın qısa süjeti belədir:
ruhi-əsəb klinikasındakı pasientlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır.
Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca
nə vaxt gələcəklərini
gözləyir. Ər-arvad daim öz ikili təbiətinin
problemləri ilə yaşayır. Stalin bütün günü
törətdiyi əməllərin
peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə
özünü səhnədə təsəvvür
edir.
Baş həkim xəstələrin
xəyali dünyasını dərk etməyə
çalışsa da, anlayır ki, o, buna
qadir deyildir. Xəstə
kimi müalicə olunan
insanlar öz xəyal
aləmlərində xoşbəxtdirlər. Bu
şəraitdə onları yaşadan da budur. Xəstələrin
ərzaqlarına əl uzatmaqdan belə
çəkinməyən xəstəxana personalının hər
cür təzyiq göstərdiyi,
simasızlaşdırmağa çalışdığı
pasientləri Şekspirin dühası öz ətrafına birləşdirir. Sara Bernarın sevimli əsəri
olan «Romeo və Cülyetta» hamını öz
ülviliyi və təmizliyi ilə məftun
edir.
Xəstəxanaya
Drob-13–ün gətirilməsi ilə hər
kəs bir daha həyata
münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə
yenidən, yadplanetlilərin gözü ilə
baxır. Bir anda xəstəxana xəyal və
hisslərin boğulduğu, sədaqət
və inamın itdiyi, həyata fərdi
baxışların qadağan edildiyi dünyamızın kiçik
modelinə çevrilir. Şekspirin
kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan
hisslərinin böyüklüyünə, gözəlliyinə
heyran qalır və təəssüflə
etiraf edir ki, onun planetində yaşayanlar çox dərin
biliklərə malik olsalar
da, onlarda teatr yoxdur. Söz
verir ki, öz planetinə qayıdan kimi,
oradakılara Şekspirin kitabını
göstərəcək.
Tamaşanın
quruluşçu rejissoru
Kişenyovda Ejen İonesko adına Teatrın
yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, Dövlət Mükafatı
laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin
Bəykişiyev,
musiqi tərtibatçısı Həmid
Kazımzadə, rejissor assistenti
Dilbər İsmayılovadır. Tamaşada Əməkdar Artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov
(Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov
(Veneralı), aktyorlar Nigar
Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə
Şahvələdqızı (Ər-arvad) və Anar Heybətov (Drob 13)
çıxış edirlər.
Bu gün
Gürcüstan teatrı yüksək inkişaf mərhələsindədir. Avropa məkanında
kifayət qədər tanınan və qəbul edilən Gürcüstan teatrı ilə ikitərəfli
əməkdaşlıq münasibətlərinin, beynəlxalq
əlaqələrin qurulması milli
teatrımız üçün böyük uğur hesab oluna bilər.
Azərbaycan
teatr məkanında hadisəyə
çevrilən, Azərbaycan teatrının
yaradıcılıq potensialını aşkarlayan
«Şekspir» tamaşasının Gürcüstan tamaşaçıları tərəfindən
maraqla qarşılanacağına və qəbul
olunacağına ümid edərək qeyd etmək istəyirəm ki,
teatrımız
sözügedən festivalda uğur qazansa, nə
gözəl, birdən (Allah eləməmiş…)
uğursuzluğa düçar
olsa – yenə də qorxusu
yoxdur. Əsas məsələ festivala getmək və orada
iştirak etməkdir. Sonrasına isə
baxarıq. Necə deyərlər, nəticə heç nə – proses hər
şey!!!
P.S. «Festivaldan
dünyaya baxış» bölməsini, inşaallah, teatr festivaldan qayıtdıqdan sonra
diqqəti-nəzərinə təqdim edəcəyəm,
hörmətli oxucum, odur
ki, diqqətini ayıq-sayıq saxla…
Könül Əliyeva,
Teatrşünas
Kaspi.-
2012.- 22-24 sentyabr.- S.22.