Məhbusların sosiallaşması prosesində teatrın rolu 

 

Cəmiyyətin qlobal problemlərindən olan cəzaçəkmə müəssisələrində yaşayan məhbusların sonrakı taleyi həmişə dövlət orqanlarında çalışanları və sadə vətəndaşları narahat edir. Məhbuslar azadlığa buraxıldıqdan sonra həyata necə davam edəcək? Cəmiyyətdə öz yerini tapa biləcəkmi? Yoxsa yeni bir cinayətin törədicisi olaraq yenidənmi gəldiyi yerə qayıdacaq? Bundan sonra onları hansı tale gözləyir? Onların cəmiyyətə sosial adaptasiyası necə gedəcək?

Bu tip suallarla üz-üzə qalmamaqdan ötrü dövlət tərəfindən müəyyən tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Düşünürəm ki, sözügedən problemlə bağlı mədəniyyət və incəsənətin də üzərinə düşən öhdəçilik az deyildir. Elə bu məqsədlə də – yəni cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında əməkdaşlıq yaradılıb və bu əməkdaşlığın nəticəsi olaraq bir sıra tədbirlər də görülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi hələ də davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Penitensiar xidmət arasında imzalanmış 2012-ci il üçün tədbirlər planına əsasən növbəti belə tədbirlər Tərbiyə müəssisəsində və 7 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir.

Bu ilin 15 sentyabr tarixində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi «Nəğmədir, gülüşdür hər dərdə dərman» adlı konsert-tamaşası ilə Tərbiyə müəssisəsində çıxış etmişdir.

Sentyabrın 19-u isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi 7 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün «Ağlamaq qadağandır» adlı tamaşa-konserti nümayiş etdirilmişdir. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşa-konsert repertuarda olan tamaşalardan toplanan səhnəciklərdən ibarət olmuşdur.

Düşünürəm ki, bu tip tədbirlərin sayının artması məhbusların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi və cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyası baxımından olduqca səmərəlidir.

 

 

Elçin Cəfərsoy,

Teatrşünas

 

Kaspi.- 2012.-22-24 sentyabr.- S.23.