Ölkəmizdəki yazarların sayı nə qədərdir? 

 

Bəzən özümüz özümüzə heyran qalanda qəhrəmanlarımızla yanaşı şairlərimizlə də qürur duyub, fəxr etmişik. Ona görə ki, nəyi bacarmasaq da, söz qoşmaq, əhvalat uydurmaq sarıdan az qala hər birimiz fərasətliyik. Yəqin bu “hünərimizin” nəticəsi olaraq, dünyanın heç bir xalqının bacarmadığı qədər – yüz cildlik folklor nümunəsinə malikik.

Görəsən ölkəmizdə özünə şairəm, yazıçıyam deyən neçə nəfər var? Bu sənətlərin rəsmiləşdirildiyi Azərbaycan Yazıçılar Birliyində deyəsən onların dəqiq sayını bilən də yoxdur. Çünki adı çəkilən qurumun maaş alan əməkdaşları müsahibələrində üzvlərin sayından söz düşəndə hərəsi bir rəqəm söyləyir. Biri 1400 deyir, digəri 1500-ü ötdüyünü bildirir. Hələ AYB üzvləri olmayan, Azad Yazarlar Ocağı, Çölçülər Ədəbiyyat Mərkəzi kimi fəaliyyət göstərən təşkilatlarda olanlar və heç bir quruma üzv olmayıb özlərini sərbəst sənətkar hesab edənlər də var. Bədahətən söz qoşduqları üçün şairliyə iddia edən meyxana deyənlərdən heç danışmıram.

Bu baxımdan yazarlar haqqında mülahizələrimdə əminlik yaratmaq məqsədilə mənə ötən il “Nurlar” Nəşriyyat – Poliqrafiya Mərkəzində nəşr olunmuş, filologiya elmləri doktoru professor Teymur Əhmədovun tərtib etdiyi “Azərbaycan yazıçıları XX – XXI yüzillikdə” ensiklopedik məlumat kitabı ən çox kömək oldu. Böyük, həm də qalın – 1055 səhifəlik bu kitabın satış qiyməti 50 manat müəyyənləşdirilsə də Yazıçılar Birliyinin üzvlərinə güzəşt edilərək 35 manata satılır. Kitab Teymur müəllimin bu sıradan dördüncü kitabı olmasına baxmayaraq, şübhəsiz, onu hazırlayarkən sonuncu nəşrdə əvvəlkilərdən daha artıq zəhmət çəkmişdir. Çünki, xüsusilə üçüncü nəşrdən sonra Yazıçılar Birliyinin üzvlərinin sayı “özünəməxsus sürətlə” – yüzlərlə nəfər artmışdır.

Kitabda 1926 nəfər üzv və fəxri üzv haqqında məlumat toplanıb. Onlardan təqribən 1220 nəfəri sağdır, qalanı vəfat edib. (Təqribən ona görə deyirəm ki, kitabın çap prosesi zamanı və keçən bir il ərzində vəfatından məlumatımız olmayanlar ola bilər, ona görə mənim də şərh edəcəyim bütün rəqəmlər dəqiq sayılmamalıdır.) Vəfat edənlərə Allah rəhmət eləsin, onlarla bir işimiz yox, araşdırma obyekti sağları seçdim. Belə ki, əlifba sırası ilə A-dan Z-yə qədər kitabda sıralanmış 1220 nəfərin məlumatlarını araşdırarkən oxucuların, ilk növbədə Yazıçılar Birliyinin üzvlərini cəlb edəcək müəyyən nəticələri topladım.

Üzvlərin cins baxımından 985 nəfəri kişi, 235 nəfəri (19 faizi və ya beşdən biri) qadındır. Danılmaz faktdır ki, müstəqillik dövründə qadın üzvlər, kişilərlə nisbətdə bir xeyli artıb. (Deyəsən ədəbiyyatımızın da gələcəyi təhsilimizə, səhiyyəmizə oxşayacaq.) Sovet dövründə qadın üzvlərin say nisbəti 14 faizdən az olub. Bunu həmin dövrdə üzv olanları araşdırarkən də yəqin etmək olar. Kitaba əsasən hazırkı üzvlərin təqribən 215 nəfəri (17.6 faiz) sovet dövründə üzv olanlardır. (Onlardan 185 kişi, 30 nəfəri qadındır.) Qalan 1005 nəfər (82.4 faiz) isə 1992-ci ildən bəri – iyirmi ilə yaxın müstəqillik dövründə üzv olmuşlar. Yəni orta hesabla ildə 50 nəfər və yaxud təqribən həftəyə bir nəfər...

Təəccüblüdür, üzvlərin sayının bu qədər artırılmasında təşkilat rəhbərliyinin əsas maraq və məqsədi nə olub? Planmı, öhdəlikmi artıma rəvac verib? Yoxsa maddi, siyasi niyyətlər rol oynayıb? Kitabı vərəqlədikcə ədəbiyyat sahəsindən kənar xeyli tanınmış simalarla: aktyor, rejissor, səfir, rektor, millət vəkili, hakim, prokurorluq işçisi, biznesmen-sahibkarlarla rastlaşırsan. Yazıçılıq sənətində peşəkar sayılmayan, bir kitabı çıxan ya da normal bir nümunəsi olmayan bu insanların öz sahələrində əldə etdikləri şan-şöhrətləri azmış Yazıçılar Birliyinin üzvlük vəsiqəsi də əlavə fəxri ad kimi onlara bəxş edilmişdir. Daha bir təəccüblü fakt isə bəzilərinin yaşı altmışı, hətta yetmişi ötəndən sonra Birliyə üzv olmalarıdır. Görən bu yaşdan sonra AYB üzvü olmalarının onların özlərinə və yaxud ədəbiyyatımıza nə xeyiri var?

Üzvlər arasında özünü ilk növbədə şair hesab edən 770 nəfərdir (63 faiz). (Bu qədər şairi neylərsən, ilahi?! .) 210 nəfər (17 faiz) nasirdir. Yerdə qalan 20 faizi isə - 90 nəfər ədəbiyyatşünas, 75 nəfər publisist (əksəriyyəti jurnalistlərdir), 42 nəfər tənqidçi, 25 nəfər tərcüməçi təşkil edir. 8 nəfər özünü əsasən dramaturq hesab edir.

Doğulduqları yerlərə görə araşdırılması da maraqlıdır. İstisnasız, bütün rayonların və şəhərlərin adlarını qeyd etmək olar. Onların böyük əksəriyyəti Bakı şəhərində (165 nəfər) doğulsalar da, Bakıdan sonra burada da üstünlük hər bir sahədə olduğu sayaq Naxçıvan əyalətindən olanlarındır (110 nəfər). Qərbi Azərbaycanda və Gürcüstanda doğulanlar təqribən eynidir (63 nəfər). Üzvlərdən Cənubi Azərbaycandan (12 nəfər), Dağıstandan (4 nəfər) olanları da var. Rayonlar içərisində ən çox üzvə malik olanı Masallıdır (45 nəfər). Bu cəhətdən zonaları müqayisə edəndə ən güclüsü cənub zonasıdır: Lənkəran (35 nəfər), Cəlilabad (28 nəfər), Yardımlı (25 nəfər). Digər zonalarda Qazax (38 nəfər), Cəbrayıl (36 nəfər), Ağdam (30 nəfər) daha çox fərqlənir. Başqa ərazilərdə, eləcə də Mərkəzi Aran və Şirvan mahalına aid rayonlarda doğulan üzvlərin sayı hər birində iyirmi beşə çatmır. Bir daha xatırladıram ki, söhbət kitaba düşən, hazırda yaşayan üzvlərdən gedir.

Kitabda araşdırmanı başa vurandan sonra istər-istəməz düşünməli olursan: doğrudanmı bizə bu qədər sayda yazar lazımdır? Aldığım məlumata görə hələ yüzlərlə cavan, həm də yaşlı yazarlar Yazıçılar Birliyinin üzvlüyünə qəbul üçün növbəyə durublar. Bir illik təqaüddən qeyri heç bir maddi güzəşti, dəstəyi olmayan təşkilata dayanmayan, aramsız axın nədəndir? Birliyin köhnə ad-sanına görəmi, yoxsa keçmiş illərə qayıtmaq arzusundandımı?

Belə “inkişafla” növbəti ensiklopedik məlumat kitabı güman ki, bir yox, bir-neçə cilddən ibarət kitablar olacaq. İctimai quruluşun, baxışların, meyarların dəyişildiyi indiki zamanda, ömrü SSRİ-nin ömründən uzunçəkən Azərbaycan Yazıçılar Birliyinin üzv olma şərtlərini, prinsiplərini yaşadığımız dövrün tələblərinə uyğunlaşdırmaq, peşəkarları həvəskarlardan ayırmaq mümkünsüzmü? Bu sovetdən qalma təşkilat köhnə ölçülərlə hələ çoxmu üzv artırma ilə başını qatacaq...?!

Məncə, yetər. Kəmiyyətin keyfiyyətə keçməyinin vaxtı çoxdan yetişib. Bəlkə də AYB-nin neçə illərdir keçirilməli olan qurultayı elə bu səbəbdən – yeniliyi istəməyənlər tərəfindən müxtəlif bəhanələrlə ləngidilir. Yazarlarımızın sayı isə durmadan ədədi silsilə ilə artmaqda davam edir...

 

 

Rövşən Yerfi

 

Kaspi.- 2012.- 22-24 sentyabr.- S.21.