ALLAH DOSTU QORQUD ATA 

 

Bu dəfə muraciət edəcəyimiz mənbə Türk-İslam mədəni¬y¬yə¬tinin ən möhtəşəm abidələrindən biri «Kitabi-Dədə Qorqud» das¬tanıdır. Şərqin bu böyük sənət incisi əlbəttə ki, yazılı ədəbi nümunədir. Lakin onun fəlsəfi-etik təsir miqyası o qədər genişdir ki, onun yazılı nümunə olaraq müəllifinin kimliyi, qələmə alın¬dığı dövr və məkan düşüncələri az məşğul etmişdir. Bu sənət abidəsinin ən dərin mənəvi-fəlsəfi qatlara nüfuz edən təsir dairəsi onun məhz ilahi rabitə nümunəsi olaraq paklığı və müqəddəsliyi qoruyub saxlamasındadır. Təsadüfi deyildir ki, dastanın ilk mənzuməsi Tanrı vəsfi və İlahi təqdirin təqdimatı ilə başlayır:

 

«Dədə Qorqud soylamış:

Allah-Allah diməyincə işlər önməz,

Qadir Tənri verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz

Əcəl vədə irməyincə kimsə ölməz.

 

(Kitabi-Dədəm Qorqud, Bakı, Yeni Nəşrlər Evi, 1999, 704 səh. s.30).

Bu misralar əslində nə mənsurdur, nə də mənzum. Nə qədər qəribə görünsə də «Kitabi-DədəQorqud»un mətni «nəsri-müsəcce» olaraq, «Qurani-Kərim»in bədii üslubuna yaxındır. «Nəsri-müsəcce» ərəb dilindəki «səc» «kəklik» sözündən yararlanaraq, «kəklik oxunuşu» mənasında işlənmişdir. «Nəsri-müsəc¬ce» sözünün sətri tərcümədən əlavə başqa bir mənası da «qafiyəli nəsr»dir. Adindan da göründüyü kimi, bu ad həm mənsur, həm də mənzum formanı bir arada tuta bilən mətnlərə veril¬mişdir. Orijinaldakı «Qurani-Kərim»in mətni məhz qafiyəli nəsrdir. Ayələrin quruluşu, vəzn və bəhr ardıcıllığı nizamlı şəkildə, şeirə bənzər formada olsa da son dərəcə sərbəst geniş və qəlibsizdir. Dini inanclara görə (və bizim əqidəmizə görə, əsl həqiqətdə də) «Qurani-Kərim» səmavi kitab olaraq, yerüstü ağlın, qeyri-bəşər idrakının məhsuludur. Bu müqəddəs kitabın ən ümdə özəlliklərindən biri də onun möcüzəli dilidir. Həmin dilin özəlliyi isə mənsub olduğu ərəb dilinin həm keçmişdəki, həm də bugünkü qrammatik qaydalarından fərqli olmasındadır. Yəni, belə demək mümkünsə, «Quran» ərəbcədir, amma «ərəblər belə danışmırlar». Bu, bütün özəllikləri ilə xüsusi bir dildir. Əgər metafizikdini fikirlərə elmi məntiqlə yanaşsaq, xatırlatmaq yerinə düşərdi ki, bu ayələr vəhydir və bu vəhyləri İslam Peyğəmbərinə Allah-Təalanın Cəbrəil ismindəki əzəm mələyi ilqa etmişdir. Bir daha vurğulamaq istərdik ki, hər hansı bir məsələyə münaisibət həmin məsələyə ilkin yanaşma tərzindən çox asılıdır. Yəni, biz əgər bu məqamda tutaq ki, səmavi kitabların qeyri-bəşər idrakının məhsulu olduğu məsələsini ən azından öz beynimizdə həll etməsək, o zaman həmin məsələnin mahiyyəti barədə polemika açmağına dəyməz. Bəlkə də yanılırıq, fəqət bizim fikrimizcə, artıq bu məsələlərin yalnızca bir iman məsələsi olmaqdan qurtulmaq zamanı gəlib çatmışdır.

Yuxarıdakı məsələyə qayıdaraq, bir daha bəyan etmək istərdik ki, «Kitabi-Dədə Qorqud»un mətn dili fərqli özəlliklərə malikdir. Prof. Dəmirçizadə yazır: «Kitabi-Dədə Qorqud»un bizə məlum olan Drezden nüsxəsinin üstündə «Əla lisani taifeyi-oğuzan» (yəni «Oğuz tayfalarının dilində») sözləri qeyd edilmişdir. Buna görə də bu dastanların bir saf tayfa dilində olması haqqında fikir və mülahizə yürüdülmüş və bu dastanların dilindəki bu və ya digər söz yaxud qrammatik əlamət də məhz saf «oğuz dili» nöqteyi-nəzərindən yoxlanılmışdır. Həqiqətdə isə vəziyyət başqa cürdür və «oğuz dili» ifadəsi müəyyən dövrün şərti anlayışında işlənilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu kitabın dilində danışan oğuzlar hələ 7, 8 və 9-cu əsrlərdən bəri əvvəl Orta Asiya-Mavərənnəhrdə köçəri həyat sürən, müxtəlif tayfalarla o qədər də qarışmamış və nisbətən «saf» qalmış olan oğuzlar deyildir; bu oğuzlar Qafqaza gəlmiş, həm türk dilli və başqa dilli yerlilərlə, həm də digər türk dilli tayfalarla qaynayıb-qarışmaqla öz yeni keyfiyyətilə azərbaycanlıların tərkib hissəsinə çevrilmiş olan oğuzlardır.

Buna görə də həmin bu «oğuz tayfasının dili» də əvvəlki oğuz dilindən fərqlənən bir dil olmuşdur; bu dil, əvvəlki oğuz dili xüsusiyyətlərindən əlavə, daha bir sıra başqa tayfa dil xüsusiyyətlərinə də malik bir halına düşmüşdü. Çünki oğuz tayfası da artıq, nəinki digər türk dilli tayfalarla, hətta qismən, M. Kaşqarinin tamamilə doğru olaraq qeyd etdiyi kimi, farslarla təmasda olmuş və doğma sözlərinin bəzisinin əvəzinə bu dillərdən bir çox sözlər alıb işlətməyə başlamışdılar. Buna görə də bunların dilində əvvəlki saflıq qalmamışdı. Bunların dili Azərbaycan xalqının tərkib hissəsinə çevrilmiş bir tayfanın dilidir və bu dil əsrlərdən bəri müxtəlif tayfa və qəbilələrin dil xüsusiyyətlərilə mübarizə və qaynayıb-qarışma şəraitində qalib gələn, vahid ümumxalq dili halına düşməkdə olan Azərbaycan dilinin əsasıdır.» (Dəmirçizadə M, “Kitabi-Dədə Qorqud” dastanlarının dili, Bakı, Elm, 1999, 139 səh, s.2223) Görkəmli alimin bu fikirlərini nümunə gətirməkdə məqsədimiz bu əzəmətli dastanın dili barədə ümumi mənzərə yaratmaqdır. Tanınmış tədqiqatçı dastanın dil xüsusiyyətlərini milli-etnik nöqteyi-nə¬zərdən çox gözəl araşdırmış və əhəmiyyətli nəticələrə gəlib çıx¬mışdır. Bizim tədqiqat sferamıza daxil olan məsələlərdən biri isə dastanların, o cümlədən möhtəşəm sənət abidəsi olan «Kitabi-Dədə Qorqud»un dil xüsusiyyətləri və bu xüsusiyyətlərdən çıxış edərək, aparılan fəlsəfi-nəzəri paralellərdir.

Dastan Qorqud Atanın dilindən nəql olunur. Yuxarıda apardığımız paralelə əsasən, bu dil müqəddəslik atributlarını özün¬də daşıyır. Bizim gəldiyimiz qənaətlərə görə, Qorqud Ata dindən sonrakı hadisədir; dolayısı ilə Peyğəmbərdən sonrakı övliyadır. Bu fikri incələməzdən öncə, dastanın girişinə, ilk sözlərinə bir qədər diqqətlə nəzər salmaq yerinə düşərdi:

«Bismillahir-Rəhmanir-Rəhim!

Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqut Ata diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq Təala anın könlinə ilham edərdi (Kitabi-Dədəm Qorqud, Bakı, Yeni Nəşrlər Evi, 1999, 704 səh, s.30) İlk nəzəri cəlb edən məsələ dastanın eynilə «Qurani-Kərim» kimi «bismillah»la başlamasıdır. Əlbəttə, başqa bir məsələni də qeyd etmək lazımdır ki, bu tip başlanğıc İslam dininin zühurundan sonra əksər yazılı mənbələrin əsas atributlarından biri olmuşdur. Əksər alimlərin qeyd etdikləri kimi, orta çağ Şərq müəlliflərinin əsərlərinin «bismillah»la başlaması, bizim fikrimizcə, heç də dövrün və mühitin basqısı altında baş verməmişdir. Bu fikir də elmi ateizmin və materialist düşüncə tərzinin məhsuludur. Halbuki həmin müəlliflər kimi Dədə Qorqud da nəinki dinin, ruhaniyyətin basqısı altında olmamış, hətta həmin ruhani çevrənin aparıcı simalarından olmuşdur.

Yuxarıda qeyd etdik ki, Qorqud Ata böyük ehtimalla İslam övliyasıdır. Onun övliyalığı məhz Rəsulallahın zamanına təsadüf etmişdir. Əlbəttə, biz «İslam övliyası» dedikdə zaman və məkan çərçivəsində mövcud olmuş İslam dinini nəzərdə tutmuruq. Əvvəlki bəhslərdə də izah etmişdik ki, ürfani və təsəvvüfi anlamda İslam zamanla sərhədlənən bir din yox, xilqət öncəsi möv¬cudiyyətə dayanan fəlsəfi gerçəklikdir. Bu mövcudiyyətin ürfani atributlarını isə biz daha əvvəlki fəsillərdə sadalamışdıq. Onlardan biri də məlum olduğu üzrə qeyb aləmidir. «Qeyb aləmi» dedikdə zaman və məkan anlayışının əhəmiyyətini itirdiyi, məhz «Vilayət» məktəbinin övliya və irşad sahiblərinə bəxş etdiyi «dürlü xəbərlər»in gəldiyi aləm nəzərdə tutulur. Dastanın girişində isə Qorqud Ata «ğaibdən», yəni görünməz aləmdənqeybdən xəbərlər gətirən bir zat kimi təqdim olunur. İslam elmində qeybin bir dəqiq atributu da Həzrəti Məhdinin-İmami Zəmanın «qeybəti-kübra»sıdır. Övliyalar «vilayət» mək¬təbinin nümayəndələri olduqları üçün Qiyamət gününə qədər Allahın Vəlisi olan İmami Zəmandan xəbərlər gətirməyə məmurdurlar. Əvvəlki bəhslərdə qeyd etdiyimiz bir fikri yenidən xatırlatmaq istərdik ki, təsəvvüfdəki İmami Zəman və onunla əlaqə İslam şəriətinin şiə məzhəbindəki nəzəriyyədən tamamilə fərqlidir. Təsəvvüfün əksər cərəyan və əfkarındakı İmami-Zəman hər zaman diridir və mütləq şəkildə hansısa övliyanın timsalında zühur etməkdədir. Bu tendensiya ürfan əhli, təsəvvüf ərbabı arasında bu gün də yaşayır və aktuallığını qoruyur.

Bu söylənənlərdən belə nəticə çıxarmaq olar ki, «Kitabi-Dədə Qorqud»dakı «ğaibdən dürlü xəbərlər»in verilməsi məhz şəriətdəki yox, təriqətdəki «vilayət» məsələsidir. Dədə Qorqud şəxsiyyətinin bir qədər də bu aspektdən təhlil olunması fikrimizcə, elmdə yeni nəzəri qatların açılmaçına səbəb ola bilər. Subyektivlik olsa da söyləmək istərdik ki, Dədə Qorqud fəlsəfəsinin bətnində yatan, bu gün də demək olar ki, dünya elminə gizli qalan ən önəmli məsələlərdən biri də məhz elə yanlış olaraq İslamiyyətlə (fundamental şəriətlə) qarışdırılan ürfan və təsəvvüf məsələləridir. Unutmaq olmaz ki, Dədə Qorqud bir Turk əri idi. Tarixə məlum olan İslamın zühuruna qədər türklər və illah da Oğuz türkləri monoteist Tanrıçılıq inancına sahib idilər.

Təqdim etdiyimiz fikirlərdən də bəlli olduğu üzrə, əgər təsəvvüf türk xalq məfkurəsinə bu qədər tez bir zamanda ( İslamiyyətin yeni yayılmağa başladığı dövrlərdə) sirayət etmiş¬disə, deməli övliyalıq-vilayət məktəbi ta qədimlərdən mövcud imiş. Ən maraqlısı isə odur ki, İslamiyyətin daha yaxın və güclü ol¬duğu digər Şərq xalqlarında təsəvvüf çox sonralar, həm də türklərə nisbətən daha zəif və mühavizəkar şəkildə bərqərar olmağa başlamışdı. Əlbəttə, burada söhbət əsas etibarilə xalq tə¬səv¬vüfündən gedir. Bəzi alimlərin də qeyd etdiyi kimi, «ortodoksal sufizm» hələ 8-9-cu əsrlərdən başlayaraq, Xorasan təsəvvüf məktəbindən intişar tapmağa başlamışdı.

Beləliklə, aydın olmağa başlayır ki, «Kitabi-Dədə Qor¬qud» fəlsəfəsinin, Dədə Qorqudun öz şəxsiyyətinin batini qatlarında çox güclü şəkildə təsəvvüf fəlsəfəsi yatır. Bəlkə də Dədə Qorqud məfhumunun bu günə qədər mahiyyət etibarilə tam şəkildə açılmamasının əsas səbəbi onun şəxsiyyətinin müdrik¬lik¬dən, ağsaqqallıqdan o tərəfə idrak edilməməsidir.

 

«Qanı dedigim bəg ərənlər,

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli,gedimli dünya!

Son ucu ölümlü dünya!

Əlaqibət, uzun yaşın,

ucı ölüm, axırı ayrılıq.

Yum verəyim, xanım:

Ölüm vəqti gəldügingə

arı imandan ayırmasun!

Ağ saqqallı baban yeri uçmağ olsun!

Ağ birçəklü anan yeri behişt olsun!

Qadir səni namərdə möhtac etməsün!

Ağ alnunda beş kəlmə dua qıldıq,

qəbul olsun!

«Amin, «Amin!» deyənlər didar görsün!

Yığışdırsın, duruşdursun günahınızı,

Məhəmməd Mustafaya bağışlasın! Xanım, hey!...»

 

(Əvvəla, bu duanın özü başdan-ayağa pir nəfəsini, övliya xeyir-duasını xatırladır. Bu cür duaların bənzərinə biz əksər sufi təriqətlərində, xüsusilə də Anadolu Ələvilərində, o cümlədən Bektaşi təkyələrində rast gəlirik. Əlbəttə, təsəvvüf çevrələrində bu dualar mərasim şəklində formalaşmış, qəlibləşmiş, bəzi çevrələrdə isə (xüsusilə də Cənubi Azərbaycan və İran Əhli-Həqlərində) gizlin sirr kimi saxlanılır (bu barədə biz əvvəlki abzaslarda geniş izahat vermişdik). «Kitabi-Dədə Qorqud»dakı bu tip dualar isə ürfani noqteyi-nəzərdən ibtidai və elementar şəkildədir. Yəni, dastanın bir neçə yerində rast gəlinən bu xeyir-dualar sufilərdəki kimi sistemli və ünvanlı deyil. Onu da qeyd edək ki, təriqət əhlində bu cür dualar həm də zikr halındadır. Çünki o mətnlərdə müqəddəslərin, əsasən də həmin təriqəti yaradan mürşid və övliyaların adları çəkilir. Bu adlar ibadət və mərasim qaydalarını şərtləndirən atributlardan biri olduğu üçün, qeyd etdiyimiz kimi, onlar həm də zikrdir. Qorqud Atanın duaları isə fərqli biçimdədir.

Bütün bunlardan çıxış edərək, bu nəticəyə gəlmək olar ki, Qorqud Ata bir övliya, Allah dostu, vəlidir. Onun şəxsində hələ açılmamış, üstü keçmiş elmi ateizmlə örtülmüş olan çoxlu sayda həqiqətlər yatır ki, bizim həm də bir elm adamı olaraq bu mətləblərə aydınlıq gətirmək müqəddəs borcumuzdur.

 

 

 Fəxrəddin Salim

 

 Kaspi.- 2012.- 22-24 sentyabr.- S.20.