Qarabağın
ilk qadın şairi
Bu, Aşıq Pəri
sayılır
Qarabağın
Azərbaycan poeziyasına bəxş etdiyi
istedadlı el şairlərindən olan Aşıq Pəri 1811-ci ildə (bəzi
sənədlərdə 1810 da göstərilir)
Cəbrayıl bölgəsinin Maralyan kəndində
anadan olub. Lap gənc yaşlarından aşıq şeiri ilə maraqlanmağa
başlayıb. Təxminən 1830-cu ildə Şuşaya
köçüb və ömrünün
sonuna kimi burada yaşayıb. İlk
təhsilini doğulduğu Cəbrayıl
bölgəsində alan Aşıq Pəri
gözəl, ağıllı, istedadlı bir
xanım olub.
Onun
yaradıcılığını araşdıranlar – həm
Azərbaycan, həm də Avropa şərqşünasları
Aşıq Pərini işvəli bir nazənin
kimi təqdim edərək bədahətən
şeirlər deyən, azad ruhlu, həyatsevər bir
qadın olduğunu yazıblar. Deyilənə
görə, Aşıq Pəri nakam ömür sürmüş,
çox böyük
ustalıqla dövrünün kişi şairləri ilə deyişmişdir.
O, dərin düşüncəsinə, rəvan təbli və
hazırcavablığına görə müasirləri
arasında izzət sahibi idi.
Aşıq Pərinin Mirzəcan bəy Mədətov, Cəfərqulu
xan Nəva, Mirzə Həsən, Məhəmməd
bəy Aşiq, Abdulla
Canızadə və başqaları ilə deyişmələri
ədəbiyyat aləminə məlumdur. Bu
deyişmələrin hamısında da qalib özü olardı.
Firidun
bəy Köçərlinin tədqiqatlarından aydın olur ki, Pəri 25
yaşında Məhəmməd adlı bir
mollaya ərə getmiş,
lakin xoşbəxtlik ona
nəsib olmayıb. Şeir yazması, poeziya məclislərində iştirakı Molla Məhəmmədin xoşuna
gəlmədiyindən danlağa məruz
qalıb. Çəkdiyi əzablardan xiffətlənən,
dərdini ancaq şeirlərinə
söyləyən Aşıq Pəri qoşmalarının
birində deyirdi:
Molla qoymur qələm
alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?
Qadağa və xoş
olmayan münasibət
içində çırpınan
Aşıq Pəri qeyri-adi istedadına görə dövrünün
tanınmış aşıq
və şairləri arasında böyük nüfuz qazanıb. Onun haqqında hələ
XIX əsrdə Rusiyada
və Avropada çap edilən məcmuələrdə məlumat
verilirdi. Deyirlər ki,
Aşıq Pəri eyni zamanda cəsarətli,
yeri gəldikdə kəskin danışmağı
bacaran, o cümlədən
yumşaq yumora malik, çox həssas qadın olub. Ondan yadigar qalan şeirləri
oxuduqda bu bədii irsin bütün notlarında Aşıq Pərinin obrazı boylanır:
Mən Pəriyəm, eşqə zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Bu «neyləyim» sualının
cavabını ömrü
boyu axtaran Aşıq Pəri qoşmalarının birində
çəkdiklərindən zinhara gələrək şəxsi həyatındakı
təzadlardan şikayət
edib:
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qonçasında yandı,
Bülbüllər əfqan eylədi.
Çəkdiyi əzablar onun könlünü viran etmişdi. Böyük ürəkli, şair
duyğulu, sənət
eşqli bir insanın, xüsusilə də zərif qadının ailədə
başa düşülməməsi
faciə idi. Bu ağır həyatın
sahibi olan Aşıq Pəri zahirən deyib-gülsə
də, içində
şam kimi əriyirdi. Müasirləri xətrini çox
istəyirdi. Şeir məclislərində
yeri başda idi. Evdə isə dığdığ,
danlaq, töhmət onu zara gətirirdi.
Pəri isə bütün bu dərdləri şeirlərində
dilə gətirərək
yaralı qəlbinə
məlhəm çəkirdi:
Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü
dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram.
Firidun bəy Köçərli böyük
ehtiram və məhəbbətlə Qarabağın
bu ilk şair xanımını belə
təqdim edirdi: «Zəmanə ki onun namu-şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pərinin Maralyandan köçüb Şuşa şəhərində
yaşaması burada onun hörmət və izzətini əyani-dövlət arasında
daha da çoxaltdı.
Hər bir əhli-təb onun şənində gözəl şeirlər
yazıb izhari-məhəbbət
etdilər». Firidun bəy
Köçərlinin söylədiyinə
görə, Aşıq
Pəri zahirən də, daxilən də çox gözəl, mənəviyyatca
zəngin, geniş dünyagörüşlü bir
xanım olub. Onun hüsnü-camalını tərif
edən qoşmalar, gəraylılar yazılıb.
XIX əsrin tanınmış
şairlərindən olan
Əsəd bəy Vəzirov bu istedadlı xanıma ünvanladığı poetik
tərifində gözəlliyini
tərənnüm edirdi:
Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz
sənə tay.
Qəmzən qatil, kipriyin
ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.
Dünyanın faniliyindən, ömür-gün dostunun zalımlığından, yaxın
dostlarının itkisindən
təsirlənən Aşıq
Pəri qoşmalarının
birində yenə də öz hüznünü belə ifadə edib:
O fələkdir dügün yeri dağlayan,
Əzəl şad eyləyib sonra ağlayan,
Sinəsindən şerü-kitab bağlayan,
Sahibi-huş, gövhər kanı neylədin?
Şuşanın tanınmış şairlərindən biri də İbrahim Xəlil xanın nəvəsi Cəfərqulu
xan olub. Nəva təxəllüsü ilə şeirlər yazan bu şairin
Aşıq Pəri ilə müntəzəm deyişməsi haqqında
məlumat çoxdu.
Maraqlıdır ki, bu deyişmələrin heç
birində dövrünün
əksər şairlərinə
qalib gələn Cəfərqulu xan Aşıq Pərini bağlaya bilməmişdi.
Allah Pəriyə elə bir istedad
və təb vermişdi ki, şeir onun sinəsindən su kimi axırdı. Məntiqi, ağlı, dərrakəsilə
hamını valeh edirdi. Maraqlıdır, ona uduzan rəqibləri də bu məğlubiyyətdən
qısqanclıq keçirmirdilər.
Onlar Pəri kimi bir sənətkarın ətrafında olmağı,
onunla şeirləşməyi
özlərinə fəxr
sanırdılar. Hətta
bu deyişmələrin
birində Cəfərqulu
xan səmimiyyətlə
etiraf edib:
Arifəm, bir yerdə
yarı görəndə,
Mən nə deyim bu
duxtəri görəndə?
Əql itirdim mən
əğyari görəndə,
Neyçün göstəribsən etibar ona?
Pərinin cavabı daha maraqlıdır:
Dağam, gül yanında xarı görəndə,
Tərlan ovlağında sarı görəndə.
Sən ki aşıq
əhlini karı
görəndə,
Pəriyəm, duaçı aşikar ona.
Mir Möhsün Nəvvabın
təzkirələrində də Aşıq Pərinin adı məhəbbətlə çəkilib. Onun hansı şairlərlə
deyişdiyi haqqında
ətraflı məlumatlar
verilib.
Deyilənlərə görə, dünyasını dəyişdikdən
sonra (1847) Aşıq
Pərinin qardaşları
Kərbəlayı Fərzalı
və Mahmud bacılarını
Qaladan apararaq doğulduğu Maralyan kəndində torpağa tapşırıblar. Cəmi 35-36 il ömür
sürmüş Aşıq
Pəri çox güman ki, Molla Məhəmmədin verdiyi mənəvi işgəncələrə davam
gətirə bilməyib.
Onun həyatına qənim kəsilən bu namərdin cahilliyini Aşıq Pəri qoşmalarının
birində çox incəliklə bildirib: «Canı dost yolunda eylədim fəda», «Dad eylərəm, haray naşı əlindən».
Qoşmalarının birində
isə Aşıq Pəri ömrünü-gününü
göy əskiyə bükmüş bu qəlbduymazı belə təsvir edib:
Adam bildik biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən!
Şeirlərinin birində isə sanki müasirlərinə xəbər
göndərib ki, «Əgər Məhəmməd
tək səd həsar»ınız olsa, neylərsiniz?
Doğrudur, Aşıq Pərinin yazdığı
əsərlərin çox
az hissəsi
bizə gəlib çatıb. Əlimizdə olanları da
diqqətlə nəzərdən
keçirdikdə Azərbaycan
poeziyasında öz yeri olan Aşıq
Pərinin bədii portreti aydın görünür. Bir məsələyə
qəti əminik ki, onun adı
həmişə yaşamaqdadır.
Azərbaycan qadınlarının aşıq sənətinə
meyil edənlərinin
təşəbbüsü ilə uzun illər
respublikamızda «Aşıq
Pəri» məclisi fəaliyyət göstərirdi.
Məclis üzvləri «Aşıq
Pəri» ədəbi irsini ləyaqətlə qoruyaraq bu unudulmaz
xanımın adını
öz yaradıcılıqlarında
yaşatmağa və
tanıtmağa çalışırdılar.
Təəssüf ki, son illər
bu məclisin səs-sorağı eşidilmir.
İndi aşıq sənətini
elələri «təmsil»
edir ki, onların da əslində nə aşıq sənətindən,
nə də onun belə mükəmməl ifaçılarından
xəbərləri var. Aşıqlıq
atılıb-düşmək, şit-şit danışıb
məzələnmək deyil
ki?! Aşıqlıq
Dədə Qorquddan və sonra onun
davamçıları olan
Aşıq Nəcəfdən,
Aşıq Ələsgərdən,
Aşıq Alıdan,
Aşıq Hüseyn Bozalqanlıdan, Aşıq
Şəmşirdən və
nəhayət, Aşıq
Pəridən bizə
yadigardır. Yadigarları
isə öz adına və
yaradıcılığına layiq qoruyarlar…
Flora XƏLİLZADƏ
Kaspi.- 2012.- 22-24 sentyabr.- S.19.