SÜRREALİZM
– SÜLH REALİZMİ DEYİL
Sürrevlizmə
çoxları reallıqdan kənar təsəvvür kimi
baxırlar. Görünməyənin konturları beyin müstəvisində
şəklini dəyişə bilər, lakin
reallığın öz enerji çəkisi olduğu
üçün mahiyyət eyni qalır.
Zahir
adlanan hər cür görüntü bizə həmişə
ümumi mənzərə təsiri bağışlayır. Məsələn,
yer üzərində mütəhərrik və mükəmməl
maddi formaların biri olan“su” töküldüyü, daxil
olduğu, zəbt etdiyi yerin şəklini alır, ya da
qüvvələr nisbətində stixiya konturlarında
yayımlanır.
Bu,
birinci görünüşün illuziyasıdır. Əslində,
sadəcə yerdəyişmələr baş verir. Proses tam
halda öz sərhədlərini suyun təbii çevrilməsində
– su, buxar, yağış, qar kimi dairələrdə
tamamlayır. Qlobal istiləşmə və buzlaşma məsələsi
gündəmdə olduğu zaman məlum olub ki, dünyada su
sistemi heç zaman dəyişməyib, sabit qalır.
Beləliklə,
”toplananların yeri dəyişəndə cəm dəyişmir”
prinsipiylə bərqərardır dünya!
Heyhat
bu, yalnız – Cəmə aiddir. “Dünya” dediyimiz
reallıqda toplananların yerdəyişməsi
ağrısız-acısız ötüşmür.
Azərbaycanın
görkəmli yazıçısı Anarın zahirən sadə,
anlamlı görünən, təmiz, aydın dillə
yazılmış əsərləri, əslində, dərin
bədii konfliktlər üzərində qurulmuşdur. Bu konfliktlərin heç
birinin işıqlı sonluqlarla bitməməsi dünyanı
ziddiyyətlərin idarə etməsinə işarədir.
Bədii konfliktin psixoloji modelləri
Mən
Anarın ”Ağ liman” povestindəki və ”Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanındakı
psixoloji insan tiplərini Hippokratın, Karl Qustav Yunqun və rus
alimi İvan Pavlovun dünya psixologiya elmində önəm
verilən, qəbul olunan psixoloji modellərinə saldım və
yazıçının böyüklüyünə bir daha əmin
oldum. Hippokratın insan temperamentlərinə,
İvan Pavlovun əsəb sisteminin durumuna görə səciyyələndirdiyi
sanqvinik, xolerik, fleqmatik və melanxolik tip modelləri
ayrı-ayrılıqa Anarın psixoloji insan tiplərinə
dar gəldi.
Bizim bəyənmədiyimiz
marksizm-leninizm klassikləri insanı ictimai varlıq hesab etməkdə
haqlıdılar. Bu baxımdan İsveçrə alimi Karl Qustav Yunqun
kollektiv şüuraltını da əhatə edən modeli
daha dolğundur. O, 1912-ci ildə yazdığı
“Şüuraltının psixologiyası” əsərində
ilk dəfə süuraltı mexanizminin fenomenlərini dərindən
araşdırmış, xarici və daxili təzahürlərinə
görə dörd əsas fərqli davraniş modelini təqdim
etmişdir.
Cəmiyyət
şəxsiyyəti formalaşdırırsa, onun məhsulu
olan şəxsiyyətin cəmiyyətə
qarşılıqlı təsiri də inkarolunmazdır. Bəşər
övladının ziddiyyətli təbiəti çox dəyişkəndir;
buna qəflət, təsadüf kimi fatal halları da əlavə
etsək, bütün modellərin şərti olduğu
anlaşılır. Yəni təmiz
sanqvinik, xolerik, fleqmatik və melanxolik insan yoxdur, sadəcə,
hərədə bir xasiyyət üstünlük təşkil
edir. Məsələn, Zaur xaraktercə
sanqvnik tipinə uyğun olsa da, bu uyğunluq, oxşarlıq
Tamın cüzi təsirə məruz qalanda dəyişən
kölgəsidir. Hər an
Spartakın istehzalarını və təkəbbürünü
qəlbində böyüdür, acizliyini hiss edir. Onun nisbi sərbəstliyində, Təhminənin adətən
sonu həmişə ölümlə qurtaran səmavi
azadlığında yarımçıq konturlar, boşluqlar
meydana çıxır. Melanxolik Təhminənin
“mədəni” insan kimi yaşamaq istəyi, bəlkə də
komfort arzusuyla Spartakın maraqları üst-üstə
düşəndə ortada ilahi məhəbbətə,
ülvi hisslərə yer qalmır. Burada son mənzil
yoxdur, üç yol ayrıcında qalmaq var! Haraya
gedəcəyinə əmin deyilsən, nə edəcəyini
kəsdirə bilmirsən.
Dünyada
hər kəs xoşbəxt olmaq, rahat, sakit yaşamaq istəyir. Bunun iki yolu var: konfliktlərdən uzaq
olmaq, bütün münaqişələri vaxtında həll
etmək.
Tənqidçilər
”Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanını müasir
”Zaur-Təhminə” sevgi dastanı kimi şərh etsələr
də, zənnimcə, əsərdə ən “müsbət”
obraz Spartakdır.
Anar
Spartak obrazıyla qüsurlu cəmiyyətin saxta azadlıq
prinsiplərinin üstünə gedib.
Spartak
mükəmməl psixoloji tiplərə daha uyğun gəlir. Qətiyyətinə görə
xolerik qrupuna düşə bilər, lakin o da həmin
sırada tam əhatə olunmayacaq. Daha təbii
və dünyəvidir, təmsil etdiyi cəmiyyətin mükəmməl
modelidir. Bütün həyatıyla “mən
buyam” deyir. Zaur kimi ələ baxmır, bir
ay üç kilo “yaxşı” ətin puluna qulluq etmək istəmir.
Yaşamağa çətinlik çəkmir.
Başqalarına problem yaratmır,
çünki başqalarının yaşadığı
kimi, görmək istədiyi kimi yaşayır.
Qanun
yazmır, qanun-qayda bilmir. Onun üçün həyat
bu günü “layiqli” yaşamağın dolğunluğudur,
çünki əhatəsində hamı buna cəhd edir.
Bu qaydanı öz adı kimi mənimsəyib,
ona arxalandığı üçün cəmiyyətin
aparıcı qüvvəsinə çevrilir.
Əsərdə
Spartak reallığının səhnədəki kimi
açılıb örtülən pərdələri həqiqət
ilğımları yaradır. O, cəmiyyətin qanunlarını diktə
edən icraçıdır. Həm də maddi
nemətlər bölgüsüylə razılaşmayaraq “əndazədən”
çıxır və üzvü olduğu cəmiyyətə
müxalif təsəvvür yaradır.
İnsan
ömrünü beyninin əmrlərinə uyğun qurur. Şəxsiyyəti cəmiyyətin
quluna çevirən bir neçə mühüm amil
sırasında tamah və iddia bəşər övladı
yaranandan aparıcı yerini heç nəyə vermir. Elə insanlar var, ömür yolları alın
qırışları kimi bir xətt olub, pozulmur,
yaşadıqca dərinləşir. Üzdədilər
və tez görünəndilər. Bu
baxımdan mənfi obraz kimi qəbul olunan Spartakın şaxəsiz
şəxsi həyat prinsipləri Zaurun psixoza və mazoxizmə,
sonda isə Təhminəyə qarşı sadizmə
çevrilən əndişələrinə, Təhminənin
yelbeyinlik dərəcəsinə çatan səmimiyyətinə
üstün gəlir.
Yaşam
pisi-yaxşını, mənfi-müsbəti olduğu kimi əks
etdirən palitradır. Ayrılıqda diqqət çəkməyən
solğun rənglər harmoniyada gözəl görünməklə,
özgələrə xüsusi ton, kalorit verirlər. Sadəcə, Spartak bu rənglərin içindəykən
onların cazibəsini, sehrini duymur, kənardan qaba və kobud
dörünür. Təhminə
ağır xəstə olanda sevgilisi Zaur yanında olmur, əvəzində
Spartak ona əvəzsiz yardım göstərir.
Yaxşılığının
əvəzini gözləməyən qaba Spartakı,
ölüm ayağında olan tənha, köməksiz
qadını gözləri yolda qoyan romantik Zauru hansı tiplərə
aid edək?
Həyat
başdan-başa konfliktlərdən ibarətdir, sürprizlər
bitib tükənmir. Konfliktlər cəmiyyətdəki qadağalara və
adət olunanlar arasındakı həddə dirənəndə
xəyanətkar barışığa, qüvvələrin
sazişinə keçid imkanı yaranır. Onlardan qaçmaqla daxili diskomfort yaranır. Bununla qəhrəmanların “özləri özləriylə”
konflikti güclənir. Onlar cəmiyyətdən
qopurlar.
Ruhi
fırtınalar cismani ağrıların fonuna çevrilir.
Hər
şey bir xətt üzərində yenidən başlayır,
çünki insan ömrü özü də zamanla konfliktdədir.
Ədəbiyyatın reallıq kabusu
Maddilikdə
əks olunan, qorunan nə varsa, verdiyini verir, tutduğu yer qədər
də “zəbt edib,” maddiləşir.
Nədənsə,
evləri 6 mərtəbəli yox, daha çox 5 mərtəbəli
tikirlər. Məsələ sözdə deyil, həmin rəqəmdəki
dayanıqlıq, həmin mərtəbədə görülən
işin enerji yüküdür. Səmavi
biliklər bizə irsən verilir, spektiklər ağız
büzüb kağız üzərindəki işarələrə,
dildəki səslənmələrə etina etmirlərsə, ən
azından beyinləri bu məqamları qəbul etmir. Aləmin, bütün Qalaktikanın vahid bir sistem
olduğundan xəbərsizdilər. Belə
çıxır ki, 5 mərtəbəli evin 6-cı mərtəbəsi
maddiliyə uyğun gəlməsə də, insan duyumunun
reallıqdakı altıncı mərtəbəsidir.
Anar bu barədə yazır: “Həyat Allahla insanın birgə
yaradıcılıq məhsuludur. Hətta o qədər
real görünür ki, reallıqdan seçilmir”.
6-cı
mərtəbə XX əsr Azərbaycan ədəbiyyatında
reallıq kabusudur.
Reallıq
olmasa da, reallıqla ortaqdır, həm də onun elementləriylə
təşəkkül tapıb zənginləşmişdir. ”Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanınında bu, belə
əksini tapır: “Zaur and içə bilərdi ki, lift məhz
altıncı mərtəbədədir”.
Qərb
ədəbiyyatının sevimli personajları olan kabuslar
sağlıqlarında zorakılığa, təcavüzə
məruz qalaraq öldürülmüş insanlardır. Dirilərin həyatına
müdaxilə edərək onları incidən insanları təqib
edir, qisas almağa çalışırlar. Cəmiyyətin kabusları isə cəmiyyətin
ipə-sapa yatmayan üzvlərinin dikbaş arzularıdır.
Qoruq-qadağa, ənənə və etiketləri
pozan Təhminənin səhnədəki və pərdəarxası
davranışı fərdidir. Təpkilər,
təbədüllatlar, əzab və etirazlar qadağanın
şirinliyini dadıb, əl çəkmək istəməyən
Zauru tək buraxmır, izləyir.
Etiraz
var, etiraf yoxdur ki, suya çəkilib təmizliyə
çıxasan.
5-ci mərtəbənin
6-cı mərtəbəsi Tanrıyla aramızdakı səddır.
Yer
kürəsində iki ölçülülük
(ağ-qara, gecə-gündüz, yer-göy) hökm
sürür. Hər şeyin üzü və astarı var.
Reallıq da iki hissədən ibarətdir – biz və
divarın arxası. Bütün hallarda
BİZ birik və bölünməzik. Divarın,
dağın o biri üzünü görmürüksə,
oradakı reallığı dana bilmərik.
Zaur və Təhminə cəmiyyət
reallığını dərk etmirlər. Burada zorakılıq da, könüllülük
prinsipləri də var. Zahirdə Təhminə inkarıyla
artıq çərçivələrdən azaddır, əlinə
yetəni, qüvvəsi çatanı sındırıb,
dağıdıb. Həqiqətdəsə
onu əhatə edən psixoloji həddlər çox möhkəmdir,
dartdıqca daha da sıxılır.
Şəxsiyyətin
degradasiyası – intihara bərabərdir. Altıncı mərtəbə
Təhminənin azadlığının istinad nöqtəsi
olmaqla, həm də dirənib durduğu sərhəd,
qapı-bacası bağlı məhbəsdir. Bununla belə, Təhminə altıncı mərtəbədən
beşinciyə enmək istəmir. Bu ətalət
könüllü təklənmə deyil, könüllü həbsdir.
Hər bir insanın həyatında elə
psixoloji məqamlar olur ki, heç nəyin fərqinə
varmır, dünya deyilən gözlərində dəyərini
itirir.
Cəmiyyətdə
yaşamaq – onun ortamına ortaq olmaqdır. Burada aşağı, yuxarı yoxdur, bir
sapa düzülmək var. Sap dartıldıqca
qırılacaq, qırılanda hamı tökülüb
düşəcək; bir az tezi, geci var.
Sanki
Zaur kimi yarı yolda dayanıb geriyə dönməyi bacaranlar
qurtuluş tapırlar. Heyhat bu, qurtuluşmu? Geriyə
dönəndə sapdan çıxırsan. Təsəvvür və tələb olunan həqiqətə
çevrilən kimi zaman oxu ayrı dönəmdə
fırlanmağa başlayır. Bu zaman Tam
parçalanır, mahiyyət dəyişilır. Yalnız güclülər bu həddi yarıb
keçə bilərlər, heyhat yenə itki
qaçılmazdır. Başqa enerji
ölçüsündə yad enerjiylə yaşamaq
mümkün deyil, yəni qeyb olmalısan. Bu qeyb – cismin məhvi olan ölümdür.
Təhminə
ölən kimi reallıq divarında çatlar əmələ
gəlir. Təhminə reallığı Zaur aləmindən
qopduğu üçün şüuraltı vəzifəsini
yerinə yetirib boşluğu daşlamağa, doldurmağa
başlayır.
Heyhat bunlar ”həminki” deyil; reallıq ortadakı
boşluğun konturlarına uygun gəlmir.
Həmin
bunlar “həminki” olmadığı üçün Təhminəni
xatırladan hadisələr, oxşarlıqlar əvvəl-əvvəl
stixiya konturlarında yayımlanır. Spartak həbs olunur. Ümumu hədəf olmadığından adətkar
qohumlar öz aralarında konfliktə girirlər. Zaur isə
deyingən dünyayla, ev-ailə qarğaşası, iş
yerində sevmədiyi müdirlə başını girləyir.
Lirik əsərdəki
sarkazm cəmiyyətin cəzalarıyla kulminasiya nöqtəsində
sınır.
Reallığın heyrəti fantastika
Fantastikanın
cazibəsi dövrü üçün sensasiya sayılan qəribə
hadisələrlə oxucuları heyrətləndirməkdir.
Çox
zaman həyat həqiqətləri nağılların, miflərin,
fantastik əsərlərin üzərində bərqərar
olur. Onlarda ömür yolumuz zaman ilgəkləriylə
bir-birlərinə elə keçiblər, reallıqla təxmin
olunanı, keçmişlə gələcəyi aralaya,
ayıra, ayırd edə bilmirsən. Azərbaycan
ədəbiyyatında fantastika janrı sahəsində müəyyən
boşluqlar var. Yazılan əsərlərin çoxu
maraqsızdır, zəngin fantaziyalardan, maraqlı mülahizələrdən
kasaddır. Bununla belə, görkəmli
yazıçılar İsa Muğanna və Yusif Səmədoğlunun
bir çox əsərləriylə öyünə bilərik.
Habelə təkrarolunmaz
yazıçımız Anarın bu janrda bir sıra
maraqlı əsərləri var.
Anarın
əsərləri dəfələrlə ölkəmizdə,
dünyada cild-cild, ayrıca buraxılsa da, zənnimcə,
elmi-fantastik əsərləri daha geniş tədqiq
olunmalıdır.
“Yaxşı padşahın nağılı”, “Ağ
qoç, qara qoç”, “Gecə düşüncələri”,
“Qırmızı limuzin”, “Otel otağı”, “Vahimə”,
“Macal”, “Əlaqə” və əsərləri bu qəbildəndir.
Onlara həm də elmi deyirəm, çünki
sistemli elmi mülahizələrlə fantastika
hüdudlarından çıxır.
Onun
bütün əsərlərində
yaradıcılığına məxsus dərin psixoloji qatlar
var. Əgər İsa Muğanna və Yusif Səmədoğlunun
əsərlərində dəqiq tarix dönəmləri
varsa, Anarın əsərlərində keçmişin,
indinin və gələcəyin zaman keçidlərində həmin
dönəmlərin qatları da açılıb səhifələnir.
Ən başlıcası, bu keçidlərin sərhədləri
hiss olunmur. Bu, ədəbiyyatımızda
yeni hadisədir.
Maddi-mənəvi
dəyərlər Anarın yaradıcılığında
reallığın ötücü, keçici
görüntüləri kimi təzahür edirlər. Yazıçı nisbiliyi belə izah eləyir:
“...yapma naxışlar, aləmə nümayiş etdirilən
dəyərdi”.
Yazıçı
məharəti də bundadır ki, dar döngələrdə
ilişib qalmasın, bu keçidləri qələm
mizrabında sim kimi çalsın: “Ağ qoç, qara
qoç” “utopik və antiutopik nağıllarını
yazıb nəşr etdirməklə qarşıdan gələn
təhlükələr haqqında xəbərdarlıq etməyə
çalışdım”.
Anar bəşəri
yazıçı olsa da, həmişə xalqıyla nəfəs
alır.
Qanlı-qadalı Qarabağ müharibəsinin
başlanğıcında yazırdı: ”Dünya
vətənimi esitmək istəmir, vətənim də məni!”
Mən
Anarı həmişə güclü məntiqə, ayıq
başa malik sağlam düşüncəli ziyalı kimi
tanımışam. Həm
də hesab edirəm ki, o, ”möcüzələrə”
bir az spektik münasibət bəsləyir. Hiss etmişəm
ki, İsa Muğannanın yaradıcılığına
böyük ehtiramla yanaşsa da, “gəlmələr” barədə
fərziyyələrini absalyut kimi içinə
götürmür. Bu da təbiidir,
çünki Anarın bədii mövzulardan şəxsi
asılılığı yoxdur, hadisələrin
iştirakçısı kimi çıxış etmir,
yazıçı münasibəti göstərməklə
yaradıcılıq sərbəstliyi qazanır. Onun yaradıcılığına dərindən bələd
olanlar buna başqa cavab da verərlər, hər iki
yazıçı eyni fikirdədilər, lakin hərə bu məsələyə
öz baxış bucağından yanaşır. Yəni günəş Yer kürəsinin hər tərəfindən
görünsə də, qəbul formaları və təsir dərəcəsi
Yerin qütblərinə görə fərqlidir, kölgəlik,
açıq hava və sair…yüzlərlə obyektiv amilə
söykənir.
Okkultizmə
bir az bələd olanlar bilirlər ki, eyni
yuxuların təkrarlanması yuxunun doğru
çıxacağının birinci şərtidir. Onlara vəhy yuxuları da deyirlər.
Yazıçı “Əlaqə”, “Otel otağı” povestlərinin,
“Qırmızı limuzin”, “Vahimə” hekayələrinin sujetlərini,
fıinalını yuxuda gördüyünü deyir.
O, “tez-tez eyni
yuxular” görür. Bu yuxular arzuların rəngli
neqatividir.
Bu
duyğuların uyğu yerı də var – ağağappaq
liman.
Yəqin
qəflətin ilğımı xəyallardır; ağappaq
dumanda görünür insana.
Arzuların
rəngi qırmızı yox, “qıpqırmızı”
olmalıdır; çünki arzular insanın ümid
dünyasının sınmayan tilsimləridir.
“...dəniz
uzandıqca uzanır”.
“Sahil
sapsarıdır. Sarı qumlar”.
“Dəniz
gömgöydür. Ləpəsiz.”
1965-ci
ildə Anar “Ağ liman” povestini belə gözəl hisslərlə
bitirdi.
Və ağ
limanın gəmiləri tezliklə “beşmərtəbəli
evə” yan aldı və ”Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı yazıldı.
Bu dəfə yuxu xəyalların deyil, xatirələrin
sahili oldu. Demə, Təhminənin həyatında
altıncı mərtəbə olubmuş: “Altıncı mərtəbədə
bir ev. Pəncərə. Pəncərədə
uzun, ağ, qırmızı, çəhrayı qladioluslar”.
Anar
insan hisslərinin ani ritmlərini tutan, təsvirini təbiətlə
rezonansda verməyi bacaran nadir yazıçılardandır. Qəribə müşahidələri
var, hər cümləsi canlı rəssam tablosudur. Qeyri-adi rəssam Mircavada öz zamanında
böyük qiymət verib, dəyərləndirən insanlar
arasındadır. Hələ 1987-ci ildə
öz ssenarisi əsasında "Bu, Mircavaddır” televiziya
filmini çəkmişdir.
Mircavad
haqqında film çəkən insan həyatı onun kimi
başqa, fərqli ölçülərdə, rənglərdə
görməliydi. Həmin görüm sərhədləri çox
zaman Anarı adi oxuculardan ayırsa da, onun əhatəsindən
qopub düşə bilmirsən. Yazıçı
deyəndə ki, altıncı mərtəbədə mütləq
səmaya açılan pəncərə, tez solan güllər
olmalıdır, inanırsan. Və bu sərhədsiz
reallıqda “… Dəniz uğuldayır,
uğuldayırdı. Qumlar ürpərir,
ürpərirdi. Təhminə qeyb
olmuşdu”.
Altıncı
hiss deyilən özünü kənardan görməkdir, amma
bunun qiyməti var. Zaur da, Təhminə də çılpaq
reallığı ruhən qəbul edib özününküləşdirə
bilmədiklərinə görə iztirablara düçar
olurlar. Qəhrəmanlar həyatın acı
“zarafatlarından” və canlarından bezib bu boşluqların
üstünü vəhşi heyvanlara qurulmuş tələlərin
üstləri kimi hörürlər. Xəbis
insan yaddaşları həmişə pislik və
qurğuları yaxşı hifz edir. Tor və
kürələrdən ibarət insan beyni özü bu
funksiyaları daşıyır.
Tələyə
başqa insan da düşə bilər, amma qurğu quran
özü qurduğuna qurban olmayacaq.
Anarın
əsərlərində zaman keçidləri elə sürətlidir,
hər səhifədən bir neçə film çəkmək
olar. Bu film hətta
bir kibrit çöpü barədə ola bilər: ”Bu an Zaura elə gəldi ki,
ağzındakı bir siqaretlə bütün dünyada lap tək
qalıb.
Tərs
kimi kibrit də yoxdur”.
Bu yeni filmin
adı mütləq “Tənhalıq” olacaq, əsas qəhrəmanı
– yazıçı Anar! Çünki bir şəxsiyyət
kimi bu dünyada tək-tənhadır, yazıçı
taleyiylə özünə deyil, xalqına mənsubdur.
Biz
duyub-duymadığımız küll-aləmin zərrəsi,
bir parçasıyıq. İnsanı yaranışdan
altıncı hiss deyilən göbəkbağıyla Yaradana
bağlayan bir xətt də var –sifahi və yazılı ədəbiyyat!
Ədəbiyyat hisslərin, duyğuların
eyforiyasıdır. Qəlb yumruğundan süzülüb axan
ümiddir, həyat enerjisidir. Anar kimi yazıçılar bu
enerjinin ötürücüləridir. Onların zəngin təxəyyülü
enerji yükləri kimi sərbəst mövcud olur.
Yaşadıqları mühitdə, cəmiyyətdə daimi
yerə malikdilər. Belə qələm sahiblərini inkar etmək,
silmək istəyi – köklü-köməkli ağacı
budamaqdır. Xoşbəxtlikdən budanan yerlərdən daha
yamyaşıl, sağlam budaqlar çıxacaq.
Əsl ədəbiyyatın
əbədiyyətinin sirri belə sadədir.
MAHİRƏ ABDULLA
Kaspi.- 2012.- 22-24 sentyabr.-S.16-17.