Ədəbiyyat
dava-dalaş meydanı deyil
Yazıçı
Eyvaz Zeynalov: “20 ildir bir sözü deyib qurtara bilməyən
“pəltək” yazıçılarımız var”
Eyvaz Zeynalov çoxsaylı hekayələr
müəllifidir. Onun “Əli metroda işləyir”,
“Çöngə pulu” və s. hekayələrini çox bəyənirəm.
Onu ədəbi mühitin “səyyah yazıçısı”
da adlandıra bilərik. Çünki bir neçə dəfə
ədəbi mühitdən uzaqlaşmaq məcburiyyətində
qalıb, sonra yenə öz doğma məkanına - söz sənətinə
qayıdıb.
E.Zeynalov öz yazıları ilə
görünməyi sevən, az-çox mətn ortaya
qoymağa çalışan qara-qışqırıqdan uzaq
adamdı. Söhbətimiz əsasında, ədəbiyyata
münasibətinin necə saf və təmənnasız
olması da aydın oldu. “Qarabağ hekayələri” adlı
kitabını yenicə oxuyub bitirmişəm. Həmin hekayələrdə,
- “dodaqbüzməli cümlə” olsa da deyəcəm - insan əzabı
və niskil, düzü, mənə çox təsir etdi. Təəssüf
ki, bugünkü “dartma yaxam çırıldı” ədəbi
mühitində onun siması uzunboy qrafomanlar arasında
görünmür. Şükür ki, həqiqi dəyərlər
tam itməyib... Eyvaz müəllim son vaxtlar bir çox nailiyyətlərə
imza atıb: bu illərdə onun Türkiyədə və
Gürcüstanda kitabları çap olunub. Təbrik edirik...
-
Hekayələrinizin çoxu situastik, “ani” hekayələrdir.
Yəni yazıçı süjeti an üzərində qurur.
Sanki süjet hekayənin reflektiv hissəsidir. Həmin reflektiv
nöqtəyə toxunaraq ümumi hadisələrə yön
verirsiniz. Bu cəhəti üslub kimi necə izah edərdiniz?
- Vallah, mən bir belə oxuyuram, amma hələ
indiyə qədər hansısa “izim” də yazmaq barədə,
hansısa üsul barədə fikirləşmirəm. Mənim
formalaşmış yazı üsulum var, hər hansı hadisə
məni narahat edəndə, daxilən özümü ifadə
etmək istəyəndə oturub yazıram, vəssalam. Mənim
“Qəlibə sal” adlı 9-cu sinifdə yazdığım bir
hekayə var idi. O da eynən bu indiki üslubuma yaxın idi.
-
Eyvaz müəllim, bizim yazıçıların çoxu
öz yazı proseslərini təsəvvür edə bilmirlər.
Bu nə ilə bağlıdır?
- Nə bilim, vallah, bəlkə də mən
izah edə bilmirəm, amma yazını çox da üsluba
çəkmək, formaya salmaq, sonra da bu haqda danışmaq,
məncə, lazım deyil. Öz yaradıcılıq mətbəxim
barədə deyə bilərəm ki, mən bu cür oyunlara
getmirəm. Əsas çalışıram ki,
yazdıqlarımın tərbiyəvi, ictimai məzmunu olsun.
Yazıçı və insan kimi həyata fikrimi bildirmək
istəyirəm. Əgər bu işin öhdəsindən gələ
bilirəmsə, deməli, uğur qazana bilirəm.
-
Üslub suallarından yayınsanız da bir cəhətin
üstündə, məncə, dayanmağa dəyər.
Çünki bu sırf sizin
yaradıcılığınızla bağlıdır. Azərbaycanda
bəzi yazıçılar var ki, ayrı-ayrı hekayələrinin
dili və üslubu yeknəsək, qəhrəmanlarının
səsi eyni tonda olur. Sanki, bütün hekayələrdəki
hadisələr bir adamın başına gəlir. Onlar özləri
də xəbərsizdirlər ki, bütün ömürləri
boyu cəmi bir hekayə yazıblar. Sizin hekayələrinizdə
isə tale və dil rəngarəngliyi var. Bu məsələyə
münasibətiniz necədir?
- Hə, bunu izah edə bilərəm.
Çünki bu cür üslub rəngarəngliyə
böyük önəm verirəm. Mən həmişə
özümü təkrarlamamağa çalışıram.
Sən çox düz müşahidə etmisən.
Yazıçılar var ki, 20 illik
yaradıcılığına baxıram, oxuyuram, eyni şeylərdən
danışır və yazır. 20 ildir bir sözü deyib
qurtara bilməyən “pəltək”
yazıçılarımız çoxdur. Onların əsərlərinin
obrazlarını bir-birindən fərqləndirə bilmirəm.
Yazıçının hekayələri bir-birinə
qarışmamalıdır, bir-birini əvəz edə bilməlidir.
Bir hekayəni digər hekayənin içinə yerləşdirə
bilirsənsə, deməli, yerləşdirdiyinin içində
boşluq var imiş.
- Uzun
müddət müəllim işləmisiniz, pedaqoji fəaliyyətdən
uzaqlaşmaq çətin olmadı ki?
- Yox, bəziləri dedi ki, gəl məktəbdə
çalış, amma getmədim. Ağdam alınandan sonra qəzetlərdə
və jurnallarda da işləməyi təklif edənlər
tapıldı. Fəqət gördüm ki, həmin orqanlardan
alacağım əmək haqqı ilə heç cür
dolana bilməyəcəyəm. Ona görə müəllimliklə
və qəzetçiliklə məşğul olmadım. Bizim
ailə də babat dolanmış,
görüb-götürmüş bir ailə olub. Ona görə
öz şöhrətimi onların qayğılarından
üstün tutmadım. Fikirləşdim: lap desinlər ki, hə
bir Eyvaz Zeynalov var, yaxşı yazıçıdı, belədi,
elədi. Bəs bu uşaqlar sabah böyüyüb deyəcəklər
ki, özün yazıçı oldun, amma bizi bir günə
çıxartmadın. Onda balalarımın üzünə
necə baxacağam? Sən cavansan, vaxt gələcək
başa düşəcəksən ki, ailədəki əksər
narazılıqlar, kişinin düşüncəsiz
olmasından irəli gəlir. Kişi yüz
ölçüb bir biçməlidi. Azərbaycan ailəsində
ali strukturunu quran kişidir. Ona görə yazı-pozunu
atdım. 10 il ədəbiyyatla məşğul olmadım. Ailəmi
tam çətin vəziyyətdən çıxarandan sonra
yenidən yazmağa başladım. Uşaqların əlini
çörəyə çatdırdım, işləməyə
başladılar. Ondan sonra yenidən yazmağa başladım:
hekayələrim dərc olundu, ard-arda üç kitabım
çıxdı.
- Belə
çıxır ki, ədəbiyyata bir neçə dəfə
gəlmisiniz.
- Üç dəfə həyatımda
bu cür hadisələr olub. Universiteti bitirəndən sonra
çıxıb getdim Rusiyaya, çünki parta arxasından
durub gəlmiş adam necə yazıçı ola bilərdi?
Həyatdan yazmaq istəyirdim, amma həyatın nə
olduğunu bilmirdim. Sonra 80-ci illərdə gəzdim,
çalışdım, müxtəlif ölkələrdə
oldum. Daha sonra yenə yazmağa başladım. Ən məhsuldar
yaradıcılıq dövrüm həmin illərdə oldu.
-
“Qisas” povestinizdə qəribə ziyalı tipi
yaratmısınız? Ziyalı söyüş söyür.
Söyüş söyəndən sonra peşman olur. Sizcə,
peşman olmaq insana nə verir?
- O povestdə qəhrəmanım
doğru düşünür, amma hər şey əksinə
olur. O axırda bütün bezginliyi ilə onu
alçaldanları öldürmək istəyir, amma
bacarmır. Nəhayət, bezir və söyüş
söyür. O elə başa düşür ki,
söyüş söydü və bu yolla qisasın aldı, əzabını
ifadə elədi. Amma əksinə o ziyalı kimi
alçaldı. Amma günahkar həm də bu mühitdir, vətənin
ziyalısını belə vəziyyətə salırlar.
Ziyalı tiplər çoxdu. Mənim yaratdığım
ziyalı tipi çaşmış, bir az da dərinə getsək,
çaşdırılmış ziyalı tipidir. “Qisas” povesti kontekstində peşman
olmaq dərk etməkdir.
- “Əli
metroda işləyir” hekayənizin əsas qayəsi sadə
humanizmdir: Əli hər gün metroya gəlib yer tutur sonra
yerini şikəstə, qocaya verir. Çünki metroda oturub
özünə yer tutanlar qoca, qadın bilmədən
heç kəsə yer vermirlər. Alt məna daha dərin mətləblərə
açar olur: vəzifə, mənsəb sahibləri də
yerindən, kürsüsündən həmin qanmazlıqla
qalxmırlar. Cəmiyyətə əlillərə,
qadınlara, öz yerində oturmalı olanlara- yerini özgələrə
verə biləcək adamlar lazımdır. Bu həm də
yazıçı mesajıdır. Bu gün
yazıçıların mesajı cəmiyyətə
çatırmı?
- İndi sən deyirsən, mənə
də maraqlı gəlir. Amma mən yazanda kiməsə mesaj
ötürmək və hekayəni bu cür mənalandırmaq
haqqında düşünmürəm. Lakin sən diyən məqamı
da gərək götür-qoy edim. Bu gün
yazıçıların mesajı cəmiyyətə
çatmır, çünki yazıçıyla oxucu
arasında kitab oxunmaması kimi böyük sədd var. Oxucu
yazıçını tanımırsa, əsərini oxumursa,
mesajını necə alsın? Əlifbanın dəyişməsi,
internet, televiziya oxucuların az qala kökünü kəsdi.
Bir də dolanışıq məsələsi insanları ədəbiyyatdan
uzaqlaşdırıb. Çörəyin ərşə
çəkildiyi zamanda yaşayırıq. Çox çətindir.
Ona görə də yazıçı mesajı və ədəbiyyatın
təsir gücü anlayışı gözə
görünmür.
-
“Qisas” povestinizi yenidən işləmisiniz, məna tamam dəyişib.
Yenidən yazıya qayıtmağını və dəyişikliklər
etmək nəylə bağlıdır?
- Bir sözlə deyim ki, bütün
bunlar hamısı ehtiyacdan yaranır. Elçin kimi görkəmli
yazıçılar öyünürlər ki, sovet
dövründə yazdığım əsrlərə
heç bir düzəliş etmədən bu gündə
çap etdirirəm. Amma mən belə deyiləm,
yazılarıma qayıdıram, bu da təbii ehtiyacdan
yaranır. Düşünürəm ki, o cür yazmaq olmaz.
-
Yaratdığınız obrazlardan hansınınsa psixoloji məqamı
sizə qaranlıq qalıbmı?
- Yox, çünki mən qəhrəmanlarımın
necə düşünəcəyi barədə əvvəlcə
düşünmüşəm. Onların bütün
düşüncələri mənə aydındır.
- Bugünkü
ədəbi tənqid ədəbiyyatın simasını
göstərə bilirmi?
- Əvvəla, tənqidin
lazımlılığı barədə düşünmək
lazımdır. Bu gün gənclər yaşlı
yazarları ona görə tənqid edirlər ki, öz
düşündükləri kimi mətnlər umurlar onlardan.
Amma bu mümkün deyil. Axundov da buna görə Füzulini bəyənmirdi.
Amma onlar da yaxşı bilirlər ki, səhvə yol veriblər,
çılğınlıq ediblər. Mənim də əsərlərimə
qarşı mənasız tənqidlər çox olub. Avam
obrazdan inqilabçılıq uman adamlar görmüşəm
-
“Azadlıq radiosunu” keçirdiyi hekayələr müsabiqəsinin
qalibi olanda demişdiniz ki, “Bu cür mükafatlar
lazımdır. Çünki evdə soruşurlar ki, bu qədər
yazırsan, bunların nə xeyri var e”. Ümumiyyətlə,
yazıb qiymətləndirilməməyin yaratdığı təəssüf
hissi təkcə yazıçıya yox, həm də ailəsinə
pis təsir edir.
- Bəli, demişəm. Adam müəyyən
yaşa çatandan sonra təəssüflənir. Sovet
dövründən qalma heç bir qayğı yoxdur. İstəyirəm
ki, məni də tanısınlar, mənim də
yazılarımı oxusunlar, mənim də əsərlərim
qiymətləndirilsin. Həm də evdə-eşikdə də
adama deyirlər ki, axşama qədər yazırsan, dincəlmirsən,
nə xeyri var ki? Gərək ailə üzvlərin də
görə ki, sənə qiymət verirlər,
yazdıqların heç olmasa diqqət çəkir.
-
“Yazıçı qul əməyidir” fikriylə
razısınız?
- Əlbəttə razıyam. Kiçik
bir şeiri beynində hərləməyə nə var ki?
Böyük həcmli əsərləri düşünmək,
necə yazacağını müəyyənləşdirmək
çox çətinidir.
- Amma
unutmaq olmaz ki, şairlik daha çox ruhi məsələdir?
- Razıyam. Yazıçı həyatı
görür, onu təsvir edir. İstər yazıçı
olsun, istər şair, əsas istedad məsələsidir.
- Ən
çox yazılarını oxuduğunuz imzalar kimlərdir?
- Bu gün mən əsasən Azad Qaradərəli,
Nəriman Əbdülrəhmanlı, Əlabbas, Aslan Quliyevin əsərlərini
oxuyuram.
-
Aslan Qulivev və Əlabbasdan da müsahibə
götürmüşəm. Onlar da siz
sadaladığınız imzaları, belə demək olsa
öz qrupunuzun əsərlərin oxuduğunu deyirdilər. Həmişə
elə bir-birinizin adını çəkirsiniz. Bu təbliğat
dəstəbazlığı, yazıb bir-birinə oxutdurmaq
sindromu nə vaxta qədər davam edəcək?
- Yox, sadəcə biz dostuq. Mənə
elə gəlir ki, onların hər biri seçilirlər.
Bir-birimizin əsərlərinə fikirlərimizi bildiririk.
İstedadlı adamları təbliğ eləmək vacib məsələdi.
- Amma
maraqlıdır ki, sizin qrup başqa ədəbi
qruplaşmalardan fərqli olaraq bir-birini “qırmırlar”.
-
(gülür) Mən onları müxtəlif illərdə
tanımışam, biz bir-birimizin əsərlərini
haqlı olaraq təbliğ edirik. Bir-birimizə dayaq dururuq. Səhvlərimiz
olanda deyirik. Hər şey bir mənalı deyil. Adi söhbətlər,
ədəbiyyat söhbətləri bizə çox
böyük stimul verir. Biz ədəbiyyatı dava-dalaş
meydanına çevirmək istəmirik. Əslində
heç ədəbiyyat dava-dalaş meydanı da deyil.
Fərid
Hüseyn
Kaspi.-
31 dekabr 2011 – 2 yanvar 2012.- S.15.