«Rafiq
Tağı mənim tərcümeyi-halımdı»
Baba Vəziroğlu: «Əgər görsəm
ki, ədəbiyyata bizim şövqlə yazıb yaratdığımız
illərdəki qədər maraq var, hamıdan yaxşı
yazaram»
Baba Vəziroğlunun
sözlərinə bəstələnmiş mahnıları yəqin
ki, eşitməyən adam tapmaq çətindir. Tez-tez
televiziya proqramlarında tamaşaçıların sevimlisi
olan Baba müəllim öz dövrünün sevilən gənclərindən
və nasirlərindən olub. Onun “Yol”, “Dünya dəyməz
göz yaşına”, “Ocaq”, “Səhər qatarı”, “Yaddan
çıxan görüş” kimi kitabları böyük
tirajlarla işıq üzü görüb. Eyni zamanda
çoxsaylı tərcümələrlə də məşğul
olan Baba Vəziroğlu Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun məzunu olub. Şeirlərinə yüzlərlə
mahnılar bəstələnib. Baba müəllimlə
sözbət çox maraqlı idi, amma heyf ki, dünyada vaxt
qıtlığı da var...
- Rafiq Tağı barədə
hazırlanan televiziya verilişində susur, daha çox dinləməyə
üstünlük verdiniz. Halbuki, Rafiq Tağı ilə ən
yaxın olan adamlardan biri də siz idiniz? O verilişdə sizi
narahat edən nə idi?
- Ümumiyyətlə, mən o
verilişə getmək istəmirdim, sadəcə fikirləşdim
ki, başqa cür yozacaqlar, ona görə də getdim. Amma
unutmaq olmaz ki, bizim dostluğumuz uzun illərə söykənir
və mən onun yoxluğuna alışa bilmirəm, bu
yaşımda belə başa düşürəm ki, hələ
uzun illər də alışa bilməyəcəyəm. O
verilişdə mən ona görə susurdum ki, mən Rafiqin
ölümünü başa düşə bilmirdim, əgər
bir şeyi başa düşə bilmirsənsə onun
haqqında necə danışasan? Bir də ki, onun
yoxluğunu sözlə ifadə edə bilməyəcəyimi
yaxşı bildiyimə görə verilişə getmək
istəmirdim.
- Rafiq Tağı ilə dostluq
münasibətlərinizdən danışardınız zəhmət
olmasa?
- Nəsə
demək çox çətindir. Rafiq Tağı mənim tərcümeyi-halımdı.
İnsan öz-özündən necə danışa bilər?
Elə bir sənə deyirlər ki, başla özündən
danışmağa. Necə danışa bilərsən?
İnsan gərək başdan xarab ola ki,
özü-özündən arın-arxayın
danışsın. Rafiq mənim ömrümün
böyük bir parçası idi. Tələbəlik
vaxtı, Moskvadakı günlərimiz – bunlar hamısı
bizim ömrümüzün bərabər parçları idi.
Son 20 ildir də Bakıda münasibətlərimiz davam edirdi.
Hər gün biz ya görüşür, ya da telefonla saatlarla
danışırdıq… Və doymurduq. Həyatın hər
üzündən, sevincindən, problemlərindən söz
salırdıq. Uzun ömür sürmüşəm, amma
Rafiq qədər, loru dillə desək, mənimlə söhbəti
tutan ikinci bir adam görməmişəm. Qəribədir ki,
bizim xasiyyətimiz və dünya görüşümüz də
tamam fərqli idi. Amma biz sanki eyni materialdan
hazırlanmışdıq. Bir tamın hissələri idik,
sanki. Desəm ki, qardaş idik, sirdaş idik, bu sözlər
bizim münasibətlərimizi tam ifadə edə bilmir. Mən bir almanın iki parçası
demirəm, bu çox şablon olar. Mən lazım olanda problematikəm,
lazım olanda sərtəm, lazım olanda ürəyi
yumşağam, Rafiqsə çox həlim adam
idi. Biz çox şey barədə eyni fikirdə,
münasibətdə idik, həmrəy idik. Rafiq
Tağı yazılarında tamam başqa adam
idi. Həyatda nə qədər həlim idisə,
yazılarında bir o qədər qəddar, heç nəyə
güzəştə getməyən adam
idi. Rafiq ədəbiyyatda bir hərfin də söhbətin edən
adam idi, ciddi yazıçı idi,
yaxşı dost idi. Bütün bu dediklərimlə mən heç də
təzə söz demirəm, bunları hamı bilir.
- Baba müəllim, bir vaxtlar əsərlərinizin
yaxşı satıldığı və refleks
yaratdığı vaxtlar olub. Lakin bu gün sizi sanki, ədəbiyyatdan
bir qədər çəkilmiş kimi görürük, bu nəylə
əlaqədardır?
- Yox, ədəbiyyatdan
çəkilməmişəm. Sadəcə
olaraq mən bir qədər yaradıcılıq yolumu dəyişmişəm
və öz işimlə məşğul oluram. Mənim
böyük bir hobbim var: mahnı mətnləri yazmaq. Çünki bu sahə həm pul gətirir, həm
də şöhrət. Bu gün çox adam
çox söz deyir, amma nəticə ortadadır ki, ədəbiyyat
oxunmur. Ciddi ədəbiyyat heç oxunmur.
Əgər görsəm ki, ədəbiyyata
bizim şövqlə yazıb yaratdığımız illərdəki
qədər maraq var, hamıdan yaxşı yazaram. Bədii yaradıcılığımın 90 faizi nəsr
əsərləridir. Bəzən məni
sırf nəğməkar şair kimi təqdim edirlər.
Bu səhv təqdimatdır. Sadəcə
gördüm ki, millət ciddi ədəbiyyatın
kitabını bağlayıb bir kənara qoyub. Bir vaxtlar mənim əsərlərimi oxuyan insanlar,
artıq həyatda yoxdurlar, qalanlar da oxucudan, dinləyiciyə
və tamaşaçıya çevrilib, onda anladım ki,
mahnı mətnləri yazmaq lazımdır. Çünki bu gün insanların oxumaqla arası
yoxdur. Bəzən nikbin
danışırlar, amma başa düşə bilmirəm.
Yazdığım nəsr əsərləri
ciddi ədəbiyyat nümunələridir, eləcə də
Andrey Palatonov və başqa yazalardan etdiyim tərcümələr.
Tez-tez o vaxtlar deyib, keçmişi xatırlamaqdan da xoşu gələn
adam deyiləm. Amma bir
şeyi deməliyəm, o vaxt ciddi ədəbi mühit var idi.
Əkrəm Əylisli “Azərbaycan”
jurnalının baş redaktoru idi. Biz
cavanları tərcümələrə həvəsləndirirdi,
yəni hamı ədəbiyyatla nəfəs alırdı.
Bu gün isə hər şey dəyişib.
Bir sözlə, suların durulmasını
gözləyirəm.
- AYB-yə də gedib-gəlmirsiniz, oradan
da kənar görünürsünüz.
- Mən hər
gün «Xətai» küçəsindən keçib gedirəm,
orda ədəbiyyat iyi gəlsə gedərəm ora. Belə
bir söz var: kabab adına getdim, gedib
gördüm eşşək dağlayırlar. Bu
gün AYB-də heç eşşək dağının da
iyi gəlmir. Bir də ki, mən məişət
və ya nəyinsə bölüşdürülməsinin
aparıldığı məkanda, AYB-AYO
qarşıdurması olan yerlərdə olmaq istəmirəm.
Ciddi, elmi ədəbiyyat söhbətləri,
müzakirələri olsun, böyük həvəslə gedərəm.
Yoxsa cəfəngiyat dinləməyə
vaxtım və həvəsim yoxdur. Özümü
Azərbaycanın ən düşüncəli, say-seçmə
oxucularından sayıram, hesab edirəm ki, bədii
zövqüm də yaxşıdı. Yüksək
səviyyədə təhsil almışam, xırda ədəbiyyat
oyunlarına belə deyim da, oyuncaq olmaq fikrim yoxdur?
- Oxumaqdan söhbət
düşmüşkən hazırda kimlərin əsərlərini
oxuyursunuz?
- Gənclərdən
Sevinc Çılğın çox sevdiyim şairədir. Aqşinin də şeirləri çox maraqlı və
düşündürücüdür. Eləcə də,
Sevinc Pərvanə, Günel, Mövlud, Kəramət
Böyükçöl, Əli Əkbər, Seymur Baycan və
s. “Ən Yeni Ədəbiyyat” seriyasından çıxan
kitabları bir-bir alıb oxuyuram və çoxunu da bəyənirəm.
Bu gün bu gənclər olmasa, ədəbiyyatın
solğun mənzərəsi daha pis görünər. Seymur Baycanın publisistik yazıları çox
yaxşıdı, oxuduqca ləzzət alırsan, Günelin
reportajlarını da sevə-sevə oxuyuram.
- Söhbətimizin yönünü nəsrə
tərəf çəkək. Çexov haqqında məşhur
fikir var ki, “Çexov üçün hər hadisə hekayədir”,
bu fikirlə razısınız?
- Sən elə
deyirsən, hətta mən deyərdim ki, Çexov
üçün hər bir hərəkət, hər bir obraz
hekayədir. Onun hekayələri heç nədən
yaradılmış gözəlliklərdir. Məsələn, Çexov adicə ağacdan
yarpağın düşməsini belə hekayəyə
çevirə bilib, yaxud kimisə gözləyən bir qoca
arvadın gözündəki ifadəni. Bilirsən
bu nə deməkdir? Yəni Çexov
özünü hər şeydə ifadə edə bilib.
Azərbaycanda da Rafiq Tağının hekayələri
belədir. Bu mənada Rafiq Tağı Azərbaycanın
Çexovudur. Yazıçılar iki
cür olur. Yazıçı var ki, onun
üçün həyatdakı hər bir xırda şey də
mövzudur, yazıçı da var ki, bu boyda dünyada onun
mövzusu yoxdur. Azərbaycanda xeyli sayda
yazıçılar var ki, dünyanın dağılması
belə onun üçün mövzu ola
bilməz.
- Söhbətimizin əvvəlinə
dediniz ki, gördüm ki, nəsrin oxucusu yoxdur, şeirə
keçdim. Ümumiyyətlə, oxucusu olmaq şərtdirmi, mən
onlarla yazıçı adı çəkə bilərəm
ki, öz dövrlərində oxunmayıb. Hələ lap əvvələ
getsək Sokrat öz təlimlərini yazmırdı ki,
düşüncə qum üzərinə
yazılan yazı kimi bir müddət sonra ideya dənizində
qərq olmalıdır. Bu o demək idi ki, o
öz gələcək oxucularını itirir.
- Fərid, sən
hələ gəncsən və görünür, ədəbiyyatla
bağlı öz fikirlərin də var. Lakin bir şey də
yanılmaq olmaz: Hər yazıçı öz dövrü
ilə hesablaşır, eləcə də hər insan. Mən də sənə çox adlar çəkə
bilərəm ki, onlar öz dövründə oxunublar. Dostoyevski oxunmurdusa, niyə nəşriyyat ona qonorar
verirdi, əsər sifariş edirdi? Həm
də biz bu günü yaşayırıq axı, gərək
bu günün insanını nəzərə alaq. Ciddi yazmağı da yaxşı bilən adamam, nə
vaxt ciddi oxucu yetişər, onda da ciddi ədəbiyyat
nümunələri yazaram.
- Ədəbi mənzərə, ədəbi
proses kənar gözlə necə görünür?
- Ədəbi
proses də nəinki funksionallıq yoxdur, hətta deyərdim
ki, ədəbi prosesin özü yoxdur. Bizim gənclik illərimizlə
müqayisədə, əgər varsa da, o proses çox
solğun görünür. Moskva ədəbi
mühitini və əlaqələrini görmüşəm.
Siz o cür prosesuallığdan xəbərsizsiniz deyə,
burdakı xırda-para işlər, məişət səviyyəsində
ədəbiyyat söhbətləri sizə ədəbi proses
təsiri bağışlayır. Ə.Əylisli
“Azərbaycan” jurnalında redaktor olarkən nəinki
jurnalın inkişafına, ümumi ədəbiyyatın
canlanmasını reallaşdırmışdı. AYB-də yaxşı mənada qaynaşma var idi.
İmam Əlinin məşhur bir kəlamı var: “Uşaqlar
ata-analarından daha çox zəmanələrinə
oxşayırlar”. Bu mənada biz də
görünür, daha çox öz zəmanəmizə
oxşayırdıq. Bugünkü ədəbi
mühit də öz zəmanəmizə oxşayır. Bu gün biz haradan gəldiyimizi, bəlkə bilirik,
amma hara getdiyimizi yox.
- Baba müəllim, ədəbiyyatın
janrsızlaşdığı vaxtda nə
yazırsınız?
- Yeni bir əsər
üzərində işləyirəm, amma cəmiyyətimiz
kimi mənim də əsərimin süjeti və janrı hara
getdiyini bilmir, naməlumdur. Bu əsər nə
hekayədir, nə roman, nə də povest. Bir az publisistika, bir az xatirələr də
qatılıb gözünə. Bitirməyə
tələsmirəm. Sən cavansan, yəqin gələcəkdə
sən də elə mənim kimi düşünürsən:
yazını bitirmək haqda düşünmək lazım
deyil, yazı müəllifin beynində özü
yarandığı kimi, özü də bitməlidir. Hansısa yazını yaxın günlərdə
bitirəcəm deyən adamları başa düşə
bilmirəm. Yaradıcılıq
maşın deyil ki, istədiyin vaxt, istədiyin yerdə
dayandırasan.
- Bugünkü mahnı mətnləri barədə
nə deyə bilərsiniz, ümumi mənzərə
baxımından belə fikir yaranır ki, hər mətndən
mahnı mətni düzəldirlər. Sizcə,
bu nə dərəcədə doğrudur?
- Belə deyək,
yaxşı dərzi də var, pis dərzi də. Yaxşı hekayələr də yazılır, mənasız
hekayələr də. Eləcə də,
yaxşı mahnı mətnləri də yazılır, pis
mahnı mətinləri də. Yəni bu
mövzuya bir mənalı yanaşmaq olmaz. Ümumi mənzərə baxımından deyirsənsə,
razıyam ki, bayağı mahnılar çoxdur. Bunun da bircə səbəbi var, mahnı mətninin
yazmaq üsulunu, yollarını bilmirlər.
- Hansı üsullardı onlar?
- Mahnı mətni
başdan ayağa eyni mövzu ətrafında
fırlanmalıdır. Şeirdəki bir misra
belə yad fikri ifadə etməməlidir. Yığcamlıq
və məqsədlilik olmalıdır ki, dinləyiciyə 3-5
dəqiqə ərzində öz fikrini çatdıra biləsən.
Misralar eyni ritm və hava da olmalıdır.
Şeir özü musiqili olmalı, quru,
cansıxıcı olmamalıdır. Aydın,
səlis və xalq ifadələrinə yaxın
olmalıdır və s.
Fərid Hüseyn
Kaspi.- 2012.- 7-9 yanvar.-
S.15.