Kəlbəcər muzeyini hansı tale gözləyir? 

 

Bir vaxtlar dünya şöhrəti qazanmış Kəlbəcər muzeyi indi 42 kvadrat metrlik otağın küncünə sığınıb

 

İşğal altında qalan muzeylərin bəziləri öz fəaliyyətini Bakıda bərpa edib. Əslində buna “bərpa” demək olmasa belə, hər halda tarixlərini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini itirməmək üçün fədakarlıq göstəriblər.

“Bələdçi” olaraq  Bakıda fəaliyyət göstərən köçkün muzeylərin taleyi ilə də maraqlanmaq istədik. İlk yolumuzu saldığımız isə Nərimanov rayonundakı 3 saylı peşə liseyində yerləşən  Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi oldu.

 

Geologiya, arxeologiya, incəsənət və səs muzeyi

 

Bu həmin muzeydir ki, vaxtilə şöhrəti az qala dünyanı dolaşıb. Hətta sovet dövründə Ermitajdan sonra dəyərinə görə ikinci muzey kimi tanınıb. O zaman təkcə ölkə qəzetləri deyil, Rusiya və başqa xarici ölkələrdən gələn jurnalistlər də muzey haqqında geniş və maraqlı yazılar dərc ediblər.

Tarixi əhəmiyyətli əşyalarla zəngin olan muzeyin erməni işğalına qədərki fəaliyyəti ilə bağlı tarixə ekskurs təbii ki, maraqlı olar.

Adı dillərdə dastana çevrilən muzey 1979-cu ildə yaradılıb. Muzeyin direktoru Şamil Əsgərov həm də muzeyin yaradıcısı olub.  Bu işin qədərsiz çətinliyinə sinə gərərək, hədsiz səy göstərib - sıfırdan başlanan dünya şöhrətli muzey yaradıb.

Muzey özünün orijinallığına və zənginliyinə görə başqa muzeylərdən fərqlənib. Kəlbəcər muzeyini haqlı olaraq həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. Muzeyin çöl divarlarını 2 mindən artıq rəng çalarları olan daşlar bəzəyir, daş xəzinələrinin 10 min rəng çalarlı nümunələri muzeydə uğurla nümayiş etdirilirdi. Xaric ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinə maraqla baxaraq qiyməti rəylər yazıb və bu muzeyin zənginliyinə məftun olduqlarını bildiriblər. SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksey Marakuşov “Bu, dünyanın yeganə muzeyidir ki, burada səbrlə bütün dağ süxurlarının nümunələri toplanıb”- deyə qeyd edib.

Sovet İttifaqı Qəhrəmanı, general mayor, professor Aleksandr Kositsin isə “ Bütün məmnuniyyətlə Kəlbəcər muzeyinə baxdım. Muzeydə bu diyarın qədimliyi öz əksini tapıb. Kəlbəcər muzeyi Azərbaycanın qədim dövrünün və bugünkü həyatını elmi əsaslarla və faktlarla çox qabarıq şəkildə bizə çatdırır”- deyə heyrətini ifadə edib.

Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 900 kv.m-dən artıq həyəti, buradakı ağac və bitki nümunələri, qaya təsvirləri, daşdan qəbirüstü qoç və at fiqurları, nəhəng bəzir daşları, qazıntı nəticəsində tapılan çoxlu əşyalar ilk baxışdan ziyarətçilərin marağına səbəb olurdu.

Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Dəhlizdə ziyarətçilər Qanlıkənd kəndinin səmtində olan məşhur «Lök» qalasının, xalça, şəddə və kilimlərin, rayonun xəritəsinin və bir çox başqa eksponatların yaraşıqlı şəkillərini, fotolarını və təsvirlərini görürdülər.

Kəlbəcər muzeyinin birinci salonu rayonun zəngin təbiəti barədə ziyarətçilərə ətraflı məlumat verirdi. Digər salonlardakı eksponatlar isə rayonun qədim dövrü, toxuculuq əşyaları, keçmişdə məişətdə işlənən qab-qacaq, qədim silahlar, köhnə metal və kağız pullar, yaşı 100-dən çox olan ağbirçək və ağsaqqallar, rayonun aşıqları, alimləri, şairləri haqqında materiallarla zəngin idi. Salonda həmçinin xalq oyunları və adətləri, keçmiş dövrün kənd təsərrüfatı, o cümlədən Kəlbəcər rayonunun müasir dövrü, son illər qazanılan nailiyyətlər haqqında eksponatlar ziyarətçilərə zəngin məlumat verirdi.

Muzeyin 10 minə yaxın kitabdan ibarət kitabxanası da fəaliyyət göstərirdi.

 

Şahid muzey

 

Muzeyin direktoru Bərzani Əsgərov bildirdi ki, 1993-cü ildə Kəlbəcər işğal olunanda muzeyin işçiləri yalnız muzeyin açarlarını xilas edə biliblər. Bütün eksponatlar isə düşmən işğalında qalıb. Bakıda muzey yaradılarkən muzeyin işçiləri Azərbaycanın ayrı-ayrı rayonlarında məskunlaşan kəlbəcərlilərdən yenidən qədim əşyaları, nadir nümunələri toplamağa başlayıblar. Belə ki, işğaldan əvvəl köçüb gələn kəlbəcərlilər muzeyə çoxlu eksponatlar təqdim ediblər.

Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin yenidən açılışı o zaman böyük bir şənliyə çevrilib. 

Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə muzeyə Nərimanov rayonunda 3 saylı peşə liseyinin binasında bir otaq verilib. Muzey köçkün kəlbəcərlilərin bir növ təsəlli yerinə çevrilib.

Hazırda muzeydə 5665 eksponatı əhatə edən mis qablar, toxuculuq əşyaları, xalça, farmaş, duz torbası, asmalıq, parça üzərində tikmələr, rəngarəng Kəlbəcər daşları, şəhid muzeyinin foto-şəkilləri, 100 ildən çox yaşayan qocaların fotoları, yandırma üsulu ilə taxta üzərində işlənən portretlər və başqa əşyalar və s. var. Kəlbəcər daşlarından hazırlanan müxtəlif fiqurlar, sandıqca, kitab və s. Dəlidağın və Murovdağın muzeydə olan yadigarlarıdır. Muzeyə daxil olan kimi divarda taxta üzərində yandırma üsulu ilə çəkilən Kəlbəcərin tanınmış şəxsiyyətlərinin fotoları, rayonun adət-ənənələrinə uyğun gildən hazırlanan heykəlciklər və s. diqqəti çəkir. Stolun üzərində Kəlbəcərin şair və yazıçılarının əsərləri yer alıb.

Bütün Kəlbəcər qaçqınları əlifba sırası ilə adbaad, kəndbəkənd və indi hansı yerlərdə məskunlaşdıqları barədə bu muzeyə məlumat toplanıb. Hətta, muzeydə qaçqınlıq dövründə dünyasını dəyişən kəlbəcərlilərin siyahısı da aparılır.

 

Soyuq, işıqsız və təmirsiz

 

Muzeyin hazırda yerləşdiyi otaq haqqında təsəvvür yaratmağa da ehtiyac var. Elə təkcə məktəbin üzdən restovrasiya olunan və adama qismən xoş gələn fasadından sonra içəri daxil olarkən rastlaşdığım təmirsiz mənzərə, səliqəsizlik heç də burada  yerləşən köçkün muzeyinin xoş vəziyyətindən  xəbər vermirdi. Muzey 42 kvadrat metrlik otaqda yerləşir. Qaranlıq və bumbuz soyuq otaqda. Muzeyin nə elektrik sistemi işləyir, nə də istilik sistemi var. Elə bu üzdən də işçilər muzeyə gələnləri paltoda qarşılayırlar.

Təəssüf ki, eksponatların böyük əksəriyyəti şkaflarda yığılaraq qalıb. Nə günəş işığı görür, nə otaq işığı. Hərdən sərgilər keçiriləndə eksponatların üzə çıxarılmaq ehtimalı yaranır. Məsələn, muzeyin direktoru deyir ki, bir neçə il əvvəl İçərişəhərdəki sərgi salonunda düzənlənən sərgidə Kəlbəcər muzeyinin eksponatları  böyük marağa səbəb olub.  Eksponatların tozdan, rütubətdən məhv olma təhlükəsi böyükdür. Hərçənd bəzi eksponatlar bərpa olunaraq yenidən muzeyə qaytarılıb, ancaq mövcud şərait heç də nadir eksponatların xoşbəxt gələcəyindən xəbər vermir.

Hazırda muzeydə 13 işçi çalışır. Direktor dedi ki, şərait olmadığı üçün işçilər növbəli işləyirlər. Yəni eyni vaxtda 13 işçinin balaca bir otaqda çalışması mümkün deyil. Həmçinin məktəbin qapısı günortadan sonra - saat 15.00-də bağlandığı üçün muzey də iş vaxtını bitirməyə məcbur olur.

 

Şəhid muzeyin şahidləri

 

Muzeyin əməkdaşı Sevda Həsənova 1991-ci ildən muzeydə çalışdığını bildirdi. Muzeyin işğalı, düşmən əlində qalması hadisələri onun gözləri qarşısında baş verib. «Mən işdə olarkən rayonun işğalı haqqında xəbər tutdum. Elə həyat yoldaşım da məni gəlib muzeydən apardı. Heç evə də dönə bilmədim. Mərmi muzeyin qarşısındakı meşəliyə düşəndə artıq biz oranı tərk etməli olduq».

Muzeyin digər əməkdaşı Fəridə Orucova «Heç bilmirdim ki, yürüyüb hansı eksponatı götürüm. Hamısını özümüzlə aparmaq istəyirdik, amma mümkün olmadı».

Reyhan Cəfərova isə «O vaxtlar muzeyə tez-tez turistlər gəlirdi. Bizim muzey dünya üzrə birinci yerə layiq görülmüşdü»- deyə kədərlə xatırlayır.

Muzeyin işçiləri Kəlbəcər muzeyinin şöhrətli dövrünü yaddaşlarına köçürüblər. İndi muzeyi ziyarətə gələnlərə həsrətlə söz açmağı xoşlayırlar. Muzey haqqında səslənən rəyləri, orada keçirilən tədbirləri, sərgiləri həsrətlə xatırlayırlar. Ancaq yenə   ümidlərini itirmirlər. Bir gün düşmən əlində qalan torpaqların geri alınacağına, doğma torpaqlarına qayıdacaqlarına, orada muzeyin fəaliyyətini yenidən bərpa edəcəklərinə, şkaflarda örtülü, ziyarətçi üzünə həsrət qalan sənədlərin yenidən sərgilənəcəyinə olan ümidlər onları tərk etmir. Toxuduqları tikmələri, əl işlərini, yandırma üsulu ilə hazırladıqları fotoları da sanki gələcək üçün toplayırlar. «Yenə iş gedir. Başqa əlimizdən nə gələr ki - deyirlər.

 

Hər an yaşanan təhlükə

 

Ancaq onların bu ümidləri də qorxu ilə üz-üzədir.  Muzeyin direktoru təəssüflə  bildirdi ki, hər an muzeyə ayrılan otağın əllərindən alınma təhlükəsi var. Hətta bununla bağlı onlara dəfələrlə xəbərdarlıqlar edilib. «Otaqdan çıxarılma ehtimalımız çoxdur. Çünki burada qaçqınlar yaşayır və onların hamısı siyahıya alınıb, Yəqin ki, bizi də onlarla birlikdə binadan çıxaracaqlar». Təəssüf ki, binadan çıxarılacaqları təqdirdə harada yerləşəcəkləri haqqında onlara bircə kəlmə vəd verən də yoxdur! 

Bu isə direktorqarışıq bütün işçiləri narahat edir. Onlar işğala məruz qalan muzeyin taleyinin yenidən  naməlum olmasını istəmirlər.  Bəs gözlənilən qorxu baş verərsə necə olacaq? Bax, bu sualın cavabı muzeyin taleyi kimi qaranlıqdır.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2012.- 19 yanvar.- S.9.