“Hər il
və hər ay bizi qələbəyə
yaxınlaşdırır”
Prezident
İlham Əliyev: “Azərbaycan ordusu böyük qüvvədir
və biz bu qüvvədən lazım olan halda istifadə edəcəyik”
Yanvarın 16-da Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçısı ötən
ildə ölkə qarşısında duran bütün sosial
və iqtisadi vəzifələrin uğurla icra edildiyindən
söhbət açıb. O, 2011-ci ildə Azərbaycanın
bütün sahələrində nəzərə çarpan
inkişafın getdiyini diqqətə çatdıraraq, ordu
quruculuğu sahəsində həyata keçirilən
islahatlara da toxunub. Prezident Azərbaycan ordusunun maddi-texniki
bazasının gücləndirilməsi məqsədilə bu
sahəyə böyük vəsait sərf olunduğunu, nəticədə
silahlı qüvvələrimizin regionda böyük bir
qüvvəyə çevrildiyini və bu qüvvədən
lazım olan halda istifadə ediləcəyini bildirib:
“Heç kimə sirr deyil ki, biz hərbi
gücümüzü artırırıq və
artıracağıq. 2010-cu ildə bu rəqəmləri mən
dəqiq xatırlayıram, başqa rəqəmləri də
xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda
xüsusilə dəqiq saxlayıram – 2011-ci ildə hərbi məsələlərə
3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3
milyard 474 milyon. İki ildə görün, biz ordu
quruculuğuna nə qədər böyük vəsait sərf
edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə
etsək, biz də görərik və hamı da görər
ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz
bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat
yüksək səviyyədədir, ən müasir silahlar,
texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri,
raketlər, artilleriya qurğuları, - hamısını
sadalamaq çətindir, - alınır və bizimlə hərbi
sahədə əməkdaşlıq edən ölkələrin
coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda
istehsal olunan hərbi məhsulların sayı və
çeşidi artmaqdadır. Biz 600-ə yaxın
çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu
gün Azərbaycan ordusu böyük qüvvədir və biz
bu qüvvədən lazım olan halda istifadə edə bilərik
və edəcəyik. Qarşı tərəf də bunu bilir.
Ona görə də qarşı tərəfdə - Ermənistanda
Azərbaycanın hərbi imkanları ilə əlaqədar
böyük təlaş və təşviş vardır…
Bizim imkanlarımıza cavab vermək üçün
onların heç bir imkanı yoxdur”.
Dövlət
başçısı 2012-ci ilin dövlət
büdcəsinin xərclərinin 22 milyard
dollar, icmal büdcənin
isə təxminən 25 milyard dollar səviyyəsində olduğunu
bildirərək, bunun tarixdə ən böyük göstərici olduğunu
vurğulayıb.
O, 2012-ci ilin büdcəsindən
ayrılmış böyük vəsait
hesabına ordumuzun maddi-texniki
təchizatının daha da
gücləndiriləcəyini qeyd edib: “Bizim hərbi potensialımız
daha da
artmalıdır. Biz indi
hərbi xərcləri yüksək səviyyədə
saxlayırıq. Müqayisə üçün
deyə bilərəm ki, Ermənistanın
ümumi xərcləri 2 milyard
dollardır. Bizim hərbi xərclərimiz
ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu,
artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın
hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində
indi demək istəmirəm, amma bizim döyüş
qabiliyyətimiz əhəmiyyətli dərəcədə
artacaqdır və məsələnin həlli üçün
biz az itkilərlə daha da böyük
uğurlar əldə edə bilərik.
Ancaq yenə də deyirəm, Azərbaycan
sülhsevər dövlətdir. Biz
çalışırıq ki, məsələ
sülh yolu ilə həll
olunsun. Ancaq onu da bilirik
ki, hər il və hər
ay bizi qələbəyə
yaxınlaşdırır. Hər il və
hər ay Azərbaycan daha
da güclü, Ermənistan
daha da gücsüz
olur”.
Prezident İlham
Əliyev hərbiçi ailələrinin mənzil-məişət
problemlərinin həlli istiqamətində görülən
işlərə də toxunub. Bəyan edib ki,
cari ildə hərbi hissələrin
binalarının əsaslı təmiri məsələləri
həllini tapacaq, iyirmi
il qüsursuz xidmət
göstərmiş gizirlər, zabitlər dövlət tərəfindən
mənzillərlə təmin ediləcəklər: “Mən
qarşıya vəzifə qoymuşam ki, bütün hərbi
hissələrimizin binaları yüksək səviyyədə
təmir edilsin, bəlkə də yeniləri
tikilsin, yeni hərbi bazalar, hərbi şəhərciklər
yaradılmalıdır. Orduda xidmət edənlər
yaxşı şəraitdə xidmət etməlidirlər.
Onların həm məişət, həm iş
şəraiti yaxşı olmalıdır. Onlar
çətin, ağır şəraitdə, bəzi hallarda soyuqda, istidə
xidmət aparırlar. Bütün hərbi
hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində
yerləşən hərbi hissələrdə 2012-2013-cü
illərdə yaşayış, xidmət aparmaq
üçün bütün
infrastruktur yeniləşməlidir, yenidən
yaradılmalıdır. Hərbçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün
konkret tədbirlər görülür.
İyirmi il qüsursuz xidmət göstərmiş gizirlər,
zabitlər dövlət tərəfindən mənzillərlə
təmin ediləcəklər”.
Tərxis
Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli
ölkə rəhbərinin Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında söylədiyi
fikirlərə münasibət bildirərkən, əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan ordu
quruculuğu sahəsində əldə olunan nailiyyətlərin Ali
Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini deyib. O, Azərbaycan Silahlı Qüvvələrinin
hazırda dünyanın ən güclü
və peşəkar orduları ilə bir
sırada dayandığını dilə gətirib: “Ölkədə
müşahidə olunan yüksək iqtisadi artımdan dövlət
başçısının bu sahəyə
yüksək diqqəti və qayğısı sayəsində
Azərbaycan Ordusu da bəhrələnib.
Silahlı Qüvvələrin şəxsi heyətinin
hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi
qulluqçuların sosial-məişət ehtiyaclarının
ödənilməsi, onların hüquqlarının müdafiəsi
ordunun maddi-texniki və
müasir silahlarla təchizatı
ilə paralel olaraq
yüksək səviyyədə aparılır. İndi Azərbaycanın hərbi büdcəsi
Ermənistanın bütövlükdə dövlət
büdcəsindən çoxdur. Bu gün Azərbaycan Ordusunun inkişafı göz
önündədir. Azərbaycan Respublikası Prezidentinin
16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə
Sənayesi Nazirliyi yaradılması da ordumuzun inkişafına
öz müsbət töhfəsini verib. Azərbaycan artıq silah
və müxtəlif növ hərbi texnika istehsal edir, onları eksporta təklif
edir. Ölkəmizin hərbi texnika, silah
baxımından xarici şirkətlərdən
və dövlətlərdən asılılığı
azalmaqdadır. Azərbaycan əsgərinin ərzaq və
geyimlə təminatı da 90-cı illərə
nisbətən xeyli
yaxşılaşıb. Bir sözlə, bu gün düşmən
qarşısında, 90-cı illərdəkindən fərqli olaraq, qat-qat daha hazırlıqlı Azərbaycan əsgəri,
nizami Azərbaycan Milli
Ordusu dayanıb. Bu ordu artıq regionda bir faktdır, reallıqdır və mövcud status-kvonu Azərbaycanın
xeyrinə dəyişmək onun üçün çətin bir
məsələ deyil”.
Hərbi
ekspert ordumuzun daha da inkişaf
etməsi, müasir hərb elminin, döyüş
taktikasının yeniliklərinin mənimsənilməsi üçün hərbyönümlü beynəlxalq
təşkilatlarla əməkdaşlığın da vacib şərtlərdən
biri hesab olunduğunu diqqətə çatdıraraq, bu istiqamətdəki vəziyyətdən də söhbət
açıb: “Ordu quruculuğu
elə bir spesifik sahədir
ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə
bitmir. Azərbaycan öz
ordusunun gücünü,
kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini
yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın
əsas hədəfi də məhz ordu quruculuğu prosesini
sürətlə təkmilləşdirmək, Silahlı
Qüvvələri modernləşdirmək, müasir
standartlara uyğunlaşdırmaqdır. Doxsanıncı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə
sıx və səmərəli əməkdaşlığı
ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,
müasir standartlara
uyğunlaşdırılmasına gətirib
çıxarıb. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində
1994-cü ilin əvvəllərində Azərbaycan
NATO-nun “Sülh naminə
tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın
davamı olaraq 1996-cı ildə
“Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi
Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulub. 2008-ci ilin sonundan isə bu əməliyyat planının ikinci mərhələsinə başlanılıb.
İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO
proqramlarında və digər ikitərəfli əməkdaşlıq
proqramlarında iştirak edir,
ən son hərb yeniliklərini mənimsəyirlər.
1997-ci ildən etibarən Azərbaycanın hərbi təhsil
müəssisələri də NATO standartlarına keçib. Silahlı Qüvvələrimizin
tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən
hərbi-humanitar aksiyalarda fəal iştirak edərək, münaqişə
ocaqlarında təhlükəsizliyin, sülhün
təminatına əsgəri dəstək veriblər. Beynəlxalq sülhməramlı qüvvələrin
tərkibində Kosovoda, Əfqanıstanda
və İraqda zəngin təcrübə
qazanan, və öz
standartlarını NATO standartlarına uyğunlaşdıran
Azərbaycan ordusu bu gün artıq modern bir orduya çevrilib.
İldən-ilə hazırlıq səviyyəsi yüksələn
və təkmilləşən zabit
heyəti isə ordunu məharətlə
idarə edir və istənilən
tapşırığı yerinə yetirməyə daima hazırdır. Bir
sözlə, Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən
güclü və peşəkar
orduları ilə bir sırada dayanır. Bunun danılmaz bir fakt olduğunu beynəlxalq
təşkilatlar, müxtəlif xarici qurumlar və siyasi-hərbi təhlilçilər
də təsdiq edir. Ordumuzun gücünü
artıran, hərbçilərimizin döyüş
əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən
biri də ölkə prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin hərbi hissələrə, xüsusən cəbhə
xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər
və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi
aşılayan Ali Baş
Komandan bununla da orduya diqqət və
qayğısını əyani şəkildə nümayiş etdirir”.
“Doktrina” Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin direktoru
Cəsur Sümərinli ölkəmizin müdafiə xərclərinin
2012-ci il üçün
3 milyard 474 milyon dollara qaldırılmasını müsbət
hal kimi dəyərləndirərək,
deyib ki, bu Azərbaycan üçün
təhlükəsizlik və müdafiə sektorunda,
o cümlədən Silahlı Qüvvələrdə
iri həcmli təchizat məsələlərinin
davam etdirilməsi perspektivləri
açır: “Son illərdə Azərbaycan
Silahlı Qüvvələrinin silah və
hərbi texnika arsenalının yeniləndirilməsi
istiqamətdə böyük vəsaitlər
sərf edilib. Konkret olaraq 2010 və 2011-ci illər bu
baxımdan diqqəti daha çox
çəkir. Rusiyadan, Belarusdan,
Ukraynadan, Türkiyədən müxtəlif
həə hərbi avadanlıqdan tutmuş,
zenit raket komplekslərinə
qədər xeyli növdə silah və hərbi texnika
növləri alınıb. Bu addımlar
Azərbaycanın Ermənistan üzərində döyüş üstünlüyünün
davam etdirilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda milli
hərbi sənaye kompleksinin
inkişafına böyük həə vəsaitlər
qoyulmasının müəyyən səmərəsi
artıq ortadadır. Silahlı Qüvvələrin silah və sursatlarla təmin
olunması prosesi ildən-ilə güclənir.
Müxtəlif
silah və hərbi texnikaların istehsal prosesinə başlanılıb və bu istiqamətdə xarici
ölkələrin hərbi sənaye kompleksləri ilə əməkdaşlıq
münasibətləri qurulub. Bu kontekstdə Türkiyə, İsrail
və Cənubi Afrika Respublikasının
hərbi sənaye müəssisələrinin aktivliyini
xüsusi qeyd etmək
istərdim. Bunları nəzərə alaraq düşünürəm ki, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik
və müdafiə sektorunun, hərbi birləşmələrin
texniki təchizatının gücləndirilməsi,
müdafiə sənaye kompleksi müəssisələrinin
istehsal gücünün
artırılması və onların beynəlxalq sənaye
müəssisələri ilə əməkdaşlığının
artması gözlənilir. Bütün bunlar Azərbaycan Silahlı
Qüvvələrinin işğal
altında olan torpaqlarımızın
düşmən tapdağından azad olunması
istiqamətində döyüş gücünün artmasına öz
həlledici təsirini göstərəcək. Əsas hədəflərdən
biri də hərbi qulluqçuların
sosial təminatı ilə bağlı məsələlərdir.
Düşünürəm ki,
müdafiə xərclərinin kəskin artımı 2012-ci
ildə Azərbaycan Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sosial
rifahının kəskin şəkildə güclənməsinə
də öz müsbət təsirini
göstərəcək”.
Rufik İSMAYILOV
Kaspi.-
2012.- 19 yanvar.- S.5.