Kəlbəcər
muzeyini hansı tale
gözləyir?
Bir vaxtlar dünya şöhrəti
qazanmış Kəlbəcər muzeyi indi 42 kvadrat metrlik
otağın küncünə sığınıb
İşğal altında qalan muzeylərin
bəziləri öz fəaliyyətini Bakıda bərpa edib. Əslində
buna “bərpa” demək olmasa belə, hər halda tarixlərini,
adət-ənənələrini, milli-mənəvi dəyərlərini
itirməmək üçün fədakarlıq göstəriblər.
“Bələdçi” olaraq Bakıda fəaliyyət göstərən
köçkün muzeylərin taleyi ilə də maraqlanmaq istədik.
İlk yolumuzu saldığımız isə Nərimanov
rayonundakı 3 saylı peşə liseyində yerləşən Kəlbəcər Tarix
Diyarşünaslıq Muzeyi oldu.
Geologiya, arxeologiya, incəsənət və
səs muzeyi
Bu həmin
muzeydir ki, vaxtilə şöhrəti az qala dünyanı
dolaşıb. Hətta sovet dövründə Ermitajdan sonra dəyərinə
görə ikinci muzey kimi tanınıb. O zaman təkcə
ölkə qəzetləri deyil, Rusiya və başqa xarici
ölkələrdən gələn jurnalistlər də muzey
haqqında geniş və maraqlı yazılar dərc ediblər.
Tarixi əhəmiyyətli
əşyalarla zəngin olan muzeyin erməni
işğalına qədərki fəaliyyəti ilə
bağlı tarixə ekskurs təbii ki, maraqlı olar.
Adı dillərdə
dastana çevrilən muzey 1979-cu ildə yaradılıb.
Muzeyin direktoru Şamil Əsgərov həm də muzeyin
yaradıcısı olub. Bu
işin qədərsiz çətinliyinə sinə gərərək,
hədsiz səy göstərib - sıfırdan başlanan
dünya şöhrətli muzey yaradıb.
Muzey
özünün orijinallığına və zənginliyinə
görə başqa muzeylərdən fərqlənib. Kəlbəcər
muzeyini haqlı olaraq həm də geologiya, arxeologiya, incəsənət
və səs muzeyi adlandırıblar. Muzeyin çöl
divarlarını 2 mindən artıq rəng çalarları
olan daşlar bəzəyir, daş xəzinələrinin 10
min rəng çalarlı nümunələri muzeydə
uğurla nümayiş etdirilirdi. Xaric ölkələrin 150-dən
çox alimi Kəlbəcər muzeyinə maraqla baxaraq qiyməti
rəylər yazıb və bu muzeyin zənginliyinə məftun
olduqlarını bildiriblər. SSRİ Elmlər
Akademiyasının müxbir üzvü Aleksey Marakuşov “Bu,
dünyanın yeganə muzeyidir ki, burada səbrlə
bütün dağ süxurlarının nümunələri
toplanıb”- deyə qeyd edib.
Sovet
İttifaqı Qəhrəmanı, general mayor, professor Aleksandr
Kositsin isə “ Bütün məmnuniyyətlə Kəlbəcər
muzeyinə baxdım. Muzeydə bu diyarın qədimliyi öz əksini
tapıb. Kəlbəcər muzeyi Azərbaycanın qədim
dövrünün və bugünkü həyatını elmi əsaslarla
və faktlarla çox qabarıq şəkildə bizə
çatdırır”- deyə heyrətini ifadə edib.
Kəlbəcər
tarix-diyarşünaslıq muzeyinin 900 kv.m-dən artıq həyəti,
buradakı ağac və bitki nümunələri, qaya təsvirləri,
daşdan qəbirüstü qoç və at fiqurları, nəhəng
bəzir daşları, qazıntı nəticəsində
tapılan çoxlu əşyalar ilk baxışdan ziyarətçilərin
marağına səbəb olurdu.
Muzey eksponatları
zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş
salonundan və içərisində 30 mindən çox
eksponat olan bir fonddan ibarət idi. Dəhlizdə ziyarətçilər
Qanlıkənd kəndinin səmtində olan məşhur
«Lök» qalasının, xalça, şəddə və
kilimlərin, rayonun xəritəsinin və bir çox
başqa eksponatların yaraşıqlı şəkillərini,
fotolarını və təsvirlərini görürdülər.
Kəlbəcər
muzeyinin birinci salonu rayonun zəngin təbiəti barədə
ziyarətçilərə ətraflı məlumat verirdi. Digər
salonlardakı eksponatlar isə rayonun qədim dövrü, toxuculuq
əşyaları, keçmişdə məişətdə
işlənən qab-qacaq, qədim silahlar, köhnə metal və
kağız pullar, yaşı 100-dən çox olan
ağbirçək və ağsaqqallar, rayonun
aşıqları, alimləri, şairləri haqqında
materiallarla zəngin idi. Salonda həmçinin xalq oyunları
və adətləri, keçmiş dövrün kənd təsərrüfatı,
o cümlədən Kəlbəcər rayonunun müasir
dövrü, son illər qazanılan nailiyyətlər
haqqında eksponatlar ziyarətçilərə zəngin məlumat
verirdi.
Muzeyin 10
minə yaxın kitabdan ibarət kitabxanası da fəaliyyət
göstərirdi.
Şahid muzey
Muzeyin
direktoru Bərzani Əsgərov bildirdi ki, 1993-cü ildə Kəlbəcər
işğal olunanda muzeyin işçiləri yalnız muzeyin
açarlarını xilas edə biliblər. Bütün
eksponatlar isə düşmən işğalında qalıb.
Bakıda muzey yaradılarkən muzeyin işçiləri Azərbaycanın
ayrı-ayrı rayonlarında məskunlaşan kəlbəcərlilərdən
yenidən qədim əşyaları, nadir nümunələri
toplamağa başlayıblar. Belə ki, işğaldan əvvəl
köçüb gələn kəlbəcərlilər muzeyə
çoxlu eksponatlar təqdim ediblər.
Kəlbəcər
tarix-diyarşünaslıq muzeyinin yenidən
açılışı o zaman böyük bir şənliyə
çevrilib.
Mədəniyyət
və Turizm Nazirliyinin köməyi ilə muzeyə Nərimanov
rayonunda 3 saylı peşə liseyinin binasında bir otaq
verilib. Muzey köçkün kəlbəcərlilərin bir
növ təsəlli yerinə çevrilib.
Hazırda
muzeydə 5665 eksponatı əhatə edən mis qablar,
toxuculuq əşyaları, xalça, farmaş, duz torbası,
asmalıq, parça üzərində tikmələr, rəngarəng
Kəlbəcər daşları, şəhid muzeyinin
foto-şəkilləri, 100 ildən çox yaşayan
qocaların fotoları, yandırma üsulu ilə taxta üzərində
işlənən portretlər və başqa əşyalar və
s. var. Kəlbəcər daşlarından hazırlanan müxtəlif
fiqurlar, sandıqca, kitab və s. Dəlidağın və
Murovdağın muzeydə olan yadigarlarıdır. Muzeyə
daxil olan kimi divarda taxta üzərində yandırma üsulu
ilə çəkilən Kəlbəcərin tanınmış
şəxsiyyətlərinin fotoları, rayonun adət-ənənələrinə
uyğun gildən hazırlanan heykəlciklər və s. diqqəti
çəkir. Stolun üzərində Kəlbəcərin
şair və yazıçılarının əsərləri
yer alıb.
Bütün
Kəlbəcər qaçqınları əlifba
sırası ilə adbaad, kəndbəkənd və indi hansı
yerlərdə məskunlaşdıqları barədə bu
muzeyə məlumat toplanıb. Hətta, muzeydə
qaçqınlıq dövründə dünyasını dəyişən
kəlbəcərlilərin siyahısı da aparılır.
Soyuq, işıqsız və təmirsiz
Muzeyin
hazırda yerləşdiyi otaq haqqında təsəvvür
yaratmağa da ehtiyac var. Elə təkcə məktəbin
üzdən restovrasiya olunan və adama qismən xoş gələn
fasadından sonra içəri daxil olarkən
rastlaşdığım təmirsiz mənzərə, səliqəsizlik
heç də burada yerləşən
köçkün muzeyinin xoş vəziyyətindən xəbər vermirdi. Muzey 42 kvadrat
metrlik otaqda yerləşir. Qaranlıq və bumbuz soyuq otaqda. Muzeyin nə elektrik
sistemi işləyir, nə də istilik sistemi var. Elə bu üzdən
də işçilər
muzeyə gələnləri
paltoda qarşılayırlar.
Təəssüf ki, eksponatların
böyük əksəriyyəti
şkaflarda yığılaraq
qalıb. Nə günəş işığı
görür, nə otaq işığı.
Hərdən sərgilər keçiriləndə
eksponatların üzə
çıxarılmaq ehtimalı
yaranır. Məsələn,
muzeyin direktoru deyir ki, bir
neçə il əvvəl İçərişəhərdəki
sərgi salonunda düzənlənən sərgidə
Kəlbəcər muzeyinin
eksponatları böyük
marağa səbəb
olub. Eksponatların tozdan, rütubətdən
məhv olma təhlükəsi böyükdür.
Hərçənd bəzi eksponatlar
bərpa olunaraq yenidən muzeyə qaytarılıb, ancaq mövcud şərait heç də nadir eksponatların xoşbəxt
gələcəyindən xəbər
vermir.
Hazırda muzeydə 13 işçi çalışır. Direktor dedi ki, şərait
olmadığı üçün
işçilər növbəli
işləyirlər. Yəni eyni
vaxtda 13 işçinin
balaca bir otaqda çalışması
mümkün deyil.
Həmçinin məktəbin
qapısı günortadan
sonra - saat 15.00-də bağlandığı üçün
muzey də iş vaxtını bitirməyə məcbur olur.
Şəhid muzeyin şahidləri
Muzeyin əməkdaşı
Sevda Həsənova
1991-ci ildən muzeydə
çalışdığını bildirdi. Muzeyin işğalı, düşmən
əlində qalması
hadisələri onun gözləri qarşısında
baş verib. «Mən işdə
olarkən rayonun işğalı haqqında
xəbər tutdum.
Elə həyat yoldaşım da məni gəlib
muzeydən apardı.
Heç
evə də dönə bilmədim.
Mərmi
muzeyin qarşısındakı
meşəliyə düşəndə
artıq biz oranı tərk etməli olduq».
Muzeyin digər əməkdaşı Fəridə
Orucova «Heç bilmirdim ki, yürüyüb
hansı eksponatı götürüm. Hamısını özümüzlə aparmaq istəyirdik, amma mümkün olmadı».
Reyhan Cəfərova isə «O vaxtlar muzeyə tez-tez turistlər gəlirdi. Bizim muzey dünya üzrə birinci yerə layiq görülmüşdü»- deyə
kədərlə xatırlayir.
Muzeyin işçiləri Kəlbəcər muzeyinin
şöhrətli dövrünü
yaddaşlarına köçürüblər. İndi muzeyi ziyarətə
gələnlərə həsrətlə
söz açmağı
xoşlayırlar. Muzey haqqında
səslənən rəyləri,
orada keçirilən
tədbirləri, sərgiləri
həsrətlə xatırlayırlar.
Ancaq yenə də ümidlərini
itirmirlər. Bir gün
düşmən əlində
qalan torpaqların geri alınacağına, doğma torpaqlarına qayıdacaqlarına, orada muzeyin fəaliyyətini yenidən bərpa edəcəklərinə, şkaflarda
örtülü, ziyarətçi
üzünə həsrət
qalan sənədlərin
yenidən sərgilənəcəyinə
olan ümidlər onları tərk etmir. Toxuduqları tikmələri, əl
işlərini, yandırma
üsulu ilə hazırladıqları fotoları
da sanki gələcək üçün
toplayırlar. «Yenə
iş gedir. Başqa əlimizdən nə gələr ki?» - deyirlər.
Hər an yaşanan
təhlükə
Ancaq onların bu ümidləri də qorxu ilə
üz-üzədir. Muzeyin direktoru təəssüflə bildirdi
ki, hər an muzeyə ayrılan otağın əllərindən
alınma təhlükəsi
var. Hətta bununla bağlı onlara dəfələrlə xəbərdarlıqlar
edilib. «Otaqdan
çıxarılma ehtimalımız
çoxdur. Çünki burada qaçqınlar yaşayır və onların hamısı siyahıya alınıb, Yəqin ki, bizi də onlarla
birlikdə binadan çıxaracaqlar». Təəssüf
ki, binadan çıxarılacaqları təqdirdə
harada yerləşəcəkləri
haqqında onlara bircə kəlmə vəd verən də yoxdur!
Bu isə direktorqarışıq
bütün işçiləri
narahat edir. Onlar işğala
məruz qalan muzeyin taleyinin yenidən naməlum
olmasını istəmirlər. Bəs gözlənilən qorxu baş verərsə necə olacaq? Bax, bu sualın
cavabı muzeyin taleyi kimi qaranlıqdır.
Təranə Məhərrəmova
Kaspi.- 2012.- 19 yanvar.- S.9.