APA-da heç bir problem yoxdur” 

 

Vüsalə Mahirqızı şayiələrin haradan qaynaqlandığını özü də bilmir

 

Son günlər bir neçə nazirliyin, dövlət qurumlarının, informasiya agentliklərinin saytlarına edilən haker hücumları geniş müzakirə olunmaqdadır. Dağıdılan saytlar fəaliyyətlərini bərpa etsələr də, hadisənin baş vermə səbəbləri və nəticələri ilə bağlı müzakirələr davam etməkdədir. Biz də bu məsələlərlə bağlı suallarımızı “APA Group”-un baş direktoru Vüsalə Mahirqızına ünvanladıq. Onunla söhbətimizdə həmçinin rəhbərlik etdiyi media qurumu haqqında son günlər yayılmaqda olan şayiələrə də münasibət öyrənməyə çalışdıq.

 

- Vüsalə xanım, artıq saytlarımıza haker hücumundan bir neçə gün keçib. Sizdə bu hücumun başvermə səbəbləri və nəticələri ilə bağlı hansı qənaətlər formalaşıb?

- Mən adətən başqalarının sahəsinə aid olan məsələlərdən danışmağı xoşlamıram. Bu məsələ ilə də bağlı veb-mütəxəssislər danışmalıdırlar. Mən özümü onlayın-media mütəxəssisi hesab edirəm. Veb-mütəxəssislə onlayın-media mütəxəssisi isə fərqli-fərqli şeylərdir. Ümumi halda informasiyaları rəhbərlik etdiyim qurumun proqramçıları, bu sahəyə məsul olan şəxslərdən alıram. Onlara da inanıram. Çünki gördüyünüz kimi, “APA Group”-a daxil olan saytlar həmin gün baş verənlərdən tamamilə sağ-salamat çıxan azsaylı media qurumlarından biri oldu. Biz heç bir xəta vermədik və saytımız da hak olunmadı. Güvəndiyim mütəxəssislərimizin verdiyi məlumata görə, haker hücumlarının hamısı İran İP-lərindən gəlirdi. Belə görünür ki, bu hücumlar əvvəlcədən hazırlanmış şəkildə həyata keçirilirdi. Dağıdılmış dövlət qurumlarının saytlarında yerləşdirilmiş məlumatlardan da aydınlaşdırmaq mümkündür ki, hücumlar İran tərəfindən idarə olunurdu. Çünki dağıdılmış saytlarda yerləşdirilmiş kollajlar, onların altına yazılmış fikirlər tamamilə İranın mövqeyini ifadə edirdi. Həmin mətnlərlə, kollajlarla tanış olanda da görürdük ki, bu iş hansısa bir həvəskar texniki işçi tərəfindən həyata keçirilmir. Bütün bunları hazırlayanlar Azərbaycandakı siyasi və ictimai prosesləri bilən, bu sahədə məlumatlı olan şəxslərdir. Digər tərəfdən, bu kollajların hazırlanması texniki olaraq bir və ya beş dəqiqənin işi deyil. O kollajları hazırlamaq üçün uzun zaman tələb olunur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu, siyasi bir aksiya, Azərbaycana qarşı virtual hücum idi. Bu həm də bizə ünvanlanmış çox ciddi bir siqnal idi. Hesab edirəm ki, bu hücum əvvəlcədən hazırlanmış və planlaşdırılmışdı. Hücuma məruz qalan saytların siyahısına baxanda da bunu görmək mümkündür. Fikir verin, dağıdılan saytlardan biri Konstitusiya Məhkəməsinin saytı idi. Açıq danışsaq bu sayt Azərbaycanda o qədər də populyar deyil və operativ işləmir. Bu saytı dağıtmaqda məqsəd Azərbaycandakı dünyəvi dövlətə edilən hücumu nümayiş etdirmək idi. Təhsil Nazirliyinin saytına hücum etməklə Azərbaycandakı dünyəvi təhsilə hücum edəcəklərinə işarə vururdular. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına edilən hücum isə Azərbaycanın informasiya təhlükəsizliyinə yönəlmişdi. Daxili İşlər Nazirliyinin saytını dağıtmaqla isə Azərbaycandakı daxili sabitliyi poza biləcəklərinə işarə edirdilər. Bu hücumu təşkil edənlər Azərbaycana bir mesaj vermək niyyətində olublar. Bütün hallarda biz çox ciddi bir siqnal aldıq. Amma açığı mən sevinirəm ki, bütün bunlar məhz indiki məqamda meydana gəldi. Başqa sözlə, biz indidən öz zəif nöqtələrimizi bildik. Allah göstərməsin bu hadisə Azərbaycandakı hər hansı bir böyük hadisə, siyasi proses, ictimai-mədəni hadisə olan zaman baş versəydi nəticələri daha ağır ola bilərdi. İndi isə artıq biz problemlərimizin haradan qaynaqlandığını, zəif yerlərimizin harada olduğunu bilirik. Hesab edirəm ki, qısa müddətdə bunları həll edib aradan qaldırmalıyıq.

- Dağıdılan saytlardan ikisi bizim informasiya agentliklərinin, digərləri isə dövlət qurumlarının idi. Maraqlıdır ki, informasiya agentliklərinin saytları qısa müddətdən sonra fəaliyyətlərini bərpa etdilər. Dövlət orqanlarının saytlarının bərpası üçün isə bir gün vaxt lazım oldu. Sizcə, niyə?

- Bizim informasiya agentliklərindən – «Trend»in saytı güclü haker hücumuna məruz qaldı. «AzərTAc» Dövlət İnformasiya Agentliyi isə hücumların intensivliyini görüb özü öz serverini durdurdu və sonradan yenidən fəaliyyətə başladı. Mən bildiyimə görə, bu agentliyin saytı hak edilmədi. Ümumiyyətlə, saytların haker hücumuna məruz qalması bir şeydir, hak edilməsi ayrı. Edilən hücumun bir xarakterik xüsusiyyəti də o idi ki, hakerlər girdikləri internet resurslarının informasiya bazasını dağıtmadılar. Onlar loru dildə desək, saytların boşluqlarını tapıb həmin deşiklərdən istifadə edərək onların üz qabığına çıxdılar və özlərinin informasiyalarını yerləşdirdilər. İnformasiya agentliklərinin saytlarının daha tez bərpa olunması isə onunla əlaqədardır ki, bu qurumlarda operativ fəaliyyət göstərməyə öyrəşmiş proqramçılar məşğul olurlar. Hücum baş verən kimi həmin proqramçılar avtomatik olaraq serveri söndürdülər, 5-10 dəqiqə ərzində paneldə yerləşdirilən məlumatları yığışdırdılar və saytların fəaliyyətlərini bərpa etdilər. Dövlət orqanlarında isə yəqin ki, bunu operativ şəkildə etmək olmadı. Bunun səbəblərini bilmirəm. Bəlkə də onların saytlarında bu iş pilləli şəkildə həyata keçirilməlidir, bəlkə də hansısa razılıqlar alınmalıdır. Bəlkə də onlarda mütəxəssislər çatışmadı və başqa yerdən dəvət etmək məcburiyyətində qaldılar. Bəlkə də hücumların səbəbinin aydınlaşdırılması üçün hansısa araşdırılmalar aparıldığından onların bərpası bir qədər ləngidi. Amma hər halda artıq rabita.az saytı istisna olmaqla dağıdılan digər saytların hamısı fəaliyyətlərini bərpa ediblər.

- Belə halların gələcəkdə də təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?

- Bu cür hadisələrin dünyanın müxtəlif ölkələrində baş verəsi mümkündür. Bir müddət öncə belə bir hadisə Estoniyada baş vermişdi. Bir neçə il əvvəl Estoniyanın xeyli sayda dövlət qurumunun və informasiya agentliklərinin saytları iflic edilmişdi. O vaxt Estoniya baş verənlərlə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə qədər çıxardı. Hesab edirəm ki, Azərbaycanda da mütəxəssislər və xüsusi xidmət orqanları hücumun xaricdən idarə olunduğunu dəqiqləşdirsələr – hərçənd ki, mən buna əminəm, o zaman biz də bu məsələ ilə bağlı beynəlxalq qurumların informasiya təhlükəsizliyi ilə məşğul olan bölmələrinə müraciət etməliyik. Çünki bu, bir ölkənin başqa ölkənin informasiya mühitinə etdiyi təcavüzdür. Eyni zamanda, ölkənin daxilində də bununla bağlı bir sıra addımlar atılmalıdır. İlk növbədə ölkədə informasiya təhlükəsizliyi ilə bağlı ciddi bir konsepsiya işlənib hazırlanmalıdır. Bu konsepsiyada ölkədəki informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün məsələlər əksini tapmalıdır. Bu sənəddə həm internetin təhlükəsizliyi, həm də sosial şəbəkələrdən gələn təhlükələrin qarşısının alınması nəzərdə tutulmalıdır. Ümumiyyətlə, informasiya təhlükəsizliyinin təmin olunması ölkənin strateji təhlükəsizliyinin çox önəmli və qaçılmaz bir parçasıdır. Konsepsiyada Azərbaycan üzrə data-sentrlərin yaradılması, haker hücumlarından müdafiə üçün mərkəzlərin formalaşdırılması və s. məsələlər də əksini tapmalıdır. Bu, gəncliyimizin gələcəyi və genofondumuzun qorunması baxımından da əhəmiyyətli məsələdir.

- Vüsalə xanım, başqa bir mövzuya da toxunmaq istərdim. Son vaxtlar sizin rəhbərlik etdiyiniz media qurumunun gələcəyi ilə bağlı müxtəlif söz-söhbətlər yayılmaqdadır. Bu günlərdə siz özünüz də «facebook» səhifənizdə bununla bağlı status yazmışdınız. Nə baş verir?

- Əslində heç nə baş vermir. Nə baş verirsə, hamısı müsbət istiqamətdədir. Yayılan məlumatların hamısı şayiədir. Bizim 2012-ci il üçün bir neçə yeni layihələrimiz var. Təəssüf ki, Azərbaycanın mətbuat camiəsində həmişə bu tipli şayiələrə yer tapılır. Bəzən isə bu şayiələr bizim yaradıcılığımızın ayrılmaz bir hissəsinə çevrilir. Bir sıra hallarda isə bu şayiələr qəzet səhifələrinə qədər çıxır. Tam ciddiyyəti ilə deyirəm ki, APA-da heç bir ciddi problemimiz yoxdur. İstəyir maliyyə, istər kadr, istərsə də idarəetmə baxımından. Əksinə, yeni, maraqlı layihələr üzərində işləyirik.

- Bir az konkretləşdirsək, yayılan şayiələrdə APA-nın sahibinin dəyişdiyi, işçilərin ixtisar olunduğu, maaşların azaldıldığı bildirilir.

- Bu şayiələrin haradan qaynaqlandığı mənim özüm üçün də qaranlıqdır. Bizdə heç bir maliyyə problemi yoxdur. Əksinə, gələn aydan biz əməkdaşlarımızın maaşlarını qaldıracağıq. İxtisarlarla bağlı isə bəli, bir neçə nəfəri işdən çıxarmışıq. Amma ixtisarların da APA agentliyinə aidiyyəti yoxdur. İxtisarlar əsasən bizim “APA Group”-a daxil olan digər saytlarda aparılıb. İndiyədək biz həmin saytlarda işçiləri ştatda saxlayırdıq. İndi isə formatı dəyişirik. Onlar bizimlə ştatdankənar əməkdaşlıq edəcəklər. Bunu da ona görə edirik ki, məhsuldarlığımızı daha da artıraq. Hansısa bir proje həyata keçirmək üçün jurnalistin ştatda olmasına ehtiyac yoxdur. Ştatda olan jurnalist xəbər yazar, operativ tədbirlərdə iştirak edə bilər. Hesab etdik ki, APA ola-ola digər layihələrimizdə bu cür işçilərin olmasına ehtiyac yoxdur. Müxtəlif layihələr, eksklüziv müsahibələr stringerlər vasitəsi ilə də həyata keçirilə bilər. Bu yola biz əlavə qurumlarımız üçün ayırdığımız büdcədən daha səmərəli istifadə edəcəyik. Başqa sözlə, daha çox jurnalistlə əməkdaşlıq etmək imkanı qazanacağıq. Səbəb yalnız budur. İxtisarların başqa heç bir səbəbi yoxdur. Şirkətlə bağlı dediyiniz digər şayiələrə gəlincə, bunlar kimin ağlının məhsuludur, mən də bilmirəm. Hər halda mənim məlumatım yoxdur.

- Bəlkə gələcək planlarınızı bir qədər açıqlayasınız.

- Yox, planlarımızı açıqlamaq istəmirəm. Çünki həmişə müxtəlif layihələrlə bağlı ideyalarımızı açıqlayan kimi rəqiblərimiz onları çox keyfiyyətsiz formada ortaya çıxarırlar. Bundan sonra həmin layihəni reallaşdırmağın dadı-duzu da qalmır. Ona görə də ancaq onu deyə bilərəm ki, 2012-ci il ərzində APA-nın iki böyük yeni layihəsi olacaq. Bizim məhsullarımız arasına iki yenisi də əlavə olunacaq. Bu layihələr son dərəcədə böyük olacaq. Bu barədə ictimaiyyətə layihələr reallaşdırılanda açıqlama veriləcək.

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2012.- 19 yanvar.- S.6.