Bəşəri cinayət 

 

Dünya birliyi Ermənistanın dövlət səviyyəsində Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər

 

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi Azərbaycan kəndlərinin, şəhərlərinin dağıdılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

 

Konkret faktlara müraciət etsək, bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox insan yaralanıb, 50 mindən çoxu isə əlil olub. 4 mindən çox azərbaycanlı əsir və itkin düşüb. 1 milyondan artıq adam öz el-obasından, yurd-yuvasından didərgin salınıb. İqtisadi baxımdan isə, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 50 milyard manatdan artıq maddi ziyan dəyib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd edən Ermənistan dövləti Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 saylı qətnamələrinə də əhəmiyyət verməyib. Hətta işğalçılıq siyasətini həyata keçirən zaman insanlara qarşı ən ağır işgəncə və vəhşiliklər tətbiq etməkdən belə çəkinməyib. Xatın, Liditsa, Oradur, Xirosima, Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasəti nəticəsində törədilib. “Böyük Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımız 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutublar.

Dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olub ki, onlardan 63-nü uşaqlar, 106-nı qadınlar, 70-ni qoca və ahıl sakinlər təşkil edib. 487 nəfər yaralıdan 76-sı uşaqlar olub. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib. Əhalinin 1275 nəfəri ermənilər tərəfindən əsir götürülüb. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi də xəbər tutmaq mümkün olmayıb.

Bütün bu faktları qeyd etməklə, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində törətdiyi qanlı hadisələr, xüsusən də Xocalı soyqırımı barədə oxucuda geniş təsəvvürün yaranmasına çalışdım. İndi isə istərdim ki, zaman-zaman xalqımıza qarşı yönəldilən təcavüzkar siyasətə beynəlxalq hüquq prizmasından baxaq. Hər şeydən öncə xatırladım ki, tarixi saxtalaşdıran ermənilər bu gün də Azərbaycana, eləcə də qonşu Gürcüstana və Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirməyə çalışırlar. Onlar işğal altında saxladıqları Azərbaycan torpaqları ilə yanaşı, ölkəmizin ayrılmaz hissəsi olan, qədim oğuz-türk yurdu Naxçıvanı, həmçinin Gürcüstanda ermənilərin kompakt yaşadıqları Cavaxetiya bölgəsini, azərbaycanlıların məskunlaşdığı Borçalı mahalının bir hissəsini, Türkiyənin Qars vilayətini də Ermənistanın tərkibinə qatmaq kimi fikirlər səsləndirirlər. Təbii ki, belə mövqe hər bir halda beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə tamamilə ziddir. Çünki sərhədlərin toxunulmazlığı prinsipinə görə, hər hansı bir dövlət başqa dövlətə qarşı istənilən ərazi iddiasından, onun sərhədlərinə qarşı qəsdlərdən imtina etməlidir. Ərazi bütövlüyü prinsipinə görə isə dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ona görə də hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətimizin də SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə qarşı yönəlmiş istənilən iddia və ya qəsd sözügedən prinsipin kobud şəkildə pozulması sayılır. Çünki Qarabağ müharibəsindən əvvəl mövcud sərhədlərimiz beynəlxalq hüquqa müvafiq olaraq müəyyən edilib. Yeri gəlmişkən onu da əlavə edək ki, beynəlxalq hüququn bir sıra prinsipləri BMT Nizamnaməsinin II maddəsində bu təşkilatın bütün üzvləri üçün məcburi normalar kimi göstərilib.

Ümumilikdə ermənilərin Azərbaycana qarşı törətdiyi hər bir qeyri-qanuni əməli sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayət kimi də qiymətləndirmək olar. Çünki daşnak millətçilərinin törətdiyi təcavüz, genosid və insanlıq əleyhinə olan digər cinayətlər dövlətimizin qanuni mənafelərini, vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kütləvi şəkildə pozub. Belə cinayətlər hüququ tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş əməllər sayılır. 1988-ci ildən Azərbaycana qarşı yönəldilmiş erməni təcavüzü ictimai təhlükəli əməl kimi, beynəlxalq hüquqi nöqteyi-nəzərindən daha ağır cinayətdir. Ermənilərin həmin illərdə təcavüzkar müharibəni planlaşdırması, hazırlaması, başlaması və aparması törədilən əməlin təcavüz cinayəti kimi xarakterizə olunmasına əsas verir. Adıçəkilən mərhələlər həmin cinayətin özündə də ehtiva olunub. Beləki, təcavüzkar dövlət müharibəni başladıqdan sonra əhalinin deportasiya siyasətini həyata keçirərək, Qərbi Azərbaycan torpaqlarının əzəli sahibləri olan soydaşlarımızı yurd-yuvalarından didərgin salıb. Sonradan Dağlıq Qarabağı və onun ətraf ərazilərini işğal edərək, yerli əhalinin öz torpaqlarından məcburi köçürülməsinə şərait yaradıb. Bununla da onlar sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan cinayətlərdən biri hesab olunan insanlıq əleyhinə cinayəti törətmiş olublar.

Qeyd edilən ictimai təhlükəli əməlin anlayışı mötəbər hüquqi sənəd olan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində də öz əksini tapıb. Bu Nizamnamənin 6-cı maddəsində bildirilib ki, insanlıq əleyhinə cinayət hər hansı mülki əhaliyə qarşı sistematik və genişmiqyaslı hücumların tərkib hissəsi olaraq, qəsdən törədilmiş əməllərdən hər hansı biri deməkdir. Beynəlxalq hüquqda deportasiya və əhalinin məcburi köçürülməsi də belə cinayətlərdən hesab olunur. İstər deportasiya zamanı, istərsə də təcavüzkar müharibənin gedişində ermənilər işğal olunmuş torpaqlarımızda mülki əhalini öldürməklə, onlara əzab vermək kimi vəhşiliklər törətməklə, BMT Baş Assambleyasının 14 dekabr 1948-ci ildə qəbul etdiyi “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi”nə dair Bəyannamənin müddəalarını da pozublar.

XX əsrin sonlarında erməni quldur dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı dünya ictimaiyyətinin daha çox tənqid hədəfi ola biləcək əməllərdən biridir. 20 il bundan əvvəl törədilən cinayətin soyqırımı adlandırılması heç də təsadüfi və əsassız deyil. Həmin faciəvi hadisədən sonra əldə edilmiş ekspert rəyləri, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev tərəfindən çəkilmiş video görüntülər, müdafiə nazirliyi əməkdaşlarının çəkdiyi fotolar beynəlxalq hüquqi nöqteyi-nəzərindən belə nəticəyə gəlməyə əsas verib. Bununla yanaşı, soyqırım cinayətinin hüququ əsasını təşkil edən və 1961-ci ildə qüvvəyə minmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyada qeyd edilib ki, genosid cinayəti hər hansı bir milli, etnik, irqi, dini toplumu bir qrup kimi tamamilə yaxud da qismən məhv etmək niyyətilə törədilir. Xocalı soyqırımında da ermənilərin azərbaycanlı olduqlarına görə silahsız insanları vəhşicəsinə məhv etməsi, onların məqsədlərinin bu niyyətə xidmət etdiyini açıq-aşkar göstərib.

Bundan başqa Memorial Hüquq-Müdafiə Mərkəzi də təsdiq edib ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX və XVII maddələrinə ziddir. Bu maddələrdə göstərilib ki, hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bəyannamədə insan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlərin, özbaşına həbslərin, saxlanılmaların, qovulmaların qadağan olunduğu da öz əksini tapıb. Eyni zamanda bildirilib ki, hər bir insanın əmlaka malik olma hüququ var və insanın əmlakdan özbaşına məhrum edilməsi qəti qadağandır.

Onu da əlavə etmək yerinə düşər ki, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya, Nyürberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya və Ruandanın Beynəlxalq Cinayət Tribunal Nizamnamələri, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir.

Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Ermənistanın dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirdiyi təcavüzkar siyasətə, xüsusən də Xocalıda törətdiyi qanlı faciəyə vaxtıilə heç bir hüquqi-siyasi qiymət verilməyib, qətliamın icraçıları heç bir məsuliyyətə cəlb olunmayıblar. Halbuki, təkcə Xocalı soyqırımı barədə 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi, mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni yazıçıları Zori Balayanın 1996-cı ildə "Vanadzor" nəşriyyatı tərəfindən nəşr etdirdiyi "Ruhumuzun dirçəlişi" və David Xeyriyanın Livandakı “Şərq” mətbəəsində nəşr etdirdiyi "Xaç uğrunda" kitablarındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün tutarlı faktlardır. Bununla yanaşı, “Xocalının işğalına dair istintaq materiallarından” da aydın olub ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit, gizir və əsgər  iştirak edib.

Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunaraq, bu faciənin dünyaya tanıdılması istiqamətində tədbirlər həyata keçirilib. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib.

Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.

Sonda onu da əlavə edək ki, təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin yürütdüyü soyqırımı siyasətinin təsirinə məruz qalıb. Xocalı soyqırımını törətməklə isə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, azərbaycanlıları torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdüblər. Lakin qanımız bahasına olsa da hiyləgər və amansız düşmən məqsədinə çata bilməyib. Xalqımızın vətənpərvər oğul və qızları, həmçinin Xocalının müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyiblər. Onlar qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstəriblər. Hazırda doğma yurdlarından didərgin düşmüş bütün azərbaycanlılar, eləcə də ölkəmizin 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, ümidi ilə yaşayırlar.

Dünya bilməlidir ki, Ermənistanın təcavüzkar siyasəti, eləcə də Xocalıdakı hərbi cinayəti təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda Ermənistanda mühüm dövlət postları tutanlar, o cümlədən müdafiə naziri Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və hazırkı prezident Serj Sarkisyan, eləcə də digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə–Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

 

Rufik İSMAYILOV

 

Yazı Azərbaycan Mətbuat Şurasının “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birgə Qarabağ mövzusu və Xocalı soyqırımıyla bağlı jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunur.

 

 

Kaspi.-2012.- 25 yanvar.- S.15.