İstedadlı adamın
yaşı olmur
Musiqili
Komediya Teatrının direktoru Əliqismət Lalayev:
“Keçirdiyimiz müsabiqə istedadlı insanlar
üçün geniş imkanlar yaradır və perspektivlər
vəd edir”
Sevindirici
haldır ki, bütün sahələrdə gənclərin
üzünə qapılar açılır. Müxtəlif
dövlət orqanlarında artıq gənclər
aparıcı qüvvə kimi təmsil olunur. Bu prosesin
reallaşması həm də gənclərə olan inamın
açıq təzahürünü nümayiş etdirir. Mədəniyyət
sahəsində də gənclər siyasəti davam etdirilir.
102-ci mövsümünü yaşayan Musiqili Komediya
Teatrında gənc və istedadlı kadrların teatra cəlb
edilməsi üçün keçirilən müsabiqə bu
gün başa çatır. Teatrın həm aktyor heyətinə,
həm də xor, balet və orkestr kollektivinə gənclər
seçilib. Müsabiqə barədə məlumat almaq
üçün Musiqili Komediya Teatrının direktoru, əməkdar
incəsənət xadimi Əliqismət Lalayevin fikirlərini
öyrəndik.
– Nəticələr bu gün
açıqlanır. Müsabiqə barədə yekun fikriniz
nədir?
– Müsabiqə zənnimcə, çox obyektiv və səviyyəli
keçirildi. Müsabiqəyə
Asəf Zeynallı adına Musiqi Kollecinin, Mədəniyyət və İncəsənət
Universitetinin, Milli
Konservatoriyanın tələbələri, eləcə də
hansısa peşəkar təhsili olmayan, amma istedadlı, bacarıqlı gənclər
qatılmışdılar. Əsas odur ki, biz öz
qapılarımızı gənclərin üzünə
açmışıq, meydan vermişik. Onlar da həvəsli və istedadlıdırlar. Keçirdiyimiz müsabiqə istedadlı insanlar üçün geniş imkanlar yaradır
və perspektivlər vəd edir.
–
Əliqismət müəllim, müsabiqədə əsas
tələblər nədən ibarət idi?
– Siz də
yaxşı bilirsiniz ki,
rəhbərlik etdiyim teatrda
səhnəyə çıxmaq digər teatrlarla
müqayisədə çox çətindir.
Yəni, bizim teatrda
çalışmaq istəyən aktyorun
həm gözəl səsi, həm rəqs, həm də aktyorluq bacarığı olmalıdır. Özü də sadaladığım
xüsusiyyətlər bir-birini
tamamlamalıdır. Yalnız belə olan halda aktyor tamaşaçının
sevimlisinə çevrilir. Bizim
teatrda balet truppası
var, ora da gəncləri dəvət etmişik
ki, gəlib özlərini
sınasınlar. Çünki klassik rəqsləri bilən gənclərə,
xoreoqrafiyanı bilən insanlara
ehtiyacımız var. Müsabiqənin
keçirilməsini zəruri edən səbəb həm bizim gənclərə teatrımızda yer vermək, həm bacarıqlı gəncləri
üzə çıxarmaq istəyimiz, həm də gənclərə
olan ehtiyacımızdan qaynaqlanır. Biz istəyirik ki, teatrda gənclər də geniş
təmsil olunsun.
–
Bu prosesi dövlət
başçısının gənclər siyasətinin davamı
kimi də başa
düşə bilərikmi?
– Əlbəttə. Bu
müsabiqədə bu və ya başqa dərəcədə
gənclər siyasətinin davamıdır. Biz istəyirik ki, yeni adları, bu günə qədər naməlum
qalmış nadir istedadları üzə
çıxaraq və onlara kömək edək.
Onlar teatrda təmsil olunsa, teatrda rəngarənglik
yaranacaq. Yeni
seçimlər yeni adlar
deməkdir. Bilirsiniz ki,
Musiqili Komediya
Teatrında hazırda təmir işləri gedir.
Təmir işləri başa çatandan sonra biz daha səylə
çalışacağıq.
– Hazırda
teatrınızda çalışan gənclərin fəaliyyətindən
razısınızmı?
– Şübhəsiz ki,
razıyam. Gənclər daha enerjilidir, daha çox əmək sərf edirlər. Bilmədiklərini
öyrənirlər. Bizim də borcumuz onların üzünə qapı
açmaqdır. Onlar öz
istedadlarını ortaya qoymaq, nümayiş
etdirmək, tanınmaq istəyirlər. Xoş
haldır ki, bu işlərin
məsuliyyətini də dərk edirlər. Bizim
gənc aktyorlarımıza inamımız olmasa,
heç müsabiqə də keçirməzdik.
Əgər çalışanlara inanmırıqsa, gələcəkdə
bizim teatrda təmsil olunanlara necə inana bilərik?
–
Rəhbərlik etdiyiniz teatrın gələcək
fəaliyyət planı haqda nə deyə
bilərsiniz?
– Planlarımız çoxdur.
Bəzi danışıqlar gedir. Gürcüstana səfərimiz olacaq. Yeni tamaşalar
da hazırlayırıq. Hazırda Mirzə
Fətəli Axundovun 200 illiyi
ilə bağlı “Molla İbrahimxəlil Kimyagər” əsərinin
səhnələşdirilməsi prosesi gedir. Tamaşanın rejissoru
Bəhram Osmanovdur. Əsərdə kimyagər
rolunu Afaq Bəşirqızı
oynayır. İndidən deyim ki, bu tamaşa
böyük səs-küyə səbəb
olacaq.
–
Yaş məhdudiyyəti Musiqili Komediya Teatrında
gündəmdə olan məsələlərdəndirmi?
– Bizim
teatrımızda da yaş
məhdudiyyəti nəzərə alınacaq. Müəyyən
olunmuş yaşı keçən aktyorlar ştatdan
çıxarılacaq. Amma onlar müqavilə şərtləri ilə
yenə tamaşalarda rol
ala biləcəklər. Ümumiyyətlə,
bu prosesin birdən-birə
getməsi çox da asan məsələ deyil.
Müəyyən boşluqlar yarana bilər. Səhnədə rolları,
tamaşaçıların sevimlisi olan aktyorlar səhnə
enerjiləri olduqca səhnədə qalacaqlar. Hətta 80 yaşları olsa belə. İstedadlı adamın
yaşı olmur. Kimlər ki
bacarıqlıdır, onlar səhnəmizdə
hələ uzun müddət qalacaq. Bu gün
elə aktyorlar var ki, müqaviləylə işləyir, amma ştatda olandan daha çox
əməkhaqqı alırlar. Onu demək
istəyirəm ki, ştat
heç vaxt əsas
göstərici olmayıb, bundan sonra da olmayacaq.
Yeganə göstərici istedaddır.
–
Bəzi teatrlar tamaşaçı
azlığından şikayətlənir, amma
Musiqili Komediya
Teatrında daim yer problemi olur. Kiçik bir ölkədə,
özü də teatrların əsasının
paytaxtda yerləşdiyini nəzərə
alsaq, bu dərəcədə
fərqi hansı amillər mümkün edir?
– Görünür,
bizim aktyorlarımızın və
rejissorlarımızın işlərini daha
çox sevirlər. Amma teatr kollektiv əməkdir,
bizim teatrın tamaşaçı toplaya bilməsində bütün
teatr işçilərinin əməyi var və mən heç kəsin
əməyini heçə endirə bilmərəm. O ki qaldı digər teatrlara,
bu haqda qəti fikir deyə bilmərəm. Hər halda problemlər
aydınlaşdırılmalıdır, məsələnin kökü tapılmalıdır və aradan qaldırılmalıdır. Teatrda repertuar siyasəti düzgün olmayanda böyük problemlər ortaya
çıxır. Repertuarı necə gəldi qurmaq olmaz.
Fərid Hüseyn
Kaspi.-
2012.- 26 yanvar.- S.16.