Ədəbiyyata necə dəstək verməli? 

 

Qələm adamları çarəni kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsində görür

 

Cəmiyyətdə kitaba marağın artması, böyüyən nəslin kitabla dost olması, kitab nəşrinin uğurla həyata keçməsi, nəhayət, kitab satışına marağın artması üçün yollar axtarışında Azərbaycan Yazıçılar Birliyi çarəni kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsində görür. Belə ki, qurum uzun-uzadı müzakirələrdən sonra  kitab üzərindən ƏDV-nin götürülməsi ilə bağlı  ölkə prezidenti İlham Əliyevə müraciət edib.

 

Birliyin sədri Anar başda olmaqla  AYB-nin katibləri  Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid, Arif Əmrahoğlu, xalq şairləri Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Söhrab Tahir, Sabir Rüstəmxanlı, xalq yazıçıları İsa Hüseynov, Gülhüseyn Hüseynoğlu, Mövlud Suleymanlının adının yer aldığı müraciətdə “Dövlət dəstəyi olmadan kitab nəinki inkişaf edə, heç yaşaya da bilməz” deyə bildirilib. Belə ki, SSRİ dağıldıqdan sonra hər dövlət özünün kitab siyasətini müstəqil müəyyən edib. Bəzi ölkələr kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə yanaşı, öz ədəbiyyatlarını xarici ölkələrdə təbliğ etmək üçün ədəbiyyata dəstək fondları təsis ediblər. Müraciətdə deyilir ki, ölkə rəhbərliyinin iradəsi sayəsində, Qafqazda iqtisadiyyatı ən güclü dövlətə çevrilən Azərbaycan elə bir mərhələdədir ki, artıq onun ədəbiyyatı və mədəniyyəti də önə keçməli, mədəniyyət sahəsində keçirilən islahatlar qonşularımıza və ümumən keçmiş MDB dövlətlərinə nümunə olmalıdır.

AYB təmsilçiləri Böyük Britaniya, İrlandiya, Norveç, Kipr, Moldova, Tacikistan, Gürcüstan kimi dövlətlərdə  ƏDV-nin 0%, Türkiyə, Fransa, İtaliya, Macarıstan,  Litva və İspaniyada 4 % olduğunu misal gətirərək yaxın qonşumuz Gürcüstanda kitaba münasibətin unikal olduğunu bildiriblər. AYB üzvləri qeyd ediblər ki, gürcülər kitabı bütün vergilərdən azad edərək, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə, kitaba gərək olan heç bir avadanlıqlar və xammaldan vergi almırlar.

Müraciətdə qeyd olunub ki, bu yaxınlarda AYB-də Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən dəyirmi masada da yazıçıların, naşirlərin, kitabçıların  kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı fikirləri dəstəklənib.

 

18 faiz ƏDV

 

Qeyd edək ki, hələ keçən il “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə kitabın qiymətinin baha olmasına aydınlıq gətirərək problemi ölkəmizdə kitabın üzərinə 18 faiz ƏDV-nin yüklənməsi ilə izah edəndə məsələ gündəmdə hallanaraq müzakirələrə səbəb oldu. Kitabın qiymətinin baha olmasının ölkəmizdə kitaba bilik mənbəyi kimi deyil, qazanc mənbəyi kimi yanaşılması fikirləri ilə yanaşı, insanların daha çox kitaba meyilli olması üçün kitabın üzərinə nəinki ƏDV qoymalı, əksinə “kitabın dəyərinin 18 %-ni dövlətin özü ödəməlidir” deyənlər də oldu. Həmçinin “kitabın qiyməti aşağı düşsə belə insanlar teleseriallardan, internetdən ayrılıb kitaba meyl etməyəcəklər” kimi fikirlər də səsləndi. 

 

Kitab 2 manata olarsa...

 

Kitab üzərindən ƏDV-nin götürülməsi məsələsinə birmənalı olmayan fikirlər bu gün də eşidilməkdədir.

Xalq yazıçısı Çingiz Abdullayev hesab edir ki, kitab üzərindən ƏDV-nin götürüləcəyi təqdirdə xüsusən uşaqların kitaba marağı arta bilər. “Bu, kitab satışına müsbət təsir göstərər və insanlar da daha çox kitab oxumağa başlayarlar: Əgər kitab 10 manatdırsa, həmin kitabın 2 manata alınmasının kitabın satışına yaxşı təsiri ola bilər. Dünyanın çox ölkələrində kitaba vergi qoyulmayıb. Kitab neft, qaz deyil. Onun qiyməti bir manat da azalsa, satışına və insanların mütaliəsinə təsiri böyük olar». Ç.Abdullayevin fikrincə, elə kitablar var ki, onların qiyməti 40-50 manatdır və əgər onların üzərinə 8-10 manat ƏDV yüklənəndə həmin məbləği ödəmək daha çətin olur. Yazıçı hesab edir ki, ƏDV-nin ləğvi kitab satışını genişləndirə və həmçinin gələcəkdə kitab mağazalarının sayının artmasına kömək edə bilər. «Əvvəllər təkcə Bakıda 108 kitab mağazası fəaliyyət göstərirdi. İndi isə cəmi 10 kitab mağazası qalıb. Həmin mağazaları yenidən bərpa etmək lazımdır. Bir şərtlə ki, o mağazalarda ayrı-ayrı mallar deyil, yalnız kitablar satılsın».

AYB-in katibi Rəşad Məcidin fikrincə, ümumiyyətlə, kitabla bağlı məsələnin gündəmə gəlməsi müsbət haldır. «Baxmayaraq ki, dövlət bu istiqamətdə müəyyən işlər görür, bazar iqtisadiyyatı, şouya meyl və s. məqamlar kitaba marağı arxa plana keçirib. Təbii ki, bunun da təhlükəli məqamları var». R.Məcid hesab edir ki, kitaba marağın azalmasının obyektiv və subyektiv səbəbləri var: «Azərbaycanda kitabı ona görə az oxumurlar ki, kitab mağazaları yoxdur. Kitab oxumaq istəyən tapıb oxuyar. Sadəcə mühit elədir ki, indi kitab oxuyanın dəyəri yoxdur. Kitab oxumağa maraq azalıb. Telekanalların çoxalması, internet və s. kitaba marağın azalmasında rol oynayıb. 30 il əvvəl roman oxuyanlar indi seriallara baxırlar. İlk növbədə kitabın reklamı, təbliği lazımdır. O cümlədən, cəmiyyətə kitab oxumağın önəmli olduğunu göstərən bir mühit olmalıdır. Bu gün telekanallar kitabın təbliğatı ilə məşğul olmurlar. Məhz buna görə belə bir mühit formalaşıb».

R.Məcid hesab edir ki, ƏDV-nin götürüləcəyi təqdirdə heç də ölkədə kitab oxumağa kütləvi maraq başlamayacaq. Və yaxud kitabın qiyməti aşağı düşməyəcək. “Yazıçılarımız kitabı pulsuz da paylayırlar. Kitab oxumaq istəyən kitabı tapar, bu, çətin deyil. Sadəcə kitaba maraq itib». AYB rəsmisinin fikrincə, kitab mağazalarının azlığı, o cümlədən, xüsusən Lənkəran, Quba, Qazax, Tovuz kimi rayonlarda, ümumiyyətlə, kitab mağazalarının olmaması acınacaqlı haldır. «Necə ola bilər ki, yüz minlərlə insanın yaşadığı, qədim mədəniyyət mərkəzlərində kitab mağazası olmasın? Əlbəttə, bunu dövlət də, iş adamları da, xeyriyyəçilər də düşünməlidirlər. Hər rayonda heç olmasa bir və yeni çapdan çıxan kitablarla təmin olunan mağaza olmalıdır. Bu işdə vətəndaşlıq mövqeyi ortaya qoyulmalıdır. Nə qədər şoulara qulaq assaq da, nə qədər düşünməkdən uzaq qaçsaq da kitab varlığımızın sübutudur. Bu mənada hər bir xalqın ədəbiyyatı onun güzgüsüdür».

AYB katibi hesab edir ki, kitab üzərindən ƏDV-nin götürülməsi nəşriyyatların işinə kömək edə bilər. Belə ki, nəşriyyatlar xaotik vəziyyətdədir. «Əslində xarici ölkələrdə nəşriyyatlar kitab çapı, təbliği, satışı məsələlərini özləri həyata keçirirlər. Bizim nəşriyyatlar hələ həmin səviyyəyə çatmayıb. Düzdür, bizdə də müəyyən proseslər gedir, amma buna vaxt lazımdır. Əlbəttə, satış şəbəkəsi olmasa, nəşriyyatlar həmin kitaba harada satacaqlar? Bu baxımdan kitab mağazalarının sayı artmalıdır. Bu gün Bakıda 7-8 kitab mağazasının olması acınacaqlı vəziyyətdir”.

R.Məcidin sözlərinə görə, ƏDV-nin ləğvi ilə bağlı qurumdakı Dəyirmi masadan sonra Vergilər Nazirliyi də öz münasibətini bildirib: «Məlum oldu ki, bu, elə də ciddi rəqəm deyil. Azərbaycanda ƏDV ilə işləyən iki müəssisə var. Bu da çox cüzi bir məbləğdir. Düzdür, «Qanun» nəşriyyatı və «Əli və Nino» kitab mağazaları şəbəkəsi daha fəal işləyir. Ola bilsin ki, ƏDV-nin olması onlara bir qədər problem yaradır. Hesab edirəm ki, bu məbləği ləğv etmək hökumət üçün də elə bir ciddi problem olmaz. Ancaq burada başqa bir problem də ortaya çıxır. Çünki kitab dedikdə,  təkcə öz yazıçı və şairlərimizin nəşr etdirdikləri kitab nəzərdə tutulmur, həmçinin başqa ölkələrdən gətirilən və biznes kimi istifadə olunan ədəbiyyatlar var. Görünür, ƏDV-nin onlara da tətbiq olunması Vergilər Nazirliyinin marağında deyil”.  

AYB-in katibi Arif Əmrahoğlu hesab edir ki, Azərbaycan dövlətinin kitab siyasəti sahəsində məqsədyönlü kursu mövcuddur. Belə ki, az müddət ərzində əvvəlki illərdə çap olunan kitablar latın əlifbası ilə oxuculara çatdırılıb. «Azərbaycanda elə bir kitabxana yoxdur ki, orada latın qrafikası ilə nəşr olunan kitablar olmasın. İkinci məqam odur ki, həmin kitabları geniş oxucu kütləsinə təqdim etmək mərhələsi başlayır”. A.Əmrahoğlu da ƏDV-nin götürüləcəyi təqdirdə əhalinin kitaba kütləvi marağının artacağını və ya daha çox kitab alınacağını iddia etmir. AYB katibinin fikrincə, bu, sadəcə, əhalinin imkansız təbəqəsində kitab almağa stimul yarada bilər: “Bu, mənim ümidimdir. Mən buna mütləq bir hal kimi baxmıram ki, biz sovet dövründəki kimi oxuyan xalq olacağıq. Sadəcə, ümid edirəm ki, proses baş tutsa, insanların mütaliəyə, kitab alışına həvəsləri artacaq. Bizim ayrı-ayrı söhbətlərimizdə nəşriyyat direktorları, kitab mağazalarının rəhbərləri deyirlər ki, ƏDV götürülsə, bu işin xeyrinə olacaq. Biz də bu baxımdan prezidentə müraciət etdik ki, kitab siyasəti sahəsində görülən məqsədyönlü işin davamı kimi bu iş mümkün dərəcədə həyata keçirilsin».

AYB katibinin fikrincə,  cəmiyyətdə kitaba həvəsin az olmasında kitab satışının xüsusi təşkil olunmaması, kitab mağazalarının az olması da rol oynayır. «Hazırda ən çox kitab satılan yerlər Bakı və respublikanın nisbətən iri şəhərlərdir. Bəlkə güzəştli kredit ayırmaqla xüsusi qurum yaratmaq olar ki, onlar kitab satışını təşkil edə bilsinlər. İlk olaraq, təbliğat qurulmalıdır. Yeni nəşr olunan əsərlər haqqında oxucular məlumat almalıdır. Bizdə hazırda «Yeni nəşrlər» adlı jurnal çapdan çıxır. Ancaq onun da imkanları çox məhduddur. Oxucular hansı əsərin nəşr olunmasından və onu harada və necə əldə etməkdən xəbərsizdirlər. Bu baxımdan proses paralel şəkildə həyata keçirilməlidir. Belə ki, ƏDV-nin götürülməsi yalnız bir mərhələdir». A.Əmrahoğlu qeyd edib ki,  kitabın təbliği həmçinin dövlətçiliyimizlə bağlıdır. «Ədəbiyyat o zaman diri qalır ki, oxucularla ünsiyyətə girir. Əks təqdirdə kitabxanada qalan əsər yazılmayan əsər kimidir».

 

Oxucu amili

 

Vergilər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov isə problemlə bağlı  mətbuata açıqlamasında bildirib ki, kitab satışı üzərindən ƏDV-nin götürülməsi üçün Vergi Məcəlləsinə dəyişiklik edilməlidir: “Milli Məclis qanuna belə bir düzəliş edərsə, biz bunu icra etməyə hazırıq. Ancaq deyim ki, kitab satışının ƏDV-dən azad olunmasını istəyənlərin mühüm bir qismi öz kommersiya maraqlarını güdür”.

Amma unutmaq lazım deyil ki, bütün hallarda ortada oxucu amili var. Uzun müddətdir kitabdan perik düşən, bir qədər zövqləri zamanla çaşan, bir qədər vaxtın və ya imkanın yoxluğundan marağını yadırğayan və bəzən əlindəki son qəpiyini kitaba verən oxucu. Ortada hansı maraqlar olursa-olsun – yetər ki, ziyanı onsuz da ziyan çəkən oxucuya dəyməsin!

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2012.- 27 yanvar.- S.9.