Eurovision”un açarı Bakıdadır 

 

Mahnı müsabiqəsi “Light your fire”

 

(Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək

 

Yanvarın 25-də Bakıdakı “Buta Palace”da “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilib. Mərasim ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

 

Hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi möhtəşəm tədbiri işıqlandırmaq üçün Azərbaycana gələn bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və “Euronews” telekanalının reportyorları da mərasimdə iştirak ediblər. Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olub. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanıb.

Odlar Yurdu Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunub. Ona görə də “Eurovision-2012” mahnı müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək.

2004-cü ildən etibarən “Eurovision” müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunan ürək şəkilli loqosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir. Təntənəli mərasimdə Bakı şəhəri “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul edib.

Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakının “Eurovision-2012”- ev sahibliyi rəsmən qəbul olunub.

 

“Eurovision-2012” əhval-ruhiyyəsi

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ötən ilin mayında təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu çıxışının Avropanın ən möhtəşəm musiqi yarışmasında ölkəmizə parlaq qələbə qazandırdığını, dünya musiqi xəzinəsinə dəyərli töhfələr verən Azərbaycanda bu qələbənin böyük coşqu ilə qarşılandığını qeyd edib: “Şəhərimizin sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq Qərb sivilizasiyasını, tarixi varisliyi müasirliyi özündə təcəssüm etdirən doğma Bakımız “Eurovision-2012” mahnı müsabiqəsini keçirməyə səylə hazırlaşır.

Bu gün bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi bu müsabiqənin rəmzi açarı ona ev sahibliyi etməyə hazırlaşan doğma Bakımıza rəsmən təqdim olundu. Bununla da gündən-günə “Eurovision-2012” əhval-ruhiyyəsi artan şəhərimizdə bu mötəbər tədbirin təməli qoyulmuş oldu.

Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır.

Onlar təkcə “Eurovision-2012” mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət ənənələrimizin şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar.

Sizin hər birinizi Bakıya - “Eurovision-2012” mahnı müsabiqəsinə dəvət edirik”.

 

İlk addım

 

Rəmzi açarın təqdimat mərasimindən sonra “Eurovision-2012” yarışmasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. “Eurovision” layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək müsabiqənin şərtləri barədə məlumat verib. 

Layihənin rəhbəri mərasimi mayda keçiriləcək “Eurovision-2012”-nin ilk addımı adlandırıb. Yand Ola Sand ilk “Eurovision” müsabiqəsinin 1956-cı ildə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu təntənəli musiqi bayramı həmin ildən bu günədək hər il keçirilməkdədir. Həmçinin bu müddətdəEurovision”un əhatə dairəsi xeyli genişlənib hazırda müsabiqənin coğrafiyası Olimpiya Oyunları ilə təxminən eynidir.

Yand Ola Sand qeyd edib ki, iki həftə ərzində Bakıya minlərlə qonaq gələcək. O, müsabiqə ilə bağlı Azərbaycanda indiyədək görülən işlərin çox yüksək səviyyədə aparıldığını bildirib. Layihənin rəhbəri müsabiqənin “Baku Crystall Hall”da keçiriləcəyini qeyd edərək göstərilən bütün dəstəyə görə “Eurovision” müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan tərəfinin yüksək peşəkarlıq nümayiş etdirməsindən məmnun qaldığını vurğulayıb: “Biz, eyni zamanda, sizin cəmiyyətinizin bu mərasimə dəstəyini yüksək qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır. Bu müddət ərzində hələ çox işlər görülməlidir”. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcək.

Yand Ola Sand müsabiqəyə ümumilikdə 43 ölkənin qatıldığını, onlardan 6-nın bilavasitə finalda çıxış edəcəyini bildirib. Layihənin rəhbəri deyib ki, “Böyük beşlikolan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya İspaniya, eləcə müsabiqənin ötənilki qalibi builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

 

43 ölkənin iştirak edəcəyi müsabiqə

 

Püşkatma nəticəsində məlum olub ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya Fransa ikinci yarımfinalda səs verəcək. Mayın 22-də keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq.

Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya Macarıstan təmsilçiləri yarışacaqlar. Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya Herseqovina təmsilçiləri iştirak edəcəklər. Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.

Ötən il yarışmaya qatılmayan İtaliya, Macarıstan, Avstriya təmsilçiləri Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. “Eurovision” mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaq. “Eurovision” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlayıb. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”-də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Püşkatma mərasimindən sonra Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Daha sonra milli musiqi alətimiz olan balabanda lirik melodiya ifa olunub. Xalq artisti Alim Qasımovun İsveçrədə keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə müsabiqənin müxtəlif illərdə qalibi olan iştirakçılarından Lena Mayer, Aleksandr Rıbak, Eldar Qasımov, Nigar Camal başqaları da çıxış ediblər.

 

 

Təranə 

 

Kaspi.- 2012.- 27 yanvar.- S.15.