Ölümsüzlük yolu
Mən getməsəm, sən getməsən,
bəs kim düşmənə qarşı vuruşacaq?..
Bu həftə Azərbaycan Ordusunun Şuşa rayonunun
Daşaltı kəndində keçirdiyi
uğursuz əməliyyatın 20 ili tamam olub.
Şuşa ilə Laçın
arasında strateji əhəmiyyətə
malik ərazi olan Daşaltı
kəndi Qarabağ mühəribəsi
zamanı yaşanan ən böyük
faciələrdən birinə şahidlik edib.
Müharibənin
gedişi zamanı Kərkicahan ermənilər tərəfindən
işğal olunub. Nəticədə Ağdamdan Şuşaya
gələn yol bağlanıb. Bununla da 1992-ci ilin əvvəlində
Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu
yaranıb. Yeganə Laçın yolu qalıb ki, onu da
Daşaltı kəndini zəbt etmiş ermənilər atəş
altında saxlayıblar. Bu səbəbdən həm ermənilərin
hücumlarının qarşısını almaq, həm də
Şuşaya yolu açmaq məqsədilə Daşaltı kəndi
istiqamətindən xüsusi əməliyyat hazırlanıb.
Bu əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin
Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyat
1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb
və yanvarın 26-da axşam saatlarında uğursuzluqla
başa çatıb. Əməliyyatda o vaxt yenicə yaranan
Azərbaycan Ordusunun könüllülərindən ibarət
3 taqım və Şuşa şəhərinin
özünümüdafiə taborunun
döyüşçüləri iştirak edib. Taktiki səhvlər,
qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat
sirrinin yayılması və bələdçilərin xəyanəti
nəticəsində Nəbilər kəndi istiqamətindən
Daşaltıya daxil olan Azərbaycan bölmələri
düşmənin pusqusuna düşüb. Daşaltıya
daxil olan bir taqım tamamilə məhv edilib. Kəndə daxil
olmuş digər taqımlar isə itki verərək geri
çəkilmək məcburiyyətində qalıb. Təxminən
150 hərbçimizin iştirak etdiyi əməliyyatın
qurbanları barədə bu gün də dəqiqləşdirmələr
aparılmaqdadır. Bəzi məlumatlarda Daşaltı əməliyyatında
Azərbaycan Ordusunun 90 nəfərdən artıq itki verdiyi,
onların böyük əksəriyyətinin isə hələ
də itkin düşmüş sayıldığı
bildirilir. Hadisədən sonra beynəlxalq təşkilatların
iştirakı ilə olay yerinə baxış keçirilsə
də, həlak olduğu güman edilən 64
soydaşımızın meyiti tapılmayıb. Bu qanlı
döyüşdə ermənilər də bir neçə
texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Könüllü əsgər
Yuxarıda
da söylənildiyi kimi, bu hərbi əməliyyatda
iştirak edənlərin böyük əksəriyyəti
orduya könüllü olaraq qoşulan Azərbaycan vətəndaşları
olub. Onlardan biri də Pərviz Ağalar oğlu Musayevdir.
P.Musayev 9 noyabr 1970-ci ildə Qərbi Azərbaycanın
Göyçə mahalında - Basarkeçər rayonunun Nərimanlı
kəndində anadan olub. Hələ uşaq ikən ailəsi
Bakı şəhərinə köçərək,
Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşıb.
Pərviz də orta təhsilini buradakı orta məktəbdə
alıb. 1986-cı ildə natamam orta təhsilini başa
vuraraq, Bakı şəhəri 54 saylı texniki peşə məktəbinə
daxil olub. 1989-cu ildə məktəbi bitirərək “Yol
maşınları təmiri çilingəri” peşəsinə
yiyələnib. Elə həmin il hərbi xidmətə
yollanıb. Rusiya Federasiyasının Murmansk vilayətinin
Severemorsk şəhərində dəniz qoşunlarında
xidmət edib. 1991-ci ildə əsgəri xidmətini başa
vuraraq, Vətəninə qayıdıb.
Ölkəmizin
erməni təcavüzü ilə üzləşməsi,
torpaqlarımızın işğal olunması, vətəndaşlarımızın
öz el-obasından didərgin düşməsi gənc Pərvizi
daxilən narahat etdiyindən, o, 1991-ci ilin noyabrında evdəkilərdən
xəbərsiz müdafiə nazirliyinə müraciət edib. Könüllü
olaraq Azərbaycan Ordusu sıralarında düşmənə
qarşı vuruşmaq istədiyini bildirib. Onun bu istəyi qəbul
olunub və təyinatla cəbhə bölgəsinə
göndərilib. Döyüşlərdə göstərdiyi
şücaəti nəzərə alan komandanlıq, ona əvvəlcə
baş çavuş, sonradan isə gizir hərbi rütbəsi
verib. Pərviz peşəkar hərbçi kimi tabeliyində
olan əsgərlərlə birgə ən çətin əməliyyatlara
göndərilib. O, erməni qəsbkarlarına qarşı mərdliklə
vuruşaraq hər dəfə komandanlığın
etimadını doğruldub. Elə 1992-ci il yanvarın 25-də
keçirilən Daşaltı əməliyyatına da məhz
bu səbəbdən cəlb edilib. Lakin ağır keçən
döyüşdə Pərviz bir çox
silahdaşlarını itirməklə yanaşı,
özü də yaralanıb. Döyüşçülərimiz
tərəfindən hərbi hospitala çatdırılan Pərviz
uzun müddət müalicə alıb.
Tam
sağalandan sonra təkrar ön cəbhəyə qayıtmaq
istəsə də, ona Silahlı Qüvvələrin Təlim-Tədris
Mərkəzində orduya yazılan gəncləri
hazırlaşdırmaq tapşırılıb. Öz hərbi
bilik və bacarığını həvəslə
çağırışçılara öyrədən Pərvizin
tabeliyində 150 gənc əsgər olub. Bir aydan sonra həmin
gənc çağırışçılardan 130-u Kəlbəcər
istiqamətində gedən döyüşlərə göndərilib.
Bunun ardınca isə onun özü 20 əsgərlə birgə
Kəlbəcərə yollanıb. Hərbçi yoldaşlarının
rəğbətini qazanan Pərvizin son döyüşü
1992-ci il iyun ayının 2-də olub. Həmin vaxt Kəlbəcərin
Ağdaban kəndinə düşmən hücuma keçib.
Hücumun qarşısını alarkən Pərviz Musayev qəhrəmancasına
həlak olub. 22 yaşlı gəncin cənazəsi Bakıya
gətirilib. 1992-ci il iyun ayının 3-də Bakının Səbayel
rayonundakı Zabitlər Evində onunla vida mərasimi təşkil
edilib. Bunun ardınca Pərviz Musayev müqəddəs
ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn
edilib.
Döyüş
yoldaşlarının xilaskarı
Anası
Xanım Musayeva oğlu Pərviz haqqında danışarkən
onun mərhum qardaşı Vəfadar kimi qeyri-adi bir övlad
olduğunu bildirdi. Qeyd etdi ki, Vətənini ailəsindən və
canından çox sevən Pərviz hər zaman Azərbaycanın
bütövlüyü eşqi ilə yaşayıb:
“Böyük oğlum Vəfadar 1990-cı ilin qanlı
yanvarında Azərbaycanın azadlığı uğrunda
mübarizə aparan insanların yanında olub. Rus
qoşunlarının Bakıya girişinin
qarşısını almaq üçün barrikadalar qurub,
onlara maneələr təşkil ediblər. Lakin bütün
bunlara baxmayaraq, rus qoşunu Bakıya girib əliyalın əhalini
qanına qəltan elədi. Vəfadar onda yaralanmasa da,
çox böyük sarsıntı keçirmişdi. Elə
bu sarsıntı üzündən də qanlı yanvardan iki
ay sonra sükan arxasında infarkt keçirərək,
avtomobil qəzasında dünyasını dəyişdi. Onda
Pərviz hərbi xidmətdə idi. Əgər bilsəydi ki,
o, Rusiyada xidmət etdiyi bir vaxtda ruslar azərbaycanlıların
üstünə silah çəkib onları qətlə
yetirib, mütləq nəsə edəcəyidi. Ona görə
də bunu, xüsusən də qardaşının
ölümünü ondan gizlətdik ki, sağ-salamat xidmətini
başa vurub geri qayıtsın.
Böyük
oğlumun itkisi bizi xeyli bədbin etsə də, onun
yadigarı olan İlkin və Elgünün varlığı,
Pərvizin yaxşı xidmət etməsi ilə bağlı
komandanlığın evə göndərdiyi təşəkkür
məktubları atası Ağaları, eləcə də məni
az da olsa ovundururdu. Amma evə dönəndə Pərviz
olanları bilib bizdən xeyli incidi. Üstəlik də
Qarabağ müharibəsinin başlanması sanki baş verənlərin
qisasını almaq üçün onda zəmin yaratdı. Əsgərlikdən
qayıdandan cəmi bir-iki gün sonra heç kimlə məsləhətləşmədən
könüllülər batalyonuna yazıldı. Bir çox əməliyyatlarda,
eləcə də Şuşa və Laçın
uğrundakı gərgin döyüşlərdə
iştirak etdi. Komandirləri deyirdilər ki, Pərviz
döyüş əməliyyatlarının yerinə yetirilməsində
şəxsi igidlik və cəsurluq nümayiş etdirir, həmişə
sinəsini irəli verib düşmənə qan uddurur. Hərbçi
yoldaşlarının sözlərinə görə, Pərviz
Daşaltı kəndindəki hərbi əməliyyatda da fədakarlıq
göstərib. Oğlum yaralı döyüş
yoldaşlarını güllə altından xilas eləyib,
özü də başından yaralanıb”.
Vətən fədaisi
Şəhid
anasının dediyinə görə, Daşaltıda
yaralanandan sonra bütün ailə üzvləri Pərvizə
bir daha döyüşlərə getməməsini məsləhət
görüb. Pərviz isə “mən getməsəm, sən
getməsən, bəs kim gedib düşmənə
qarşı vuruşacaq” deyə, təkrar orduya
qayıdıb: “Atası, mən, bacıları,
qardaşları Aqil və Yalçın dönə-dönə
ona yalvardıq ki, getməsin. Hətta Vəfadardan sonra daha bir
oğul itkisinə dözə bilmərik deyib, onu yolundan
çəkindirmək istədik. Heç kimə qulaq
asmadı. Üstünə çox gedəndə də əsəbiləşib
bizdən inciyir, özünə qapanır, günlərlə
danışdırmırdı heç kimi. Ona görə də
onun atdığı addımlarla hesablaşmaq məcburiyyətində
qalırdıq. Qardaşı Aqilin toyunda isə sevdiyi
qızın olduğunu açıb dedi. Fikirləşirdik
ki, tezliklə onun da toyunu edək, ailə-uşaq sahibi eləyək,
bəlkə onda cəbhəyə getmədi. Ancaq necə deyərlər,
sən saydığını say, gör fələk nə
sayır. Axırıncı dəfə döyüşə
getməzdən qabaq ana-bala xeyli söhbətləşdik. Hələ
mənə güllə qabı da tikdirdi. Yatmazdan qabaq isə
dedi ki, ürəyimdən halva keçir. Tez durdum ki,
balamın arzusunu yerinə yetirim, qoymadı. Dedi ki, gedim,
qayıdanda bişirərsən.
Amma qayıtmadı...
Dəfnində
o qədər hərbçi var idi ki, insan əlindən tərpənmək
olmurdu. Sağ olsunlar, hər cür izzət-ehtiramla yola
saldılar oğlumu son mənzilinə. Bundan qürur duysam da,
ailə başçısı üçün iki
övladı itirmək ağırdır. Atası bu dərdə
çox dözə bilmədi. O, da dünyasını dəyişdi.
İndi yeganə təsəllim hər iki oğlumun Vətən
fədaisi olmağıdır. Ailə-uşaq sahibi olan
oğlanlarım, qızlarım, nəvələrimlə
özümü ovuduram. Dünyasını dəyişən
böyük oğlumun adını onun nəvəsi, mənim
nəticəm Vəfadar daşıyır. Pərvizin
adını isə Yalçının kiçik oğluna
qoymuşuq. Bu gün bütün ailə üzvlərim, eləcə
də mən, həmçinin 10 nəvəm və 5 nəticəm
mərhum Vəfadar və Pərvizlə qürur duyuruq.
İstərdim ki, onlar da Pərviz kimi Vətəninə, elinə-obasına
bağlı, xalqına, dövlətinə sədaqətli gənc
kimi böyüsünlər”.
Xanım
Musayeva 20 ildir sarsıntı və mənəvi gərginlik
içərisində Bakıdakı Şəhidlər
Xiyabanını ziyarət etdiyini dilə gətirərək,
burada uyuyan müqəddəs ruhların gec-tez qisasının
alınacağına, torpaqlarımızın yağı
düşməndən tezliklə azad olunacağına
böyük ümidlər bəslədiyini bildirdi.
Rufik İSMAYILOV
Kaspi.-2012.-28-30 yanvar.-S.6.