Kvadrata sığan sıfır
Deyirlər
ki, “incəsənət yalnız o zaman dəyərlidir ki, o
bizimlə danışır”. Hansı dildə
danışırsa danışsın, ancaq məramı
xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə
gələn sənət əsərləri öz
dövrünün tələblərinə uyğun
yaranıb. XX əsrdə də modernizm, ekspressionizm,
abstraksionizm, fovizm, kubizm, sürrealizm, futurizm və suprematizm
kimi yeni janrlar incəsənətə özünəməxsus
ab-havanı gətirə bildi. Yum fəlsəfəsinə
görə, proses o vaxt tarixə çevrilir ki, o öz
qanunlarını yarada bilsin.
Bəs
rəssamlıqda novatorluq göstərən Kazimir Maleviç
XX əsrin əvvəllərində müxtəlif rəngli
kvadrat şəkilləri vasitəsilə
tamaşaçısına nə demək istəyib? O, “Qara
kvadrat” şəkilinin mövzusunu sakrallaşdıraraq onu
kosmik şüurun təsiri altında
yarandığını iddia edirdi. Deyilənə görə,
qaralamasını bitirdikdən sonra rəssam bir həftə nə
yeyib, nə də içib. Zarafat deyil, incəsənətdə
üzü qara “suprematizm” cərəyanının əsasını
qoyub. (Mən bir şeyi başa düşə bilmirəm ki,
aloqizmdən necə ilham almaq olar?) Bu əsəri “zamanın
ikonası” adlandıranlar da az deyi. Yazıq ikonalar qara
kvadratın içində ağlamasın neyləsin? Görkəmli
filosof M.Baxtin gözəl deyib: “janrlarla
düşünürük.“ Hər kəs özünəməxsus
istedadını təsdiq edən janra uyğun əsərlər
yaradır, bununla da öz tamaşaçısını, dinləyicisini,
oxucusunu qazanır.
Rusiyada
Birinci Dünya müharibəsi ərəfəsində
1913-cü ildə Maleviç futurist dostları ilə “Günəş
üzərində qələbə” operasını
hazırlayır. O, səhnə tərtibatçısı
kimi dekorasiyaları ağ və qara rənglərdə verir. Həmin
ildə Moskvanın “Veçerniye novosti” qəzetində
“Futuristlər kütləni necə aldadır?” adlı məqalə
çap olunur.
Maraqlıdır ki, keçmiş bədii dəyərlərdən imtina edənlər, azad incəsənəti təbliğ edənlər arasında V.Mayakovski də vardı. O, kubofuturistlərdən ibarət qrup yaradaraq, “Cəmiyyətin zövqünə sillə” adlı Manifestə imza qoyub. Manifestə görə Tolstoy, Dostoyevski və Puşkinin əsərləri zamanın arxivinə verilməliydi.(Vallah bizim cəmiyyətdə də belə manifest tərəfdarlarına az rast gəlinmir.)
Maleviç Mayakovski haqda demişdi: “Bütün rəssam və şairlər hay-küy qaldırmağı bacarırlar. Mayakovski onların hamısından daha çox fərqlənirdi. O, futurist poeziyasına mühərrik, dəmir və poladla gəlmişdi.” Bir sözlə, futuristlər kəpənəkdən kolbasa düzəlməyin mümkünlüyünü sübut etmək istəyirdilər.
K.Maleviç “Günəş üzərində qələbə” operasının səhnə tərtibatından bəhrələnərək, 1915-ci ildə ilk “Qara kvadrat”ını çəkir, iki ildən sonra Rus imperiyası qara günlərini yaşayır. İnqilabdan sonra da çəkdiyi qara kvadratlar ölkədə repressiyaların qara niyyətinə yol açır. Qaranlığa can atan “Günəş üzərində qələbə” ideyası isə günahsız insanların üzərində qələbə kimi həyata keçir. Deyirəm ki, ağdərili qaragünlü olmaqdansa, qaradərili ağgünlü olmaq yaxşıdır.
Maleviçin yaradıcılığının “şah əsəri” olan “Qara kvadrat”ı sənət əsəri kimi qəbul etməyənlər arasında Almaniyanın Rəssamlar İttifaqının üzvləri Yuriy və Yeqor Romanovlar metafiziki məna daşıyan əsərin uzun illər davam edən qara niyyətli məqsədini sıfıra endirmək qərarına gələrək, “Günəş və pikselin qələbəsi” ideyasını irəli sürürlər. Onlar 22 mart 2003-cü ildə Veymarda, Erfrutda keçirilən rəsm sərgilərində “Günəşin qələbəsi” adlı bədii layihəni həyata keçirirlər. Sərgidən bir gün sonra heyrətamiz hadisə baş verir, Yaponiya səmasında günəş optik kvadrat təsəvvürü oyadır. Bu hadisə dünya mətbuatında geniş işıqlandırılıb. Allah işığın tərəfdarıdır. Təsadüfi deyil ki, Quranda “Nur” surəsində deyilir ki, Allah göylərin və yerin nurudur.
Bilmək istəyirsinizsə, əslində incəsənət tarixində bu şəklin əkiz böyük qardaşları olub. Maraqlısı odur ki, onların müəllifləri rəssam Pol Bilxod və Alfons Alle heç vaxt Maleviç kimi məşhurlaşmayıb. Əsərləri baha qiymətlərə satılmayıb. Maleviçin əsərini isə bir çoxu az qala dəfinə yarpaqları ilə bəzəməyə hazırdır. Çarlz Koltonun yaradıcı adamlar haqda yaxşı bir fikri var: “Siz fikri müasrlərinizdən oğurlasanız plagiatlıqda pislənəcəksiniz, yox, əgər qədim müəlliflərdən oğurlasanız erudisiyanıza görə təriflənəcəksiniz.” Maleviçi plagiat, yaxud erudit hesab etmək mədəniyyətşünasların işidir. İspan yazıçısı Ramon Qomes de la Sernanın da maraqlı bir fikri var, mən onu Maleviçin “Qara kvadrat”ina şamil edərdim: “ Əks-səda ilə mübahisə etmə, onsuz da son söz onundur”.
Böyük
yumor hissinə malik Alle Fransada “Qara pişik” kafesinin ən fəal
qonaqlarından biri olub. Maraqlı odur ki, o dövrdə Parisdə
ekzistensial hisslər oyadan qara tavanlı kafelər də fəaliyyət
göstərirdi. (Deyilənə görə, belə bir mikro
mühitdə öz həyəcan və düşüncələrinə
daha dərindən nüfuz edə bilirsən.) Ekssentrik
yazıçı, rəssam qara kvadratını da adından
məlum olduğu kimi zarafat xatirinə dünyaya gətirmişdi.
Onun günəşə, işığa qarşı
heç bir etirazı yox idi. Onun yumorla dediyi fikirlərdən
biridir: “Biz vaxtı necə öldürmək haqqında
düçündükcə o bizi metodiki surətdə
özü öldürür.” Allenin dediyi kimi, vaxt onu
öldürəndən sonra onun yaşadığı ev
dünyada ən kiçik muzey kimi indi də fəaliyyət
göstərir. Xoşbəxt sənətkardır ki, onun
haqqında oxuyanda, danışanda dodaqlarımızda təbəssüm
oyanır. Onun “Qara kvadrat”ını da səhərin
açılmasını ümidlə gözləyən gecəyə
bənzədirsən, daha cəhənnəmin qır
qazanına yox.
Bəs rəngsiz
kvadrat nəyin təcəssümüdür? Dörd
ünsürün, stabilliyin, dünyada idarə üsulunun
kvadrat həqiqətidir. Bir çox qədim məbədlərin
təməli kvadrat plan əsasında qoyulub. Qədim romalılar
ideal şəhəri belə təsəvvür ediblər.
Maleviç isə öz dövrünün futuristi kimi
stabilliyə, məntiqə xidmət edən kvadrata qara pərdə
çəkməklə daha bizdə təəccüb hissi
oyatmır.
Öz sərt,
cəsarətli çıxışları ilə yadda qalan
rus yazıçısı, esseisti Tatyana Tolstaya müasir incəsənət
üzrə ekspert kimi “Kvadrat” məqaləsində
açıq etiraf edir ki, bu gün xarici qəyyumların
pulları hesabına yaranmış fondlarda bədii layihələr
öz primitivliyi, dəyərsizliyi ilə onda ikrah oyadır.
Buna baxmayaraq, peşəkarlıqdan, estetik zövqdən uzaq
olan əl işlərinə, rəsmlərə rəy verən
ekspert kimi qazandığı pul xatirinə çox şeyə
göz yumur. Onun apologiyası sərt olsa da, lakin bu məsələdə-əməli
işdə prinsipial mövqe göstərə bilmir. Sərgilənən
məzmunsuz “əsərlərin tamaşaçılarına
hörmətsizlik göstərir. “Bütün dəhşətlər
soyuqqanlı adamların sakit razılığı ilə
baş verir” fikirləri də məhz Tolstayaya məxsusdur.
Bir az
haşiyəyə çıxım. Rus
yazıçısı Tatyana Tolstayanın ata tərəfdən
babası olan Aleksey Tolstoy bildiyiniz kimi, Karlo Kolladinin “Pinokkionun
sərgüzəştləri.Taxta kuklanın əhvalatı”
nağılı əsasında 1936-cı ildə
“Qızıl açar və Buratinonun sərgüzəştləri”ni
yazır. Bunu qeyd etməkdə məqsədim var. İtalyan
müəllif kukla teatrının həlim xasiyyətli
direktorunu Madjafako adlandırdığı halda A.Tolstoy onu
zalım, mənfi obraz kimi qələmə alır. Üstəlik
adını da Kara bas Bara bas qoyur. “Kara bas” türkcə
“böyük baş” deməkdir. A.Tolstoyun repressiyya illərində
yaratdığı Kara bas Bara bas surəti siyasi bir
manevrdır desək, daha düz olar. Ermənilər həmişə
uşaqlarını türklərlə qorxutduğu kimi,
Avropada da Kara bas Bara basla insanları qorxudan az deyil. Xüsusilə,
Fransa dövləti türkləri qondarma erməni
soyqırımında ittiham edib, bu haqda qərarın əleyhinə
gedənləri cəzalandırmaqla hədələyir. Atalar
demişkən, sən soğan yeməmisən için niyə
göynəyir? (Əslində “Qara kvadrat” pərəstişkarları
özlərini belə aparmalıdırlar.) Rusiyada milyardlara
sahib olan bir şəxs isə əsəri bir milyon dollara
alaraq, onu Ermitaja təhvil vermişdi.(Görəsən,
görkəmli rəssamların şah əsərləri “Qara
kvadrat”ın qonşuluğuna necə dözür?)
Çox
sevdiyim yazıçı Alber Kamyu “Prometey cəhənnəmdədir”
essesində yazır: “Prometey yenidən dünyaya gəlsəydi,
bu günün insanları ona Tanrıların törətdiyi
zülmü edərdilər. “İnsanlıq” naminə onu yenə
qayaya mismarlayardılar.” Bəli, “qara kvadrat” böyüməkdədir.
Axirət isə yaxınlaşır. Əsrlər boyu
günah pislənsə də əsl günahkar pislənmir.
(Çünki günah isim kimi “nə” sualına, günahkar
isə “kim” sualına cavab verir.) Günah yiyələrinin
obrazlı desək, Araz aşığından, Kür
topuğundandır. Yaxud bir ayağı məğribdə, o
biri ayağı məşriqdədir. (Bir anlıq onların əzəmətini
hiss etdinizmi?) Qara xəbərlərin statistik göstəriciləriylə
yaralar sağalmır, axı. Maddi, mənəvi böhran
dünyada baş alıb getməkdədir.
Məşhur
yumorist M.Zadornov isə Maleviçin “Qara kvadrat”ını
“Afrokvadrat” adlandırıb.Yəqin ərəb ölkələrində
son vaxtlar baş verən qanlı hadisələri qabaqcadan
görübmüş. Çünki qara neftinə görə
qara taleli insanlar sanki “Afrokvadrat”ın qara
burulğanının içindən xilas ola bilmirlər. Əsərə
yeni ad seçmək olar “Qara neft quyusunda boğulan zəncilər”.
Fikir vermişəm ki, bir çox ərəb ölkələrinin
bayraqlarında qara rəngli zolaqlar var, bu, neft kəmərlərini
xatırladır.
İnsanın
ruhuna hakim kəsilmək istəyən şər-qara qüvvə
əbədi olaraq ağ-xeyir qüvvə ilə amansız
döyüşdədir. Ona görə adətən mənəviyyatlı,
təmiz insanlar pis adamların qara siyahısına, daha
doğrusu qara kvadrat quyusuna düşürlər.(Qara
siyahıda ağ, ancaq kağızın rəngidir.)
Onların əqidələri, məqsədləri anarxistlərin,
dəniz quldurlarının bayrağı kimi qaradır.
Görkəmli şairimiz Rəsul Rza şeirlərində
dünyamızın müxtəlif rəngli dərdlərinin
çalarlarının fəlsəfəsini bədii boyalarla
vermiş, qara rəng haqda yazmışdı: ”Ağ yalan,
dodaqları yandıran ah, edam gününə açılan
sabah, nəğməsiz dağlar, kor bulaqlar, ovsuz ovlaqlar, odsuz
ocaqlar, yaşamalı ölülər, ölməli
sağlar”. Bəli, əziz şair, bəraət yoxdur, ağ
yalanın qara niyyətinə, qara əməlinə. Ölməli
sağları yaşamalı ölülərlə dəyişə
bilsəydik taleyimizdəki qara kvadratları da cəhənnəmə
təhvil verərdik.
Yeri gəlmişkən
qeyd edim ki, elmin zirvəsi, hikməti olan Quranda “cənnət”
və “cəhənnəm” sözləri ayrılıqda 77 dəfə,
“şeytan” və “mələk” sözləri 88 dəfə,
“iman” və “imansız” sözləri 25 dəfə təkrarlanıb.
Bu, bir daha onu göstərir ki, bir-birini inkar edən, bir araya gəlməyən
anlayışlar səmavi qanunların dəqiq riyazi
hesablamalarına uyğun olaraq ağ və qara, işıq və
qaranlıq qonşu sərhədlərdir. Dərimizin rəngindən
asılı olmayaraq, arzularımız ağ niyyətlərə
xidmət etsə, necə deyərlər, günümüz də
ağ olar, nəinki qara.
Təcrübə
göstərib ki, texnika inkişaf etdikcə, əxlaqi dəyərlərə
mənfi təsir göstərir. Hələ keçən əsrdən
qara kvadrat ekranlı televiziya və kompüter texnologiyaları
əvvəlcə evlərə daxil oldu, sonra müxtəlif rəngli
mövzularıyla milyardlarla insanın şüuruna istədiyi
kimi hakim kəsildi. Biz artıq başqa reallıqlara
düşməyə öyrənmişik. Hulio Borxes ədəbiyyatı
idarə olunan yuxu adlandırır. Lakin mən onu başqa sahələrə
də şamil edərdim, dünyanı çalxalayan süni
böhranlar, siyasi oyunbazlıqlar da idarə olunan yuxu kimidir.
Qorxuram ki, bu yuxulardan gec ayılaq. Bu isə qara kvadrat
içində yuxuda qaranlıqda boğulmağa bərabərdir.
Deyirəm
ki, Maleviç yəqin məktəbdə də qara yazı
lövhəsini daha çox sevib. Orda həndəsi simvol olan
“tetraqon”u çox çəkib. Uşaqlıqda qara yazı
lövhəsinə ağ təbaşirlə yazdıqları
çoxdan pozulsa da, qara kvadratları yazılmamış
lövhə kimi baha qiymətə alınıb muzeylərdə
qorunur. Nə vaxtsa zaman o lövhəyə son
sözünü yazacaq.
P.S. Bu
günlərdə görkəmli şairimiz Ramiz Rövşənin
“Gedək biz olmayan yerə” şeirlər kitabını
oxumaqdan böyük zövq aldım. Xüsusilə, “Qara
paltarlı qadın” şeirini oxuyandan sonra hədsiz dərəcədə
kövrəldim və təəccübləndim, axı, əslində
o, mənim haqqımda həqiqəti yazmışdı. Daha
sonra “Süd dişinin ağrısı” poemasını oxudum.
Sanki yazı lövhəsinin qarşısında şagird kimi
donub qalmışdım. Doğrudan da biz o dövrdə nə
qədər sadəlövh olmuşuq. Müəllif qara
yazı taxtası önündə keçən
uşaqlığın nağılını belə
xatırlayır:
...Aldandıq,
mənim balam,
Elə
o yazı taxtasına
Elə
bildik hər yazıya pozu var...
Amma
nə edək ki, qismətimizin taxtasına yazılanlar bir daha
pozulmaz.
Zöhrə Əsgərova
Kaspi.-2012.-28-30 yanvar.-S.18.