Biz bu qədər abidələrimizi başlı-başına qoymuşuq 

 

İşğal olunmuş ərazilərimizdə dövlət qeydiyyatında olmayan minlərlə abidələrimizə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi 2000-ci ildən fəaliyyət göstərir. Təşkilat 2005-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.

İB sədri Faiq İsmayılov təşkilatın yaranma səbəbləri və məqsədi haqqında «Kaspi»yə müsahibəsində həyata keçirdikləri tədqiqatların il boyu davam etdiyini və hər hansı layihədən asılı olmayaraq könüllü - kimsədən göstəriş gözləmədən dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması uğrunda ideoloji mübarizə apardıqlarını bildirdi. 

 

Kataloqdakı pozuntular

 

- Tədqiqatlarınız işğal olunmuş ərazilərdəki abidələrimizlə bağlı yeni hansı faktları ortaya çıxarıb?

- Tədqiqatımız zamanı işğal olunmuş ərazilərdə xeyli sayda yeni materiallar ortaya çıxarmışıq. Tədqiqat obyektimizdə MDB ölkələri, Ermənistan, Dağlıq Qarabağ ərazisidir. Bilirsiniz ki, Dağlıq Qarabağ ərazisinə bizim üçün giriş-çıxış bağlıdır. Ancaq orada qalan maddi mədəniyyət nümunələrimizə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilir. Bunlar xüsusən müsəlman inanc yerləri ilə bağlıdır. Bu abidələrə qarşı kütləvi şəkildə dağıntılar başlandı. Biz 2001-2003-cü illərdə beynəlxalq təşkilatlara, Azərbaycan Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək xahiş etdik ki, dağıdılan məscidlərimiz, türbələrimizi ən azından konservasiya edək. Yəni tarix tamamilə silinməsin. Bunlar gələcəkdə tədqiqat obyekti ola bilər. Biz buna nail olduq. Həm də buradakı abidələrimizin sayının hazırda Azərbaycanda dövlət qeydiyyatında olan abidələrin sayından qat-qat çox olduğunu üzə çıxarmağa nail olduq. Bizə məlum oldu ki, həmin abidələrin sayı 3000-ə yaxındır. Abidələrin yenidən qeydə alınması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırdıq. Və prezidentə də müraciət etdik ki, müəyyən qurumlar bizə kömək etsinlər ki, biz bu işi başlayaq. Bununla bağlı nümunə də göstərdik – Laçın rayonu ərazisində tarix-mədəniyyət abidələrini qeydiyyatdan keçirdik. Rəsmi şəkildə orada 73 abidənin qeydiyyatda olmasına baxmayaraq, bizim siyahımızda 275 abidə alındı. Nazirlik bizə 2002-ci ildə çap olunan kataloqu təqdim etdilər. Bu, bizim üçün vacib idi. Çünki artıq 2011-ci ildə Ermənistana qarşı Avropa Məhkəməsində  iddia qaldırmışdıq. Ola bilsin ki, abidələr barədə dövlət orqanlarından münasibət soruşula bilərdi. Abidələrin isə qeydiyyatı olmalıdır. Əgər qeydiyyatda olmayacaqsa, rəsmi dövlət orqanları “yox” cavabı verəcəklər. Biz isə təşkilat olaraq pis vəziyyətdə qala bilərdik. Mən kataloqun üzərində işlədim və çox ciddi pozuntular aşkara çıxardım.

- Pozuntular nə ilə bağlı idi?

- Abidələrlə bağlı yüzdən çox pozuntu vardı. Belə ki, bir çox abidələrin tarixi düzgün yazılmamışdı. Birinci və ikinci minilliyə aid olan abidələrin tarixi XVIII-XIX əsrə, IXu əsrə aid olan Aloğlan monastrı XIX əsrə aid edilmişdi. Bu cür kobud səhvlər vardı. Mən təcili olaraq Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək həmin kataloqdan beynəlxalq səviyyədə istifadə edilməsinə qadağa qoyulmasını xahiş etdim. Çünki bu kitabı Mədəniyyət və Turizm Nazirliyi işləyib, amma Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Dövlətin cavabdehlik daşıdığı bir kataloqda bu qədər səhvə yol verilib. Biz bununla çox sadə nöqsanlarımızı təsdiq edirdik. Onlar da yenidən baxış keçirib bizim müraciətimizi təsdiq etdilər. Hətta, digər ərazilərdə də təzə pozuntular ortaya çıxardılar. Nazirlik kataloqun dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi. Kataloq dəyişdiriləndə bizim aşkar edib qeydiyyatdan keçirdiyimiz 275 abidə də nəzərə alındı. Növbəti kataloqda bu da dövlət sənədi kimi ortaya çıxacaq. Bizim marağımız həmin ərazilərdəki abidələri yenidən qeydiyyatının keçirilməsi məsələsidir. Bu, çox mürəkkəb bir prosesdir. Qeyd edim ki, hazırda Azərbaycanda abidəyə məxsus nə pasport nümunəsi, nə də qeydiyyat vərəqəsinin nümunəsi yoxdur. Amma biz təşkilat olaraq bunu hazırlamışıq. Fikrimiz var ki, onların təsdiqlənməsi üçün bu il müraciət edək. Bu, artıq dövlət işidir və təsdiq olunmasa, QHT-nin həmin abidəni qeydə alıb rəsmi sənəd kimi təqdim etmək ixtiyarı yoxdur. Biz sadəcə qeydiyyata alıb dövlət orqanlarına təqdim edə bilərik ki, onlar rəsmiləşdirsinlər.

 

Beynəlxalq Konvensiyalara zidd

 

- İşğal altında qalan abidələr ən çox hansı rayonların payına düşür?

- Ümumiyyətlə, işğal olunan ərazilərdə elə bir kənd, elə bir qəsəbə yoxdur ki, orada tarixi mədəniyyət abidəsi olmasın. Ancaq bəzilərində çox, bəzilərində azdır. Məsələn, Dağlıq Qarabağ ərazisində kifayət qədər çox, Kəlbəcər, Laçın ərazisində bütün rayonlardan daha çoxdur. Abidələrin azlıq təşkil edən yerləri – Qubadlı, Zəngilan, Füzuli rayonlarıdır. Haradasa qeydiyyatda olan-olmayan 100-200 abidə ola bilər. Ancaq Kəlbəcər ərazisində bu abidələrin sayı bəlkə də 500-ə yaxındır. Yaxın zamanda biz bununla bağlı tədqiqatlarımızı ortaya qoyacağıq. Bizim bu sahədə hələ natamam siyahılarımız var. Ermənilər həmin abidələrin çoxunu özləri də qeydiyyatdan keçiriblər və Ermənistan abidəsi kimi təqdim edirlər. Bizim Laçından başlamağımızın bir səbəbi də var ki, bu ərazi Qarabağ problemində strateji bir məntəqədir. Biz də abidələri üzə çıxararaq bildiririk ki, bu ərazini heç də güzəştə getmək olmaz.

- Siz tədqiqatlarınızın nəticələrini Facebook səhifənizdə, müxtəlif saytlarda  yaymısınız. Maraqlıdır, ermənilər sizin tədqiqatlarınıza necə reaksiya verirlər?

- Ermənilərin bizim təşkilatımız haqqında çoxlu yazıları çap olunur. Keçən il onların rus saytlarında və öz saytlarında bizi tənqidə önəmli yer veriblər. Tənqid hədəflərindən biri də mənəm. Mənim ünvanıma hədyan sözlər yazırlar.   

Belə bir faktı deyim: Pənahəli xanın dövründə tikilən Şahbulaq qəsrində ermənilər işğaldan sonra müəyyən təmir işləri həyata keçiriblər və orada Tiqrankert adlı muzey yaradıblar. Mən həmin muzey haqqında yazılar yazmışam. Ermənilər özlərinin “De-fakto” agentliklərində yazdılar ki, guya mən xanlıq olmayan bir ərazidə özümdən xanlıq quraşdırmışam. “Faiq İsmayılov abidənin təmir olunmasında çox narahatdır, amma biz nə pis iş görmüşük? Abidəni təmir edərək orada muzey yaratmışıq»- deyə yazıblar. Ancaq beynəlxalq konvensiyaların heç birində işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpasından bir kəlmə də yazılmayıb. Ermənilərin bu hərəkətləri qeyri-qanunidir. Bundan əlavə, xəritələrlə bağlı yazılarıma da ciddi münasibət bildiriblər.

 

Nəzarətsiz sahə

 

- Ümumiyyətlə, ölkəmizdə abidələrin qorunması, mühafizəsi işinin aparılması hansı səviyyədədir? 

- Bu sahədə çoxlu işlər görülməlidir. Ümumiyyətlə, bu sahə uzun illər boş qalıb. Belə ki,  abidələrin qorunması, mühafizəsi üzrə mütəxəssis yoxdur. Arxeoloji, etnoqrafik, memarlıq abidələrimizin hamısı qorunmalı, mühafizə olunmalıdır. Bunun üçün isə dövlət hər il büdcədən kifayət qədər vəsait ayırır. Amma həmin sahə ilə məşğul olan insanların çoxunun bu sahə ilə bağlı anlayışı yoxdur. Gənc kadrlar hazırlanmalıdır. Bundan əlavə, bu istiqamətdə indiyə kimi hər hansı metodiki tövsiyə, təlimat yoxdur. Bu sahə nəzarətsiz qalıb. Digər tərəfdən, qarşımızda bir məsələ də var - abidələrin mühafizəsi istiqamətində dövlət qurumunun yaradılması məsələsi. Çünki MDB ölkələrində bu cür qurumlar fəaliyyət göstərir. Məsələn, Rusiyada Abidələrin Müdafiə Təşkilatı, Gürcüstanda Mədəniyyət və Abidələrin Müdafiə Nazirliyi var. Amma bizdə abidələrin müdafiə və mühafizəsi ilə ayrıca məşğul olan belə bir qurum yoxdur. 1998-ci ildə «Abidələrin qorunması və mühafizəsi haqqında» qanun qəbul edilib. Həmin qanun hazırda demək olar ki, donub. O cümlədən, bu qanunda da boşluqlar var. Belə ki, abidələrin mühafizəsi, qorunması icra strukturlarına həvalə olunub. Ancaq hansı icra strukturlarının işi icra etməsi yazılmayıb. Hesab edirik ki, bütün bu təlimatların, metodiki tövsiyələrin hazırlanması üçün bir qurum yaradılmalıdır ki, həmin işləri həyata keçirsinlər. Çünki həmin ərazilərdəki abidələr təkcə bizim tariximizi yaratmır, həm də bizə iqtisadi mənfəət gətirir. Təsəvvür edin ki, dünyanın elə dövlətləri var ki, onlar əsasən turizmdən gələn gəlirlə dolanırlar. Ancaq biz bu qədər abidələrimizi başlı-başına qoymuşuq. Məsələn, Abşeron yarımadasının özündə 40-dan çox abidə hələ dövlət qeydiyyatında deyil. Nəinki işğal olunmuş ərazilərimizdə, bundan əlavə, ucqarlarda, əyalətlərdə, rayonlarda nə qədər abidələrimiz var. Onların hamısını aşkara çıxarıb işləmək lazımdır. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyinə bizimlə işləmələri üçün dəfələrlə müraciət etmişik ki, bizə şərait yaratsınlar. Bundan əlavə, Prezident Administrasiyasına müraciət etmişik. Bu işləri bu gün etməsək, gələcək nəsillər bu baxımdan çox əziyyət çəkəcəklər.

- Bəs rəsmi qurumlara müraciətlərinizin cavabı necə olub?

- Müəyyən cavablar var ki, Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Görünür, onlar hələ də fikirləşirlər. Ancaq mənə elə gəlir ki, burada fikirləşəsi bir şey yoxdur. Fevralın birinci ongünlüyündə biz qanuna müəyyən düzəlişlərimizi ictimailəşdirmək fikrindəyik.

- Necə bilirsiniz, düşmən işğalında qalan bütün abidələrimizi nə vaxtsa kompleks şəkildə qeydiyyata alınması tam olaraq mümkün olacaqmı?

- Bu, mümkündür. Bunun gecikməsinin ilkin səbəblərindən biri şəraitimizin olmaması, vəsaitimizin çatışmamasıdır. Əgər ofisimizin saxlanmasına, işçilərin məvacibinin verilməsinə vəsaitimiz olsa, bir il ərzində biz bu işi həyata keçirə bilərik. Bunun böyük əhəmiyyəti də ondan ibarətdir ki, biz iddialar qaldıranda ermənilər özlərini hər cür müdafiə edə bilirlər. Ona görə də iddianın arxasında sübut olmalıdır. Bizim həmin ərazilərdəki iddialarımızı sübut edən yeganə fakt tarix və mədəniyyət abidələrimizdir. Bunun sübutlarını tapmamış qeydiyyat məsələsini qoyub və  dövlət səviyyəsinə çıxarıb biabır olmaq olmaz. Bu, çox ciddi məsələ olduğundan bizim işimizə dövlət təminatı lazımdır.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.- 31 yanvar.- S.9.