Heydər Əliyev Azərbaycan folkloru

 

Zəlimxan Yaqub:Onun Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dair gördüyü işləri hələ heç kim etməyib”

 

 M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr  olunmuş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi-praktik konfrans keçirilib. 

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar. 

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu konfrans Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ilk tədbirdir. O, Azərbaycan xalqının, mənəvi dünyamızın ən qiymətli sərvəti olan folklora, mədəniyyətimizə, ədəbiyyatımıza və aşıq sənətinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından söhbət açıb.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub dünya şöhrətli ictimai-siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, aşıq sənətinə də daim böyük diqqət və qayğı ilə yanaşdığını bildirmiş, ulu öndərlə bağlı xatirələrini bölüşüb.

Professor Qəzənfər Paşayev Azərbaycan xalqının tarixində böyük izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən söz açaraq bildirib ki, ulu öndər bütün həyatını Azərbaycan xalqının tərəqqisi və rifahına həsr edib. Müdrik şəxsiyyət Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandıran Qəzənfər Paşayev, respublikamızın müasir tarixində ümummilli liderin misilsiz xidmətlərindən danışaraq bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas edilmiş, cəbhədə atəşkəsə nail olunub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov, professor Məhərrəm Qasımlı çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza daim yüksək qiymət verdiyini qeyd efiblər. 

Konfransda təqdim olunmuş məruzələrdə ulu öndərin Azərbaycanın zəngin folklor nümunələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə diqqət və qayğısı konkret faktlar əsasında əksini tapıb.

 

 

Rəis Xəyalə

 

Kaspi.-2013.-4 aprel.-S.13.